39 il oğlunun yolunu gözləyən ana

296

    Süleyman Rüstəmin “Ana və poçtalyon” şeirini yəqin ki, oxumusunuz. Həmin əsərin mərkəzində dörd aydır ki, cəbhəyə gedən övladından bir xəbər bilməyən ana obrazı dayanır. Elə şeir də gözləri oğlu gedən yollarda qalan, «oğul-oğul deməkdən dili, ağzı qabar olan» ananın iztirablarının təsviri ilə başlanır. Narahat ananın fikri, xəyalı övladının yanındadır. Xasiyyətcə həlim bir qadın olan ana, poçtalyonun dörd aydır ki, oğlundan ona məktub gətirməməsinə dözə bilmir,odur ki, hiddətlənir, hətta ona: «Məktub olmasa, bir də sən bu həyətə gəlmə” deyir. Ananın dərdini yaxşı dərk edən poçtalyon buna görə onun söylədiyi sözlərdən incimir, əksinə ona haqq qazandırır, dərdinə şərik olur.

    Beləcə, günlər keçir, poçtalyon ananın yaşadığı həmin həyətə gəlmir. Ananın qəm-qüssəsi daha da artır, poçtalyona dediyi acı sözlərdən özü də peşman olur. İndiyədək yalnız oğlunun intizarını çəkən ananın dərdinin üstünə dərd gəlir. O, düşünür ki, bəlkə, poçtalyon xəstələnib, bəlkə, təkdir, baxanı yoxdur… Lakin müəllif ananı çox da intizarda saxlamır. Bir gün həyət qapısı sürətlə açılır və poçtalyon əlində məktubla gəlir və deyir:

– Bundan neçə gün əvvəl məndən küsən, inciyən,

“Məktub olmasa, bir də bu evə gəlmə! – deyən

Mərhəmətli, möhtərəm anayadır bu kağız!..”

Sevincdən gözləri yaşlı ana da ona məktub gətirən poçtalyonun əlindən öpür.

    İnsani hisslərin yüksək sənətkarlıqla qələmə alındığı bu şeir hər dəfə yadıma düşəndə öz nəcabəti ilə seçilən Nəcabət xanım (Ələsgərov Ramazanın anası) gözlərim qarşısında canlanır. Amma əsərdəki anadan fərqli olaraq, Nəcabət xanıma poçtalyonun, yaxud ona oğlunun cəbhədən qayıtmaq xəbərini gətirənin əlini öpmək nəsib olmur.

Tarixçi fəhmi

    Ağzı dualı, əli Quranlı olan Nəcabət xanımın ailəsi böyük idi: dörd oğul, 2 qızı vardı. Böyük oğlu Abdulvahab Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirdikdən sonra Qubanın kəndlərində, o cümlədən Amsar kəndində ixtisası üzrə işləyirdi.Üstəlik, dissertasiya işi üzərində də çalışırdı. Bu işini də yekunlaşdırmaq üzrə idi. İkinci oğlu Tanrıverdi isə orta məktəbi yenicə bitirmişdi.

Nəcabət nənə,oğulları Abdulvahab və Tanrıverdi

    Abdulvahabın asudə vaxtlarında evdə alayı bir ab-hava yaşanardı. Belə ki, o, qardaşılarına və bacılarına şahidi olduğu hadisələrdən, həmçinin ölkəmizin tarixindən maraqlı söhbətlər edərdi. Hamı da ona diqqətlə qulaq asardı. Bu söhbətlərdən ən çox faydalanan kiçik Ramazan olardı. Abdulvahab ona deyərdi: “Yaxşı oxu, səni müəllim olduğum məktəbə yazdıracağam, mənimlə qalacaqsan”.

    Abdulvahabın bir tarixçi kimi danışıqlarından müharibə təhlükəsinin olduğu da hiss olunurdu. Lakin o, qardaşılarının müharibə məsələsi ilə bağlı verdiyi suallardan yayınmağa çalışırdı və buna da nail olurdu. Abdulvahabın müharibə söhbətindən çox keçməmiş Almaniyanın SSRİ-yə hücum xəbəri hamı kimi bu ailəni də sarsıtdı.

     Məni intizarda qoymazdı

    Elə o günlərdə də orduya səfərbərlik başlayır. Cəbhəyə gedənlərin arasında Nəcabət xanımın oğlanları – Abdulvahav və Tanrıverdi də olur. Bu hadisədən təxminən bir il sonra ailənin başçısı Hacıövlad da ordu sıralarına çağrılır. Onlar gedən gündən Nəcabət xanım daha çox Allahına sığınır, onunla təsəlli tapır. O günlərdə o da çox əzablara qatlaşır. Ailənin ağırlığı onun çiyinlərinə düşür. Belə ki, Nəcabət xanım da o zaman kənddəki bir çox qadın kimi yaylaqdan qışlağa, qışlaqdan yaylağa gedərək heyvandarlıq təsərrüfatında çalışır.

    Lakin çox keçməmiş kəndə də “qara kağızlar” (ölüm xəbəri yazılmış məktub) gəlməyə başlayır. Belə kağızların da özləri yox, üzləri qara olardı. Günlərin bir günü, daha doğrusu, 1943-cü ildə Nəcabət xanımın həyat yoldaşı xəstəliyi ilə əlaqədar ordu sıralarından tərxis olunur. Tanrıverdi isə Mozdokda gedən döyüşlərdə (1942) yaralanır və Gürcüstanın Qori şəhərindəki hospitala gətirilir. Lakin onun həyatını xilas etmək mümkün olmur. Deyilənlərə görə, onun cəsədi Qori və yaxud Tbilisidəki qardaşlıq qəbirstanlığında torpağa tapşırılır. Lakin Abdulvahabdan nə bir xəbər çıxır, nə də onunla bağlı “qara kağız” alır. Nəcabət xanım da özünü yazının əvvəlində bəhs etdiyimiz şeirdəki ana kimi hiss edir. Lakin həmin anadan fərqli olaraq, o poçtalyonu deyil, müharibəni başlayanları, ailələri başsız qoyanları, analara göz dağı çəkdirənləri qınayır.

Haşiyə

    Yeri gəlmişkən qeyd edək ki, Hacıövlad müharibədən qayıdandan sonra kənddə anbardar işləyib. Bir tərəfdən dövlətin sərt qanunları,digər tərəfdən insanlıq duyğuları arasında sıxılıb qalır. Amma buna rəğmən, hər cür cəzanı göz önünə alıb, çox insanı acından ölməkdən qurtarıb. Belə ki, o, çörək tapılmayan o illərdə dərsdən qayıdan uşaqların çantalarına bir ovuc (deyilənlərə görə onun böyük əlləri olubmuş) buğda tökər və deyərdi ki, aparın evdə üyüdüb sizə çörək bişirsinlər. Hətta sonrakı illərdə kəndimizin yaşlı adamları belə deyərdilər: “Hacıövlad kişinin verdiyi çörəyi bizim mədəmizdən çalov lopatka ilə kürüsələr, yenə qurtarmaz”. Bəziləri isə belə söylərdilər: “O illərdə həyatda sağ qalmağımızın səbəbi göydə Allah, yerdə Hacıövlad olub”.

 

Yasəmən və qardaşları Abdulvahab və Tanrıverdi

    Amma Hacıövladın bu səxavəti yuxarıların qulağına çatan kimi anbarda təftiş aparılır. Nəticədə onu həbs etmək istəyirlər. Dindirilmə zamanı o etiraf edir ki, bəs kəsir hesab məktəbdən qayıdan uşaqların əl çantalarına tökdüyü buğdanın nəticəsində yaranıb. Hacıövlad kişinin dedikləri onu təftiş edənlərin ürəklərini yumşaldır və xəbərdarlıq edərək buraxırlar.

    Hacıövlad kişi 1945-ci ilin mayında (ya Qələbə günündən bir gün əvvəl, ya da Qələbə günündən bir gün sonra) haqq dünyasına qovuşub.

    …Oğlundan “qara kağız”ın gəlmədiyini görən Nəcabət xanım özünə belə təsəlli verməyə başlayır: “Görünür, qızğın döyüşlər ara vermir. Elə bu səbəbdən də Abdulvahabım məktub yazmır. Yoxsa o, məni bu qədər intizarda qoymazdı”. Belə məqamlarda Nəcabət xanım Abdulvahabın 24 aprel 1945-ci il tarixində Macarıstandan yazdığı məktubu dönə-dönə oxutdurar və bununla da təsəlli taparaq deyirdi: “Oğlum sağdır”.

    Əslində hər kəs gözləyirdi onu. Qardaşları, bacıları, hətta üzünü görmədiyi, adını sadəcə böyüklərdən eşitdiyi uşaqlar da. Hər dəfə eşitdiklər onları qürurlandır, görmədikləri və xəyallarında yaratdıqları o qəhrəmana həsrət və sevgi hissini artırırdı.

Haşiyə

    Uzun müddət maldarlıqla da məşğul olmuş Nəcabət xanım söhbətlərində 1918-ci ildə ermənilərin kəndimizə girməsindən, həmçinin törətdikləri vəhşiliklərdən də söz açardı. Deyərdi ki, ermənilər kəndə girəndə onlar da hamı kimi meşələrə üz tutmuşdu. Onda qızı Yasəmənin heç bir yaşı tamam deyilmiş. Böyük oğlu Abdulvahab isə 5 yaşında imiş. Yeri gəlmişkən, Nəcabət xanım Qafqaz İslam Ordusunun əsgərlərinin kəndimizə gəlişini də xatırlayırdı. Deyirdi ki, onda evimizin qapılarını bizi xilas etməyə gəlmiş türk əsgərlərinin üzünə açmışdıq. Hətta deyərdi ki, nəhəng cüssəli həmin əsgərlərə evimizdəki döşəklər qısa gələrdi.

   O hələ də gözləyirdi

    Müharibə başa çatır. Lakin Abdulvahabdan bir xəbər çıxmır ki, çıxmır. Odur ki, Nəcabət xanım, əgər belə demək mümkünsə, ara sakitləşəndən sonra oğlanları Ramazan və Əbdülhaşıma belə bir tapşırıq verir: “Abdulvahabı tapın”. Qardaşların illər boyu müxtəlif instansiyalara, o cümlədən Moskvaya, Macarıstana göndərdikləri məktublardan cavablar gəlir. Amma hər kəs onunla son ünsiyyətin 1945-ci ilin aprelində olduğunu, üstəlik kəşfiyyata gedəndən sonra yoxa çıxdığını yazır. Məktubların birində, Macarıstandakı kommunist gənclər təşkilatının qardaş qəbristanlığı adlanan yerləri axtardıqlarını, ancaq belə bir ada rast gəlmədiklərini deyirlər. Uzun sözü qısası, axtarışlar bir nəticə vermir.

    Belə məqamlarda yaxınları Nəcabət xanımı bu sevdadan vaz keçməsini tövsiyə edirlər. Nəcabət xanım isə qərarında qəti olur: “O sağdır, o yaşayır”.

    Əslində o, bu qənaətində haqlı idi. Çünki pəhləvan cüssəli Abdulvahab cəbhəyə yollananda dostlarına demişdi: “Əgər müharibədə şikəst olsam, kəndə qayıtmayacağam. Məni gözləməyin”. Digər tərəfdən də, leytenant rütbəsində olan Abdulvahabla birgə orduda xidmət edən və bir zamanlar kənd sovetində çalışmış Seyfəl (Allah rəhmət eləsin) kişinin onun haqqında dediyi sözlər Nəcabət xanımın yeni bir ümüd yeri idi. Seyfəl kişi demişdi: “Abdulvahab kazarmaya girəndə onu ayaq səslərindən tanıyaraq deyərdilər: “Aleskerov idyot”. Yəni Ələsgərov gəlir. O həmçinin deyərdi ki, Abdulvahab mətanətli duruşu, sərras baxışları, ağıllara və ürəklərə xitab edən danışığı ilə hər kəsi heyran edərdi. Amma onun yoxluğuna gəldikdə isə belə deyərdi: “Rəhmətlik deməyə dilim gəlmir. Çox güman ki yaşayır”.

    Həm də Nəcabət xanım müharibədə itkin düşənlərin, “qara kağız”ları gələnlərin sonradan yurd-yuvalarına qayıtmalarını da bir ana yanğısı ilə hallandırardı. Bir sözlə, oğlunun da günlərin bir günü qayıdacağına özündə inam yaratmışdı. Əlavə edərdi ki, Allah məni onunla mütləq görüşdürəcək: “Əks halda mən bu dünyadan köçəndə gözlərim qapanmaz”. Odur ki, Nəcabət xanım belə oğulun düşmən tərəfindən öldürüldüyünə hec cür inana bilmirdi. Odur ki, o, gözünü yollardan çəkmirdi. Necə deyərlər, elə hey gözləri yol çəkirdi. Bəzən də yanıqlı bayatıları ilə özünə təsəlli verərdi. Hərdən də yuxularında oğlu ilə danşardı.

    Günlərin bir günü Nəcabət xanım yaxınlarına bu sözləri deyir: “Böyük qardaşım  Nəsir I Dünya Müharibəsinə getdi,  amma qayıtmadı. Kiçik qardaşım  Həsən isə II Dūnya mùharibəsində bir qolunu itirdi. Allahım onun nəfəsini duymağı mənə nəsib etdi. Oğlumdan isə hələ də xəbər yoxdur. Əgər bu nisgillə dünyadan köçsəm, bu vəsiyyətimə əməl edərsəniz: “Abdulvahab gələn kimi məzarımın üstə gələr. Siz də qəbirimə bir deşik açarsınız ki, heç olmasa onun nəfəsini duya bilim”.

Yollardan çəkilmək istəməyən gözlər

    Elə gözləri yol çəkə-çəkə Nəcabət xanım xəstəliyə düçar olur. Az sonra onu sarsıdan xəstəlik nəticəsində o, yaxınlarını belə tanımaqda çətinlik çəkir. Can verəndə isə gözləri qapanmır. Hətta bir sutka o, beləcə qalır. Nəcabət xanım oğlu Abdulvahabı görmədən ruhunu təslim etmək istəmirdi. Belə dəqiqələrdə onun başına yığışanlar da əziyyət çəkirdilər. Vəziyyəti belə görən Nəcabət xanımın qızı Mülayim xanım Abdulvahab, Tanrıverdi və Yasəminin çərçivəyə salınaraq illərdən bəri divardan asılmış şəkili onun gözlərinə yaxınlaşdıraraq deyir: “Ana, gözün aydın, bax, gözləyirdin, Abdulvahabın gəldi. Üstəlik, Tanrıverdi də”. Məhz bundan sonra Nəcabət xanımın gözlərindən iki damla yaş axır. Bununla da 1894-ü ildə bu dünyaya göz açmış Nəcabət xanım 1980-ci ilin mart ayında haqq dünyasına qovuşur.

    “Ana və poçtalyon”dakı anadan fərqli olaraq, Nəcabət xanımın gözləri 4 il yox, düz 39 il yol çəkdi. Kim bilir, bəlkə elə məzarda da gözləri yol çəkməkdədir. Allah rəhmət eləsin.

     Son və yaxud eşitdiklərimdən

    O illərdə ali məktəblərdə oxuyanlara “Mübariz Allahsızlar İttifaqı”ndan vəsiqələri verilərmiş. Lakin Abdulvahab onu almaqdan imtina edibmiş, hətta buna görə təhsilini yarımçıq qoyub kəndə qayıtmaq istəyibmiş. Amma valideynləri onu birthər yola gətirirlərmiş.

Müəllif:Qvami Məhəbbətoğlu (Rəsulov)

P.S. Yazının ərsəyə gəlməsində göstərdikləri yardıma görə Ramazan kişinin oğlanlarına, eləcə də nəvəsi Sara xanıma təşəkkürümü bildirirəm.