Ağagülov Eldəniz Etibar oğlu 3 may 1975-ci ildə Alpan kəndində anadan olmuşdur. 1992-ci ildə Alpan kənd orta məktəbini bitirmişdir. Əmək fəaliyyətinə Sabir adına sovxozda fəhlə kimi başlamışdır.
1993-cü ilin iyul ayının 5-də Milli Ordu sıralarına çağırılan Eldəniz Güzdəkdə yerləşən hərbi hissədə xidmət etmiş və 8 ay ərzində burada hərbin sirlərinə yiyələnmişdir. 1994-cü ilin mart ayının 11-də Eldənizi döyüş bölgəsinə-Ağdama göndərirlər. Orada o ərazinin düşmənlərdən təmizlənməsində fədəkarlıq göstərmişdir.
Onun döyüş bölgəsində xidməti, hərbi texnikanın sirlərinə dərindən yiyələnməsi komandanlıq tərəfindən qiymətləndirilir və ona 1994-cü ildə kiçik çavuş rütbəsi verilir. Onu tank komandiri təyin edirlər.
Eldəniz xidmət zamanı xüsusi fədakarlıq göstərirmiş,yeni əsgərlərə nümunə olurmuş. Onun ən böyük arzusu Vətəni erməni dığalarından təmizləmək idi. Çünki o ailədə atası Etibar müəllimdən belə tərbiyə almışdı. Etibar müəllim hamıya vətənpərvər olmağı öyrədirdi. Bu da səbəbsiz deyil ki, onun oğlu Eldəniz içində Vətəni qorumaq hissi yaşadırdı.Ürəyində bu sevgi ilə 1996-cı il fevralın 10-da kəşfiyyat zamanı ağır yaralanan Eldənizi həkimlər nə qədər çalışsalar da ölümün pəncəsindən qurtara bilmədilər. Martın 26-da Eldəniz əbədi olaraq gözlərini yumur. Onun qisasını almaq arzusu ilə alışıb yanan qardaşları Şəhriyar və Emin hal-hazırda Ordu sıralarında zabit kimi xidmət edirlər.
Eldəniz Alpan kəndində “Subaba” qəbiristanlığında dəfn edilmişdir. Subay idi.