27.05.2022 tarixində Bakı Dövlət Universitetində (BDU) I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində “Azərbaycan düşüncə tarixi” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın iki dövlət yoxdur. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda ən yüksək müttəfiqlik səviyyəsinə çatıb. 44 günlük Vətən müharibəsindən sonra ölkələrimiz arasında Şuşa Bəyannaməsinin imzalanması Türkiyə-Azərbaycan qardaşlığına ucaldılmış ən böyük abidədir.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı çıxışında Türkiyə və Azərbaycan qardaşlığından söz açmaqla yanaşı, “Azərbaycan düşüncə tarixi” kitabından da söz açıb. Onun fikrincə, türk dünyasının önəmli şəxsiyyətlərinin tanıdılması olduqca önəmlidir. Təhsil nazirinin müavini Muxtar Məmmədov bildirib ki, BDU-da keçirilən I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Türkiyə ilə Azərbaycan arasında yalnız ədəbi, mədəni əlaqələri deyil, mənəvi, tarixi bağları daha da möhkəmləndirir.
Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank “Azərbaycan düşüncə tarixi” kitabının təqdimatında iştirak etməkdən məmnunluq duyduğunu vurğulayıb. Təqdimatın Bakıda keçirilən “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı günlərinə təsadüf etdiyini qeyd edən nazir bildirib ki, müasir dövrdə siyasət, iqtisadiyyat, təhsil, mədəniyyət və bir çox sahələrdə birlikdə addımlamağımız qardaşlığımızın göstəricisidir.
Tədbirdə çıxış edən Karabürk Univesitetinin professoru Ələskər Ələskərli (Ali Asker) Türkiyədə nəşr olunan bu ikicildlik kitabdan ətraflı söz açıb. Onun fikrincə, bütün türk dünyası “Azərbaycan düşüncə tarixi”ndən xəbərdar olmalı və ondan bəhrələnməlidir. Elə kitab da bu niyyətlə ərsəyə gətirilib.
Qeyd edək ki, Türkiyədə ölkənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görən “Azərbaycan düşüncə tarixi” kitabı professor Ələskər Ələskərlinin elmi redaktorluğu ilə həmvətənlərimizdən ibarət professorlar heyəti tərəfindən ərsəyə gəlib. 3 ilə tamamlanmış bu kitabda Mirzə Fətəli Axundzadə, Həsən Bəy Zərdabi, Hacı Zeynəlabidin Tağıyev, Məhəmmədə Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Mirzəbala Məmmədzadə, Əhməd bəy Ağaoğlu, Üzeyir Hacıbəyli, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Əhməd Cavad, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Cəfər Cabbarlı, Hüseyn Cavid kimi şəxsiyyətlərin düşüncə dünyaları, tarixi xidmətləri daha maraqlı detallarla oxuculara çatdırılır.
Qeyd edək ki, bu kitaba ön söz Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy tərəfindən yazılıb.
Müəllif:Qvami Məhəbbətoğlu