Maarif Əmkişiyev
Məlumunuz olduğu kimi, bu günlərdə kəndimizin dəyərli ziyalısı, bir neçə kitabın müəllifi, ömrünün müdrik çağını yaşayan Qvami Məhəbbətoğlunun “Alpan etüdləri” kitabı nəşr olunmuşdur. Öncə kitabın ərsəyə gəlməsində əməyi olan hər bir şəxsə dərin təşəkkürümü bildirirəm.
Adından da göründüyü kimi kitabda yaxın keçmişimizdə Alpanda yaşamış və dünyasını dəyişmiş, bu gün də yaşayan, fəaliyyət göstərən kənd sakinləri, Qarabağ şəhidləri və qaziləri haqqında məlumatlar, maraqlı faktlar
verilmişdir. Gərgin əməyin, axtarışların, araşdırmaların nəticəsidir bu kitab. Etiraf edək ki, bir tərcümeyi-hal, bir arayış və yaxud adi bir yazı yaz dedikdə ağzımızı büzürük, bu gün-sabaha qoyuruq, min bir bəhanə gətiririk. Ancaq Qvami Məhəbbətoğlu neçə-neçə insanın həyat və fəaliyyətini araşdırıb, onların ömür yollarına işıq saçıb, yenidən xatirələrimizdə canlandırıb. Bu heç də asan başa gəlməyib. Neçə qapı döyüb,neçə-neçə insana zəng edib, görüşlər təşkil olunub. Kimisi gülər üzlə qarşılayıb, kimisi dodaq büzüb, kimisi dalınca danışıb. Nə yaxşı ki, Qvami müəllim sınmayıb, ruhdan düşməyib, başladığı işi ləyaqətlə yerinə yetirməyi bacarıb.
Nədir bu kitabın ideyası, tərbiyəvi əhəmiyyəti? Biz gözəl başa düşürük ki, bu kitabda həyat
yolları təsvir olunan, ömür kitabları vərəqlənən, xatırlanan insanlar nə dünyaya səs salan dahidirlər, nə də əvəzolunmaz şəxsiyyətlər. Onlar, sadəcə, bizim babalarımız, nənələrimiz, Şəhid, Qazi balalarımızdırlar. Bizə yazmağı-oxumağı öyrədən cəfakeş müəllimlərimiz, sadə zəhmətkeş insanlardır bu kitabda yer alanlar. Gələcək nəsillərə bir yadigardır “Alpan etüdləri”. Kaş əvvəllər də belə kitablar yazılaydı, şəcərələrimizi biləydik. İndi çox az adam tapılar ki, şəcərəsindən 7 şəxsi ardıcıl saysın. Babalarımızı qınamıram. Yumşaq desək, günah zəmanədə, məktəblərin, savadlı kadrların barmaqla sayılası qədər az olmasında olub.
Kəndimizi sevməyə, sevdirməyə, tarixini öyrənməyə, abidələrini qorumağa çağırır bu kitab. Axı Vətən ailədən, evinin astanasından, kəndindən başlayır. Boya-başa çatdığı kəndini sevməyən insan Bütöv Vətəni sevə bilməz. Bu mənada Qvami müəllim doğulduğu kəndini ülvi məhəbbətlə sevdiyini bariz şəkildə əks etdirir.
Hər bir kitabın tərbiyəvi əhəmiyyəti olmalıdır. Qvami Məhəbbətoğlu da bu kitabı yazmaqla gənclərimizi doğru yola yönəldir, necə yaşamaq lazım olduğunu aşılayır, onları qurmağa-yaratmağa səsləyir, öz tarixini-keçmişini, bu gününü öyrənməyə çağırır. Yalnız “Alpan etüdləri”nə düşmək azdır, çalışıb respublikanın dahi şəxsiyyətləri kitabına düşmək ideyası aşılayır. Mərhum xalq şairimiz Qabilin “Vətən” şeirində dediyi kimi gənclərimizi bir sual düşündürməlidir:
Tarixində adım-sanım yox onun,
Hardan olsun, neyləmişəm axı mən?
Qvami müəllim kəndimizin gənclərini adı-sanı olan şəxslər kimi görmək
istəyir. Sonrakı peşmançılıq fayda vermir. Qvami müəllimdən, istedadlı gənclərimizdən daha sanballı kitablar gözləyirik. Ümidvaram ki, bu istiqamətdə işlər davam etdiriləcək.
Yeri gəlmişkən, bir məsələyə də toxunmaq istərdim. Mənim bildiyimə görə, “etüd” naturadan çəkilən təsviri incəsənət əsərinin ilkin nümunəsi anlamındadır. Bu baxımdan Qvami Məhəbbətoğlu Alpanın bir çox şəxslərinin simasında kəndimizin etüdlərini “çəkməyə” cəhd göstərib. Bu etüdləri davam etdirmək isə vacibdir. Ümidvaram ki, bu istiqamətdə işlər davam etdiriləcək, yeni etüdlər çəkiləcək.