ALPAN NƏLƏR DEYİR?

661

      Hələ eramızdan əvvəl Cənubi Azərbaycan – Atropatena, yaxud Atropat Midiyası, Şimali Azərbaycan isə Albaniya adlanmışdır. Tarixdə ona Qafqaz Albaniyası da deyilib. Onun sərhədləri Araz çayından Dərbəndə qədər uzanmışdır. Eramızın V-VI əsrlərindən başlayaraq həmin ölkə (bəzi mənbələrdə onun bir hissəsi) Aran ölkəsi kimi tanınmışdır. Amma bu gün də belə bir elmi fikir qüvvədə qalır ki, Şimali Azərbaycanın düzənlik sahəsi Aran, dağlıq sahəsi Albaniya olub. Maraqlıdır ki, həmin düzənlik sahəyə, yəni Kür-Araz ovallığına bu gün həm də Aran deyildiyi halda, dağlıq zonaya Alban deyilmir, sadəcə dağ deyilir.
      Lakin gəlin bir məsələni unutmayaq. Ulu yurdumuzun yer adlarının yalnız şəkli dəyişilib, məzmunu isə min-min illər ərzində dəyişilməz qalıb. (Təbii dəyişiklik: zəlzələ, daşqın və s. nəzərə alınmasa). Məzmun heç vaxt dəyişilməyən kökdür, dəyişilən şəkildir. Şimali Azərbaycanın qədim adı – “Albaniya” sözü də ötən əsrlər ərzində yalnız zahiri, şəkli dəyişikliyə uğramışdır. Həm də güman edildiyi kimi , bütünlüklə yox. Bu adın izləri, həm də bütöv komponentləri də bu gün yaşamaqdadır. Məsələn, respublikamızın Quba rayonundakı ALPAN, Qazax, Qasım İsmayılov, Bərdə, Göyçay və Laçın rayonlarındakı ALPOUT, Ucar rayonundakı ALPI, Cəlilabad rayonundakı ALBALAN kənd adları buna ən yaxşı misaldır. Zərdab rayonundakı ƏLVƏND kənd adının da “Albaniya” ilə eyni kökdən olduğunu söyləmək mümkündür. Göründüyü kimi , həmin izlər – adlar həm dağlıq, həm də aran zonasında mövcuddur. Demək, bilavasitə Şimali Azərbaycanın Albaniya adlandığı uzaq əsrlərlə bağlıdır.

Alpan nələr deyir, Əjdər Fərzəli-alpan.az
Alpan nələr deyir, Əjdər Fərzəli-alpan.az

      Bu kəndlərdən hər birinin yaranma tarixinin ayrıca tədqiq olunması keçmişimizin öyrənilməsi, və təbliği baxımından da vacibdir. O cümlədən ALPAN kəndinin də. Misal gətirilən digər adlardan “Albaniya”ya daha yaxın olanı da məhz “ALPAN”dır. Həm adi, həm də qeyri-adi Alpan kəndi!
      Yayın qızmar günündə soyuq bulaq başında doyunca sərinlənmək üçün bəziləri hətta kölgəli, yaşıl Qubanın özündə də ləngiməyib üzü yuxarı – Alpana doğru tələsir. Bu yerlərin qışda da özgə hüsnü var. Alpandan Şahdağa sanki sehrli bir ağ pilləkən ucalır və çox nəhəng bir ağ xalını da guya bir “pilləkən”in üstünə səriblər. Dünyada görəsən bu görümdə, bu biçimdə başqa bir “pilləkən” və “xalı” tapmaq olarmı? Şahdağın ətəyində yerləşən Alpanın çox hissəsi al yamacda qərar tutub. Quş qanadından baxanda kənd ellips şəklində görünür. O, şimaldan Alpan çayının, cənubdan Quruçayın qolları arasında zümrüd qaşa bənzəyir. Dərələrin enişliyində də evlər, həyətlər yan-yanadır və ətrafı almalıqdır. Sabir adına sovxozun ucu-bucağı görünməyən meyvə bağları bu əfsanəvi kəndi yaşıl kəməndə salıb.
      Alpan kifayət qədər böyükdür. Burada orta məktəb, 25 çarpayılıq xəstəxana, rabitə şöbəsi, mədəniyyət evi və digər ictimai binalar var. Kənd əkin suyunu Quruçaydan,içməli suyu bulaqlardan alır. Kənddə 2.500 nəfərdən çox adam yaşayır.
      Əzgilli bulağına gedən cığırda dayanıb, Şahdağın buludlardan yuxarıda görünən ağ çalmasına heyrətlə tamaşa edirik. Deyirlər bu zirvələrin qarı nə qışda əriyir, nə yayda. Min illər boyunca beləcə üst-üstə yığılıb daşlaşır.Dünya dolur, boşalır. Təkcə Şah dağıdır heç vədə “şahlıq” taxtından enməyən. Alpanın başından gəlib keçənləri yəqin ki, onun qədər bilən olmaz. Heyf ki, bu əbədi, canlı şahidin dili yoxdur. Onda gəlin qoca tarixin özünü dinləyək.

Alpan nələr deyir, Əjdər Fərzəli-alpan.az
Alpan nələr deyir, Əjdər Fərzəli-alpan.az

      Qədim dünyanın alim və səyyahlarından Herodot və Strabon, Ptolemey, Plutarx və Arrnan, eramızın ilk əsrlərində yaşamış erməni tarixçiləri Pavst Buzand və Monsey Xorenski, məşhur Alban tarixçisi Musa Qağanqatlı və başqaları, Qafqaz Albaniyası, onun şəhərləri və yerli sakinləri haqqında xeyli məlumat vermişlər. Son illərdə Sovet dilçiləri, filoloqları və tarixçiləri Albaniya haqqında sanballı kitablar və elmi məqalələr yazmışlar. O cümlədən Azərbaycan alimlərinin də bu sahədəki araşdırmaları təqdir edilməyə layiqdir. Bununla belə etiraf etməliyik ki, Qafqaz Albaniyası, yəni qədim Şimali Azərbaycanla bağlı açılmamış sirrlər, problemlər hələ çoxdur. Xüsusilə “Alban” – “Albaniya” sözü ətrafında mübahisələr bitmək-tükənmək bilmir.
      Antik müəlliflər Qədim Albaniyanın 30 şəhərindən söz açırlar. Həmin şəhərlərdən çoxu ya eramızın əvvəllərində yer üzündən silinmiş, ya da adları o dərəcədə dəyişilmişdir ki, bir vaxt harada yerləşdiklərini müəyyən etmək çətindir. Hər halda nə vaxtsa yox olmuş şəhərlərimizin bir gün yer altından aşkara çıxarılacağına ümidimizi itirmirik. Qalır təqribən 2.500-2.100 il əvvəl mövcud olmuş şəhərlərimiz. Ptolemey həmin şəhərlərdən beşinin adını birincilər sırasında çəkir və onları ölkənin ən böyük şəhərləri hesab edir. Həmin beş şəhərlərdən biri Qəbələ, beşincisi Albanadır. Ptolemey Albana –Alban – Alpan şəhərinin yerini də xəbər verir, onun Xəzər sahilinə yaxın Samur çayı boyunda yerləşdiyini bildirir. Qədim Albana – Alban şəhəri – indiki Alpan kəndi Samur çayından çox uzaq deyil. Həm də Samur həmin zonadakı ən iri çaydır. Alpan da onun təqribən 30—40 kilometrliyindədir. Bununla belə lap son dövrlərə – XIX əsrə qədər Alaban şəhəri və Alban çayının coğrafi yeri dolaşıq salınmışdır. Gah Samur, gah Alazan, gah da Kür çayı Alban çayı kimi qələmə verilmişdir. Bəzən də Dərbəndin adı Alban kimi yazılmışdır. Bununla əlaqədar digər misallar da gətirmək olar. Lakin bir sıra mənbələrdə, o cümlədən Azərbaycan Sovet Ensiklopediyasında da göstərilir ki, qədim Alban şəhəri məhz bu günkü Alpan kəndi ola bilərdi. Elə Alban çayı da 2.100 il əvvəl olduğu tək bu gün də Samur çaya paralel istiqamətdə, onun yaxınlığından Xəzər dənizinə axır.
      Bütün bunlardan belə nəticəyə gəlmək olur ki, Alpan kəndinin azı 2.100 – 2.300 il, bəlkə də daha çox yaşı var. Hər halda mənbələr onun Qəbələ ilə eyni dövrdə inkişaf etmiş ən iri şəhərlərimizdən biri olduğunu göstərməkdədir. Mənbələr onu da xəbər verir ki, qədim Albaniya ərazisində Alban çarlarının (şübhəsiz, həm də əyanlarınınn və qoşun başçılarının da) qış və yay düşərgələri var imiş. Alban şəhərinin də həmin düşərgələrdən olduğunu güman etmək mümkündür. Və həmin düşərgələrin yalnız istirahət yeri olduğunu güman etmək də düzgün olmazdı. Onlar ilk növbədə möhkəmləndirilmiş hərbi müdafiə qalaları – şəhərləri kimi tanınmışdır. Demək Alban – Alpan şəhəri də belə bir qala – düşərgə, qalasəngər, qala – şəhər olmuşdur. Alpanın yerləşdiyi coğrafi mövqeyi özü də bu fikri irəli sürməyə əsas verir.

Alpan nələr deyir, Əjdər Fərzəli-alpan.az
Alpan nələr deyir, Əjdər Fərzəli-alpan.az

      Alban çarları ölkəni yadelli işğalçılardan qorumaq üçün güclü qoşun saxlayırdılar. Albaniyanın, yəni qədim Şimali Azərbaycanın münbit və bərəkətli torpaqları, gur sulu çayları, geniş çölləri və səfalı yaylaqları düşmənləri daim şirnikləndirirdi. Uzaq ellərdən gəlmiş səyyahlar və tacirlər bu torpağı ağızdolusu tərifləyirdilər. Məsələn, elə Strabon öz “Coğrafiya” kitabında yazırdı ki, Albaniyadakı çayların Nil və Fərat kimi bol suyu var və həmin sularla hər il çoxlu məhsul yetişdirilir. Albaniyanın düzənlikləri Misir və Vavilon çöllərindən daha artıq məhsul verir. Burada çəmənlər hər vaxt sıx otla örtülür. Hava isə başqa yerlərin havasından daha saf və təmizdir. Belə tərifləri eşidən qəsbkarlar yurdumuzun üstünə qara çəyirtkə kimi hücuma keçirdilər. Onları dəf etməyə şübhəsiz, hərbi qüvvə lazım idi.
      Tarixçilər yazırdılar ki, eramızdan əvvəlki I əsrdə Albaniya qüvvətli bir dövlət idi. Roma sərkərdələri Pompeyin Lukullun ordularını dəf etmək üçün 40 minlik Alban qoşunu ölüm-dirim mübarizəsi aparmışdır. Alban döyüşçüləri hələ o vaxt – eradan əvvəlki 66 – 65 – ci illərdə qonçu Ermənistan və Gürcüstanın da köməyinə gəlmişlər. Yadelli işğalçıları dəf etmək üçün hər üç xalqın əsgərləri bir yerdə qanlarını axıtmışlar.
      “Alpan” adının etimologiyası da ulu kəndin tarixi və bilavasitə “Albaniya” ilə bağlılığı məsələsini aşkar etməkdə mühüm əhəmiyyətə malikdir. Əvvəla, qeyd edək ki, “Albaniya” həm də əvvəllər “Alpaniya” kimi də işlənib. Bunu XIX əsrdə yaşamış məşhur qafqazşünas İ. Şopenin tədqiqatlarından da bilmək olur.
      Araşdırma göstərir ki, “Alban” sözü AL və BAN komponentlərindən yaranıb. Onların birləşərək bir kökə, bir vahidə çevrilməsində qədər çox uzun bir təkamül yolu keçilmişdir. Belə ki, hələ dil yox ikən, söz və ad yox ikən AL və BAN maddi varlıq kimi mövcud olmuşdur. Bu hər ikisinin məhz maddi əlaməti, nəhayət bir gün ibtidai azərbaycanlının dilində AL və BAN şəkildə (əlbəttə, zaman etibarilə ayrı-ayrılıqda) səslənməsi üçün əsas olmuşdur. Məlum olduğu kimi, bu və ya digər əşya, hadisə, hərəkət və s. haqqında əvvəlcə təsəvvür yaranıb. Duyğu orqanlarının yaratdığı dağlıq təsəvvürlər get-gedə şüurda “ümumiləşib”, nəhayət, bütöv sözə, ada çevrilib. V.İ. Lenin yazır ki, ad fərqləndirici nişandır, gözə çarpan bir əlamətdir ki, şeyi öz totallığı halında təsəvvür etmək üçün həmin əlaməti mən şeyin nümayəndəsi, şeyi səciyyələndirən bir əlamət hesab edirəm.
      Bəs “AL”da fərqləndirici nişan, gözəçarpan əlamət nədir? AL ibtidai azərbaycanlının ODA verdiyi ikinci addır. Yəni “al” deyəndə həm od, həm də onun əsas komponenti – rəngi, necə görünməs, yəni şəkli başa düşülüb. Demək “al” həm isimdir, həm də sifət. sonralar od rəngində olan digər əşyalar, o cümlədən Günəş də, damarlarımızdan axan qan da həmin əlamətlə, – “ad”la fərqləndirilib.
      Lakin qayıdaq odun üstünə. Dünyanın hər yerində od ibtidai insanın ilk kəşfi hesab edilməklə yanaşı həm də ilk inamlarından olmuşdur. Meşəyə ildırımdam düşən, yaxud çaxmaq daşlarının bir-birinə vurulmasından yaranan odu ibtidai insan fasiləsiz ocaq-tonqal qalamaqla qoruyub, özünü müdafiə edib. ( Elə “Tonqal” sözündə odu bildirən “qal” tərkibi də məhz “al”-dan yaranıb.). Azərbaycan torpağında isə od özü yanar qazlar şəklində yerdən zühur edib və ulu babalarımızın xidmətində dayanıb. Bu cəhət odun dünyanın başqa yerlərindən daha çox Azərbaycan torpağında inamlar inamına, tanrılar tanrısına çevrilməsində başlıca rol oynamışdır. Od bütün əşyalardan və həyat vasitəsi olan bütün predmet və hadisələrdən daha artıq dərəcədə sevilmiş və ibtidai azərbaycanlının təsəvvüründə, şüurunda onlarca əşya və hadisə də bilavasitə odla əlaqələndirilmişdir. Biz başqa araşdırmalarımızda bu barədə ətraflı bəhs etdiyimiz üçün odun – “al”ın daşıdığı digər funksiyalardan təkrar söhbət açmağı lazım bilmirik.
      Təkcə onu əlavə edək ki, OD ulu babalarımızın nəzərində Tanrı olduğu üçün onun bütün əlamətləri, öncə əsas əlaməti “al” müqəddəslik mahiyyəti kəsb etmişdir. Müqəddəslik isə “al”a hörmət zirvəsində, ucalarda olmaq keyfiyyəti qazandırmışdır. “Od”dan – “Al”dan “El” – odun “al”ın qoruyucusu – od yanan yerdə toplaşanlar – oddan törəyənlər yaranmışdır. “Ulu” da ”al”ın ucalıqla bağlı komponentidir. Demək “Al” müqəddəs və uca olan, ucalıqlarda olan oddur. Qeyd edək ki, professor. Ə. Dəmirçizadə də “Alban”ın “al” və “ban” tərkiblərindən ibarət olduğunu və “al”ın və ”yuxarı” mənasında səsləndiyini bildirmişdir.
      “Ban” da odla bağlıdır. Ibtidai azərbaycanlılar odu yaşadığı mənzilin, yaxud ərazinin hündür yerində saxlayırdı, həm müqəddəsliyinə görə, həm də seldən, sudan qorumaq məqsədilə. Od saxlanılan yer “ODDA” – od içində, odla bir yerdə olan, “ODDAN” – ”Oda” – ”Otaq” od saxlanan, odu olan yer (koma, ev, mənzil), “ODBA” – odu, istisi, hərarəti, həyat əlaməti olub ailə, qəbilə yaşayan ərazi və s. mənaları kəsb etmişdir. “OD+BAN” da bu silsilədəndir. – Od saxlanan hündür yer mənasındadır. ATIR+BAN – od keşikçisi, müqəddəs odun qoruyucusu, od gəzdirən, daha sonralar odpərəstliyi təbliğ edən kahin, yəni odla bağlı ilk peşə sahibi olub. Sonralar “BAN” həm müstəqil, həm də söz tərkibində şöhrətli, uca, ucalıq, hündür yer mənalarında həm azərbaycalıların, həm də digər xalqaların “van”, “pan”, “bey”,”bay” (bəy), “bad”, (pat) və s. şəklində işlənmiş və bu gün də işlənməkdədir. Professor M. Seyidovun araşdırmalarından da “ban”ın mıhz ucalıq, hündürlük məzmunu kəsb etdiyi bildirilir.
      Beləliklə, aydın olur ki, hər iki komponenti bilavasitə odla bağlı olan Alpan kəndinin adı ulu babalarımızın dilində Alban – Elban, yəni uca, hündür ərazidə yaşayan el, ölkə mənasını bildirmişdir. Xatırladaq ki, “ölkə” sözü də “al” – “öl” kökünə bağlıdır. Və Albaniya, həm də “Elbaniya” və “Ölbaniya” (ölban – ölkə) məzmunu kəsb etmişdir. Yəni ərazinin təbii ucalığı – ucalığın daşıdığı müqəddəslik mahiyyəti ilə vəhdətdə düşünülmüşdür.
      Qafqazşünas İ. Şopen “Albaniya” – “Alban” adlarının Aqvan, Aquan və Aqovaniya variantlarındakı “Aq” (ağ) komponentini məəhz odla bağlayır. Bu göstərir ki, buradakı “aq” – (“ağ”) həmin ərazidə yer altından çıxan təbii odlarla əlaqədar yaranmışdır. Suraxanı atəşgahından danışan V. Sısoyev də bildirir ki, “Aqni” atəşpərəstlərin od allahının adıdır. Demək şübhə yeri qalmır ki, “Aqni” odun əsas komponentlərindən birini, onun rəngini bildirən “ağ” sözündən yaranıb. Ibtidai azərbaycanlının oda həm “al”, həm də “ağ” dediyi bildirilir.
      Bir sıra tarixçilər Alban – Alpan adının eradan əvvəlki IV əsrdən məlum olduğunu bildirirlər. Lakin İ. Şopenin verdiyi məlumatdan aydın olur ki, dilimizin bu ulu sözü eradan əvvəlki iki mininci ildən məlum imiş. Bu isə 4.000 illik bir tarixdir. Və bu tarix həm də “albanlar”a da şamil edilir. Alban – Alpan adı bütün komponentləri ilə birlikdə heç bir şəriki olmayan təmiz Azərbaycan sözüdür. Demək “albanlar” deyiləndə də məhz “azərbaycanlılar”, “Alban dili” deyiləndə “Azərbaycan dili” başa düşülməlidir. Filologiya elmləri doktoru, professor Tofiq Haciyevin “Azərbaycan dilinin tarixi” kitabında bu fikir elmi cəhətdən əsaslandırılmışdır. Yəni ayrıca Qarabağ dili, Naxçıvan dili, Şirvan, Mil, Muğan dili olmadığı kimi, ayrıca Alban dili də olmamışdır. Alban – Alpan – Albaniya dil və qəbilə yox, yer, ərazi, ölkə, dövlət adı olmuşdur. Demək Albaniya – Odlar yurdunun böyük bir ərazisinin daşıdığı maddi əlaməti əks etdirən ulu adlarımızdandır. Və bu ərazidə, yəni qədim Şimali Azərbaycanda qobuylar, təvrislər, qaşqaylar, hunlar, sabirlər, bulqarlar, basillər və digər azərbaycandilli qəbilələr yaşamış və zaman keçdikcə onlar bir-birinə qaynayıb-qarışaraq, biçimlənərək vahid Azərbaycan xalqı kimi formalaşmışlar.
      Ulu torpağımızın ən ulu və şöhrətli adlarından birini öz adında hifz edib saxlayan Alpan kəndini keçmişimizə hörmət naminə biz də fərqləndirməliyik. Bu kənddəki “Su baba” türbəsini və digər abidələri məhv olmaqdan qorumalıyıq. Burada arxeoloji qazıntılar aparılması da vacibdir. Kəndin girəcəyində qədim Albaniyanın şərəfinə obelisk ucaldılmalıdır. Nəhayət, Alpan kəndində “Albaniya”adlı ayrıca tarix və diyarşünaslıq muzeyi yaradılmalıdır. Həmin muzeydə və obeliskin önündə rayon gəncləri ilə, məktəblilərlə müntəzəm görüşlər keçirmək, onlara ulu babalarımızın – albanların qəhrəmanlıqlarla dolu həyatından maraqlı söhbətlər açmaq faydalı olardı.

Əjdər FƏRZƏLİ.
10.01.1985
Elektron versiyası 11.11.2011-ci il tarixdə hazırlanıb.