Yazımın başlığı oxucunu təəccübləndirməsin. Alpanda yaşayanlar bilir ki, bu kənddə xərçəngə rast gəlinmir. Məqsədim bizim kəndimizdə doğurdanmı xərçəngin yaşayıb-yaşamadığını araşdırmaq deyil.
Kimsəyə sirr deyil ki, Quba zonasında , o cümlədən də Alpanda qədim el sənəti olan xalçaçılıq tarixən mövcud olmuş və hazırda da az da olsa mövcuddur. Nənələrimizin toxuduğu xalçalar bir çox evlərin bəzəyinə, qiymətli əşyasına çevrilmişdir. Alpan xalçalarına Azərbaycan muzeylərilə yanaşı dünyanın bir neçə məşhur muzeyində də rast gəlinir.
Xalçalarımızın özəl çeşniləri təkrarolunmazdır. Nənələrimiz toxuduqları xalçalarda yaratdıqları ornamentlər,naxışlar baxımlılığı, könül oxşarlığı ilə yanaşı bir mesajın ötürülməsi, hansısa bir hadisənin və ya olayın təsviri baxımından fərqlənir. Alpan xalçalarının ilmələri bir ətir, rayihə saçır sanki. Hər bir ilməsində toxucunun ruhunu daşıyır.
Alpan xalçalarının toxucuları kəndimizin təbiətindən ilhamlanaraq müxtəlif variantlarda xalçalar toxumuş, ornamentlərə özlərinə xas olan adlar vermişlər. Alpan xalçasında rast gəlinən ornamentlərdən biri də Alpan Xərçəngi adlanır ki, xalçanın mərkəzi ornamenti olub bir növ xərçəngi xatırladır.
Alpan xalçalarının naxışları özündən elə bir müsbət enerji əxz edir ki, bu da yaradıcı insanları yeni sənət əsərləri yaratmağa sövq edir, onları ilhamlandırır. Alpan xalçasının mərkəzi ornamenti olan Alpan Xərçəngindən ilhamlanaraq “Resm Jewelry” özünün yeni sənət əsərini- Alpan Xərçəngi adlı qızıl bilərziyini,qızıl medalyonunu hazırlamışdır. Eskizləri Azərbaycanda çəkilərək istehsal üçün Türkiyənin İstanbul şəhərinə göndərilən “Alpan Xərçəngi” 8.5 qr 14K qızıldan hazırlanır. “Resm Jewelry”yə Alpan xalçasının ornamentinə yeni nəfəs verdiyi və xalçalarımızın yenidən gündəmə gətirilməsi üçün gördüyü işlərə görə təşəkkür edirik. Gözəlliyi və mədəni irsi qovuşdurmaqda uğurlar arzu edirik!!!
Müəllif: İlkin R. Balayev
PS:“Resm Jewelry” Facebook səhifəsindəki materiallardan istifadə edilmişdir.