Alpana məhəbbət Məhəbbətdədir

1798

Proloq

    İndiyədək yüzlələ insan barədə müxtəlif səpkidə məqalələr yazmışam. Amma atamla bağlı hələ bir normal yazı qələmə almamışam.  Bu da səbəbsiz olmayıb. Çünki övladın ata haqqında yazmasını onu tərifləmək kimi başa düşmüşəm. Lakin bu günlərdə bu yanlış düşüncəmi “dəfn” etmək və atam Rəsulov Məhəbbət Heybət oğlu haqqında bəzi məlumatları yazmaq qərarına gəldim. Deməli, belə…

Məktəb: Çıxış yolu

Məhəbbət Rəsulov
Məhəbbət Rəsulov

    Məhəbbət Rəsulov 10 yanvar 1928-ci ildə Alpan kəndində dünyaya göz açıb. Dünyaya gəlməsindən 20 gün keçmiş ailədə baş verən münaqişə onun anasız qalması ilə nəticələnib. Daha doğrusu, anası Əfruz Müslüm qızı onu atıb gedib. Balaca Məhəbbətə özünün dediyi kimi, canından çox sevdiyi nənəsi Vəsilə xanım analıq edib. Əmisi Nurəddin isə Məhəbbətin əsil himayədarı olub. Çətinliklərlə boya-başa çatmış Məhəbbət məktəb yaşına çatanda istəyini dilə gətirsə də, atası Heybət Abdulkərim oğlu onu məktəbə buraxmaq istəməyib. Lakin Heybətin inadını Nurəddin kişi birtəhər qıra bilib. Beləcə, Məhəbbət əmisinin xeyir-duası ilə məktəbə yollanıb. Buna baxmayaraq, Heybət öz çıxış yolunu yalnız məktəbdə görən balaca Məhəbbətə yenə maneələr yaradıb. Yəni onu, sözün həqiqi mənasında, istismar etməkdən əl çəkməyib. Elə bu kimi səbəblərdən Məhəbbət orta məktəbə müəyyən fasilələrlə getməli olub. Bu kimi çətinliklərə baxmayaraq o, dərslərinə ciddi hazırlaşıb. Hətta yaxşı oxuduğuna görə mükafatlandırılıb da…

    Sözün düzü, atam bu barədə bizə heç bir məlumat verməzdi. Bu faktları da onun arxivindəki nəzmlə yazdığı “Tərcümeyi-halım”dan öyrənmişəm. Nə isə…

Sonrakı illər

Məhəbbət Rəsulov
Məhəbbət Rəsulov

    1946-ci ildə kəndimizdəki natamam orta məktəbin 9-cu sinfini bitirən Məhəbbət 1947-ci ildə Quba şəhərindəki 1 saylı beynəlmiləl orta məktəbin 10-cu sinifində təhsilini davam etdirib. Elə həmin il də  Quba Dövlət ikiillik Müəllimlər İnstitutunun dil-ədəbiyyat fakültəsinə (əyani) daxil olub. Elə bu illərdə atası dünyasını dəyişib. Onun təyinatı Xaçmaz rayonundakı İlxıçı kənd 7 illik məktəbinə verilib və o, oraya nənəsi ilə birgə yola düşüb. Beləcə, gənc Məhəbbət orada öz ixtisası, yəni dil-ədəbiyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. Amma Məhəbbət həmin kənddə çox işləyə bilməyib. Bu da onun ordu sıralarına çağırılması ilə əlaqədar olub. 1950-53-cü illərdə  ordu sıralarında olan Məhəbbət serjant, daha sonra starşina rütbəsinə yiyələnib. Bu illərdə onun yüzlərlə məqalə və şeirləri “Sovet əsgəri”, “Lenin bayrağı” qəzetlərində, o cümlədən “Elm və həyat” jurnalında dərc olunub. Bakıda Salyanski kazarma adlanan yerdə hərbi qulluqda olduğu illər onun həyatında mühüm rol oynayıb.  Bu barədə az sonra…

Məhəbbət Rəsulov
Məhəbbət Rəsulov

    Hərbi xidmətdən sonra onun təyinatı, atamın dediyi kimi, ilanlar mələşən, hətta evlərə daxil olan Əli Bayramlı şəhərinə (indiki Şirvan) verilib. Belə  ki, o, 1953-cü ildən 1961-ci ilədək Əli Bayramlı şəhər 1 saylı 8 illik məktəbində dil-ədəbiyyat müəllimi işləyib. (O, bu burada nəşr olunan “Yüksəliş uğrunda” qəzetinin fəal təşviqatçısı olub). Əli Bayramlını tərk etməsinin səbəbi isə 2 uşaq anası həyat yoldaşı Dilarə xanım Buxsay qızının  xəstəliyi ilə əlaqədar olub. Bu hadisədən az  sonra həyat yoldaşı 28 yaşında (1 fevral 1962-ci il) rəhmətə gedib. Sonradan o, Səmayə xanım Məhəmməd qızı ilə ailə qurub. Və bu izdivacdan 6 uşaq dünyaya gəlib.

    Bundan sonra Məhəbbət müəllim təyinatla Quba rayonunun Alpan kəndinə göndərilib və həmin ildə də işdən ayrılmamaq şərti ilə Lenin adına Azərbaycan Dövlət Pedaqoju İnstitutunun dil-ədəbiyyat fakültəsində ali təhsilini davam etdirib və 1967-ci ildə oranı bitirib. Məhəbbbət Rəsulov pensiyaya çıxana qədər Alpan kənd orta məktəbində həm dil-ədəbiyyat, həm də idman müəllimi kimi fəaliyyət göstərib. O, 1986-cı ildə baş vermiş Çernobıl faciəsinin fəsadlarının aradan qaldırılmasında iştirak etmiş oğlu Tapdığın ölümündən 10 ay sonra (26 avqust 1996-cı il)

Məhəbbət Rəsulov
Məhəbbət Rəsulov

dünyasını dəyişib.

Haşiyə və yaxud atamın yazdıqlarından, ondan eşitdiklərimdən və yaddaşımda qalanlardan

* Başlanğıcını Qafqaz sıra dağlarının ətəklərindən – Samanlıq təpədən, Mıxtökən, Dardoqqaz və  Məstəlgah yaylaqlarından, Öləngə düzənliyindəki xırda çeşmədən alan Quru çayın eni 250-300, dərinliyi isə 2-3 metrə çatardı. Suyu da ən böyük çayların suyu qədər olardı. Qışda buz bağlayanda üzərində mal-qara gəzərdi. Hətta aprel-may aylarına qədər çayın buzu əriməzdi. Çayın sonradan bu formaya düşməsi ətrafındakı ağacların qırılması, bulaqların qurudulması, şəlalələrin itib-batması nəticəsində baş verib. Deyilənlərə görə, bu prosesdə baş vermiş zəlzələlər də mühüm rol oynayıb.

*Zaman Qayıbov ilk dəfə pedaqoji fəaliyyətə 1919-cu ildə Qusarın Həsənqala kəndində başlamışdır. 1921-24-cü illərdə Dərə Çiçi kənd məktəbində işləmişdir. O, 1927-ci ildə Alpana göndərilib.

*Zərifə Hüzü qızı Bayramova 1954-1955-ci tədris ilində Siyəzən rayon Xalq Maarif şəbəsinin sərəncamına göndərilib. O, Siyəzənin Sədan kəndində pedaqoji fəaliyyətə başlayıb.

*Abdulməcid Mustafayev 1946-cı ildə Quba Pedaqoji Məktəbini bitirib, keçmiş Xudat rayonunun Seyidli kənd yeddillik məktəbində pedaqoji fəaliyyətə başlamışdır. Bir il sonra Ağbil kənd orta məktəbində çalışmışdır. 1948-49-cu illərdə Tüləkaranda sinif müəllimi işləmişdir. Sonradan ali təhsil alıb. Bakıya gəlib sənədlərini Pedaqoji İnstitutun ingilis dilli fakültəsinə verib. 1954-cü ildən isə ali savadlı müəllim kimi Alpanda fəaliyyətini davam etdirib.

*Almanlar Kensberq şəhərini əldən vermək istəmirdilər. Mayor S. Belyayevin komandanlıq etdiyi zenit divizyonu mərdliklə vuruşurdu. Vuruşların birində Belyayev yaralanır və həlak olur. Həmin dəqiqə həmkəndlimiz Mövlud Həmidov divizyona komandanlıq etməyə başlayıb. Berlin uğrundakı döyüşlərdə isə o, 224 nömrəli təyyarə vuran zenit divizyonuna komandirlik edib. Mövlud Həmidov “Qırmızı Ulduz” və üçüncü dərəcəli “Şöhrət” ordenleri və sairə ilə təltif olunub.

Məhəbbət Rəsulov
Məhəbbət Rəsulov

*Cəbhə həyatı Mozdokdan başlamış Sultanməcid Əzizov da 1945-ci iilin mayını Berlinin küçələrində qarşılayıb. Onun sinəsində “Qırmızı Ulduz” ordeni, iki “İgidliyə görə” medalı və başqa medallar şölə saçır.O, Ali Baş Komandanlıqdan 8 dəfə təşəkkür alıb.

*14 medalla təltif olunmuş Şıxsafa Mustafayev də Kensberq şəhərinin alınmasında iştirak edənlərdən olub.

*Quba İstehslalat İdarəsindəki Sabir adına kolxozda fəaliyyət göstərən quşçuluq fermasına İsrafil Məmmədov rəhbərlik edərdi.(1963-cü il)

    Yeri gəlmişkən qeyd edim ki, mən bu faktları onların haqqında yazdığım yazılarda da verə bilərdim. Amma həmin adamların yaxınları bu faktlardan əsla söz açmadılar. Atamdan eşitdiyim digər faktlardan yazdığım digər yazılarda istifadə etdiyim üçün onları bu materialda da sadalamağa ehtiyac duymadım.

Kənd sevgisi

    Atam şair təbiətli bir insan idi. Bizim evin stolüstü lampası, demək olar ki, səhərə qədər yanardı. Hər dəfə də ayılanda atamı stol başında görərdim. Yox, onun ayrıca iş otağı yox idi. Elə birgə yaşadığımız otaqda işləyərdi. O, məktəblə əlaqədar bütün işlərini sahmana salandan sonra elə hey yazardı, hərdən də yazdıqlarını asta tonla oxuyardı… İşıq olmayanda da neft lampasından istifadə edərdi. Elə bu səbəbdən də bizim evdən nöyüt heç vaxt əskik olmazdı.

Məhəbbət Rəsulov
Məhəbbət Rəsulov

    Onun şeirləri, hərdən dövrü mətbuatda, əsasən də rayon qəzetində, yəni “Şəfəq”də dərc olunardı. Təbii ki, onların əksəriyyəti o dövrün tələbləri əsasında yazılan şeirlər idi. Amma onların arasında atamın kəndimizin gözəlliklərini, iş adamlarını vəsf edən şeirləri və digər məqalələri də çoxdur. Buna atamın  “Qızıl Quba” qəzetinin 25 aprel 1954-cü il saylı nömrəsində dərc olunmuşAlpan” şeirini misal göstərmək olar:

Hər fəsildə laləzarsan,

Gülür yazın, qışın, Alpan.

Aşıb-daşır bol məhsulun,

Hey ucalır başın, Alpan.

 

Bağça-bağın açır çiçək    ,

Camalından doymur ürək.

Vüqarlısan Şah dağı tək

Bilinməyir yaşın, Alpan

(“Qızıl Quba” 25 aprel 1954)

    …Onu da deyim ki, atamın arxivində indiyədək çap olunmamış yüzlərlə müxtəlif mövzularda şeirlər var. Yeri gəlmişkən, o, tanınmış fırça ustası Mikayıl Abdullayevə, xalq şairə Səməd Vurğuna, böyük şair Nəsimiyə poemalar həsr edib. İnşallah, gələcəkdə onları toplayıb bir kitab halına gətirmək fikrim də var.

Məhəbbət Rəsulov
Məhəbbət Rəsulov

    Atam yalnız lirik, epik şeirlər yazmazdı. O, həmçinin mətbuatda kəndimizin sosial problemlərini özündə ehtiva edən satirik şeirlər, eləcə də kənd  sakinləri ilə bağlı yazılarla da çıxışlar edərdi. Bilmirəm bilən var, ya yox, kəndimizdə iki başı bəlalı tikinti olub. Söhbət  hamamdan və  Quru çayın sahilindəki məktəbdən gedir.  Yeri gəlmişkən, qeyd edim ki, kənddə hamam tikmək təşəbbüsü 1952-ci ildə göstərilib. Elə həmin ildə də işlərə başlanılıb. Lakin sonradan bu iş unudulub. 1963-cü ildə yenidən cəhd göstərilib. Bu dəfə hamamın divarları təxminən 2 metr qaldırılıb. Yenə də yarımçıq qalıb. Nəhayət, bu başıbəlalı hamam 1983-cü ildə istifadəyə verilib. Atam 1975-ci ildə bu məsələyə həsr etdiyi bir yazısında bu sözləri qeyd edib: “15 il bundan qabaq burada hamam tikmək üçün əl-ayağa düşdülər. Bunun üçün 2 bağı sıradan çıxardılar. Hər biri 500 kq alma, armud verən ağacları kökündən çıxardılar. O ağaclar yadıma düşəndə yaman sarsılıram”. Atam bu başıbəlalı hamam haqqında bir neçə şeir yazıb. Onlardan birində deyilir:

Hamı bilir dərdini ancaq yaxın duran yox,

Fəqət bu əhvalını soruşan yox, soran yox,

Belə böyük tilsimi ürək edib qıran yox

Öz sirrini açsana, ay başı daşlı hamam,

Qanadlanıb uçsana, ay gözü yaşlı hamam.

    O zamanlar öz kəsərliliyi ilə ad çıxarmış  “Kirpi”yə ünvanladığı bir şeirində isə atam məktəblə əlaqədar bu misraları yazıb:

Neçə il  bundan qabaq yeni plan çəkdilər,

Plana düşən yeri başdan-başa sökdülər,

Məktəbə nə lazımsa gətirib bura tökdülər,

Yenə bina qalıbdır görün xeyli zamandır,

“Kirpi” qağa, kömək et sən bu işdə amandır!

    “Şəfəq”in ştatdankənar müxbiri olan atamın həmçinin, kəndimizin yolları, yarıtmaz məişət xidməti, bir sözlə kəndimizin demək olar ki, bütün  problemləri ilə bağlı çoxlu yazıları da dərc olunardı. Buna görə o, bəzən yerli məmurların tənqidlərinə də tuş gələrdi. Belə hallarda o sadəcə: “Nə edirəmsə, kənd üçün edirəm”, – deyərdi. Və əlavə edərdi: “Əgər faktlar doğru deyilsə, məhkəməyə müraciət edin”. Yeri gəlmişkən, atam bədii yaradıcılığında dəfələrlə tənqidlərə məruz qalıb. Amma o öz yolundan dönməyib.

    Fikrimcə, bu yerdə bütün bu kimi olaylarla əlaqədar atama neçə illər öncə həsr etdiyim bir şeirimdən bu misraları xatırlatmaq yerinə düşərdi:

Kəndin dərdi, səri düşmür dilindən,

Gah yolundan yazır, gah da elindən,

Bir sözlə, bəllidir hər əməlindən

Alpana sədaqət Məhəbbətdədir.

 

Qəzetdən, jurnaldan gəlir sorağı,

Hərdən də söz qoşur şairsayağı,

Sözü, söhbəti də deyil bayağı,

Alpana şeiriyyət  Məhəbbətdədir.

 

Kəndə sevgisinin yox əsla sonu,

Bu sevgi heç zaman yormayıb onu,

Axtarmayın özgə bir şəxsdə bunu

Alpana məhəbbət Məhəbbətdədir.

    Onu da bildirim ki, atam bədii yaradıcılığında dəfələrlə tənqidlərə məruz qalıb. Amma o öz yolundan dönməyib.

 

Mütaliə həvəskarı

    O illərdə qəzet və jurnallara abunə yazılardılar. Atam respublikamızda dərc olunan əksər qəzet və jurnalların (“Azərbaycan pioneri”, “Azərbaycan gəncləri”, “Sovet kəndi”, “Kommunist”, “İdman”, “Şəfəq”, “Göyərçin”, “Elm və həyat”, “Azərbaycn qadını”, “Müxbir” və s.) hamısının abunəçisi idi. Özü də onların hər birini özünəməxsus şəkildə mütaliə edərdi. Yeri gələndə onlardan oxuduğu materiallardan tədris prosesində istifadə edərdi. Odur ki, o, hər gün axşamüstü poçtalyonların yolunu səbirsizliklə gözləyərdi. O zamanlar poçtalyonlar- Şahmərdan, İman, Məcnun və digərləri qəzet və jurnallarla doldurulmuş çantalarını çiyinlərinə salaraq qapı-qapı gəzər, abunəçilərin qəzet və jurnallarını paylayardılar. Yeri gəlmişkən qeyd edim ki, atam onların əməyini yüksək dəyərləndirərdi. Elə onlara həsr etdiyi yazıları da bunu sübut edir.

Məhəbbət Rəsulov
Məhəbbət Rəsulov

    Atamın zəngin kitabxanası vardı. Bu kitabxanada kənd məktəbində hətta kənd kitabxanasında olmayan kitablara rast gəlmək olardı. Kimlər gəlməzdi bu kitablardan bəhrələnməyə…Nizami müəllim, Kamil müəllim… Kitabların bəzilərində  haradan, necə alması ilə bağlı qeydlər də var. Məsələn, həmin kitabların birində yazıb: “Səni uşaqların boğazından kəsib almışam”. Ümumiyyətlə, atamın rayon mərkəzinə yolu düşəndə o, bir qayda olaraq evə kitabsız qayıtmazdı. Demək olar ki, hər gün kitabxanasındakı kitabların əksəriyyətini vərəqləyər, yaddaşını təzələyərdi. Bir sözlə, atam çox mütaliə edərdi.

Səməd Vurğun və atam

    Atamın poeziyaya isə xüsusi marağı vardı. Özü də Xalq şairi Səməd Vurğunun pərəstişkarı idi. Əksər şeirlərində də bu özünü açıq-aşkar büruzə verir. Yeri gəlmişkən, atamın dediklərinə və yazdıqlarına əsasən,  1953-cü ilin fevral ayında Səməd Vurğun onların Salyanski kazarmasında xidmət etdikləri hərbi hissəyə gələrkən onunla tanış olub. Hərbi hissədəki topçu alayında olan atamın şair təbiətindən duyuq düşən Səməd Vurğun onu Azərbaycan Yazıçılar Birliyinə dəvət edib. Burada keçirilən “Qızıl qələmlər” cəmiyyətinin növbəti yığıncağından sonra işinin çox olmasına rəğmən, atamı öz iş otağında  qəbul edib. Salamlaşmadan sonra atamı “ciyəryeyən Alpanlı” adlandıran Səməd Vurğun ona Qubadan, Alpan kəndindən, eləcə də dostluq etdiyi Zaman Qayıbovdan danışıb. Atam şairə bir neçə şeirini, eləcə də şairin əsərlərinə yazdığı nəzirələri oxuyub:

Yenə gəzib dərə-düzü,

Axtarıram yolu, izi.

Səməd kimi şairmizi

Çox sevmişəm özüm, dağlar.

    Səməd Vurğunla görüşü həyatında unudulmaz hadisə kimi xarakterizə edən atam xatirələrində yazır ki, bu görüş bir saat 50 dəqiqə çəkib. Görüşün sonunda atama yaradıcılığında uğurlar  diləyən Səməd Vurğun onu Bakıda işlə təmin edəcəyini də söz veribmiş. Lakin atam ailə vəziyyətini nəzərə alaraq, daha şairin bu təklifinə müsbət cavab verməyib. Yeri gəlmişkən qeyd edim ki, atam sonradan  bu görüşün təsiri altında “Xeyirxah şair” poemasını da qələmə alıb

Məhəbbət Rəsulov
Məhəbbət Rəsulov

    Yeri gəlmişkən onu da bildirim ki, yaş fərqinə baxmayaraq atam Zaman müəllimlə yoldaşlıq edərdi. Hətta ona şeirlər də həsr edib. Atam 1967-ci ildə qələmə aldığı “İlk müəllimim” şeirində yazırdı:

Dağların qarı tək görünən saçın

Sənin dünəninə sanki baxışdı.

Bunu hamı bilir, onlar, ay Zaman,

Mənasız yollarda ağarmamışdır.

 

Bekar dayanmağı sevməzdi

    Gözəl rəsm çəkmək qabiliyyəti vardı atamın. Hərdən  elə gözəl mənzərələr çəkərdi ki… O, Nizaminin, Vaqifin, Xətainin və digər şəxsiyyətlərin rəsmlərini elə yaratmışdı ki…. Hə, atam həm də onlardan məktəbdə əyani vəsait kimi isifadə edərdi. Bu mənada o özünün ərsəyə gətirdiyi plakatlar əsasında dərsini qurmağa çalışardı. Atam ümumiyyətlə, məktəbin ictimai işlərində fəal iştirak edərdi. Hətta məktəbin divar qəzeti də ona həvalə olunmuşdu. Amma fəallığına görə onu sevməyənlər də vardı. O dövrün təbirincə desək, irəliləməsinə mane olurdular. Doğrudur, atam bu barədə evdə danışmazdı. Yəni işdə olan söhbətləri elə işdə qoyub gəlməyi sevərdi. Amma mən bütün bunlar barədə məlumatlı idim.

Məhəbbət Rəsulov
Məhəbbət Rəsulov

    Atam ağac əkməkdən,  calaq vurmaqdan xüsusi həzz alardı. Öz zəhməti ilə ərsəyə gətirdiyi ağacların nazını çəkərdi. Bəzən yay tətilndə sovxozda fəhlə kimi çalışardı. Hərdən kiçik tikinti işləri  ilə məşğul olardı. Yəni çox ucuz qiymətə  tövlə, təndirxana tikər, hasar hörərdi. Bəzən də meşədən çiyinlərində odun gətirərdi. Amma hamı kənddə onu imkanlı adam kimi tanıyardı. Odur ki, bəziləri onun yanına pul üçün gələrdilər. Halbuki onun heç vaxt pulu olmayıb. Belə vəziyyətlərdə atam  kəndin imkanlı adamlarından borc alar və ona müraciət edənləri razı salardı. Hətta mağazadan gündəlik tələbat mallarını alanlara yardım edərdi. Bəzi hallarda onun adi bir zapiskası müşkül məsələləri həll edərdi. Bu mənada o, çox adama əl tutardı. Onu da deyim ki, atamın dünyanın malında, pulunda gözü olmayıb. Amma atamın bizim üçün rejimi vardır. Gərək o rejimə əməl edəydik. Bu rejimə yaxşı oxumaq, sahədən ot gətirmək,  meşədən odun daşımaq da daxil idi… Bu məqsədlə bizim üçün xüsusi arabalar da düzəldərdi. Ümumiyyətlə, atam nəyi isə hazırlmağı çox sevərdi. Hətta indiyədək yadımdadır ki, kiçik yaşlarımda o mənə taxtalardan maşınlar da düzəldərdi.

Haşiyə

    Atam haqsızlığa qarşı mübariz idi. 1976-cı ildə mən ali məktəbə qəbul imtahanı verəndə imtahan götürən müəllimlər biliyimi yüksək dəyərləndirdilər. Bunu təsdiq etmək üçün gəlmiş bir Komissiya üzvünün “Haradansan?” sualından və mənim “Qubadanam” cavabımdan sonra  imtahan vərəqəmə “4” yazıldı. Mən həyatımda ilk zərbəni də elə onda aldım. Atam bununla bağlı müvafiq qurumların qapılarını döydü, müraciətlər yazdı.

 

Atam kənd adamlarının xatirələrində

    Neman Qədirbəyli: “Məhəbbət müəllim mənim yaddaşıma uşaqlarla çox mədəni rəftar etməsi ilə həkk olunub. Onun heç vaxt kimi isə təhqir etməsini xatırlamıram. Təbii ki, uşaqlar da onun hörmətini saxlayardılar”.

    Maarif Əmkişiyev: “İbtidai siniflərdə oxuyarkən mən onu görəndə çəkinərdim. Fiziki cəhətdən ətli-canlı, bir az da qarayanız idi Məhəbbət müəllim. Uşaq ağlı ilə düşünərdim ki, yəqin, əzazil müəllimdir. V sinifdən bizə idman dərsini deməyə başladı. Bir neçə dərs saatından sonra Məhəbbət müəllim haqqında fikrim tamam dəyişdi”.

    Zabit Babayev: “Məhəbbət müəllim yumşaq xasiyyətli, aqressivlikdən uzaq idi. Keçirdiyi çətin həyat yolundan danışardı. Onu dinləyib mənşəcə özümüzə çox yaxın hesab edər və ona hörmətlə yanaşardıq”.

Rahib Sədullayev (ADPU Quba filialının baş müəllimi, qabaqcıl təhsil işçisi):Bizə dərs deyən müəllimlərdən biri, Məhəbbət müəllim öz demokratikliyi ilə şeçilərdi. Şagirdlərini müstəqil düşünməyə, özünü yetişdirmək üçün çox fərdi mütaliə etməyə istiqamətləndirməyə çalışardı. Məhəbbət müəllim nəinki, ayrı-ayrı insanların, yaşadığımız cəmiyyətin belə nöqsanlarını tənqid etməkdən çəkinməzdi.

    O vaxt hər kəs üçün əlçatmaz bir orqan olan “Şəfəq”də müəllimimizin yazılarını görmək bizdə qürur hissi oyadardı.”

    Ceyhun Butayev: “Məktəbin foyesindəki divar qəzetində Məhəbbət müəllimin şagirdlərlə bağlı yazılarını maraqla oxuyar və həmin mövzular əsasında çəkdiyi şəkilləri maraqla izlərdik. Məncə, Allah ondan həm şairliyi, həm də rəssamlığı əsirgəməmişdi. Hə, bir də ilk dəfə ərəb hərfləri ilə biz onun sayəsində tanış olmuşuq. Allah rəhmət eləsin”.

Və son

    Atam barədə daha geniş yaza bilərdim. Buna hacət, lüzum görmədim. Bir də sizi bilmirəm, mən həyatda çox qəhrəmanlar haqqında kitablar oxumuşam. Amma mənim aləmimin, dünyamın ilk qəhrəmanı atam olub.

Müəllif:Qvami Məhəbbətoğlu