Alpanda xalçaçılıq emalatxanasının açılışı olmuşdur

718

    Alpan kəndinin qədim xalçaçılıq ənənələri və Alpan Xalçası barədə saytımızda məlumat vermişdik. Bu günlərdə kəndimizdə çox yaxşı bir təşəbbüsün həyata keçdiyinin şahidi olduq. Kəndimizdə xalçaçılıq emalatxanası fəaliyyətə başladı və yeni tikilmiş kiçik fabrikin açılışı oldu. Açılış mərasimində Quba Rayon İcra Başçısı Yaşar Məmmədovla yanaşı ABŞ-ın Respublikamızdakı səfiri cənab Sekuta və xanımı da iştirak edib. Qonaqlar arasında İqtisadiyyat Nazirinin müavini və digər rəsmi şəxslər də olmuşdur.

     Tədbirdə iştirak edənlər Quba rayonunun , eləcə də Alpan kəndinin qədim xalçaçılıq ən-ənələrindən danışmış, xalçaçılığın bugünündən və gələcək nəsillərə ötürülməsinin zəruriliyindən bəhs etmişlər. Tədbirdə o da xüsusi olaraq vurğulanmışdır ki,yeni fəaliyyətə başlayan bu emalatxanada 30 nəfər yerli işçi işlə təmin ediləcək,onlar xalçaçılıq peşəsinin sirlərini öyrənəcəklər. Eyni zamanda bu sexin qonşu kəndlərin əhalisinə də xeyiri dəymiş olacaq.

    Tədbir bir neçə mediya nümayındəsi və sərbast yazarlar tərəfindən işıqlandırılmışdır. Sizə onlardan bir neçəsini təqdim edirəm.

    Quba Rayon İcra Hakimiyyətinin rəsmi saytı tədbir barədə yazır:”07 noyabr 2017-ci il tarixdə Quba rayonunun Alpan kəndində USAİD-in maliyyə dəstəyi inşa olunan xalçaçılıq emalatxanasının açılış mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov, Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekurta, rayon rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.”

    ABŞ səfirliyinin Facebook səhifəsində tədbir barədə məlumat verilir və tədbirdən fotolar təqdim edilir:”ABŞ Səfiri və xanım Sekuta Qubaya səfər çərçivəsində Quba rayon icra hakimiyyətinin başçısı Məmmədov və İqtisadiyyat Nazirinin müavini Məmmədov, eləcə də Alpan, Uzunmeşə, Kürkün və Susay kəndlərinin sakinləri ilə birlikdə xalça toxuculuq müəssisəsinin açılışında iştirak etdilər. Quba sakinlərinin təşəbbüsü və dəstəyi ilə hazırlanmış layihə Amerika İnkişaf Agentliyi (USAID) və Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilib. Mərkəz qədim xalça toxuculuğu sənətini inkişaf etdirəcək, həmçinin sözügedən beş kənddə 30-a yaxın qadın üçün peşə təlimi təmin edəcək və biznes imkanları yaradacaqdır. ”

     Quba rayonunu xalçaçılıq sahəsində Dünya miqyasında təmsil edən, Respublikamızda xalçaçılığın inkişafında xüsusi əməyi olan və Alpan kəndində xalçaçılıq emalatxanasının açılmasında yaxından iştirak edən Fatimə  xanım Ağamirzəyeva da öz Facebook səhifəsində tədbir barədə yazmışdır. O, xalçaçılığın inkişafından və gələcək nəsillərə ötürülməsinin zəruriliyindən bəhs etmiş, Alpan və qonşu kəndlərin əhalisinə bu işin müsbət təsir edəcəyini xüsusi vurğulamış və  tədbirdən fotolar paylaşmışdır.

     Kəndimizin AYB üzvü Cabir Ağaoğlu öz Facebook səhifəsində yeni fəaliyyətə başlamış emalatxanın üstünlüklərindən və xalçaçılıq emalatxanasının ideyasının yaranmasından bəhs edir və tədbirdən fotolar paylaşır:”Bir neçə il öncə Alpan kənd ərazi İN binasının iclas zalında, Bakıdan gəlmiş bir QHT-nin kənd sakinləri ilə görüşü keçirilirdi. Kənddə görülməsinə ehtiyac duyulan işlər barədə çıxışlar, təkliflər edilir, əsasən yol və su problemi qabardılırdı. Mən o zaman çıxış edərkən həmin ehtiyaclarla yanaşı, kənddə iş yerlərinin açılması vacibliyinə də önəm vermişdim. Nəhayət dünən kənddə, yenicə tikilib istifadəyə verilmiş Xalça tədris-istehsalat özəl müəssisəsinin açılış mərasimi keçirildi. 50-yə yaxın toxucunun işlə təmin ediləcəyi bu müəssisənin açılışında ABD səfirliyi, AP İqtisadi İnkişaf nazirliyi, Quba r-n İH Başçısı və QHT, Mediya nümayəndələri iştirak və çıxış etdilər.”

    Sonda kəndimizdə xalçaçılıq emalatxanasının açılmasında əməyi keçmiş hər kəsə təşəkkür edirəm.

Müəllif: İlkin R. Balayev

PS:Bu məqalədə istifadə edilmiş fotoların müəllifləri yazıda müəyyən keçidlərin qoyulması ilə istifadə edilib.