Nəsildən-nəsilə, yaddaşdan-yaddaşa ötürülən rəvayətlərə görə nəql edirdilər ki, islam dininin Azərbaycanın şimalında yayılmağa, möhkəmlənməyə başladığı 8-ci əsrin sonunda Alpanda 4 dini icma yaşayırmış: xaçpərəstlər, atəşpərəstlər, bütpərəstlər və göy Tanrıya (və ya günəşə, aya) inananlar. Əhalinin çox hissəsi islam dinini qəbul etdikdən sonra yaşayış məntəqəsinin idarəçiləri müsəlmanlardan təyin edilir və ya seçilirmiş. Azlıqda qalan digər dinlərin, inancların daşıyıcıları ümumi xəzinəyə vergi (cizyə və s.) ödəməkdən yayınırlarmış. Bu səbəbdən, kəndin böyüyü Qılıc xan onların yaşadığı məhəllələrə, əkib-becərdiyi sahələrə verilən suvarma suyunu kəsdirir. Çəkişmə münaqişəyə çevrildiyindən, birgəyaşayış qaydalarına tabe olmayanlar kənddən qovulub çıxarılırlar. Qovulanlar öncə Seyfəqələyə (indiki Qələdüzün şimalı -Alpan tərəfində yerləşən bu kiçik kənd 1797-ci ilədək mövcud olub və həmin ərazidə qədim qala xarabalığlarının izləri qalmaqdadır) çəkilir, bir qismi sonradan Müşkürdəki Alpan düzünə -kənd yeri, obalar (sonralar Hacıkəndi, Hacılıkənd) qışlağına yollanırlar. Neçə illər sonra Alpanın ağsaqqalları onların başbilənləri ilə Sayat kəndində (indiki Xaçmaz rayonunda) görüşərək barışığa gəlirlər və eyni kökdən gələn iki camaat arasında yenidən əlaqələr qurulur. Məşvərətdə münsiflik edib barışıq yaradan Sayadlılar tədricən hər iki yaşayış məntəqəsinin əhalisi ilə qohumluq, ticarət və sənətkarlıq əlaqəsini möhkəmləndirməklə Alpan xalça çeşnisinin toxunduğu, yaşadıldığı yurdlardan birinə çevrilir. Sonradan ərazinin qaziliyi Alpan və ya Sayad kəndində yaşayan bir hacı-seyid ailəsini Kəndyeri obalarından birində məskunlaşdırıb onun təsirilə əhalinin tədricən müsəlmanlaşmasına şərait yaradır və Alpan bəylərinin 1200 ruba yararlı, 1500 ruba yararsız torpaq sahəsi, daşınmaz mülkləri və qışlaq yurdları olan bu kənd -sonralar uyğun olaraq Hacılıkənd (Hacıkəndi) qışlağı, Seyidli kəndyeri adlanmağa başlayır və s.
1831-ci il siyahıyaalma kameral təsvirinə görə Müşkür mahalında 23 ailədən, 4-ü bəy olmaqla 65 kişidən ibarət olan və 1940/50-ci illərdən sonra tam oturaqlaşan (o zamanadək hər iki kəndin mövsümi sakini sayılan ailələr də vardı) bu kəndin həmin illərdə tikilmiş məscidi, 60 ilini Qoca bəyin malikanəsində yerləşən və 80 ildən yuxarı fəaliyyət göstərən məktəbi, son illərdə tikilib istifadəyə verilən özəl istirahət obyektləri, elektrik yarımstansiyası, 4 obadan (Seyidli, Aslanoba, Aşağıoba, Xuraylı) ibarət bu Bələdiyyənin hal-hazırda əksəriyəti alpanlı nəsillərdən törəyən 1300-ə yaxın əhalisi, Qarabağ müharibələrində döyüşmuş beş şəhidi var. Bu kəndlərdə doğulub ad-san qazanmış bəylərdən Qoca bəy Qalabəy oğlunu, Balaca bəy Zülfüqar bəy oğlunu, alimlərdən mərhum f.e.n. dosent Arif Ağasiyevi, Moskva universitetinin dosenti Kamil Osmanovu və əməkdar mühəndis Mikayıl Osmanovu və b. göstərmək olar.
Bakı Dövlət Universitetinin “Müşkür” arxeoloji və etnoqrafik ekspedisiyası (rəhbəri tarix elmləri namizədi Tarix Dostiyev – indi professordur) 1991-ci ildə Xaçmaz rayonunun Seyidli və Salman bulağı orta əsr yaşayış yerlərində qazıntılar aparmış və xeyli əhəmiyyətli tapıntılar aşkar etmişdir. Seyidli kənd məktəbinin direktoru İbrahim Əskərov (həmkəndlimiz meşəbəyi Ramazan kişinin kürəkəni) və məktəbin tarix müəllimi Fazil Seyidov da (indi məktəb direktorudur) həmin ekspedisiyada yaxından iştirak etmişlər. Onların məlumatına görə Seyidlidən -Kənd yeri kurqanından VIII-XII əsrlərə aid zəngin maddi mədəniyət nümunələri, təndir və ocaqlar, şirli və şirsiz saxsı qablar, metal və şüşə məmulatları, sümük və daş alətlər, şüşə, metal və sümükdən hazırlanmış müxtəlif növ bəzək əşyaları aşkar edilmişdir. Kənd sakinlərinin məişətində yüksək bədii zövqlə bəzədilmiş müxtəlif növ polixrom şirli qabların üstünlük təşkil etməsi orta əsrlərdə Azərbaycanın bu bölgəsində yaşayan əhalinin mədəni həyat səviyyəsinin yüksək olduğunu göstərən tutarlı dəlillərdəndir. Abidə – kuqandan tapılmış şüşə qab nümunələrinin qalıqları orta əsrlərdə Azərbaycanda şüşə məmulatının yalnız şəhər əhalisinin məişəti üçün səciyyəvi olması barədə əsassız fikirləri də təkzib edir.
Seyidli yaşayış yeri Azərbaycanda tala tipli kənd məskəninin ilk dəfə arxeoloji qazıntılarla tədqiq olunduğu abidədir. (Azərbaycanın maddi mədəniyət tarixinə dair 1991-ci il çöl tədqiqatının yekunları BDU nəşriyatı,1992). “Meşəiçi kənd tipinə mənsub Seyidli yaşayış yerində aparılmış qazıntılar burada məskunlaşmanın 8-ci əsrin sonunda başladığını, 11-12-ci əsrlərdə genişlənərək maksimum dərəcədə böyüdüyünü, monqol ağalığı dövründə tənəzzül keçirdiyini və 15-ci əsrdə tərk edilərək yerdəyişmə baş verdiyini göstərir”- (Tarix Dostiyev. AMEA Tarix İstitutunun Elmi əsərləri, Bakı-2007) Xaçmaz rayonunda qazıntı işləri aparılan bu Seyidli kurqanı öncə orta tunc dövrünə aid edilmiş (Ахундов, Достиев 1997), 20 il keçəndən sonra isə e.ə. IV minilliyə -son xalkolit dövrünə aid olduğu müəyyənləşdirilərək Dağıstan və Azərbaycan ərazisindəki qədim kurqanlar arasında 3-cü sıraya keçirilmişdir. Kəndin və İƏV nümayəndəliyinin ərazisindəki məzarlıqlarda mərhum professor Məşədxanım Nemət də araşdırmalar aparmış və epiqrafik yazıları təmizləyərək oxumuş və kitablarının 4-cü cildində qeydə alıb elmi izahını vermişdir. Qafqaz Albaniyasının bu bölgədəki vilayət mərkəzi, böyük şəhərlərindən biri olmuş Çolanın yerləşdiyi əraziyə uyğunluğu ehtimal edilən şəhərgahın Canaxır kurqanında və ya burada olduğu təxmin edilir…
Materialı hazırladı C.A.Albantürk