Alpanlılar da vuruşublar

250

 

Bəybala bəy Qayıbov

    1918-ci ildə daşnakların Qubada törətdikləri soyqırımının qarşısının alınmasında qubalı, o cümlədən alpanlı bəylərin təşkil etdikləri kiçik dəstələr də öz mücadilələri ilə fəqləniblər. Nə yazıq ki, sovet dönəmində onlar – Əli bəy Harun bəy oğlu Zizikski, Bəybala bəy Alpanski (Qayıbov) və başqaları bizə düşmən obrazları kimi təqdim olunublar. Bu yazıda mən sadəcə bəzi tarixi mənbələrə, eləcə də ağsaqqalların yaddaşlarına istinadən Alpan sakinlərinin kənd uğrunda erməni daşnaklarına qarşı mübarizəsindən söz açmaq istəyirəm. Yəni o zaman Alpan kənd sakinləri heç də mütilik nümayiş etdirməyiblər: onlar da vuruşublar.

    Bu fikrimi əsaslandırmaq üçün bir neçə fakta müraciət etmək istərdim. Əvvəla, türklərə qarşı törətdiyi vəhşilikləri ilə məşhurlaşmış erməni-daşnak zabiti Hamazasp Qubaya gəlişinin dördüncü günü qubalıları Cümə məscidinin qarşısındakı meydana toplayaraq demişdir: “… İndi mənim Digah və Alpan kəndlərində döyüşlərim gedir”. Döyüş isə vuruş, dava mənasında olduğunu hər kəs bilir. Bir sözlə, bu sözlərə istinadən belə nəticəyə gəlmək olar ki, Alpan kəndində də döyüşlər gedib. Yəni alpanlılar imkanları daxilində ermənilərin nizami dəstələrinə qarşı vuruşublar. Kənd camaatının təbirincə desək, əllərini yanlarına sallayıb onlara tabe olmayıblar. Buna misal kimi Subabadakı məzar daşlarının üzərindəki güllə izlərini göstərmək olar.

 

Quba cümə məsçidi və meydan

    İkincisi, 1918-ci il dekabrın 24-də 47 yaşlı, Quba qəzası 5-ci Fəthibəy nahiyəsi Alpan cəmiyyəti Alpan kəndinin mülkədarı Bəybala bəy Qayıbov Azərbaycan Hökuməti yanında Fövqəladə Tədqiqat Komissiyasının üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq zərərçəkmiş qismində dindirilərkən sadəcə ermənilərin kəndimizdə törətdikləri vəhşiliklərdən söz açmaqla yanaşı, ermənilərin kəndimizi 3 tərəfdən mühasirəyə aldıqlarını da qeyd etmişdir. Lakin Bəybala bəy dindirilmə zamanı alpanlıların ermənilərlə döyüşlərindən danışmayıb. Sadəcə sonda bu sözləri deyib: “Əlavə heç nə deyə bilmərəm”.

    Fikrimizcə, Bəybala bəyin belə bir izahat verməsi o qədər də inandırıcı deyil. Görünür, Bəybala bəy dövrün “tələblərinə” uyğun hərəkət edərək alpanlıların daşnaklara müqavimətindən bir kəlmə belə deməyib. Bəs əslində o zaman vəziyyət necə olub?

 

Subaba türbəsi, tarix, Alpan kəndi, alpan.az Quba rayonu
Subaba türbəsi, tarix, Alpan kəndi, alpan.az

    Alpan sakini Yusif kişi (Allah rəhmət eləsin) babası Qədir bəyin oğlu Ədil kişiyə istinadən nəql edərdi ki, kəndimizdə ermənilərə qarşı mübarizə aparmaq məqsədi ilə Bəybala bəyin rəhbərliyi altında bir dəstə təşkil edilmişdi. Onun müavini də yüzbaşı Qədir bəy olub. Onlar müəyyən vəzifə bölgüsü də ediblər. Məsələn, Ədil kişi və İbrahim Xəlilova camaatı kənddən uzaqlaşdırmaq və etibarlı yerlərdə gizlətmək həvalə olunub… Bəybala bəyin dəstəsi isə “Şimi dərəsi” deyilən yerdə (Digah kəndinə çatmamış ərazi) daşnaklarla üz-üzə gəlib. Onu da deyim ki, bəzi mənbələrdə Digah ilə Xucbala kəndləri arasındakı Qanlı dərə Şimi dərəsi kimi təqdim olunur. Amma əslində belə deyil. “Qanlı dərə” və “Şimi dərəsi” başqa-başqa ərazilərdir. Nə isə… Hətta iş o yerə çatıb ki, Bəybala bəy Şıxlar kəndinə-mülkədar Həsən bəy Şıxlarskinin yanına çapar da göndərib ki, bəs vəziyyət gərgindir, özünü Alpana çatdır. Amma həmin çapar yolda ermənilər tərəfindən tutulur və öldürülür. Bundan sonra Şıxlara kəndimizdə “Qara İbriim” kimi tanınan İbrahim kişi göndərilir. Məhz bundan sonra Həsən bəy Şimi dərəsində köməyə yetişib. Amma qüvvələr qeyri-bərabər olduğu üçün alpanlıların müqaviməti bir nəticə verməyib. Məhz kənd boşaldılandan sonra daşnaklar kəndimizə giriblər.

    Bundan sonra isə alpanlılar ermənilərə qarşı əgər belə demək mümkünsə partizan müharibəsi aparıblar. Elə Yusif kişi nəql edərdi ki, alpanlıların əsir götürdükləri ermənilər də olub. Ermənilərin Alpandan tamamilə çəkilməsi isə türklərin kəndimizə gəlməsi xəbərindən sonra baş verib.

    Bu yazını hazırlayarkən öz tədqiqatları kəndimizə töhfələr vermiş Zabit Babayevə də müraciət etdim. Sağ olsun. O, öz dəyərli məsləhətlərini də verid. Üstəlik, bildirdi ki, ermənilərə qarşı Bəybala bəyin “Tüfəngçilər dəstəsi” həqiqətən də silahlı müqavimət göstəriblər: “Lakin Digah-Alpan istiqamətində Qusara doğru hərəkət edən Sergo Martikyanın ordusu yaxşı silahlanmış ordu olduğundan Bəybala bəyin silahlı dəstəsi geri çəkilməyə məcbur olub .Bu hadisələr mayın 15-nə qədərki müddətə təsadüf edir. 1918-ci il mayın 15-də Sergo Martikyanın teleqramında Digah-Alpan istiqamətində döyüşlər getdiyi qeyd olunur. Qeyd etdiyim arxiv sənədi də bunu təsdiqləyir.( Bax-Sənədlər və Materiallar (1917-1920),Bakı.1960)

    …Yazdıqlarımın kəskin mübahisələrə səbəb olacağını da bilirəm. Qoy olsun. Fikrimcə, elə əsil həqiqət də belə polemikalar nəticəsində ortaya çıxır. Elə bu niyyətlə da bu yazını ərsəyə gətirdim.

Müəllif:Qvami Məhəbbətoğlu (Rəsulov)