Alpanlılar kimlərdir?

650

     Azərbaycan tarixşünaslığında  belə nöqteyi-nəzər var ki, Şimali Azərbaycan ərazisində türk azərbaycanlılar  mənşəcə XI-XII əsrlərdən sonra dillərini itirmiş və türkləşmiş dağıstandilli albanlardır. Deməli Azərbaycan dili kənardan gətirilmə dildir. Keçən əsrdə Qafqazda olmuş rus məmurları tərəfindən sözgəlişi deyilmiş bu səhv mülahizə sonralar bəzi rus,erməni və gürcü tarixçilərin xoşuna gəlmiş, Azərbaycan tarixçiləri də onu”Azərbaycan tarixi”nin I cildinə salmışlar. Tarixçilərimizin bəzilərinin əsərlərində bu fikir indi də müdafiə olunur. Azərbaycanlıların mənşəyi probleminin belə bayağı həllinə qarşı biz dəfələrlə yazmışıq.


     Son vaxtlar Azərbaycan ərazisi hesabına Ləzgistan dövləti yaratmaq istəyən bəzi ləzgi xadimləri “Alban” etnoniminə və “Alpan” (Quba rayonu) toponiminə tez-tez istinad edir və hər iki adın ləzgicə olduğunu yazaraq Azərbaycana qarşı ərazi iddiasını tarixi baxımdan  əsaslandırmağa çalışırlar. Söhbətimiz də bu adlar barədədir.

     Hamı bilir ki, Alban etnosu ilk dəfə eramızdan əvvəl  IV əsrdən məlumdur: albanlar İran ordusunun tərəfində eramızdan əvvəl 331-ci ildə Qavqamel döyüşündə Makedoniyalı İgəndərə qarşı vuruşmuşdur. Əlbət ki, bu məlumatda konkret bir tayfa nəzərdə tutulur,çünki o vaxt hələ Alban xalqı formalaşmamışdı. Ona görə “Alban” etnik ada Albaniyada başqa dillərdə danışan tayfalara da şamil edilə bilməzdi. Yəni ümumiləşdirilmiş ada çevrilməzdi. Deməli, Şimali Azərbaycan ərazisində elə bir tayfa yaşayırdı ki, onun özünüadlandırması, yəni etnik adı “Alban” idi. Həm də bu tayfa sayca çoxluğa malik idi, əks halda ölkə onun adı ilə “Albaniya” adlanmazdı. Albaniyada, Kürdən şimalda dağıstandilli tayfalar da qədim mənbələrdə onlar heç birinin özünüadlandırması “Alban” deyildi. Qədim mənbələrdə onlar lbin, silb, ciqb,her,kət, lək,uti adlandırılır ki, bu da müvafiq olaraq indiki avarların, saxurların, qrızlıların, xınalıqlıların, ləzgilərin və udinlərin ulu əcdadlarıdır.


     “Alban” adını daşıyanlar cənubda-Midiyada da yaşayırdı. Strabon (I əsr) yazır ki, albanların bir ölkəsi Midiya dağlarında kaduslarla (indiki talışların əcdadları) qonşuluqda yaşayır. “Midiya dağları” Xəzərin cənub qərbində Baqrov və Talış dağlarıdır. Həqiqətdə də XIX əsrdə indiki Yardımlı rayonunda əhalisi azərbaycanlılardan ibarət Alban kəndi vardı.

     Antik müəllif Tatmit indiki Dərbənd zonasında “Alban dağları” adını çəkir. Bu məlumat III əsr müəllifi İppolit Portskinin albanların həm də, Kaspi keçidində (Dərbənd qala divarı VI əsrdə çəkilmişdir,o vaxtdan həmin keçid “Kaspi keçidi ” adlanırdı) yaşaması haqqında məlumatı ilə üst-üstə düşür. “Tarixi-Dərbəndnamə”də yazılıb ki, Dərbənd səddi çıkildikdə tikilmiş qalalardan biri də Elpen qalası idi. Keçən əsrdə rus tədqiqatçısı V.Dori mənbələr əsasında yazmışdır ki, bu ad əslində “Səddi Alpan” kim nəzərə alınmalıdır. IX əsrdə Dərbənddən şimalda əhalisi türkdilli Albanoviçi adlı yaşayış məntəqəsinin adı məlumdur. Bu ad “Alban” etnonimindən, türkcə “oba” sözündən və rusca “içi” patronimik şəkilçisindən ibarətdir. Başqa sözlə, “Albanoviçi” adı “Albanoba” adına rusdilli əhali tərəfindən verilmiş addır. Müqayisə üçün deyək ki, XIII əsrdə Şimali Qafqazda yaşamış qıpçaqların  Tərtər, Kul və Kuç tayfalarının məskənləri rus salnamələrində Herteroviçi, Kulubiçi, Kuçebiçi kimi qeyd olunmuşdur.

     Albanlar həm də Mil düzündə-Paytakaran əyalətində yaşayırdılar. Paytakaran Beyləqan adnın qədim ermənicə yazılış formasıdır. V əsr erməni tarixçisi Lazar Parbetsi Paytakaranda Alban alayları haqqında məlumat verir.XII əsrdə Beyləqanda bəzi şəxs adları isə türkcədir: Alp-Kuş, Altun-Taş, Tuq-Tiçin, Başar və b.

     V əsrə aid bir mənbədə qeyd olunur ki, Albanlar həm də Sisakanda (indiki Zəngəzurda) yaşayırlar. Deyilir ki, erməni əlifbasının yaradıcısı Maştos sisakana gəlmiş və alban dilini bilən Benjamin adlı bir nəfərlə görüşmüşdür. Sisakan knyazlığı indiki Naxçıvanın bir hissəsini və Ermənistanın Şərur-Dərələyəz mahalını da əhatə edirdi. Şərur-Dərələyəzdə “Elpan dərəsi” (Alpan dərəsi) Naxçıvanda “Alban təpələri” toponimləri məlumdur.

     Antik müəlliflər yazırlar ki, albanlar və iberlər (gürcülər) meşəlik yerlərdə yaşayırlar. Bu məlumat Azərbaycanın şimal qərb zonasına aiddir. Alazanın sağ sahilində, gürcüstanda “Alvan düzü” , iki Alban və iki Alpan kəndi orta əsrlərdən məlumdur.

 

Subaba-alpan.az
Subaba-alpan.az

     Doğrudanmı məkanca bir-birindən aralıda yerləşən ərazilərdə (Xəzərin cənub qərbində,Yardımlı rayonunda, Naxçıvanda , Zəngəzurda , Mil düzündə, Alavan vadisində, Gürcüstanda , Ermənistanda, Şimali Qafqazda) erkən orta əsrlərdə ləzgi dilli albanlar yaşayırdı? Tarixi faktlar o yolda qalsın, bəs elementar düşüncə?

     Yuxarıda deyilənlərdən əlavə başqa faktlar da var. Alban,Apan, Alvan və Ağvan (erməni dilində keçmişdə “L” səsi yox idi, onu “Ğ” səsi əvəz eirdi. Ona görə də Alban, Alvan etnonimi erməni mənbələrində “Ağvan” kimidir) adları türk dilləri üçün səciyyəvi b-p və b-v əvəzləmələri ilə fərqlənirlər. Ona görə toponimlərdə bütün formalar öz əksini tapmışdır.

     Alpan adlı kəndlərin arealı genişdir.

     Gürcüstanda Alpani (sondakı “İ” səsi gürcü dilində adlıq hal şəkilçisidir) adlı iki kənd ,Ermənistanın Şərur-Dərələyəz qəzasında Alpanos (sondakı “os” erməni dilində yunan mənşəli adlıq hal şəkilçisidir) adlı iki kənd, oradaca “Alpan dərəsi”, Cənubi Dağıstanda Alpanar (sondakı “ar” ləzgicə cəm şəkilçisidir) adlı kənd xarabalığı, Quba rayonunda Alpan kəndi. Keçən əsrə aid ədəbiyyatlarda göstərilən kəndlərdə əhalinin türkdilli azərbaycanlılardan ibarət olması göstərilir.

     Bu etnonimin “Alban” və “Alvan” formaları da geniş areala malikdir. Yardımlı rayonun ərazisində keçən əsrdə Alban kəndi, Naxçıvanda Arpaçay kənarında “Alban təpələri”, Qax rayonun Ləkit kəndi yaxınlığında Albanqala, Gürcüstanın şərqində iki Alban kəndi, Qəbələ və Göyçay arasında “Alvandərəsi”, Türkiyənin Qars əyalətində Albanqala, Cənubi Azərbaycanda Əhər mahalında Alvan kəndi, Təbriz yaxınlığında Alvanak kəndi, İranda Şirvansu çayının Alvand və yaxud Elban qolu, “Məhəmməd və Güləndam” nağılında Əlvan dağı və b. Adın “Ağvan” formasını əks etdirən  adlara Kolatak  çayının Xaçınçaya qarışdığı yerdə, Murovdağın ətəyində “Ağvan istehkamı” , Həkəri çayının  ermənicə adı- Ağvanqet, Zəngəzurda keçən əsrdə Aqvaklu kəndi, Şuşa rayonun Malıbəyli kəndi ərazisində “Ağvan xarabalığı” , Şəki şəhərinin bir məhəlləsi olan Ağvanlar və b. göstərmək olar.

     O ki, qaldı Albaniyada “Alban” etnik adını daşıyanların dil mənsubiyyətinə-bu da məlumdur. Onlar türkdilli idilər. Bu ona görə şübhə doğurmur ki, eramızdan əvvəl I əsrdən Miladın XI-XII əsrlərinədək qeyd olunmuş Alban çarlarının, feodallarının, ruhanilərinin əksəriyyətinin (bir qismi xristian mənşəli və fars mənşəli adlardır) adları və erkən orta əsrlərdə yaşamış məntəqə adlarının əksəriyyəti türkcədir. Axı ola bilməz ki, əhali başqa dildə danışsın, uşaqlarına türkcə ad versin, yaşadığı məskənlərin adlarını türkcə adlandırsın. Başqa bir tutarlı fakt da vardır: qazaxlarda, qırqızlarda, karakalpaklarda və türkmənlərdə  IX əsrin sonlarına qədər və qismən indi də Alpan adlı türk tayfaları yaşamaqdadır. Türkmənistanda Alban adlı iki kənd də vardır. Əlbətdə, Albaniyada Kürdən şimalda, Dağıstanla həmsərhəd zonalarda dağıstandilli, yaxud ləzgidilli tayfalar yaşayırdı, elə indi də yaşayır. Albaniya haqqında məlumat verən yunan, latış, erməni, suriya müəllifləri onları da “Alban” adlandırırdılar. Çünki bu tayfalar Albaniyada məskun idilər, lakin yuxarıda dediyimiz kimi, bu tayfaların adları başqa idi.

     Tarixi faktlar belədir. Türkmənşəli “Alban” və “Alpan” adları vasitəsilə ləzgi xalqını avantüraya cəlb etmək istəyənlər, görünür bunun nəticəsini aydın dərk etmirlər. Kənardan fitvalara uyaraq Azərbaycan Dağıstan sərhəddini nəzərdən keçirməyi təklif edən və bununla da ləzgiləri azərbaycanlılarla düşmən mövqelərdə qoymaq istəyən siyasətbazlar başa düşmürlərki, əsrlər boyu qarışıq və qonşu yaşamış iki xalqın sakit həyat tərzini pozmaq, evlərə ölüm və dağıntı gətirmək istəyənlərin toruna düşmüş fərdlər gedə bilər, ləzgi xalqı yox.

Qiyasəddin Qeybullayev-alpan.az
Qiyasəddin Qeybullayev-alpan.az

Müəllif:Qiyasəddin Qeybullayev

“Millət” qəzeti. 22 may 1993-cü il, N53(145)

PS:Qiyasəddin Qeybullayev azərbaycanlıların mənşəyi haqqında bir neçə kitabın və çoxlu elmi məqalələrin müəllifidir. O,həm də respublikada tanınmış toponomist sayılır.