Arxiv sənədlərində alpanlıların erməni daşnaklarına qarşı mücadiləsi

363

    Quba qəzası kəndlərinin erməni silahlı dəstələri tərəfindən talan edilməsi haqqında sənədlər: Quba qəzası kənd sakinlərinin şahid ifadələri.Sənəd № 121, Dindirmə protokolu: 1918-ci il. 24 dekabr, Quba şəhəri.

    Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq zərərçəkmiş qismində dindirdiyi, aşağıda adı çəkilən şəxs göstərmişdir: Bəybala bəy Qayıbov, 47 yaşlı, Quba qəzası 5-ci Fəthibəy nahiyəsi Alpan cəmiyyəti, Alpan kəndinin mülkədarı, savadlıdır.

Bəybala bəy Qayıbov

    Mən Quba şəhərindən 8 verst məsafədə yerləşən 2 kəndin – Alpan və Digah kəndlərinin daxil olduğu Alpan cəmiyyətinin mülkədarıyam. Cəmiyyətdə 300-ə yaxın ev var idi. Bu il may ayının 1-də Amazaspın başçılığı altında yalnız ermənilərdən ibarət cəza dəstəsi Qubaya gəldi. Ertəsi gün silahlı dəstənin 500 nəfərlik bir hissəsi Digah kəndinə gəldi, digahlıların bolşeviklərdən əldə etdikləri top və pulemyotları onlardan zorla aldılar, mal-qaranı və daşınan əmlakı oğurladılar, kəndi yandırdılar və çıxıb getdilər. Üçüncü gün onlar Alpan kəndini üç tərəfdən mühasirəyə aldılar. Sakinlərin çoxu ermənilərin gəlişinə qədər qaçıb getmişdilər. Mən də ailəmi göndərmişdim və iki nökərlə qalmışdım. Ermənilər hücum edərkən mən nökərlərimlə yol açıb keçdim və çaparaq getdik. Ermənilər bizi təqib edir və atəş açırdılar. Güllələrdən biri nökərin mindiyi atın yalına dəydi. Mənim arxamca Alpan kəndindən bir qoca və qarı da çıxdılar, onlar camaatla birlikdə qaça bilməmişdilər. Ermənilər onların hər ikisini öldürdülər. Onlardan başqa Ermənilər müxtəlif yerlərdə daha dörd nəfəri də öldürdülər, sonra xeyli sayda mal-qara, daşınan əmlak oğurladılar, bir neçə evə və həmçinin məscidə od vurdular. Lakin məscid yanmadı. Ermənilər bizim kəndimizdə bir qızı – Püstə Məmməd qızını ayaqlarının altına salaraq elə əzmişdilər ki, qız daha gəzə bilmirdi, çünki onun qıçlarını sındırmışdılar. Qızın yanında qalmış anası İmaməni isə öldürdülər. Quba qəzasının keçmiş komissarı Gelovani mənə deyirdi ki, ermənilər Digah kəndini ona görə dağıdıblar ki, bir erməni qızı digahlı bir oğlana vurularaq onunla qaçıb. Alpan kəndini isə onu zəiflətmək məqsədilə darmadağın ediblər ki, Quba müsəlmanları üsyan etdiyi təqdirdə onlara kömək etmək iqtidarında olmasın. Mən yaralı Püstəni şəxsən görmüşəm və onunla söhbət etmişəm, qız yaralandıqdan 12 gün sonra öldü. O mənə danışırdı ki, bir erməni ona deyirmiş -ermənilər müsəlmanlarla ona görə belə amansızlıqla rəftar edir və onları öldürürlər ki, müsəlmanlar da onlarla belə rəftar edirlər. Mən silahlı dəstəni yaxın məsafədən görməmişəm, dəstədə olanların heç birini tanımadım və adlarını çəkə bilmərəm. Dəstədə ermənilərdən başqa rus və yəhudilərin olub-olmadığını deyə bilmərəm. Ermənilər mənim daşınan əmlakımı, qızılımı oğurlamış, buğda eytiyatımı yandırmışlar, mənə köhnə məzənnə ilə 150 min rubl dəyərində ziyan vurublar. Əlavə heç nə deyə bilmərəm.
Oxundu. (ərəb hərfləri ilə). Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: A.Novatski (imza)
AR DA, f. 1061, s. 1, i. 98, v. 104
T.e.d. prof. Solmaz Rüstəmova-Tövhidinin kitabından

Alpanlıların müqavimət dəstələri

    Bildiyimiz kimi, yuxarıdakı məlumatlar natamamdır. Yuxarıdakı cədvəldən də gördüyünüz kimi, Alpan kəndindən olan müqavimət dəstələri sonrakı günlərdə Əli Bəy Zizikski komandanlığı altında “Qanlı dərə” döyüşündə və Dağıstandan köməyə gələn Osmanlı türkləri və ləzgilərlə bərabər Quba şəhərinin azad edilməsində yaxından iştirak etmişdilər

 

Tədqiqatçı:Cabir Ağaoğlu(Albantürk)