Ayağı çarıqlı qızcıqaz və yaxud Cövhərət müəllimənin taleyi

553
Cövhərət müəllimə

    Cövhərət Yaqubova… Çoxları onu zəhmli müəllimə adlandırardı. Amma dolu bədənli, asta yerişli Cövhərət müəllimə mənim yaddaşımda daha çox ciddiliyi, tələbkarlığı ilə qalıb. Elə bu ciddiliyinə, tələbkarlığına görə bütün şagirdlər ondan çəkinərdilər.

    Cövhərət müəllimə coğrafiya fənnini tədris edərdi. Heç kimə güzəştə getməzdi. Çalışardı ki, bütün şagirdlər dərsdən bəhrələnsin, nəsə götürsün. Tənbəlləri, oxumuyanları əsla xoşlamazdı. Özü də o, təkcə tədris etdiyi fənni deyil, bütün fənlərin mənimsənilməsinin vacibliyini söyləyərdi. Üstəlik, əlavə edərdi ki, müasir şəraitdə oxumaq, təhsil almaq o qədər də çətin deyil, oxuyun, bir mənsəb sahibi olun. Hətta o, hərdən öz həyatından misallar gətirməklə şagirdləri oxumağa həvəsləndirərdi. Məsələn, deyərdi ki, atam süpürgə, odun satmaqla məni oxudub. Odur ki, Cövhərət müəllimədə atasına qarşı həmişə bir sevginin olduğunu duymamaq mümkün deyildi. Amma hər dəfə “ata” kəlməsini dilinə gətirəndə nədənsə gözləri dolar, fikrə gedərdi. Sonradan öyrəndim ki, bu, heç də səbəbsiz deyilmiş.

    Kostyum…kəfən
    Cövhərət müəllimə ali məktəbdə oxuyanda özünə belə bir söz veribmiş: “Ata, sən mənim yolumda hər cür əziyyətlərə sinə gərirsən. Hətta çörək qırıntılarını qurudub mənə göndərirsən ki, qızım ac qalmasın. Qoy qızım dərsə tox gedib, tox gəlsin, ali savadlı müəllimə olsun. Elə məni həvəsləndirən sənin kimi kasıb bir atanın mərdliyidir. Bilmirəm, bunu özümə borcmu sayım, yoxsa… Müəllim kimi aldığım ilk əmək haqqımdan sənə kostyum alacağam və səni sevindirəcəyəm, bununla da təhsil almaq yolumda çəkdiyin əziyyətlərini qismən də olsa unutduracağam”.

Cövhərət müəllimə

    Düz deyiblər ki, sən saydığını say, gör fələk nə sayır. Belə ki, Cövhərət müəllimə ilk maaşını aldığı gün atası Abuzər kişi (O, İsmayıllı rayonunun Lahıc kəndindən kəndimizə gələnlərdən olub) meşədə odun qırarkən üstünə ağac düşür və o, dünyasını dəyişir. Cövhərət müəllimə atasına kostyum almaq məqsədi ilə ayırdığı vəsaitə isə kəfən almalı olur. Sən demə, arzusuna çata bilməyən Cövhərət müəllimə elə bu səbəbdən “ata” sözünü hər dəfə dilinə gətirəndə gözləri dolar və fikrə gedərmiş.

    Yeri gəlmişkən qeyd edək ki, Abuzər kişi, sözün həqiqi mənasında, qızının ali təhsil alması yolunda çox cəfalar çəkib. Hətta o, bu yolda “Qız nədir, oxumaq nədir” deyən həyat yoldaşı Peykər xanıma qarşı sərt mövqe nümayiş etdirib. Kim bilir, bəlkə də bu xanım ərinin kasıbçılıqla ailə saxlamasını əsas gətirərək belə deyib.

    Və ayağı çarıqlı tələbə
    Oğlu Vurğun Əhmədovun xatirələrindən: “Anamın Bakı Dövlət Universitetinin coğrafiya-geologiya fəkultəsinin əyani şöbəsində ali təhsil alması müharibədən sonrakı ilk illərə təsadüf edib. Məncə, o illərdə vəziyyətin necə olduğunu geniş şərh etməyə ehtiyac yoxdur. Şübhəsiz, belə bir vaxtda bir kəndçi qızının Bakıda təhsil alması çox ağır idi. Elə o ağır günlərin nəticəsində sonradan anamın səhhətində problemlər yaşandı. Mən onun bir gecə də olsun dərman qəbul etmədən yatdığını görə bilmədim. Elə həkim olmaq istəyimin də səbəbi bu idi. Amma bu, mənə nəsib olmadı… Nə isə… Yeri gəlmişkən, anamın bir fotosu var. İnstitutun qapısının qarşısında çəkdirib. Uzun hörüklü… ayağında da çarıq. Bəli, anam ayağı çarıqlı ali təhsil alıb”.

    Cövhərət müəllimə min bir əziyyətlə mənimsədiyi öz fənninin vurğunu olub. Belə ki, o, tədris etdiyi fənnin şagirdlər tərəfindən yaxşı mənimsənilməsi məqsədi ilə əyani vəsaitlərdən daha çox istifadə etməyə can atardı. Amma o illərdə onun əsas vəsait hesab etdiyi xəritələr demək olar ki, yox dərəcəsində idi. Tapmaq da müşkül məsələ idi. Odur ki, bu problemi özünəməxsus formada həll etməyə çalışardı. Belə ki, o, ağ parçanın üzərində rəngli iplərdən xəritələr tikərdi. Hətta o, bu işi qız uşaqlarına da öyrətmişdi. O zamanlar əmək dərslərində çox vaxt xəritə tikməklə məşğul olardılar. Sinif otaqlarının divarlarından asılan həmin xəritələr həm də siniflərə xüsusi yaraşıq verərdi. Cövhərət müəllimə həm də dərs dediyi şagirdlərin hazırladıqları xəritələrdən istifadə edərdi.

    Haşiyə
    O zamanlar rayon mərkəzi ilə əlaqə saxlamaq o qədər də asan deyildi. Buna rəğmən, kənd sakinlərimiz ayda, ildə bir dəfə rayon mərkəzinə üz tutar və özlərinə lazım olan əşyaları alardılar. Deyilənlərə görə, Cövhərət müəllimə hər dəfə rayon mərkəzinə baş çəkəndə digər qadınlardan fərqli olaraq, özünə paltar, zinət əşyaları deyil, xəritələr axtararmış. Onun aləmində əsl zinət əşyası elə xəritələr idi.

Cövhərət müəllimə

    …Cövhərət müəllimə dibçəklərdə gül yetişdirməyi də çox sevərdi. Onlardan zövq alardı. Hətta hər səhər yuxudan duran kimi övladlarından öncə güllərə qulluq edərdi. Deyərdi ki, təbiətin bizə bəxş etdiyi ən böyük gözəlliklərdən biri də güllərdir. Üstəlik, ərz edərdi ki, güllərə düzgün qulluq göstəriləndə onlar da öz gözəlliyini və faydalılığını insanlardan əsirgəmir. Cövhərət müəllimə asudə vaxtlarında onlarla dərdləşərdi də… Mənim yadıma gəlir ki, Cövhərət müəllimgilin evinin pəncələrində həmişə gül dibçəkləri olardı.

    Oğlu Vurğunun xatirələrindən: “Bizim pəncərələrimizdən heç vaxt pərdə (qapı, pəncərə və s.-dən asılan örtü) asılmazdı. Anam pəncərələri gül dibçəkləri ilə bəzəyərdi ki, daha pərdələrə ehtiyac olmazdı.

    Zəhmətkeş qadın
Cövhərət müəllimə, həmçinin həyətyanı sahədə tərəvəz bitkiləri yetişdirməyi çox xoşlardı. Deyilənlərə görə, asudə vaxtlarında onu həmişə bağda görmək olardı. O illərdə də kəndimizdə suvarma ilə bağlı müəyyən problemlər olardı. Odur ki, bəzən kənddə suvarma ilə bağlı növbələr yaranardı. Bəzi kənd sakinlərinə gecədən xeyli keçmiş növbə çatardı. Cövhərət müəllimə də öz tərəvəzini hərdən gecənin bir aləmində suvarardı.

    İşinin çoxluğuna baxmayaraq, o, öz peşəsinə hörmətlə yanaşardı. Demək olar ki, hər gün öz sevimli fənni ilə əlaqədar radio, televiziya xəbərlərinə qulaq asar, üstəlik, gündəlik mətbuatı izləyərdi. Ertəsi gün də onları şagirdlərinə çatırardı.

    Oğlu Vurğunun xatirələrindən: “Bir gün anamdan soruşdum ki, sən ki ali savadlı müəlliməsən, kifayət qədər biliyə sahibsən, amma yenə oxumaqda davam edirsən. O mənə nə desə yaxşıdır? Dedi ki, oğul, heç bilirsən, sevimli Peyğəmbərimiz Həzrəti Məhəmməd

Cövhərət müəllimə

(s.ə.s.) müsəlmanlara nə buyurub? Buyurub ki, “Beşikdən qəbrə kimi elm öyrənin”. Bu mənada mən Peyğəmbərimizin buyuruğunu yerinə yetirirəm. Çalış sən də buna riyaət elə.

    Amma nə gizlədim, mənim coğrafiyadan o qədər də xoşum gəlməzdi. Bu fənn mənə yorucu görünərdi. Odur ki, o biri dərslərimi birinci oxuyardım. Coğrafiya fənnini isə bir qayda olaraq, sona saxlayardım. Bəzən də heç oxumazdım. Günlərin bir günü anama dedim ki, axı bu fənn nəyimizə lazımdır? Anam bu sualımın cavabında dedi ki, coğrafiya fənninin öz yeri, öz xüsusiyyətləri var. Üstəlik, ölkəmizdə coğrafiya fənninə aid ilk dərsliklərin müəllifi kimi tanınmış Qafur Rəşad Mirzəzadənin bu sözlərini sitat gətirdi: “Coğrafiyanı öyrənməyin faydası böyükdür. Yer insanın məskəni olduğuna görə coğrafiyanı öyrənmək Yeri öyrənmək deməkdir”.Nə isə… anam öz fənnini hədsiz dərəcədə çox sevərdi. Ona görə də hər gün məktəbə can atardı. O, məktəbdən kənarda qalmaq istəmirdi. Taleyin işinə bax ki, anam elə məktəbdən uzaqlaşdığı il, yəni 57 yaşında dünyasını dəyişdi”.

    Həyatının bəzi məqamları barədə qısa arayış

Alpan məktəbinin üçüncü buraxılışı

    Qeyd edək ki, Yaqubova Cövhərət Abuzər qızı 1928-ci ilin may ayında dünyaya göz açmışdır. Atasının 6 övladı (4 qız -Rəvanə, Sərvanə, Bilqeyiz və Cövhərət, 2 oğul Mövlud, Nazim) olmuşdur. Cövhərət xanım 1945-ci ildə Alpan kənd tam orta məktəbini bitirmişdir. Onun ibtidai sinif müəllimi Vələd Süleymanov olmuşdur. 1952-53-cü illərdə Alpan orta məktəbində tədris hissə müdiri vəzifəsində çalışmışdır. 1954-cü ilin yanvarında Əhmədov Vahab Həmzəli oğlu ilə ailə həyatı qurmuşdu. Bu izdivacdan 3 övladı (Vurğun, Çiçək, Natəvan) dünyaya gəlmişdi. O, həmçinin Vahab kişinin dünyasını dəyişmiş ilk həyat yoldaşından olan 3 uşağına da sahib çıxmışdı.

    Əli çubuqlu müəllimə
Müşahidələrimə əsasən, deyə bilərəm ki, Cövhərət müəllimənin dərslərində kimsə sakitliyi

Cövhərət müəllimə

pozmağa cürət etməzdi. Heç buna səy də göstərən olmazdı. Çünki yaxşı bilirdilər ki, “pay”larını alacaqlar. Cövhərət müəllimənin bir özünəməxsusluğu da vardı. Belə ki, o, dərslərə bir qayda olaraq barmaq yoğunluğunda olan uzun bir çubuqla (göstərici) gələrdi. Bu çubuqdan da coğrafiyanın tədrisində mühüm əyani vəsait rolunu oynayan xəritələrdəki bu və ya digər məkanları göstərmək üçün istifadə edərdi. Cövhərət müəllimə deyərdi ki, xəritəsiz coğrafi adların yadda saxlanılması mənasız bir şeydir. Bu mənada xəritə əvəzedilməz dərketmə vasitəsidir. Xəritəsiz coğrafiya elmi mövcud olmadığı kimi coğrafiya fənninin də tədrisi qeyri-mümkündür.

    Hə, bu çubuq yalnız xəritədə bu və ya digər məkanı göstərmək üçün istifadə olunmazdı. Onun daha bir funksiyası da vardı. Cövhərət müəllimə hərdən xəritədə deyilən məkanı düzgün göstərməyənlərin bədənində onu sındırardı. Ona görə də o, il ərzində demək olar ki, 5-6 çubuqdan istifadə edərdi.

    Onlar Cövhərət müəlliməni belə yad etdilər
    Zabit Babayevin xatirələrindən: “Cövhərət müəllimə mənim ən çox sevdiyim müəlliməm idi. Atamın bibisi qızı olmaqla, həm də yaxşı müəllimə kimi mənə əziz idi. Müəllimənin özünəməxsus tədris metodikası var idi. Məktəbi orta səviyyədə bitirən hər bir şagird əksər ölkələrin paytaxtlarını, əhalisinin sayını, yerləşdiyi ərazini və s. bu kimi coğrafi məlumatları əzbər bilirdi. Cövhərət müəllimə həm də tələbkar idi, şagirdlər mütləq tədris edilən mövzu üzrə ölkələrin kontor xəritəsini çəkməli idilər. Onun coğrafiyadan öyrətdikləri uzun illər yaddaşlarda qalırdı. Yeri gəlmişkən, o vaxtlar yaşlı adamlar da attestat almaq üçün gecə məktəbində təhsil alırdılar. Cövhərət müəllimə onlara dərs keşəndə pəncərənin önünə toplaşıb biz də baxırdıq. O, xəritə üzərində təsvir edilən işarələri bilməyən yaşlılara da əlindəki uzun çubuqla “divan” tuturdu. Amam bütün bunlara baxmayaraq, yaşlı adamlar belə Cövhərət müəlliməyə böyük hörmətlə yanaşırdılar”.

    Neman Qədirbəylinin xatirələrindən: “Cövhərət müəllimə, sözün həqiqi mənasında, əsl müəllim idi. Hətta deyərdim ki, o, anadan elə müəllimə doğulmuşdu. Müəllimin ən yaxşı qiymətini elə müəllim verər. Bir müəllim kimi deyirəm ki, o, dərsin mənimsənilməsi üçün bütün üsullardan istifadə edirdi. Ona görə də dərsləri yadda yaxşı qalırdı. Onu da deyim ki, olduqca tələbkar olan Cövhərət müəllimə mənim yaddaşıma həm də baməzə insan kimi də həkk olunub. Məsələn, o, dərsə hazırlıqsız gələnləri kəndimizə məxsus xüsusi terminlərlə elə danlayardı ki, uğunmamaq mümkün deyildi”.

Cövhərət müəllimə

    Maarif Əmkişiyevin xatirələrindən: “Mənim üzərimdə əməyi olan bütün müəllmlərimə Allahdan qəni-qəni rəhmət diləyirəm! Hərəsindən nə isə bir şey öyrənmişəm. Nümunə götürüləsi, yaddaşımda yaşayan müəllimlərimdən biri də Cövhərət müəllimədir. O, peşəsinin ustası idi. Ancaq mərhumənin fərdi xüsusiyyətlərini şagirdləri daha çox sevərdi. Nələr idi bu fərdi xüsusiyyətlər? Xəritəni göstərmək üçün həmişə uzun çubuqdan istifadə edərdi. Çubuq çox zaman başımızda sınardı. Heç inciməzdik. Rəhmətliyin əli heç ağır da deyildi, çubuqla döyəndə də ağrımazdı. Gözəl ləqəblər (“Mələməz pişik”, “Xudayar”, “Uzunuxar”, “Günüqalın”, “Vəlayaq”, “Kəkilli” və s.) qoymuşdu bizlərə. Onu da deyim ki, o, qızlara qarşı daha çox tələbkar idi. Həyatın hər üzünü onlara başa salmağa çalışardı. Bir sözlə, bütün qızların ali təhsil almalarını istəyirdi. Amma onu da deyim ki, o, bir dəfə çubuğu ilə məni də “imtahan”a çəkib. Amma nə gizlədim, hərdən o günlər yadıma düşəndə elə kövrəlirəm ki…”

    Son
    Bəli, bizim Cövhərət müəllimə yaddaşlarda belə qalıb. Amma mən bir neçə əlavə də etmək istərdim. Belə ki, qış aylarında, qarlı günlərdə Cövhərət müəllimə ayaqqabısının üstündən corab da geyinərdi ki, sürüşüb yıxılmasın. Hə, bir də mən də Cövhərət müəllimənin “sifarişi” əsasında bir neçə xəritə də ərsəyə gətirmişəm və onun xeyir-duasını qazanmışam. Mənə hərdən elə gəlir ki, onun xeyir-duas sayəsində müəyyən səviyyəyə çatmışam. Onu da qeyd edim ki, nəvələrindən biri, daha doğrusu, Çiçək xanımın övladı Xəyal Cövhərət müəllimənin yolunun davamçısıdır.

Müəllif:Qvami Məhəbbətoğlu (Rəsulov)