AZƏRBAYCANLILARIN SOYQIRIM GÜNÜ.

271

Erməni daşnaqların 1918-də törətdiyi soyqırımın Quba qəzası üzrə xülasəsi.

Soyqırımı-alpan.az
Soyqırımı-alpan.az

     XIX əsrin sonlarından başlayaraq Azərbaycan xalqının başına qətirilən faciəli hadisələrin demək olar ki, hamısında bu günkü bədnam qonşularımız olan ermənilərin və onların havadarlarının xüsusi rolu olmuşdur. Ermənilər xalqımıza qarşı törətdiyi bütün vəhşilikləri əvvəlcədən planlaşdıraraq həyata keçirmişlər. Mənim bu məqaləm 1918-ci ilin hadisələrinin tədqiqatını aparan Fövqəladə Təhqiqat Komissiyasının istintaq materiallarına istinad edilərək hazırlanmışdır.

     Rusiya- İran, Rusiya- Türkiyə müharibələrinin, Qərbi Avropa və Rusiyada demokratik hərəkat və inqilabı yüksəlişlərin təsiri altında Güney Qafqaza köçürülmüş ermənilər artıq XIX əsrin 80-90-cı illərində siyasi cəhətdən təşkilatlanmağa başlayırlar. İlk olaraq 1885-ci ildə ermənilərin Vyanada “Armenakan”, 1886-cı ildə Cenevrədə “Hnçaq”, 1890-cı ildə Tiflisdə yaratdıqları “Daşnaksütyun” terrorçu təşkilatlarının qarşılarında qoyduqları başlıca məqsəd üç dövlətin- Rusiya, Türkiyə və İranın ərazilərində yaşayan bütün erməniləri öz bayraqları altında birləşdirərək dənizdən- dənizə “Böyük Ermənistan” yaratmaq ideyası idi.
     Azərbaycan Respublikasının Dövlət Arxivində mühafizə olunan sənəd və materialların təhlili sayəsində belə bir ümümi nəticəyə gəlirik ki, yarandıqları ilk gündən radikal terrorçuluq mövqeyini tutan bu partiyaların XIX əsrin axırlarından başlayaraq başqa xalqlara , xüsusi ilə türk soyundan olan xalqlara qarşı törətdikləri qanlı cinayətlər öz dəsti- xəttinə, coğrafi əhatəsinə və qəddarlıq dərəcəsinə görə tarixdə bu qəbildən olan hadisələr sırasında xüsusi ilə seçilir. 1918-ci ildə Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Quba Qəzasında dinc əhaliyə qarşı törətdikləri vandalizm aktı məhz belə cinayətlərdən biri idi. 
     Ermənilərin demək olar kı, barmaqla sayıldığı Quba şəhərində bu hadisələr necə baş vermişdir? Ermənilər xalqımıza qarşı belə vəhşilikləri necə törədə bilmişlər?
     Azərbaycan Respublikasının Dövlət Arxivində 1918-ci ildə ermənilərin Bakı Quberniyasının Quba Qəzasında törətdikləri dağıntı və qırğınların istintaqını aparmaq üçün Azərbaycan Xalq Cumhüriyyəti hökümətinin 1918-ci il iyulun 15-də yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının 5 cilddən ibarət rəsmiləşdirilmiş istintaq materialları mühafizə olunur. 5 cilddən ibarət olan bu materiallar arasında zərər çəkənlərin və şahidlərin dindirilmə protokolları, Quba şəhərində ayrı- ayrı günlərdə yandırılmış və dağıdılmış evlərə və dükanlara baxış protokolları, Fövqəladə Təhqiqat Komissiyasının üzvü A. Novatskinin və digər şəxslərin hazırladığı məruzələr, aktlar, şəhərin ayrı- ayrı ailələrinə və sakinlərinə dəymiş maddi zərərin miqdarı barədə siyahılar və s. vardır. Bu cildlərdə yer alan qarət edilmiş əşyaların siyahıları arasında daha çox xalça və qızıl əşyaların siyahısı nəzəri cəlb edir.
     Quba Qəzasında ermənilər tərəfindən törədilmiş bu vəhşiliklərin istintaqı qeyri azərbaycanlı olan Aleksandr Novatski tərəfindən aparılmışdır. Özünü çox məharətlə bolşevik siması altında gizlətməyi bacaran, əslində “Daşnak” partiyasının ən fəal üzvlərindən olan S.Şaumyan və G.Korqanovun başçılığı ilə erməni dəstələri dinc, əliyalın insanlara, qadınlara, uşaqlara və ahıl qocalara heç bir mərhəmət hissi göstərməyərək işgəncə yolu ilə kütləvi sürətdə qırğınını təşkil etdilər. Qırğınlar 1918-ci ilin may ayının 1-dən 10-a qədər davam etmişdir.

Soyqırımı-alpan.az
Soyqırımı-alpan.az

     Fövqəladə Təhqiqat Komissiyasının Qubaya göndərdiyi Aleksandr Novatskinin tərtib etdiyi istintaq materiallarında şəhər rəisi Əlabbas bəy Əlibəyovun məlumatında göstərilir ki, Quba şəhəri erməni qulduru Amazapsın dəstələri tərəfindən dağıdılana qədər orada 20 minə yaxın əhali və 10 minə yaxın ev olmuşdur. Bu hadisələrə qədər Qubada 500 nəfərə yaxın erməni yaşayırmış. Əlabbas bəy özü izahatında bildirir ki, mart ayında fikir verdim ki, çoxlu Quba ermənisi özlərinin daşınan və daşınmaz əmlaklarını sataraq çıxıb gedirlər. Bunun səbəbini soruşduqda A.Melikov və Bağdasarov dedilər ki, “Sizinlə bizim aramızda nə isə gözlənilir. Ona görə komitə (Daşnaksütyun komitəsi- Ş.M.) bizi geri çağırır”.
     Qubada baş vermiş hadisələr, bu hadisələrin törədilməsində Sovet hakimiyyəti adından ilk olaraq iştirak etmiş gürcü David Qolovaninin, Quba şəhərinin nüfuzlu şəxlsərindən Hacı İsmayıl Orucovun və şəhər rəisi Ə.Əlibəyovun Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Novatskiyə verdiyi məlumatdan aydın olur ki, ilk dəfə D.Qolovaninin rəhbərliyi ilə Qubaya gəlmiş, əksəriyyəti daşnaklardan ibarət Bakı Kommunasının silahlı dəstələri Qubada Sovet hakimiyyəti quracaqlarını elan edirlər. Vəziyyətin gərgin olduğunu hiss edən Quba şəhər əhalisi buna razılıq verir.
     D.Qolovaninin dəstəsi Qubadan getdikdən bir neçə gün sonra S.Şaumyanın göstərişi ilə G.Korqanov daşnak Amazapsın komandanlığı altında 2 mindən artıq cəza dəstəsini Qubaya göndərir. Quba şəhər rəisi Ə.Əlibəyovun məlumatına görə, 1918-ci il mayın 1-də 3 istiqamətdən şəhərə daxil olan Amazapsın dəstəsinin 4 top və 8 pulemyotu var idi. Bu dəstə tərəfindən təkcə birinci gün şəhərin aşağı hissəsində 713 nəfər, ikinci gün isə 1012 nəfər azərbaycanlı qətlə yetirilmişdir.
     Amazapsın hərəkətləri haqqında məlumat verən Ə.Əlibəyov bildirmişdir ki, Amazaps şəhər məscidinin yanındakı meydana gələrək bildirdi ki, “Mən əslən Ərzurumdanam. Uzun müddət türklərlə vuruşmuşam. Mən ermənilərin mənafelərinin müdafiəçisiyəm. Mən Sovet höküməti tərəfindən cəza dəstəsi ilə göndərilmişəm .Sizin müsibətiniz o vaxt başlayacaq ki, (o, əlini üzərində toplar dayanmış dağa tutaraq) mən sabah o dağa qalxım. Sabah mən o dağa qalxaraq şəhəri topa tutduracaq və yerlə- yeksən edəcəyəm”. Beləliklə 10 gün ərzində Amazapsın rəhbərliyi ilə Sovet höküməti adından S.Şaumyan və G.Korqanovun göndərdiyi erməni cəza dəstələri böyük vəhşiliklər törədir. Şəhər rəisi Ə.Əlibəyovun məlumatına görə 2 min nəfər öldürülmüş, ölüləri dəfn edən mollanın məlumatına görə isə o, 2.800 nəfərin cənazəsini torpağa tapşırmışdı.
     Təxmini hesablamalara görə Amazapsın quldur dəstəsi tərəfindən təkcə Quba şəhərində qarət edilmiş əmlak 4 milyon rubl nağd pul, 4,5 milyon rublluq brilyant, qızıl, gümüş və digər qiymətli daş- qaş, 25 milyon rublluq xalça və digər ev əşyaları olmuşdur. Bundan əlavə təkcə Quba şəhərində 105 ev və digər tikililər tamamilə yandırılaraq dağıdılması nəticəsində şəhər əhalisinə vurulmuş maddi zərər 100 milyon rubldan çox olmuşdur. Amazapsın Qubaya doğru hərəkət edən erməni hərbi hissələri yol boyu Quba qəzası ərazisində 122 kəndi dağıtmış və yandırmış, imkan tapıb qaça bilməyən 60 nəfər kişi, qadın və uşağı qətlə yetirmiş, 53 kişi yaralanmışdı.

Soyqırımı-alpan.az
Soyqırımı-alpan.az

     Quba şəhər rəisi Ə.Əlibəyovin izahatında bu qırğınlardan sonra Bakıya gedərək bolşeviklərin rəhbərləri S.Şaumyan və A.Caparidze ilə görüşərək onlarla danışıqları barədə verdiyi məlumat da çox maraqlıdır. O, yazırdı ki, Amazapsın dəstələrinin Qubada törətdikləri vəhşiliklər barədə məlumat verdikdə A.Caparidze bərk həyacanlandı, S.Şaumyan isə üzündəki sevinc hissini gizlətməyərək məni dinlədi və sərt şəkildə dedi: “Müsəlmanlar (azərbaycanlılar- Ş.M.) və türklər yüz minlərlə ermənini öldürüblər, indi nə olub ki, ermənilər Qubada iki müsəlman öldürən kimi müsəlmanlar şikayət edir və göz yaşı tökürlər”.
     Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Novatskinin məruzəsində “cəza dəstəsinin” rəhbəri Amazaps, müavini Nikolay və komissarı Venutsla yanaşı, vaxtı ilə Quba şəhəri sakinləri olmuş və qırğında fəal iştirak etmiş ermənilər barədə cinayət işi qaldırmaq, habelə bu işə xeyir- dua vermiş S.Şaumyan və G.Korqanov haqqında cinayət işinin, öldükləri üçün xətm olunması təklif olunur və bu təklif 1920-ci ildə həyata keçirilir.
Təəsüflər olsun ki, 1920-ci ilin aprel çevrilişi üzündən S.Lalayev kimi cəllad Amazaps və onun cinayətkar daşnak dəstələrinin da törətdikləri cinayətlər cəzasız və minlərlə azərbaycanlının qanı isə yerdə qaldı. Bu yaraların üzü qaysaq bağlamamış, 1988-ci ildən bəri bədnam ermənilər və onların havadarları tərəfindən Azərbaycan xalqının başına yeni- yeni müsübətlər gətirilmiş, Xocalı kimi əsrin faciəsi törədilmiş, 20% torpaqlarımız işğal edilmiş, bir milyona yaxın həmvətənimiz öz doğma torpaqlarından qaçqın düşmüşdür.
     Ölkəmizin başçısı mərhum Heydər Əliyev 26 mart 1998- ci il tarixdə 31 mart tarixini azərbaycanlıların soyqırımı günü elan edilməsi haqqında tarixi Fərman imzalamışdır. Ölkə prezidenti İlham Əliyev son 15 ildə dünyanın aparıcı dövlət başçıları ilə görüşlərində, beynəlxalq simpozium və konfranslarda ermənilərin xalqımıza qarşı törətdiyi soyqırım faciələrini bir daha onların və dünya xalqlarının nəzər- diqqətinə çatdırır və erməni vəhşiliyinin, vandalizminin ifşa edilməsi üçün dünya ictimaiyətini ədlətli olmağa çağırır.
     25 ildən çoxdur ki, ermənilər işğal etdikləri torpaqların təbii sərvətlərini vəhşicəsinə talan edir, ekologiyamıza sağalmaz yaralar vururlar. Bütün dünya, beynəlxalq təşkilatlar bunu görür, lakin bu günə qədər də təcavüzkarı öz adı ilə çağırmır. Bütün məsələlərin həllini yalnız təcavüzkarla təcavüzə məruz qalanın üzərinə qoyur və güya sülh yolu ilə həll etməyə çalışırlar. Məlumdur ki, arxlı təcavüzkar işqal etdiyi torpaqları heç vaxt xoşluqla geri qaytarmayacaq. Xalqımız ümüd edir ki, Ali Baş Komandan İ.Əliyevin yeritdiyi siyasət nəticəsində işğal altında olan torpaqlarımız tezliklə azad ediləcək, ölkənin ərazi bütövlüyü təmin ediləcək, şəhidlərimizin və soyqırım qurbanlarının qisası düşməndən alınacaqdır.

     Allah şəhidlərimizə və soyqırım qurbanlarına rəhmət eləsin, xalqımızı bir də unutqanlıq azarına tutulmaqdan qorusun. Amin!

Müəllif: Şirin Müzəffərov (Dövlət Arxivi Quba flialının direktoru)

Paylaş
Əvvəlki məqaləALPAN NƏLƏR DEYİR?
Növbəti məqaləDəyərli müəllim.