Bağban bağbana bənzər

276

     “Alma almaya bənzər” lirik kinokomediyasını rejissor Arif Babayev 1975-ci ildə ekranlaşdırıb. Bu filmin əsas personajlarından biri tumsuz alma sortu yetişdirməyə nail olan bağban Nadir babadır ki, onu da bir sıra filmlərdən tanıdığımız Xalq artisti Hüseynağa Sadıqov canlandırıb. Film insanları düzlüyə, bir-birinə hörmət etməyə çağırmaqla yanaşı, xoşbəxtliyin yalnız halal zəhmətdə olduğunu da göstərir. Yəqin bilirsiniz ki, həmin filmin əksər kadrları, Qubada, bu məkanın alma bağlarında çəkilib. Amma bir şeyi bilmirsiniz ki, bu filmdəki Nadir baba kəndimizin sakini Xalıq (Vahid müəllimin atası) kişinin prototipidir. Yəni bağban Nadir obrazı yaratmaq üçün yaradıcı heyətin orijinal kimi istifadə etdiyi həqiqi şəxs olub Xalıq kişi.

     Elşad Bayramov adına Alpan kənd orta məktəbinin direktoru, Vahid Qubatovun qızı Mehparə Rüstəmovanın sözlərinə görə, filmi çəkmək məqsədi ilə Qubaya gələn yaradıcı heyət bağban Nadir obrazının daha inandırıcı alınmasına can atıb. Odur ki, onlar müxtəlif yerlərdə bağbanlarla görüşərək onların işi ilə tanış olublar. Uzun müddət bağbanlıqla məşğul olan Xalıq kişi (kəndimizdə hamı ona “Xalı kişi” deyərdi) də onların diqqət mərkəzinə düşüb. Odur ki, yaradıcı heyətə daxil olan bir neçə nəfər kəndimizə gələrək Xaliq kişi ilə görüşüb, bu dünyagörmüş bağbanın iş təcrübəsi ilə yaxından tanış olub. Onların arasında Hüseynağa Sadıqovun da olması istisna deyil. Axı bağban rolu ona həvalə olunmuşdu. Fikrimizcə, Xalıq kişini sağlığında görənlər həmin filmə bir də diqqətlə baxsalar, baş roldakı Hüseynağa Sadıqovun bəzi jest və mimikalarının rəhmətliyə məxsus olduğunu inkar etməzlər.

“Xalının bağı”ndan reportaj

    …Həmin görüş o zamanlar Xalı kişinin bağban olduğu “Aşağı bağlar” deyilən məkanda baş tutub. Yeri gəlmişkən, o yerə “Xalının bağı” da deyərdilər. Qeyd edək ki, həmin bağdakı alma ağaclarının əksəriyyətini Xalı kişi calaq etməklə yetişdirmişdi. Onun calaq vurmasını maraqla seyr edənlər də olardı. Özü də bu bağda bütün alma sortları olub.

    Xalı kişi ömrünün sonuna kimi bu işindən ayrılmayıb. Hətta ahıl yaşlarında belə… Heç oğlu Vahid müəllim də onu bu işindən, məsləkindən ayıra bilməyib. Xalı kişini bu işdən uzaqlaşdırmaq söhbəti də ortaya çıxanda belə deyərmiş: “Bu bağdan, ağaclardan ayrılsam, elə həmin gün ölərəm. Məni onlardan ayırmayın. Bir də indiyədək yüzlərlə ağac əkmişəm, amma yenə də ağacdan bezməmişəm. Bu ahıl yaşımda da bacardığım iş budur. Mən işimdən ləzzət alıram”. Hətta ötən əsrin 70-ci illlərində Vahid müəllim atasını Qubadakı evinə aparıbmış. Lakin ertəsi gün Xalı kişi deyib ki, bala, məni kəndə – öz evimə qaytar, əks halda bağ-bağatsız bu yerdə ürəyim partlayıb ölərəm.

    Deyilənlərə görə, işinin vurğunu olan Xalı kişi bağdan ayrılıb evinə gəlməzmiş. Elə gecələri də bağda özünün quraşdırdığı və üstünü, yanlarını ot-ələflə örtdüyü komada keçirərmiş. Darıxanda isə ağaclarla söhbətləşər, dərdləşərmiş. Bağbanlıq sahəsində çoxillik təcrübəsi olan Xalı kişi həm də ağacın gövdəsinə, budaqlarına, yarpaqlarına, meyvələrinə baxanda belə ona dəqiq diaqnoz qoya bilirmiş. Odur ki, onları “müalicə” etməkdə çətinlik çəkməzmiş.

    Xalı kişidən söz düşəndə bir qayda olaraq deyərdilər ki, o, saç-saqqalını elə bağlarda ağardıb. Onun özünəməxsus qulluq üsulu var idi ağaclara… Ağaclar da yaxşı bəhər gətirərdi. Hətta ağaclar budaqlarının üstündəki meyvələri güclə saxlayardı. Budaqlara vurulan dəstəklər (sınmamaq üçün meyvəsi çox olan ağac budaqlarının altına qoyulan bir ucu haça ağac) belə onları qoruya bilmirdi. Hərdən bu ağırlıqdan qırılan budaqları görəndə ürəyindən qara qanlar axardı Xalı kişinin. Ağacları belə dərindən duyduğuna görə ona hərdən oxumamış aqronom da deyərdilər. Bir sözlə, Xalı kişi qulluğunda durduğu bağa qarşı çox həssas olub. Hətta bağdan onun icazəsi olmadan ot aparmaq da olmazmış. Çünki o, mal-qarası üçün ot istəyənlərə əvvəlcədən müəyyənləşdirdiyi ərazini təklif etməyi sevərmiş.

Xalıq kişi

    Xalı kişinin komasının qarşısında həmişə od, ocaq yanardı. Özü də bu ocaq çala kimi yerdə qalanardı. O, burada xörəyini qızdırar, çayını isidərdi. Özü də həmişə samovar çayına üstünlük verərdi. Evində də arvadı Minayədən həmişə samovar çayı tələb edərdi. Xalı kişi yeməyinə çox diqqət yetirərmiş. Hətta kərə yağını çörək yeyən kimi yeyərmiş. Bəzən də evdə yağ əridiləndə stəkana töküb içərmiş. Küncüt halvasını çox sevərmiş. Hə, bir də evdə hazırlanan və yemək prosesində doşab vurulan halvanın isə o yemək memyusunda xüsusi yeri olarmış.

    Bəzən də həmin ocaqda cırhacı almalarını külə basdırıb bişirər, yanına gələnləri də bu nemətə qonaq edərdi. Lap az qala unutmuşdum. O, yeməkdən sonra bir qayda olaraq siqaret də çəkərdi. Gün ərzində isə bir “paçka” siqaretin axırına çıxarmış. Çəkdiyi də adi siqaretlərdən olubmuş. Deyilənlərə görə, o heç bir xarici siqareti xoşlamazmış.

    Amma Xalı kişinin bir qəribə xasiyyəti də vardı. Meyvə yetişməmiş heç öz yeganə oğlu Vahidi də bağa buraxmazmış. Bütün bunlara rəğmən, Vahid dostlarının təkidi ilə bağa hücumlar çəkərmiş. Özü də gecələr. Hətta o, bir gecə həmin bağa gedərkən atası tərəfindən yaxalanır da… Amma Xalı kişi uşaqlardakı bu həvəsi onun bağına olan maraqdan irəli gəldiyini dərk etdiyindən Vahidi və onun dostlarını “əfv” edir, üstəlik, onların çantalarını alma ilə doldurub yola salır. Sonradan oğlu başa düşür ki, sən demə, onu ələ verən “Tuvar” olubmuş. Deyilənlərə görə, Xalı kişi “Tuvar” (bəzi mənbələrdə bu söz mal-qara, ev heyvanı anlamındadır) adlı itinin hürməsinə əsasən bağda hansı təhlükənin olmasını da müəyyən edərmiş. Bu mənada həmin it onun əsl köməkçisi idi.

    Yeri gəmişkən qeyd edək ki, Vahid 18 yaşına çatanda Xalı kişi alış-veriş işlərini ona tapşırb. O zamanlar da kəndimizdən Rusiyaya satmağa qax (qurudulmuş meyvə), qoz apararlarmış. Vahid də qayıdanda konfet, yağ, şirniyyat, anası, bacıları üçan corab və s. alıb-gətirərdi.

    Tarixdən yarpaqlar və yaxud İstanbul qabları

    Xalı kişinin Vəlibəylilər şəcərəsinə məxsus olan atası Pənah kişi zəhmli kişilərdən olubmuş. O, ticarətlə ailəsini saxlayarmış. Hərdən Türkiyəyə də gedib-gələrmiş. O, məkana yetişmək məqsədi ilə həftələrlə, aylarla yol gedərmiş. Növbəti dəfə Türkiyəyə gedərkən özü ilə bərabər həyat yoldaşını da aparıbmış. 10 ilə yaxın İstanbulda və Trabzonda yaşayıblarmış. Xalı kişi bu barədə söz düşəndə deyərmiş ki, o, atası ilə birgə kəndə qayıdanda 4-5 yaşı olubmuş. Trabzonda dünyaya göz açdığını söyləyərmiş. Özü də 1880-cı ildə. Ümumiyyətlə, Pənah kişinin 4 övladı olub: İnci, Zərnigar, Xalıq, Qiyas. İnci Müşkürə, Zərnigar Qubaya ərə gedib. Qiyas və Xaliq isə kənddə məskunlaşıblar.

Haşiyə

    Pənah bəy hər dəfə Türkiyədən qayıdanda təmtəraqla qarşılanarmış. Deyilənlərə görə, Qoca bəy adlı bir bəy onu qarşılamağa Xudata faytonlar, arabalar göndərərmiş. Hə, onu da qeyd edək ki, Pənah kişi Türkiyədən qayıdandan sonra Xudatda bir rütbəli adamın şəxsi mühafizə başçısı işləyibmiş.

    Pənah kəndimizdə “Ağgöz Pənah” kimi tanınıb. Deyilənlərə görə, qorxmaz olduğuna görə ona belə bir ləqəb verilibmiş. Kiçik olmasına baxmayaraq bacıları, qardaşı da ondan çəkinərmişlər.

    …Yeri gəlmişkən qeyd edək ki, bir zamanlar Xalı kişigildə Türkiyədən gətirilmiş  sandıqça, mis qablar, o cümlədən samovar, sərnic (ağzıgen bir və ya iki dəstəli qab), məcməyi (dairəvi yastı iri qab, iri sini), satıl (su, süd və s. tökmək üçün armudu formada ağzı gen iri mis qab) və s. çox olub. Xalıq kişi onlara bir qayda olaraq İstanbul qabları deyərmiş. Məsələn, o, su istəyəndə deyərmiş ki, mənə suyu İstanbul qabında ver.

    Mehparə xanımın sözlərinə görə, babası sandıqçanı çox sevərdi. Qeyd edək ki, Xalı kişiyə məxsusu həmin sandıqça, eləcə də balaca ölçüdə olan bir xalça Quba Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib. Artıq onlar neçə ildir ki, muzeyin eksponatları sırasındadır.

    …3 övlad (Vahid, Yazgül, Şahbikə) atası olan Xalı kişi həyat yoldaşı Minayə xanımın vəfatından 11 il sonra dünyasını dəyişib.

    Son

    “Alma almaya bənzər” filmindəki sehrli almalar adamlara xoşbəxtlik gətirir. Belə ki, sürücü Qurban gənc kolxozçu qız Mədinəyə vurulur, müəllimə dəcəl uşaqlarla dostlaşır, yeddi qız atası Haşımın ailəsində oğlan uşağı dünyaya gəlir. Güman edirəm ki, mənim bu “Bağban bağbana bənzər” adlı yazım isə kəndimizin qədim bağçılığını göz önünə gətirməyə imkan verəcək. Bu yazını nağılvarı yazarkən göydən 3 almanın da düşəcəyini zənn edirdim. Amma düşmədi. Niyə? Çünki daha nə əvvəlki o almalar var, nə də əvvəlki bağbanlar. Heç göy də həminki göy deyil.

 

Müəllif:Qvami Məhəbbətoğlu (Rəsulov)