Başını dik tut, ana!

755
Şəhid Murtuzov Mehdi
Şəhid Murtuzov Mehdi

    Kəndimizdə onu əvvəllər tanıyan az idi bəlkə də. O, adi bir oğul idi. Onu sadəcə Mehdi kimi tanıyardılar. Vətən müharibəsi başladıqdan və ən ağır döyüş əməlyyatlarından sonra onu daha çox adam tanıdı. O, Şəhidlik zirvəsinə yüksəlməklə daha çox insana tanıtdı özünü . Artıq o bir kəndin oğlu deyil, o bütün Azərbaycanın oğlu oldu.

    Sadə bir kəndli ailəsində böyüyən Mehdinin uşaqlıq arzusu idi hərbçi olmaq. Məktəbdə oxuduğu illərdən məqsəd qoymuşdu qarşısına-hərbçi olmaq. Bu onda vətənpərvərlik hissinin yüksək olmasından xəbər verirdi. Əsgərlik illərində Mehdi özündən söz etdirməyi bacaran nümunəvi əsgər olmuşdur. Onun xidməti xasiyyətnaməsində yazılıb: “Fiziki cəhətdən sağlam, mənəviyyatca safdır”. Bəli Mehdi belə oğul idi və o Vətən müharibəsində haqq etdiyi zirvəni, Şəhidlik zirvəsini fəth etdi

Həyatı haqqında.

Şəhid Murtuzov Mehdi
Şəhid Murtuzov Mehdi

    Murtuzov Mehdi Muxtar oğlu 1997-ci il iyul ayının 10-da Quba rayonun  Alpan kəndində anadan olmuşdur. 2003-cü ildə Alpan kənd Elşad Bayramov adına tam orta məktəbinin 1-ci sinifinə qəbul edilmişdir. 2012-ci ildə Quba rayon 103 saylı Peşə Litseyinin Rabitəçi Elektrik ixtisasına qıbul olunmuş, 2015-ci ildə təhsilini müvəffəqiyyətlə bitirdikdən sonra iyul ayının 10-da, doğum günündə Quba rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdır. O, Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə xidmətə başlamışdır.

Şəhid Murtuzov Mehdi
Şəhid Murtuzov Mehdi

    Hərbi xidməti dövründə komandirlərinin rəğbətini qazanmış, bir neçə dəfə qüsursuz və nümunəvi xidmətinə görə təltif edilmişdir. Hərbi xidməti bitirdikdən sonra müsbət xasiyyətnamə və təşəkkürnamə almışdır. 2017-ci il yanvar ayının 1-də hərbi xidmətini başa vuraraq ordudan tərxis olunmuşdur.

    Hərbi xıdmətini başa vurduqdan sonra Bakı şəhərində bir neçə şirkətdə çalışmışdır. İşlədiyi müddətdə işgüzarlığı, səmimiyyəti və mehribanlığı ilə kollektivin böyük hörmət və rəğbətini qazanmışdır.

Şəhid Murtuzov Mehdi
Şəhid Murtuzov Mehdi

    Əsgərlik dövründə uşaqlıq arzusu olan hərb sənətinə yaranmış marağı onu yenidən Ordu sıralarına qaytarır. Mehdi 2020-ci ilin yanvar ayında yenidən xidmət etmək istəyi ilə əlaqədar Orduya müraciət edir və iki aylıq təlimdən sonra onu MAXE (müddətdən artıq xidmət edən) kimi Daşkəsən rayonundakı N saylı hərbi hissəyə xidmətə göndərirlər.

Şəhid Murtuzov Mehdi
Şəhid Murtuzov Mehdi

    27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayan zaman Mehdi də yüzlərlə Azərbaycan əsgəri kimi döyüşlərə yollanır. Döyüşlərin başladığı ilk günlərdə çətin döyüş tapşırıqlarının öhdəsindən gələn Mehdi 29 sentyabrda qolundan yaralanır. Yaralanmasına baxmayaraq öz təkidi ilə onu yenidən döyüşlərə cəlb edirlər. Oktyabr ayının 1-də atası ilə danışan Mehdi yarasının çox ciddi olmadığını bildirmiş və tezliklə zəfərin bizim olacağını demişdir.

    Oktyabrin 2-də Murovdağ-Kəlbəcər istiqamətində gedən ağır döyüşlər Mehdinin son döyüşü olmuşdur. Mehdi həmin döyüşdə düşmən gülləsindən özünü müdafiə edə bilməmiş və qəhrəmancasına Şəhid olmuşdur.

    Qızğın döyüşlərin getməsi səbəbindən Mehdinin nəşini ərazidən götürmək mümkün olmamışdır. Hətta onun itkin düşməsi barədə də məlumat verirdilər. Ordumuzun şanlı zəfərindən sonra döyüş yoldaşları Mehdinin nəşini aşkarlamış və 23 noyabr 2020-ci ildə döyüş bölgəsindən çıxarmağa nail olmuşlar. Mehdi doğulub böyüdüyü Alpan kəndində, 24 noyabr tarixində Subaba qəbiristanlığında dəfn edilmişdir.

Şəhid Murtuzov Mehdi
Şəhid Murtuzov Mehdi

    Atasının xatirələri:Ailəmizin ilk övladı olan Mehdi çılğın təbiətli bir oğul idi. Səmimiliyi və işgüzarlığı onun müsbət cəhətlərindən idi. Elə buna görə də Mehdi düşdüyü hər bir kollektivə tez bir zamanda uyğunlaşa bilirdi və hər kəsin rəğbətini qazanırdı.

    Uşaq yaşlarından Mehdinin hərbiyə marağı var idi. O hərbçi olmaq istəyini əsgəri xidmətini başa vurduqdan sonra da bildirmişdi. Onu bu yolundan döndərməyə çalışsaq da o, sonda öz istəyinə nail oldu.

Mehdi Murtuzov -Xidməti Xasiyyətnamə
Mehdi Murtuzov -Xidməti Xasiyyətnamə
Mehdi Murtuzov -Təşəkkürnamə
Mehdi Murtuzov -Təşəkkürnamə

    Mehdi ilə sonuncu dəfə oktyabrın 1-də danışdıq. Xoş əhval-ruhiyədə idi. Həmişəki kimi zarafatlarından da qalmırdı. Onun zəngi bizə toxtaqlıq versə də ürəyimizdə narahatlıq var idi. Amma onun şəhid olacağını və səsini bir daha eşitməyəcəyimizi düşünmürdük. Mehdi mərd oğul idi. O, belə tezliklə bizləri tərk etməməli idi.

Şəhid Murtuzov Mehdi
Şəhid Murtuzov Mehdi

    Sonuncu danışığımızdan sonra Mehdidən bir xəbər ala bilmədik. İlk günlər bunu döyüşlərin getdiyi ərazilərdə rabitənin zəif olması ilə əlaqələndirsək də daha sonradan narahatlığımız artmağa başladı. Mehdinin itkin düşməsi barədə xəbərlər bir qədər bizi ümüdləndirmişdi. Amma 52 gün sonra 23 noyabrda bizə bildirəndə ki, Mehdi Şəhid olub qol-qanadımız qırıldı.Yeganə təskinimiz onun Şəhid olmasıdır.

    Anasının xatirələri:Onun haqqında keçmiş zamanda danışmaq bir ana üçün çox çətin və acıdır. Buna baxmayaraq mən fəxr edirəm ki, oğlum Mehdi Vətən torpaqları uğrunda Şəhid olub. Mən fəxr edirəm ki, şəhid anasıyam.

Şəhid Murtuzov Mehdi
Şəhid Murtuzov Mehdi

    Sonuncu dəfə Oktyabrın 1-də Mehdi atasına zəng etmişdi. Sanki ürəyinə dammışdı ki, bu onun sonuncu zəngi olacaq. Hamımız onunla danışdıq. Mənə dedi ki, ana,narahat olma. Sən əsgərlərimiz üçün, mənim üçün dua et. Allah anaların dualarını daha tez eşidir. Əgər mənə nəsə olsa mənimlə fəxr et, başını dik tut.

    Mehdi Şəhid olmaqla adi bir oğul,mənim və atasının oğlu olmaq statusundan Vətənin oğlu olmaq statusuna yüksəldi. İndi biz hamımız onunla fəxr edirik.

    Bacısının dediklərindən: Qardaşımın yoxluğu ilə barışa bilmirəm. Onunla bağlı

Şəhid Murtuzov Mehdi
Şəhid Murtuzov Mehdi

xatirələrim çoxdur. Hər gecə yuxuma girir qardaşım. Deyir ki, sən mənimlə fəxr etməlisən. Hər kəsə nəsib olmur Şəhid bacısı olmaq. Mən də imkanım olduqca əlimdən gələni edəcəm ki, qardaşım unudulmasın. Mehdi bizim Vətənimiz uğrunda Şəhid olub. Biz onu xatirələrimizdə yaşatmalıyıq.

Son.

    Mehdinin arzularından biri də kiçik qardaşını zabit kimi xidmət edən görmək idi. Onun qardaşı Elmir Murtuzov hazırda hərbi təhsil alır, gələcəyin zabiti olacaq. Bizim qəhrəman əsgərlərimiz Mehdinin qisasını mənfur düşmənlərimizdən almaqla bu qisası onun qardaşına saxlamadılar. Eşq olsun bizim əsgərlərimizə!

    Mehdi haqqında yazımı onun sosial şəbəkələrin birində yazdığı sözlərilə bitirmək istəyirəm: “Hər nəyi xəyal etsən belə xəyalımızda olanlar deyil, qismətimizdə olanlar gələcək başımıza”.

Allah sənə rəhmət eləsin, Şəhidim!

Müəllif: İlkin R. Balayev.