Bəyəhmədov İslam Akif oğlu 30.08.1979-cu ildə Quba rayonunun Alpan kəndində ziyalı ailəsində anadan olmuşdur.
1986-1996 cı illərdə Alpan kənd orta məktəbində təhsil almış və orta məktəbi əla qiymətlərlə bitirmişdir.
Əmək fəaliyyətinə 1996-cı ildən Quba rayonu M.Ə.Sabir adına “Meyvəçilik” sovxozunda fəhlə kimi başlamış, həmin il Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının “Meyvəçilik, tərəvəzçilik və üzümçülük” fakültəsinə daxil olduğu üçün işdən azad olunmuşdur. 2000-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək, AKTA-nın “Meyvəçilik, tərəvəzçilik və subtropik bitkilər” kafedrasında magistratura pilləsinə daxil olmuş, 2002-ci ildə “İntensiv tipli məhsuldar alma bağında cərgəaralarının saxlanılması sisteminin tədqiqi” mövzusunda magistrlik dissertasiyasını bitirərək, magistr elmi dərəcəsi verilməsinə dair fərqlənmə diplomuna layiq görülmüşdür. Akademiyada təhsil aldığı dövrdə hərbi toplanışda olmuş, ona ehtiyatda olan zabit – leytenant hərbi rütbəsi verilmişdir.(1998-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranmasının 80 illiyinə təsis edilmiş təqaüdə layiq görülmüşdür).
2002-ci ildə AKTA-nın “Meyvəçilik, tərəvəzçilik və subtropik bitkilər” kafedrasında “Meyvəçilik” ixtisasi üzrə əyani aspiranturaya daxil olmuş, 2008-ci ildə “Quba – Xaçmaz bölgəsində şaquli zonallıq üzrə almanın aqrobioloji xüsusiyyətlərinin tədqiqi” mövzusunda namizədlik dissertayasını bitirərək, müdafiə etmiş, 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmışdir.
2006-cı ildən Quba Regional Aqrar Elm Mərkəzində Baş elmi işçi kimi fəaliyyətə başlamış, 2007-2010-cu illərdə isə həmin mərkəzin Baş mütəxəssisi kimi əmək fəaliyyətini davam etdirərək “Quba – Xaçmaz bölgəsinə yeni introduksiya edilmiş alma sortlarının təsərrüfat-bioloji xüsusiyyətlərinin tədqiqi” mövzusunda elmi tədqiqat işini başlamışdır. 2010-2013-cü illərdə Quba Regional Aqrar Elm Mərkəzində təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində, 2007-2008-ci illərdə Quba Sosial İqtisadi Kollecində müəllim vəzifəsində çalışmışdır.
Göstərilənlərlə yanaşı İ.Bəyəhmədov Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən kənd təsərrüfatının inkişaf etdirilməsinə dair layihələrdə iştirak edir. Belə ki, o, Şimal-Şərq İnkişaf Layihəsində Fəaliyyət meneceri, İkinci Kənd Təsərrüfatının İnkişafi və Kreditləşdirilməsi Layihəsində Özəl Məsləhətçi, Azərbaycan Rəqabətlilik və Ticarət Layihəsində məsləhətçi kimi çalışmışdır. Eyni zamanda o, Quba Marketinq Mərkəzində məsləhətçi kimi fəaliyyət göstərmişdir.
İslam Akif oğlu Bəyəhmədovun yüksək səriştə və bacarığı nəzərə alınaraq o, 2011-ci ildə Respublikanın Şimal bölgəsi üzrə yaradılmış Toxumçuluq Assosasiyasının sədri seçilmişdir.
Respublikamızda və xaricdə (Rusiya, Venesuela, Avstriya) nəşr olunan elmi mənbələrdə 50-dən artıq elmi əsəri, 30 buklet, 3 kitabça və 2 kitabı nəşr olunmuşdur.
2013-cü ildən Quba Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru vəzifəsində çalışır.
Azərbaycanın Şimal-Şərq bölgəsi meyvəçiliyinin innovativ texnologiyalarla inkişafının elmi və praktik əsaslarının tədqiqi mövzusunda doktorluq dissertasiyasını bitirərək Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasına təqdim etmişdir.