Bizimlə yol gedən kamil Zahir ömrü

408
Zahir müəllim Kamilov

İnsanla həmyaşdır,
Ölməz, yorulmaz,
Bizimlə yol gedir müəllim ömrü.
Hamıya pay verib ömründən bir az,
Məndədir,
Səndədir
Müəllim ömrü.

Musa Yaqub

 

    Bilmirəm, fikir vermisiniz, yay yox. mən bu və ya digər şəxsdən yazanda həmin yazıda kəndimizin dünəni ilə bağlı da hər hansı bir məlumat verməyə çalışıram. Sözün doğrusu, belə yazılar yazmağımın əsas qayələrindən biri, hətta deyərdim ki, birincisi elə budur. Doğrudur, indiki zamanda bu, bir qədər çətindir. Amma “çətindirdeyib bunun üstündən keçmirəm. Bu dəfə də ənənəmə sadiq qalmağa çalışacağam.

  …Yəqin ki, Miran, Şakir, Rafiqgilin evlərinin kəndimizin hansı tərəfində yerləşdiyini yaxşı bilirsiniz. Məktəbin üst tərəfindəki ərazini deyirəmHəmin ərazi bir zamanlar meyvə bağı olub. OraTalıb bağı” deyərdilər. Orada kəndimizin uşaqları futbol da oynayardılar. Sonradan həmin bağın düz ortasından məktəb istiqamətində cığır açıldı. Beləcə, o ərazi sanki azadlığa çıxdı. Sonradan öyrəndim ki, sən demə Alpan bəylərindən olan Talıb kişi Zahir (Kamilov) müəllimin babası olub. Elə bağ da onun babasının adı ilə yaddaşlara həkk edilib. səhv etmirəmsə, elə indi də həmin ərazi belə adlanır: “Talıb bağı”.

Zahir müəllim Kamilov

    Bu dəfə sizə həmin kişinin nəvəsindən, ömrünün 50 ilindən çoxunu pedaqoji fəaliyyətə həsr etmiş gülərüz, sakit təbiətli, saçını müqəddəs peşədə ağartmış, saysan saya gəlməz şagirdə əlifba öyrətmiş Zahir müəllimdən söz açmağa çalışacağam.

    O, Böyük Vətən müharibəsinin başlanmasına təxminən 65-67 gün qalmış, daha doğrusu, 1941-ci il mayın 15-də dünyaya göz açıb. Adını “açıq, aşkar, aydın, meydanda olan, görkəm” mənalarını verən Zahir qoyublar. Elə həmin illərdə də onun boya-başa çatdığı həyətdən pəhləvan cüssəli 7 nəfər, o cümlədən atası Balasultan kişi ordu sıralarına yollanıb. Özü də könüllü kimi. Bu mənada onların hər birini Böyük Vətən müharibəsinə yollanmış kəndimizin ilk könüllüləri kimi də dəyərləndirmək olar. Təəssüf ki, onların heç biri nə Şıxsafa, nə Qəmbər (Zahir müəllimin əmiləri), atası Balasultan kişi, nə də digərləri müharibənin od-alovlarından salamat çıxa bilməyiblər. Yəni gözləri yolda qoyub neçələrinin gəlmədiyi qanlı-qadalı 1941-1945-in gedər-gəlməzindən onlar da geri dönməyiblər. O vaxtların təbirincə desək, cəbhə bölgələrində həlak olublar. Anası Yasəmən xanımın ümidinə qalan Zahir özündən 2 il 4 ay böyük olan bacısı Zülhüccə ilə birgə o illərdə hamı kimi çətin günlərini yaşayıb.

Zahir müəllim Kamilov

    …Bu çətinliklərə rəğmən, o, orta təhsil aldıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ibtidai təhsil pedaqogikası və metodikası fakültəsinə daxil olub. (Qeyd edək ki, həmin illlərdə kəndimizin tanınmış bəylərindən olan Dənyar bəyin oğlu Tələt Qayıbov bu tədris ocağında elmi işlər üzrə prorektor vəzifəsində çalışırdı. Elə Zahir müəllimin vinetkasına (orta və ya ali məktəbi qutaranların fərdi şəkillərdən ibarət kollektiv şəkli) baxsanız, rektorun sol tərəfində onun fotosunu da görə bilərsiniz). Rəhmətlik həmişə deyərdi ki, o illərdə də ona ən çox əl tutan dayısı Ramazan kişi (Ələsgərov) olub. 1963-cü ildə ali təhsilini başa vurandan sonra bir müddət Qubanın bir neçə kəndində-Təkəyşıxıda, Yergücdə, Üçgün palasada (qışlaqda), daha sonra isə kəndimizdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərib

Zahir müəllim Kamilov

   Haşiyə və kiçik şərh

    Bir dəfə də Zahir müəllimə “Müəllim necə olmalıdır?” sualı ilə müraciət etdim. O sualıma belə cavab verdi: “Müəllim özündən çox başqaları haqqında düşünən bir insan olmalıdır. Müəllim vicdanının əleyhinə getməyən və gedə bilməyən əqidə sahibi olmalıdır. Müəllim, ömrü tabaşir kimi ağappaq olan ziyalı olmalıdır. Tabaşir qara yazı taxtasını ağartdığı kimi, müəllim də cəmiyyəti ağartmağı bacaran olmalıdır”. Şübhəsiz, Zahir müəllim özü bu kriteriyalara uyğun gələn bir müəllim idi. Bu mənada o, elə olduğu kimi də görünürdü. Yəni bəziləri kimi deyildi. Bu mənada o həm də kamil bir müəllim idi. Elə bu kamilliyi də onun başına “bəla” olub..

Zahir müəllim Kamilov

    Zahir müəllim “Əməkdar müəllim” adına layiq görülməli idi. O, bu adın bütün kriteriyalarına uyğun gəlirdi. Amma buna görə ondan nəsə, yəni rüşvət umanlar oldu. Hətta belə bir təklif də verdilər ona: “Demirik, lap biz deyən qədər ver, heç olmasa gücün çatan qədər ver, ad al”. Zahir müəllim isə: “Mənə rüşvətlə verilən ad lazım deyil”, – deyərək birdəfəlik bu sevdadan əl çəkir. Onun kənd sovetinə namizədliyinə də “zəmanə adamı” ola bilməməsi ilə əlaqədar xitam verilir.

    Həyatından bəzi məqamlar

Zahir müəllim Kamilov

    Zahir müəllim gənclik illərində futbol oynamağı çox sevərdi. Onu da qeyd edək ki, o illərdə kəndlər arasında futbol yarışları da keçirilərdi. Əli kişinin oğlu Neman Qədirbəylinin sözlərinə görə, Zahir müəllim, bir də onun ən yaxın dostu Əbdülhaşım hər oyundan sonra kəndin ortasında təhlillər də aparardılar: “Hətta bir dəfə Aşağı Xucla oyundan sonra məni necə təriflədiklərini bu gün də xatırlayıram”.

    Hə, Zahir müəllim həm də yaxşı şahmat oynamağı bacarırdı. Mənə elə gəlirdi ki, o, şahmat taxtası arxasında olanda bütün dünyanı unudardı. Yeri gəlmişkən, o vaxtlar kənd klubunda özfəaliyyət kollektivi də fəaliyyət göstərərdi. Kollektivin üzvləri yalnız mahnılar ifa etməklə kifayətlənmirdilər. Müxtəlif əsərlərdən hazırladıqları tamaşalar da nümayiş etdirərdilər. Həmin tamaşalarda zəhmli olmasa da, zəhmli rollar bir qayda olaraq, Zahir müəllimə həvalə olunardı. Deyilənlərə görə, onun həmin rolları çox inandırıcı alınardı. Bu mənada onda bir aktyor qabiliyəti də vardı desək, yanılmarıq.

    Haşiyə

Zahir müəllim Kamilov

    Zahir müəllimin dayısı qızları – Mehriban xanım və Gülsənəm xanımın yaddaşından: “Səməd Vurğunun “Vaqif” pyesində Zahir qadaşa Ağa Məhəmməd şah Qacar rolu həvalə olunmuşdu. Yəqin, Qacarın ölüm səhnəsini xatırlayırsınız. O, həmin epizodu o qədər inandırıcı oynadı ki…Biz elə zənn etdik ki, Zahir qadaş həqiqətən öldürüldü. Yəni Zahir qadaş o qədər inandırıcı “öldü” ki… Odur ki, ağlamağa başladıq. Handan-hana yanımıza gələn Zahir qadaşı sağ-salamat görəndə o qədər sevindik ki…”

   Və bəzi fraqmentlər

    …Sovet dönəmində Zahir müəllim Talıb bağından həyətyanı sahə almaq istəyib. Lakin dəfələrlə müraciət etməsinə baxmayaraq, onun üçün həmin ərazidən həyətyanı sahə ayrılmayıb.

Zahir müəllim Kamilov

    Zahir müəllim həm də sözü yerində deməyi bacaran, üstəlik ibrətamiz rəvayətlərlə fikirlərini rövnəqləndirən bir müəllim idi. Üstəlik, müəllimlərə qiymət verməyi bacarmayanlara qarşı barışmaz idi. Məncə, bu məqamda illər öncə Zahir müəllimdən eşitdiyim bir hekayəti nəql etmək də yerinə düşər: “Bir dəfə bir müəllim saatını təmir etdirmək üçün saatsazın yanına gəlir. Usta cavan bir oğlanın saatını təmir edirmiş. O, müəllimə oturmağı təklif edir. Müəllim: – Yanında adam var, sonra gələrəm, – deyir. Saatsaz isə müəllimə belə cavab verir:

– Əgər o, adam olsaydı sizi görəndə ayağa qalxıb yerini müəllimə verərdi. Onun saatının geri qalmağının xalq üçün fərqi yoxdur, müəllimin saatı isə gərək düz işləsin.”

     Son günləri

    Zahir müəllimin oğlu Ziyanın dediklərindən: “Ölümü ürəyinə dammışdı atamın sanki. Ölümündən bir gün əvvəl onun doğum gününü (2013-cü il 15 mayda) qeyd etmək məqsədi ilə bir araya gəldik. Amma atamın kefi yox idi. Ona görə də nə əvvəlki kimi danışırdı, nə də deyilənlərə reaksiya verirdi. Sadəcə, əsən əlləri ilə deyilənlərə münasibət bildirməyə çalışırdı. Və birdən masa arxasından qalxaraq yataq otağına getdi. Biz də elə bu səbəbdən məclisi davam etdirmək fikrindən vaz keçdik.

    …Səhər tezdən onun vəziyyəti birdən-birə pisləşdi. Çağırılan həkim iynə-dərman yazsa da, vəziyyətinin yaxşı olmadığını da dolayısı ilə bizə anlatdı. Beləcə atam günortadan sonra dünyasını dəyişdi. Diaqnozu isə belə qoyuldu: beyin insultu. Zənnimcə, bu prosesdə onun mütəmadi çəkdyi siqaret də çox böyük rol oynadı”.

    Təkcə siqaretmi?

    Amma mənə elə gəlir ki, hər şeyi siqaretin üstünə yıxmaq düzgün deyil. Onu yıxan əslində oğlu Fuadın Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olması oldu.

Kamilov Fuad Zahir oğlu
Kamilov Fuad Zahir oğlu

    …Erməni terrorçuları torpaqlarımızı işğal etməyə başlayanda Zahir müəllim Fuadın da iştirak etdiyi tədbirlərin birində Vətəni qorumağın hər bir kəsin müqəddəs borcu olduğunu bildirir. Bu söhbətdən bir neçə gün keçməmiş Fuad könüllü kimi cəbhəyə getmək istədiyini söyləyir və Zahir müəllim də ona xeyir-dua verərək yola salır. Şuşa ətrafında gedən döyüşlərdə Fuadgilin rotası mühasirəyə düşür. Amma onlar təslim olmurlar. Öz qəhrəmanlıqları ilə mühasirəni yarmağa nail olurlar. Döyüş yoldaşlarının sonradan dedikləri kimi, bu döyüşdə Fuadın qəhrəmanlığı önəmli rol oynayır. Fuad 3-4 gündən sonra mühasirədən birtəhər qurtara bilir. Sonrakı döyüşlərdə Fuad ayağından və qolundan yaralanır. Bakıda hərbi hospitalda müalicə olunur. Amma müalicəsi başa çatar-çatmaz o, yenidən, daha doğrusu, 1993-cü ilin noyabr ayında cəbhəyə yollanır. Bu dəfə onun döyüş yolu Goranboydan keçir. Döyüş yoldaşlarının dediklərinə görə, Goranboydakı ağır döyüşlərdən birində Fuad düşmənin hərbi sursatlarını ələ keçirir, bir tankını sıradan çıxarır, bir neçə erməni cəlladını öldürür və iki erməni cəlladını əsir götürür. Bundan az sonra o, kəşfiyyat bölüyünün komandiri təyin edilir. Kəşfiyyatçı kimi də Fuad öz sözünü deyir. Amma Füzuli rayonun Qorqan kəndi uğrunda gedən döyüşdə Fuad ağır yaralanır və 1994-cü il yanvarın 29-da əbədi olaraq gözlərini yumur.

Zahir müəllim Kamilov və həyat yoldaşı

    Zahir müəllim 25 yaşı tamam olmamış oğlunun şəhid olmasından qürur hissi keçirsə də, onun oğul itkisindən sarsılmasını duymamaq mümkün deyildi. Üstəlik, Fuada layiq olduğu bir adın verilməməsi də ona əlavə dərd olur. Hətta bununla bağlı o müvafiq orqanlara da müraciət edir. Lakin…

Müəllif:Qvami Məhəbbətoğlu (Rəsulov)

Zahir müəllim Kamilov

 

P.S. Zahir müəllimin arxivinə baxarkən bir foto diqqətimi cəlb etdi. Mövlud (Hacıyev) müəllimlə olan şəkli deyirəm. O, mənim ibtidai sinif müəllimim olub. Nə vaxtsa onunla da bağlı bir yazı yazmaq fikirindəyəm. İnşallah!!!