Bu, nağıl deyil və yaxud o kişi belə kişi idi

342

    Sözün düzü, kəndimizin daha çox sayılıb-seçilən kişilərindən biri olan Qiyasəddin Babayevlə bağlı yazını necə başlamaq barədə çox götür-qoy etdim. Amma bir məqbul, daha doğrusu, söz açacağım kişinin adına layiq variant tapa bilmədim. Odur ki, yazımı bir zamanlar bu kişi ilə bağlı atamdan eşitdiyim, sonradan nağıl kimi qələmə aldığım nağılvari hekayətlə başlamaq qərarına gəldim. Bu mənada o, mənim ilk nağıl qəhrəman olub desəm, yanılmaram.

Qiyasəddin Babayev

    Deməli belə: “Biri var idi, biri yox idi. Şahdağın ətəklərində yerləşən, şair demişkən, meyvəli bağları ormana bənzər qədim Alpan kəndində Qiyasəddin adlı bir kolxoz sədri var idi. Amma kənd camaatı ona adı ilə deyil, sadəcə soyadı ilə, yəni “yoldaş Babayev” deyə müraciət edərdilər. Şübhəsiz, bu müraciət forması kənd sakinlərinin bu kişiyə olan hörmətindən irəli gəlirdi. Çünki müəyyən qadağanların olduğu o ağır illərdə yoldaş Babayev kənd camaatına əl tutmaqdan çəkinməz, üstəlik, onların dərd-sərləri ilə yaxından maraqlanardı. Hətta yoldaş Babayev kolxoz bağlarından öz evinə meyvə aparan (o vaxtlar belə şeylər oğurluq sayılardı, hətta buna görə adamlar cəzalandırılardılar) kolxozçuları görməməzliyə vurar, bəzən də onlarla qarşılaşmamaq üçün yolunu dəyişərdi. Çünki yaxşı bilirdi ki, onların dolanacaqlarının yaxşılaşmasında məhsul yığımı zamanı evlərinə apardıqları bir çanta meyvə də mühüm rol oynayır. Elə bu kimi xüsusiyyətlərinə görə camaat onun ölülərinə hər gün rəhmət oxuyardı. Yoldaş Babayev camaatın rifahı naminə məsuliyyəti də müxtəlif üsullarla üzərinə götürərdi.

    Nağıl dili yüyürək olar deyiblər. Bir payız mövsümü Quba rayon partiya komitəsinin birinci katibi Orucov bu kişiyə, yəni yoldaş Babayevə deyir ki, bəs bir axşamüstü kənddə meyvə yığımının gedişatını, eləcə də tədarükünü yerindəcə izləmək fikrindədir. Yoldaş Babayev də deyir ki, buyurun, gəlin, prosesi yerindəcə izləyin.

    Hə, bir neçə kəlmə də Orucov haqqında deyək. 1948-cü ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülən Məmməd Behbud oğlu Orucov Ağdamdan sonra bir müddət Quba RPK-nın birinci katibi vəzifəsində çalışıb. Orucovun necə bir rəhbər olduğunu deyə bilmərik, amma bircə onu qeyd edə bilərik ki, o, partiyanın prinsiplərinə ciddi əməl edənlərdən biri olub.

    … Bu izahatdan sonra yenidən qayıdaq yoldaş Babayevə. Öz işinin xiridarı olan yoldaş Babayev bu məsələdən bütün briqadirləri duyuq salır və bildirir ki, kolxozçulara tapşırın, filan gün hər kəs özü üçün hazırladığı meyvə yükünü evinə deyil, birbaşa meyvə tədarükü məntəqəsinə gətirsin.

    Vədə tamam olanda Orucov kəndimizə üz tutur. Kəndə girər-girməz nə görsə yaxşıdır? Görür ki, meyvə bağlarından yola çıxan və kəndə tərəf istiqamət götürən kolxozçuların çiyinlərindəki çanta və heybələr meyvə ilə doludur. Əgər belə demək mümkündürsə, cin vurur başına. Çünki ona elə gəlir ki, kolxozçular həmin məhsulları öz evlərinə aparırlar. O dövrün təbirincə desək, oğurluq edirlər. Odur ki, o, yoldaş Babayevə üzünü tutub deyir:

    -Bu nə deməkdir, bu nə özbaşnalıqdır? Bu kolxoz əmlakının-meyvənin camaat tərəfindən oğurlanması adi hala çevrilib, xəbərimiz də yox. Sən də bunlara göz yumursan?

    Raykom katibininin amiranə sözlərini diqqətlə dinləyən yoldaş Babayev ona deyir.

    -Yoldaş katib, məsələ heç də sizin düşündüyünüz kimi deyil. Özünüz də yaxşı bilirsiniz ki, hazırda kolxozumuz texnika sarıdan çox çətinlik çəkir, yəni texnika çatışmır. Allahın verdiyi meyvəni də yığıb-yığışdırmaq, tədarük məntəqəsinə çatdırmaq müşkülə çevrilib. Əgər xatırlayırsınızsa, bununla bağlı sizə müraciət etmişdim. Amma bir nəticəsi olmayıb. Odur ki, məhsulun daşınması ilə bağlı kolxozun ümumi iclasında camaata müraciət etdim, sağ olsunlar, onlar da sözümü yerə salmadılar. Beləcə heybə, çanta ilə meyvəni tədarük məntəqəsinə daşımaq qərarına gəldik. Məncə, bu, belə bir vəziyyətdən ən doğru, həm də yeganə çıxış yoludur.

    Katib yuxudan ayılan kimi olur. Amma meyvə tədarükü məntəqəsinə gəlib başlayır yolda gördüyü dəstəni gözləməyə. Çünki o, yoldaş Babayevin dediklərinə bir qədər şübhə ilə yanaşmışdı. Handan-hana çiyinlərində meyvə dolu insanlar katibin yanından keçərək tədarük məntəqəsinə daxil olurlar. Heyrətdən katibin gözləri kəlləsinə çıxır.

    Orucov iş yerinə qayıdan kimi raykomda keçirilən növbəti iclası yoldaş Babayevin başçılıq etdiyi kolxozun “təcrübəsinə” həsr edir, onun ünvanına xoş sözlər deyir, üstəlik, bu qabaqcıl təcrübənin rayon miqyasında geniş yayılmasını tövsiyə edir. Bununla da yoldaş Babayev rayon tarixində bir ilkə imza atır…

    Bu nağılın sonunda ənənəvi nağıllarda olduğu kimi, göydən 3 almanın düşməsinə heç bir ehtiyac duymamışdım. Çünki yoldaş Babayev o almaları düşürüb dərdlərinə, çətinliklərinə şərik olduğu kənd camaatına artıq dəfələrlə paylamışdı. Elə o gün də payladı. Özü də əvvəlki günlərdən daha çox..”

    Amma o zaman nədənsə bu nağılımın sonunda belə bir qeyd də etmişdim: “Kaş bu nağıl bitməyəydi”. Atam isə bu yazdığıma belə bir əlavə etmişdi: “Dedim axı bu, nağıl deyil”.

    “El atası”

    Bəli, heyrətamiz fəhminə, iş bacarığına görə hörmət və məhəbbət qazanmış Qiyasəddin Babayev həqiqətən də kəndimizin nağıl qəhrəmanı olub. O, hər şeydən əvvəl xeyirxah bir şəxiyyət idi. Bu nəcib insan haqqında yaddaşlarda çox şeylər qalıb, nə yazıq ki, onların əksəriyyəti qələmə alınmayıb.

    Bəli, Qiyasəddin kişi sadəcə bir vəzifə adamı kimi tanınmayıb, həm də kənd sakinlərinə yardım edən bir insan olub. O, camaatın problemləri ilə maraqlanan, çətinliklərini qısa müddətdə həll etməyə çalışan bir vətəndaş idi. Bu mənada ona “El atası” da demək olar.

    Onun haqqında böyük sevgi ilə danışanlar eşitdikərinə əsasən indi də deyirlər ki, o illərdə kimin problemi olurdusa, yoldaş Babayevə müraciət edərdi. Bu böyük şəxsiyyət hər zaman insanları gülərüzlə qarşılayar, onlara kömək göstərərdi. Hətta eşitdiyimə görə, onun üçün çayxanadan gətirilən çayı və qəndi də qəbuluna gələn kənd sakinlərinə verərdi ki, ailələrinə aparsınlar. Bəli, insanlara qayğı göstərmək, yaxşılıq etmək onun sanki əqidə manifesti idi. Bu insanın amalı, məsləki ancaq yaxşılıq etmək idi, dara düşən, çətinliyə düçar olan insanların dadına çatmaq idi. Özü də onun yanına gələn bir kimsəni naümid qaytarmazdı.

    “O kişi belə bir kişi idi”

    Cəlal Qəribovun bir vaxtlar söylədiklərindən: “Təhsil aldığım illərdə kənddən Qubaya, demək olar ki, hər gün piyada gedib-gələrdim. Hərdən də yolüstü “İbrahim bağı”na girər və 5 kiloqrama yaxın almadan, armuddan dərib Qubaya aparar, dəyər-dəyməzinə satar, əgər belə demək mümkündürsə, kasıbçılığımı edər, kiçik ehtiyaclarımı ödəyərdim. Sata bilmədikdə də kimlərə isə pay verərdim. O illər çox ağır illər idi. Nə isə… Günlərin bir günü meyvə yığarkən bağın qaravulu məni gördü və çantamı əlimdən aldı. O gün məktəbə necə gedib çıxdığımı da bilmədim. Bu da səbəbsiz deyildi, çünki məni fikir almışdı: oğurluqda ittiham oluna, üstəlik, cəzalandırıla bilərdim, məktəbdən qovulma ehtimalım da vardı. Evə qayıdanda dedilər ki, bəs səni yoldaş Babayev çağırır. Sözün düzü, yaman qorxdum. Yoldaş Babayevin otağına girəndə meyvə ilə dolu çantamı onun stolunun üstündə gördüm. Mən əhvalatı olduğu kimi ona nəql elədim. Üstəlik, ailə vəziyyətimdən də danışdım. Yoldaş Babayev məni dinlədikdən sonra çantamı özümə qaytararaq gülə-gülə dedi: “Elə et ki, görməsinlər. Bir də çalış yaxşı oxu”. Evə qayıdanda atam, anam elə sevindilər ki…Sevinməyə də haqları vardı. Çünki o illərdə belə şeylərə görə o qədər insan cəzalanardı ki… Hər yerdə yoldaş Babayev kimi camaatın qeydinə qalan insanlar yox idi ki… Bir sözlə, o kişi belə bir kişi idi”.

    “O kişi hamıya yaxşılıq etmək istəyirdi”

    Maarif Əmkişiyevin atası Hacı kişinin bir zamanlar söylədiklərindən: “Oğlum orta məktəbi qurtaran il ali məktəbə qəbul ola bilməmişdi. Günlərin bir günü yoldaş Babayev məni idarəyə çağırtdırdı. Mənə yer göstərib hal-əhval soruşandan sonra birbaşa mətləbə keçdi. Dedi ki, oğlun məktəbə daxil ola bilməyib, onu əsgər aparacaqlar: “Gəl onu çoban kimi işə götürək. Çünki çobanları əsgər aparmırlar”. Üstəlik, bildirdi ki, əgər oğlun getsə, bildiklərini də unudacaq: “Savadlı uşaqdır, ona heyifim gəlir. Odur ki, bu yolla ona kömək etmək istəyirəm. Bu gün əlimdən gələn budur”.

Sözün düzü, yoldaş Babayevin təklifi ürəyimcə oldu. Amma nədənsə oğlum razı olmadı. Hətta bu məsələ ilə əlaqədar yoldaş Babayev şəxsən özü oğlumu da çağırıb söhbət etdi. Amma oğlum yenə inadından dönmədi. Yəni bununla nə demək istəyirəm. O kişi hamıya yaxşılıq etmək istəyən kişi idi”.

    Oğlu Fərhad müəllimin xatirələrindən: Atam yaşca özündən böyüklərin də ağsaqqalı idi. Yaxşı yadımdadır. Qonşuluğumuzda Balayev Tacı adlı bir ağsaqqal yaşayırdı. 4 övlad atası olan bu kişi atamdan 18 yaş böyük idi. Buna baxmayaraq, günlərin bir günü oğlanları arasında yaranmış mübahisəni həll etmək üçün atamı çağırdı. Atam nəinki mübahisəni həll etdi, üstəlik, 4 qardaşın ikisini ali, üçüncüsünü isə milis məktəbində təhsil almağa istiqamətləndirdi. Onu da deyim ki, atam gənclərin təhsil almalarına böyük önəm verərdi, həm də onlara maddi dəstək göstərərdi.

    Yoldaş Babayevin həyat tarixçəsindən fraqmentlər

Qiyasəddin Babayev

    Qiyasəddin Həsənbaba oğlu Babayev 1909-cu ildə Alpan kəndində anadan olub. Q. Babayev Qubadakı seminariyada, Qazaxdakı gimnaziyada təhsil aldıqdan sonra dövlət quruculuğu işlərində çalışmağa başlayıb. Daha sonra Gəncə Kənd Təsərrüfatı İnstitutunu bitirib, Quba MTŞ siyasi şurada çalışıb.

    1942-ci ildə cəbhəyə yollansa da, arxa cəbhə üçün daha lazımlı, faydalı kadr olduğu nəzərə alınaraq geri qaytarılıb və o, Alpan kənd sovetliyinin sədri vəzifəsinə təyin edilib. Burada bir neçə il çalışdıqdan sonra Alpan kolxoz İdarə Heyətinin sədri vəzifəsini icra edib. Fədakar əməyinə görə dövlət tərəfindən dəfələrlə orden və medallarla təltif olunub. 1960-ci ildə uzun sürən xəstəlikdən, asmadan Bakı şəhərində dünyasını dəyişib və kəndimizdə torpağa tapşırılıb.

    Kənd camaatı onun ölümünü sıradan bir ölüm kimi qarşılamayıb. Eşitdiyimə görə, bu itkiyə görə bəziləri hətta göz yaşlarına hakim ola bilməyiblər. Çünki bu itki onları çox yandırıb-yaxıb.

    Haşiyə

    Maarif Əmkişiyevin xatirələrindən: “Uşaq idim. Küçəmizdən qəbiristanlığa doğru o qədər adam gedirdi ki… Necə deyərlər, sayı-hesabı yox idi. Mən heç vaxt kəndimizdə belə izdiham görməmişdim. (Elə sonradan da görmədim). Sonradan bildim ki, sən demə, yoldaş Babayev rəhmətə gedibmiş. Şübhəsiz, Qiyasəddin Babayevin axirət dünyasına bu şəkildə yola salınması kənd camaatının ona verdiyi dəyərin ən bariz nümunələrindən biri idi. Unutmayaq ki, hər kişi son mənzilə belə izdihamla, belə ürək ağrısı ilə yola salınmır”.

    Təklifə yekdilliklə səs verilsə də…

    Qiyasəddin Babayevin vəfatı onu yaxşı tanıyan tanınmış şəxsləri də kədərləndirir. Hətta onlardan bəziləri bu ailəyə kömək etmək məqsədi ilə müəyyən planlar cızırlar. Məsələn, Qiyasəddin Babayevlə dostluq edən və bir neçə dəfə Alpanda olan tanınmış bəstəkar Səid Rüstəmov (o, kəndimizdən Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib), eləcə də Ali Soveti Rəyasət Heyətinin katibi Zərifə Şükürova kəndimizə gələrək kolxoz İdarə Heyətinin bütün üzvlərini yığaraq iclas keçirirlər. Üstəlik, belə bir təkliflə də çıxış edirlər: yeni İdarə Heyəti seçilənə qədər kolxoza rəhmətlik Qiyasəddin Babayevin həyat yoldaşı Şəfiqə xanım rəhbərlik etsin. (Onların fikrincə, bu addım həm də öhdəsində 6 övlad olan Şəfiqə xanımın maddi güzaranının yaxşılaşdırılmasında stimul ola bilərdi). İdarə Heyəti bu təklifə yekdilliklə səs versə də, Şəfiqə xanımın təhsili olmadığı üçün bu plan baş tutmur.

    Xruşşovun qəbulunda olan alpanlı

    Oğlu Fərhad müəllimin dedikərindən: “Atam Babakişilər nəslindəndir. Elə soyadı da buradan götürülüb. Babamın 6 övladı (4 oğul, 2 qız) olub. 1905-ci il təvəllüdlü böyük oğlu Müslüm hərbi təhsili alıb və ona leytenant rütbəsi verilib. 3 övlad atası olan əmim Müslüm Böyük Vətən müharibəsində, daha doğrusu, Mozdok ətrafındakı döyüşlərdə itkin düşüb.

    Atamın İsgəndər adlı qardaşı 1933-37-ci illərdə Quba Kənd Təsərrüfatı Texnikumunu bitirb və Quba torpaq şöbəsində laboratoriya aqronomu, eləcə də müdiri kimi fəaliyyət göstərib. İsgəndər əmim MTS-in də aqronomu olub. Quba rayon partiya komitəsində təlimatçı kimi çalışan əmim İsgəndər daha sonra Əzizbəyov (Digah kəndi) adına və Quba “Kommunizm yolu” kolxozlarına rəhbərlik edib. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirən əmim İsgəndər səhv etmirəmsə, 1959-cu ildə Azərbayan SSRİ-nin Ali Sovetinin, 1963-cü ildə isə Quba Rayon Sovetinin deputatı seçilib. Dəfələrlə Ali Sovetin fəxri fərmanları ilə təltif edilib, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinə göndərilib. Əmim İsgəndər qabaqcıl rəhbər işçi kimi Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Nikita Xruşşovun qəbulunda da olub. 5 övlad (3 qız, 2 oğul) atası olan əmim İsgəndər 1979-cu ildə vəfat edib.

    Atamın kiçik qardaşı Sabir əmim isə 1928-ci il təvəllüdlüdür. Azərbaycan Dövlət Universitetin kimya-biologiya fakültəsini bitirib. Qubanın Pirvahid kəndində müəllim, daha sonra direktor vəzifəsində çalışıb. 1967-ci ildə Bakıya köçüb və orada müəllimlik fəaliyyətini davam etdirib. 1987-91-ci illərdə Respublika Dövlət Ali məktəblərə qəbul komissiyasının üzvü olub. Sabir əmim 1992-ci ildə dünyasını dəyişib.

    Bizim ailəyə gəldikdə isə… Qiyasəddin kişinin 4 oğlu (Hamlet, Firdovsi, Kamran (onlar dünyalarını dəyişiblər, Allah rəhmət eləsin) və mən, 2 qızı (Qətibə və Sədaqət) olub. Qızlar hazırda Bakı şəhərində yaşayırlar”.

    Özündən başqa hamıya gün ağlayan kişi

    Uzun müddət məsul vəzifələrdə çalışmasına baxmayaraq, Qiyasəddin Babayev ailəsinə, əgər belə demək mümkündürsə, bir gün ağlamayıb. Belə ki, o, XIX əsrdən qalmış 4 sotluq əraziyə malik həyətyanı sahəsi olan köhnə evdə yaşayıb. Deyilənlərə görə, 1959-cu ildə bir qrup kolxoz üzvünə 8-10 sot həyətyanı torpaq sahəsi verilirmiş. Həyətyanı torpaqla təmin ediləcək siyahıya 11 nəfərlik ailə üzvü olan Qiyasəddin Babayev də daxil edilib. Lakin ayrılan torpaq sahəsi ailəsinə qismət olmayıb. Belə ki, qeydiyyat vaxtı bir neçə aylıq Rusiyada olmuş Nüsrət Muradov adlı kolxozçu ona da torpaq sahəsi ayrılması barədə müraciət edir. Qiyasəddin kişi öz ailəsi üçün ayrılan torpaq sahəsini tərəddüd etmədən Nüsrət kişiyə verir.

    Oğlu Fərhad müəllimin dediklərindən: “Atamın ata yurdu kəndimizin “Aşağıbaş” məhəlləsində olub. Ana nənəm Nəcabət xanımın oğul övladı olmadığı üçün atam onu öz himayəsinə götürüb və ona oğulluq edib. Ana nənəm də atamın xətrini çox istəyib. Elə onun təkidi ilə atam kəndin mərkəzində, yəni onlarda məskunlaşıb. Ata yurdunu isə böyük qardaşı Müslümün ailəsinə verib”.

    …Qiyasəddin Babayev kəndimizin abadlaşması istiqamətində də müəyyən işlər görüb. Belə ki, 1958-ci ildə Alpan kənd sakinlərini içməli su ilə təmin etmək məqsədi ilə çalışıb və 6 kilometrlik ərazidəki bulaqdan kəndə su çəkilməsinə nail olub. Onun rəhbər vəzifələrdə olduğu illərdə kəndimizdə uşaq bağçası, kəndir və alma tədarükü zavodları, xəstəxana, klub və mədəniyyət evləri, kitabxana, məktəb fəaliyyətdə olub.

    Son

    Bəli, yoldaş Babayev kənd sakinlərinin yaddaşında xeyirxah işlər sahibi kimi yaxşı ad qoyub gedib. Onun haqqında dolaşan söhbətləri dinləyəndə gözümüzün önündə olduqca nəcib bir insan surəti canlanır.

    Yoldaş Babayev həyatdan vaxtsız getdi – 51 yaşda dünyasını dəyişdi. Belə qəfil ölümü isə kənddə heç kim gözləmirdi. Şübhəsiz, heç özü də… O, dünyasını dəyişəndə kəndimiz də uzun müddət sanki qara geyindi. Ömür vəfa etməsə də, yoldaş Babayev kəndimiz üçün xeyli iş görə bildi. Yəqin ki, bir çoxunu da görməyə əcəl imkan vermədi. O, aramızdan getdi, amma yaddaşlardan silinmədi, silinməyəcək də. Çünki xeyirxah əməllər sahibi olanlar, yaxşı ad qoyub gedənlər unudulmurlar. Şühbəsiz, unudulsaydı, heç mən də bu yazını yaza bilməzdim…

    Bu yerdə atamın yazdığı həmin qeydi bir də xatırlatmaq, məncə, yerinə düşərdi: “Dedim axı bu, nağıl deyil”

Müəllif:Qvami Məhəbbətoğlu (Rəsulov)

P.S. Bu yazının ərsəyə gəlməsində göstərdikləri diqqətə görə Qiyasəddin Babayevin oğlu Fərhad müəllimə, eləcə də Hacı kişinin oğlu Maarif Əmkişiyevə təşəkkürümü bildirirəm.