Onun haqqında keçmiş zamanda danışmaq –o var idi, o bir xarakter, o bir xarizmatik insan idi demək məcburiyyətindəyik. Çünki, artıq o bzimlə eyni həyatda deyil. Artıq o haqq dünyasına qovuşub. Kəndimizin bir neçə nəslinin müəllimi olmuş Calal müəllimi bir xarakter olaraq təhlil etsək ilk olaraq onun çılğın təbiətli, hadisələrə anında reaksiya verən, çox hallarda əsəbinə hakim ola bilməyən, haqsızlığa üsyan edən, düzü düz, əyrini əyri deyən bir insan kimi təqdim etmək olar. Kəndimizdə hamı onu Cəllad müəllim kimi tanıyırdı. Şagirdlərinin əksəriyyəti onun əsl adının Calal olmasını bilmirdi. Bizim tarix müəllimi qəlbimizdə bu adla yaşayır. Həmkəndlilərimizin tarixə olan həvəsini, onlarda tarix fənninə olan sevginin formalaşmasında az işlər görməyib Calal müəllim.
Qısa arayış: Qəribov Calal 20.09.1932-ci ildə (q/rəsmi məlumata görə 1930-cu il) Quba rayonunun füsunkar təbiəti olan Alpan kəndində, fəhlə ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Quba rayonunda iki illik texnikomda tarix elminin sirrlərini öyrənən Cəllad müəllim təhsilini başa vurduqdan sonra Moskva şəhərində üç il doqquz ay hərbi xidmətdə olmuşdur. Hərbi xidməti zamanı o, Komsomol Təşkilatının katibi vəzifəsində çalışmışdır. Partiya sıralarına qəbul edilən Calal müəllimə daha sonralar Quba rayon rəhbərliyi tərəfindən yüksək postlar təklif edilsə də o bu vəzifələrdən imtina etmişdir. O, əmək fəaliyyətinə Quba rayonunda çətin tərbiyə edilən uşaqlar üçün təşkil edilmiş internat məktəbində tarix müəllimi kimi başlamış və bu şərəfli yolu uzun illər davam etdirmişdir. Alpan kənd orta məktəbində işlədiyi illərdə Pedaqoji İnstitutun Tarix fakültəsində ali təhsil almışdır. 1966-1971-ci illər ərzində Alpan kənd orta məktəbinin direktoru olmuşdur.
Calal müəllim haqqında çox danışmaq olar. Onu bir insan və müəllim kimi daha da geniş təqdim etmək olar. Cəllad müəllim mənim də müəllimim olub. Mənə beşinci sinifdən on birinci sinifədək tarix elmini öyrədib. Onunla bağlı mənim və sinif yoldaşlarımın maraqlı xatirələrimiz var. Onlardan bir neçəsini sizinlə bölüşmək istərdim. Məsələn, bugünədək onun təsbehinin səsi-təsbehin sədəf daşlarının şaqqıltısı hələ də qulağımdadır. Qış aylarında paltosunun cibində dayanmadan təsbeh çevirərdi. Bir dəfə adəti üzrə sinif otağının arxasında dayanıb cibində təsbeh çevirərək dərs danışan uşağa qulaq asırdı. Sinifmizdə yaşımıza uyğun olaraq dəcəllik edən uşaqlar var idi. Onlar dərsdə sakit durmurdular. Əslində Cəllad müəllimin dərsində sakit durmamaq hünər tələb edirdi. Belə hünərli J şagirdlərdən biri də sinif yoldaşımız Səxavət idi. Cəllad müəllim arxadan sinifi müşayət edərək bir neçə dəfə ona sakit durmasını tələb etdi. Amma, sonuncu xəbərdarlığı daha pis oldu. Arxadan ona yapışan şillə onun qabaq dişlərindən birinin partaya dəyməklə sınmasına səbəb oldu.
Cəllad müəllimin xüsusi geyim tərzi və davranışı də xatirələrimizdən silinməyəcək. Həmişə səliqəli geyinər, kostyum və şlyapasına xüsusi önəm verərdi. Qoca yaşlarında əlində gəzdirdiyi əsası da sanki onun dəb tərzini tamamlayırdı. Cəllad müəllim xeyir-şər məclislərindən heç vaxt qalmazdı. Ömrünün son gününədək camaat içində olmuş və hər kəsə hörmət və izzətlə yanaşmışdır.
Cəllad müəllim dünən, 05.11.2017-ci il tarixində səhər saatlarında 87 yaşında qəfildən dünyasını dəyişmişdir. Allah ona rəhmət eləsin. Cəllad müəllim qəlbimizdən heç vaxt çıxmayacaq.