“Cəsur döyüşçü”nün döyüş hekayəti

1476
Qədirov Elmir Mürvət
Qədirov Elmir Mürvət

    Qədirov Elmir Mürvət oğlu 25 noyabr 2000-ci ildə Quba rayonunun Alpan kəndində dünyaya gəlib. 2017-ci ildə E.Bayramov adına Alpan kənd tam orta məktəbini bitirdikdən sonra Bakı şəhərindəki 5 saylı peşə litseyində ərzaq və qeyri-ərzaq mallarına satıcı, nəzarətçi-xəzinədar ixtisasına yiyələnib. Hərbi xidmətini Füzuli rayonunun Əbdürrəhmanlı kəndinin yaxınlığında keçirib. Həqiqi hərbi xidmətinin başa çatmasına bir müddət qalmış rəhbərliyə hərbi xidmətini davam etdirmək fikrində olduğunu bildirib və onun bu təklifi müsbət qarşılanıb. Beləliklə, o, 15 iyul 2020-ci ildən ordu sıralarında müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi hərbi xidmətini davam etdirməyə başlayıb.
    Elmir Qədiov dekabrın 18-də (2020-ci il) Prezident İlham Əliyevin imzaladığı Sərəncamla “Cəsur döyüşçü” medalı ilə təltif olunub. Qeyd edək ki, bu medal Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş əsgər və zabitlərimizə verilir.
    …İşğalçı Ermənistanın cəbhəyanı rayonlarda və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan dinc əhalimizi hədəf seçməsinə cavab olaraq sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun başladığı qətiyyətli əks-həmlə əməliyyatlarının ilk günündən Elmir Qədirov döyüşlərin tam mərkəzində, daha doğrusu, Füzuli istiqamətində olub və uğurlara imza atıb. Yəni həmin gün onun olduğu dəstə düşmənin bir postunu ələ keçirib. Lakin düşmən bu itki ilə barışmaq istəməyib. Odur ki, düşmən əldən verdiyi postu geri almaq məqsədi ilə bir neçə güclü texnika və canlı qüvvə ilə hücuma keçib. Lakin buna baxmayaraq, Elmir və silahdaşları ələ keçirdikləri postdan çıxmayıblar, həm texnika, həm də canlı qüvvə sarıdan üstün olan düşmənə ciddi müqavimət göstərməkdə davam ediblər. Belə gərgin anlarda onların “Vətən sağ olsun!” nidaları da düşmənə sanki bir sarsıdıcı zərbə olub. Bizim artilleriya və tanklarımızın uzaq məsafədən düşməni atəşə tutması isə postdakı 10 nəfər döyüşçümüzü daha da ruhlandırıb. Nəticədə düşmən rüsvayçı şəkildə qaçmağa başlayıb.

Qədirov Elmir Mürvət
Qədirov Elmir Mürvət

    Belə döyüşlərin birində bir zabitimiz qumbara atarkən düşmən gülləsinə tuş gəlib və o, şəhid olub. Əsgərlərimiz onu çıxarmağa cəhd ediblər. Lakin düşmən snayperləri buna imkan vermək istəməyiblər. Elmir Qədirov bu missiyanı üzərinə götürüb və öz peşəkarlılğı ilə zabitin cəsədini atəş xəttindən çıxarıb. Elmir Qədirov sonrakı döyüşlərdə də bir neçə yaralı və şəhid yoldaşlarını atəş xəttindən çıxarmağı bacarıb. O öz şücaətini Cəbrayıl istiqamətindəki döyüşlərdə da dəfələrlə nümayiş etdirib.
    Azərbaycanın incisi sayılan qədim Şuşamıza bir döyüşçü kimi girmək, düşmənə burada da qan uddurmaq isə Elmirin ən böyük arzusu idi. Lakin… Şuşa istiqamətində gedən döyüşlərdə onun olduğu dəstə mühasirəyə düşür. Bu mühasirə gecə saat 11-dən səhər saat 7-dək davam edir. Çətinliklərə baxmayaraq, onlar mühasirəni yarıb daha kiçik dəstələrlə yollarına davam edirlər. Lakin növbəti tələyə düşməmək məqsədi ilə 10 nəfərin kəşfiyyatçı kimi bir qədər irəlidə getməsi qərara alınır. Həmin 10 nəfərin sırasında Elmir də olur. Bir qədər irəlilədikdən, daha doğrusu, meşə zolağını keçdikdən sonra onların dəstəsi gözlənilmədən ermənilərin atəşlərinə məruz qalır. Elmirin məsləhəti ilə dəstə düşməni azdırmaq məqsədi ilə atəş açmır. Yaranmış sükutdan istifadə edən Elmir müəyyən bir mövqe seçərək düşmən qüvvələri ilə bağlı əldə etdiyi koordinatları komandirinə ötürür. Nəticədə, dəqiq hesablama əsasında atılan atəşlərlə düşmənin olduğu mövqelər darmadağın edilir. Lakin əldə etdiyi bu koordinatlar ona baha başa gəlir.

Qədirov Elmir Mürvət
Qədirov Elmir Mürvət

Belə ki, koordinatları ötürərkən o, snayper gülləsinə tuş gəlir. Elmir əvvəlcə nə baş verdiyini başa düşmür, yəni yaralandığını hiss etmir. Lakin o, düşmən mövqelərinin vurulduğunu özünəməxsus formada qeyd etmək məqsədilə bayaqdan bəri tutduğu mövqeyindən qalxmaq istərkən əllərinin işləməməsinin, başını qaldıra bilməməsinin, nəfəs almağının çətinləşməsinin fərqinə varır. Sən demə, snayper gülləsi onun boyun nahiyəsindən girib sifətinin sağ tərəfindən çıxıbmış. O, belə vəziyyətdə yalnız kəlmeyi-şəhadətini oxuyur. Elə həmin anda yaxın silahdaşı Qurbanlı Rafiq və digərləri Elmirə özünü yetirirlər. O, bir müddət Bakıda müalicə olunur.
    Elmirin sözlərinə görə, yaşadığı bütün gərginliklərə baxmayaraq, Şuşaya bayrağımız sancılan gün onun yaralarına sanki məlhəm qoyulub. “Sevinirəm ki, tarixi şəhərimizin azad olunmasında mən də vuruşmuşam. Bir sözlə, ordumuzun zəfərində əməyimin olması gerçəkliyi məndə fəxarət hissi yaradır. Onu da deyim ki, Azərbaycan Ermənistana qarşı 44 günlük müharibədə qazandığı cahanşümul qələbə ilə nəinki XXI əsrin, bütövlükdə hərb tarixinin nadir salnamələrindən birini yazdı. Nə yaxşı ki, tale məni vətənimin işğal altındakı torpaqlarını azad edən ordunun döyüşçülərindən biri etdi. Bununla qürur duyuram. Bu məqamda türk şairi Mithat Cemal Kuntayın bu misralarını da yada salmaq istərdim:

Qədirov Elmir Mürvət
Qədirov Elmir Mürvət

Bayraqları bayraq yapan üstündəki qandır,
Torpaq, uğrunda ölən varsa, Vətəndir!
    Bəli, biz Vətəni canımızla, qanımızla bütövləşdirdik. Vətəni azad və bütöv görməkdən gözəl nə olar bilər axı?! Azərbaycanın torpaqla¬rının işğal altında qalmasını heç cür qəbul edə bilmirdim. Ona görə mən də Ali Baş Komandanın əmrinə əsasən, irəli atılaraq düşməni məhv etməyi özümə ən böyük mükafat bildim.”
    Qeyd edək ki, Elmir Qədirov müalicəsi başa çatan kimi yenidən hərbi hissəyə qayıtmaq fikrindədir. Qazimizin tezliklə tam sağalıb bir hərbçi kimi işini davam etdirəcəyinə ümid edirik.

Müəllif:Qvami Məhəbbətoğlu (Rəsulov)

PS: Qədirov Elmir Mürvət oğlu Prezidentin 24 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Cəbrayılın azad olunamsına görə” medalı ilə, 25 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Füzulinin azad olunamsına görə” və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.