Çərşənbələr.

709

    Hər il çərşənbələr yaxınlaşdıqca məni bir fikir düşündürür. Niyə məhz ÇƏRŞƏNBƏ. Niyə bu əlamətdar günlərin sayı dörddür və niyə bunlar Boz ayda, Kiçik Çillə çıxdıqdan sonra qeyd edilir və NOVRUZ bayramınadək yekunlaşır. Belə “NİYƏ”lərin sayını artıra da bilərəm. Müraciət etdiyim bir neçə mənbə, internetdə paylaşılmış məqalələr , şəxsən görüşüb söhbət etdiyim insanlar və bu əlamətdar günlərlə bağlı yaşadığım zamanın  adət-ənənələri arasında nəsə uyğunsuzluq olduğunun şahidi olurdum. Mən nə folklorşünas nə də ki, tarixçiyəm. Sadəcə marağım səbəbindən bu məsələni bir balaca araşdırmaq qərarına gəldim. Məqsədim çərşənbələrdə hansı adətlərin olmasından, hansı ayinlərin icrasından danışmaq deyil. Bu günlərin bizim üçün nə dərəcədə əhəmiyyətli və ya əhəmiyyətsiz olmasının da marağında deyiləm.(İnsafən, bayramdır da. Kefimiz-eynimiz açılır. Pisdi bəyəm?). Əlqərəz deyim, sonda gəldiyim nəticə ilə bağlı Sizi maqalə boyunca  məlumatlandıracam. Gerisi bu sahənin bilicilərinin, tarixçi və folklorşünasların işidir.

    Yəqin ki, əksəriyyətimiz çərşənbələrin adlarının nə olduğunu və hansı ardıcıllıqla qeyd edildiyini səhvsiz izah edə bilməyəcəyik. Elə deyilmi?! Bilirsiniz bu nə ilə əlaqədardır? Deməli Novruz bayramı ilə əlaqədar Sovet dövründə qoyulmuş bir sıra qadağalar, Müstəqil olduqdan sonra bu bayramın Dövlət səviyyəsində qeyd edilməsi və s. bayramla əlaqədar adətlərin,adların yenidən işlənib-hazırlanması zərurətini ortaya qoydu. Və diqqət yetirsək görərik ki, həm yazılı ədəbiyyatda və həm də şifahi xalq deyimlərində çərşənbələr barədə müxtəlif fikirlər var. Bu fikirlər bəzən bir-birilə uyğunsuzluq təşkil edir. Çərşənbələrin sayının dörd olması demək olar ki, hər birimiz tərəfindən qəbul edilib. Amma, bu sayın beş, hətta altı olduğunu iddia edənlər belə var. Ardıcıllığı demirəm. Ardıcıllığı biz adətən Su, Od, Yel, Torpaq kimi qəbul etdiyimiz halda fərqli yanaşanlar da az deyil. Bizim kəndimizdə(Quba rayonunun Alpan kəndi) son çərşənbə daha təmtəraqlı keçirildiyindən və həmən gün od, tonqal, şam və s. kimi odla bağlı tədbirlərin keçirilməsindən dolayı mən uşaqlıqdan elə bilirdim ki, sonuncu çərşənbənin adı oddur.

    Bəs çərşənbələr niyə bu adlarla adlanıb. Yəqin ki, od,su, yel, torpaq ünsürlərinin hansı anlam kəsb etdiyini izah etməyə ehtiyac yoxdur. Sitat: “Onu da qeyd edək ki, Türkün mifik təfəkküründə insanın var oluşunda dörd ünsür deyil, beş ünsür böyük rol oynayır.Bunların beşincisi dəmirdi”(Güllü Yoloğlu, tarix elmləri doktoru).  Və Novruzun yeni gün, həyatın canlandığı bir gün olduğunu qəbul ediriksə bu bayramadək olan hazırlıq etaplarının belə adlandırılması adət-ənənədən və mifologiyadan qaynaqlanır.

    Axtarış apardığım zaman çərşənbələrlə bağlı mənim üçün ən maraqlı  yazı tarix elmləri doktoru, filologiya üzrə fəlsəfə doktoru, türkoloq alim Güllü Yoloğlunun bu məsələyə fərqli yanaşması , cəsarətli və daha çox iddialı olması, sonda gəldiyi nəticəni düzgün əsaslandırması diqqətimdən yayınmadı. O, qeyd etdiyimiz bu günləri belə adlandırır:  “Yalançı;  Xəbərçi (cıdırçı, müjdəçi);  Ölü çərşənbəsi (Qara çərşənbə və ya Ölülər Bayramı; İlin-ayın Axır çərşənbəsi.” Uşaqlığımıza xəyalən geri dönsək, xatirələrimizi, yaddaşımızı vərəqləsək görərik ki, bizim babalarımız və nənələrimiz də bu günləri belə adlandırıb. Yəni hər şeyin ən düzgününü xalq deyir deyimi də bu fikri tamamlamağa bir səbəbdir.

    Niyə bu günlər çərşənbə günlərinə təsadüf edir? Bunun bir izahı varmı? Bunun bir neçə izahı var. Diqqət yetirsək görürük ki, çərşənbə desək də bu günlər məhz çərşənbə axşamlarında qeyd edilir. Deyilənə görə bu günlər ağır, narahat günlər olduğundan qədimdə insanlar günün ağırlığını hiss etdirməmək üçün bayram əhval-ruhiyyəsinə köklənirmişlər. Diqqət yetirin, bu günlərə “ilaxır çərşənbə” də deyilir. Əslində bu “ilağır çərşənbə” deməkdir. Söz illərlə öz deyiliş formasını dəyişib.Digər ehtimal təqvimlə bağlıdır. Belə nəql edirlər ki, e.ə 487-ci ildə Şərq alimləri bir yerə yığılıb və təqvim yaradıblar. Təqvimi də müxtəlif heyvanlarla, ünsürlərlə əlaqələndiriblər. Və bu təqvim məhz çərşənbə günü yaranıb kimi bir iddia ortaya atılıb. Axtarsaq belə ehtimalların çox olduğunu görərik.

Nəhayət, Bayramınız mübarək.

Müəllif: İlkin R. Balayev.

PS: Tövsiyyə edirəm bu məqaləni də oxuyasınız: http://www.uluturk.info/new/menu/434/