Dəm qazı

5858

    Artıq hamıya məlumdur ki, kəndimizə mavi yanacaq-təbii qaz xətti çəkilib və kəndin bir çox evlərində həm qızdırıcı və həm də xörək bişirmək məqsədilə bu yanacaqdan istifadə edilir. Hal-hazırda demək olar ki, kəndimizin bütün evlərinə qaz xətləri çəkilib və bir çox evlərdə qazdan istifadə edilir.

    Hamıya məlumdur ki, təbii qaz yanarkən dəm qazı ayrılır ki, bu da insan üçün çox qorxulu qazdır. Dəm qazı insanı zəhərləyib öldürür və ən maraqlısı da odur ki, bu anidən baş verir. Bütün bu xoşagəlməz hadisələrdən sığortalanmaq üçün çalışmaq lazımdır ki, qazdan düzgün istifadə edək, arzularımız yarıda qalmasın.

 

    Bu bədbəxtlikdən qurtulmaq üçün evlərdə təhlükəli qaz sobalarından istifadə etməmək, qaz kolonkası yanarkən uşağı uzun müddət hamam otağında tək qoymamaq , qaz sobası qızdıran otaqların havasını tez-tez dəyişdirmək, qaz sobalaranın borularını yoxlamaq(borular dam örtüyündən ən azı 70 sm çölə çıxmalıdır ki, sourma prosesi daha yaxşı olsun), qaz sobasını alışdırarkən kibriti yandırdıqdan və odluğa yaxınlaşdırdıqdan sonra qazı açmalı, evi tərk edərkən qazı söndürməli və nəzarətsiz qoymamalı, evə daxil olarkən işıqları yandırmazdan əvvəl əmin olmaq lazımdır ki, otaqda qaz qoxusu yoxdur(ən kiçik bir qığılcım partlayış və yanğın törədə bilər), evdə hava təmizləyici qurğuların və qaz detektorlarının olması və s. bu kimi qoruyucu tədbirlər yerinə yetirilməlidir!

 

    Bəs dəm qazı ilə zəhərlənməni necə müəyyən etmək olar? Dəm qazı iysiz və rəngsiz bir qazdır və təbii qzın natamam yanması zamanı meydana çıxır.Dəm qazı ilə yüngül zəhərlənmə zamanı zərərçəkəndə başgicəllənmə, baş ağrısı, quru öskürək, ürəkbulanma, qusma kimi əlamətlər meydana çıxır. Daha ağır zəhərlənmə zamanı isə qıcolmalar, huşun uzun müddət itirilməsi, beyin ödemi, ürəyin zədələnməsi baş verir. Yadda saxlamaq lazımdır ki, kiçik yaşlı uşaqlar az miqdarda dəm qazından hətta həyatlarını itirə bilərlər!

Dəm qazı ilə zəhərlənmə zamanı ilk tibbi yardım:

– zərərçəkəni dərhal açıq havaya çıxarmaq;

– əynindəki paltarın yaxasını, kəmərini və s. açmaq;

– ona yarıoturaq (!) vəziyyət vermək (ağ ciyər ödeminin qarşısını almaq üçün);

– zərərçəkənin alnına, sinəsinə soyuq kompres qoymaq;

– zərərçəkmişin halı özündədirsə ona isti çay vermək lazımdır;

– zərərçəkmiş huşunu itirmişdirsə naşatır spirti ilə isladılmış pambığı burnuna yaxınlaşdırmalı;

– əgər zərərçəkən nəfəs almırsa və ürək dayanmışsa dərhal reanimasiya tədbirlərinə başlayın (Ürəyin xarici masajı və Süni tənəffüs).

 

    Dəm qazı ilə zəhərlənmənin ilk əlamətləri meydana çıxan kimi dərhal “təcili yardım” çağırmaq lazımdır! Hətta sizin fikrinizcə, zərərçəkəni vəziyyətdən çıxardığınıza əmin olsanız da, heç bir halda “təcili yardım” çağırışını ləğv etməyin və yadda saxlayın ki, zərərçəkən 24 saat ərzində həkim nəzarətində olmalıdır!

Müəllif: İlkin R. Balayev

PS:”www.saqlamolun.az” saytında yerləşdirilmiş materialdan istifadə edilmişdir.