Stalinlə, Nəriman Nərimanovla görüşmüş kişinin oğlunun həyat hekayəti

283
Daşdı kişi

    O, təvazökar, xeyirxah və alicənab bir insan idi. Onun insan kimi kamilliyinə də söz ola bilməzdi. Mənim aləmimdə o, rəftarında, oturuşunda, duruşunda, ədəb-ərkanında hər kəsə nümunə idi. Onun ən yüksək keyfiyyətlərindən biri də çoxlarına nümunə ola biləcək ailə xoşbəxtliyi idi. Hətta özü də deyərdi ki, həyatda qazandığı nailiyyətlərində ömür-gün yoldaşı Zeynəb xanımın da böyük payı var. Bu dəfə sizə elə o kişidən, yəni bayaqdan ərz etdiyim Daşdı Fəzail oğlu Hüseynov barədə söz açmaq istəyirəm. Bəri başdan deyim ki, asta yerişi, sakit təbiəti, mehriban rəftarı ilə seçilən, kimsəni özündən incitməyən o kişini yaxşı tanıyırdım. Hətta ilin bütün fəsillərində evlərinə gedib-gələrdim. Onlara gediş-gəlişimin əsas səbəbkarı isə uşaqlıq dostum, Daşdı kişinin məndən bir yaş kiçik oğlu İlham idi. Yeri gəlmişkən, onunla dostluq münasibətlərimiz elə indi də davam edir.

     Fəzail kişi ilə bağlı bəzi məqamlar

    Bir dəfə Daşdı kişigildə olandan ona Fəzailin bağı ilə bağlı suallar vermişdim. Onda Daşdı dayı demişdi ki, həmin o bağ bir vaxtlar atası Fəzail kişiyə məxsus olub. Amma sovetlərin hakimiyyətə gəlişindən sonra bağ onun əlindən alınaraq kolxozun mülkiyyətinə çevrilib. Üstəlik, o, atası ilə bağlı bir neçə maraqlı məlumat da vermişdi. Bildirmişdi ki, kəndimizdə boya-başa çatmış Fəzail Allahyar oğlu gənc yaşlarından Bakı şəhərinə gəlib. Bakıda milyonçu Hacı Zeynalabdin Tağıyevin neft mədənlərində çalışıb: “Belə ki, atam onun mədənlərinin birində açarçı (mədənlərdə mexanizmləri bağlayan fəhlə), anbardar kimi fəaliyyət göstərib. Orada olduğu illərdə o, öz aktivliyi də fərqlənib, yəni ictimai-siyasi hadisələrdə fəal iştirak edib. Hətta atam o dövrün bir sıra tanınmış adamları ilə, o cümlədən sonradan sovet dövlətinin rəhbəri olmuş Stalinlə, Nəriman Nərimanov kimi şəxslərlə yaxından tanış olub. Atam unutduğum səbəblər üzündən kəndə qayıdıb. Burada yüzbaşı (inqilabdan əvvəl Azərbaycan kəndlərində kənd icması tərəfindən seçilən inzibati vəzifə sahibi), kəndxuda (keçmişdə Azərbaycan kəndlərində əhali tərəfindən seçilən və kəndin inzibati işlərini idarə edən şəxs.), sovet dönəmində isə kənd soveti vəzifəsində çalışıb. Sovet dönəmində hər yerdə olduğu kimi, kəndimizdə də bəyləri möhkəm sıxışdırırdılar. Hətta onlardan bəzilərini güllələyir, bəzilərini də sürgünə göndərirdilər. O illərdə atam kəndimizin bəylərini qoruya bilib. Belə ki, onları adi rəiyyət kimi qələmə verməklə bu kimi cəzalardan uzaqlaşdırmağa nail olub. Bəylər də sadəcə respublikamızın başqa şəhər və rayonlarına sürgün olunmaqla canlarını sovetlərdən qoruya biliblər. Halbuki o, bu məsələdə ciddi təhdidlə üzləşib. Belə ki, atama deyiblər ki, yanlış məlumata görə sən özün güllələnə bilərsən… Amma atam bu təhdidlərə baxmayaraq, öz fikrindən dönməyib, onları müdafiə edib. Bütüb bunlara baxmayaraq, atam sonradan bu vəzifəsindən uzaqlaşdırılıb və daha sonra briqadir, qaravulçu kimi çalışıb. Atam Fəzail kişi 1959-cu ildə dünyasını dəyişib”.

    Əldə etdiyimiz digər məlumatlara görə, Fəzail kişi kəndxuda kimi çalışarkən bu və ya digər qanun pozuntularına yol verənlərin cəzalarını elə kənd daxilində özü verməyə çalışarmış. Hətta, indiki formada desək, sahə müvəkillərini də kəndə gəlməsinə razı olmazmış. Fəzail kişinin cəza üsulu isə belə olubmuş: o, qanunu pozanları indi bələdiyyənin yerləşdiyi binanın birinci mərtəbəsinə (bir zamanlar ora kənd mağazasının anbarı olub) salarmış və həmin şəxsləri 2-3 sutka orada saxlayarmış.

Daşdı kişi

     “Alman snayperinin gülləsinə tuş gəldim”

    Qeyd edək ki, Daşdı Hüseynov 4 iyul 1924-ci ildə dünyaya göz açıb. İlk təhsilini kəndimizdə aldıqdan sonra 1939-cu ildə Quba Sovxoz-Texnikumunun baytarlıq fakültəsinə daxil olub. Lakin təhsilini başa vura bilməyib. Belə ki, o, 1942-ci ildə ordu sıralarına çağırılıb və İkinci Dünya müharibəsinin iştirakçısı olub. Öz fərasəti, həm də rus dilini yaxşı bilməsi ilə fərqlənən Daşdı kişiyə az müddətdə serjant rütbəsi verilib. 1943-cü ilin mart ayından isə o, 325-ci atıcı alayında rabitəçi bölüyünün komandiri kimi fəalyyətə başlayıb. Onun komandir olduğu müddətdə bölük bir sıra uğurlara imza atıb. Amma 1944-cü ilin iyulunda… Daşdı kişi o günləri belə xatırlayardı: “Növbəti hücuma lazım olan bəzi məlumatları almaq məqsədi ilə rəhbərlik etdiyim bölüyün bir neçə əsgərini düşmən arxasına göndərdim. Düz sutka yarım keçdi. Amma əsgər yoldaşlarımızdan bir xəbər çıxmadı. Sən demə, onlar almanların mühasirəsinə düşüblərmiş. Uzun sözün qısası, biz onlara köməyə tələsdik. Bölük istəyinə nail oldu, yəni mühasirəni yara bildi. Lakin mən orada alman snayperinin gülləsinə tuş gəldim. Güllə sol qaşımın üstündən dəyərək başımın arxa hissəsindən çıxdı. Təhlükəli vəziyyətə baxmayaraq, məni əsgər yoldaşlarım belə bir vəziyyətdə tək qoymadılar”.

      Haşiyə

    Daşdı kişi ordu sıralarında da böyük hörmət sahibi olub. Yoldaşları onun xətrini çox istəyərlərmiş. Çünki o, əsgərlərinə daha çox can yandırmaqla digər komandirlərdən fərqlənərdi. Elə müharibədən sonra Daşdı kişinin əsgər yoldaşlarının ona məktublar yazması bunun əyani sübutudur.

        “Başda gəzdirməyə dəyər”

    …Mən məhz bu söhbətdən sonra başa düşdüm ki, Daşdı kişinin sol qaşının üstündəki çapıq nə çapıqmış… Halbuki o zamana kimi həmin çapığın uşaqlıq illərinin xətası olduğunu zənn etmiş və elə bu səbəbdən bununla bağlı ona heç bir sual ünvanlamamışdım.

Daşdı kişi-medallar

    Daşdı kişi uzun müddət qospitalda huşsuz vəziyyətdə müalicə olunub. Müalicəsi tam başa çatandan sonra, daha doğrusu 1945-ci ilin aprel ayında ordu sıralarından tərxis olunub. Amma o, müharibədən başında həmin güllənin bir neçə qəlpəsini də özü ilə kəndimizə də gətirib. Belə ki, onu əməliyyat edən həkimlər onların çıxarılmasını məsləhət görməyiblər. Sonrakı illərdə də həmin qəlpələr ağrı vermədiyinə görə Daşdı kişi elə onları ömürlük özü ilə gəzdirmək qərarına gəlib. Bu barədə söz düşəndə də yarızarafat, yarıgerçək deyərdi:“Beyinə ziyan vurmayacaq məsafədən keçən güllənin qəlpələrini başda gəzdirməyə dəyər”.

    Bir çox orden və medallara layiq görülmüş Daşdı kişi müharibədən qayıtdıqdan sonra uzun müddət Quba rayonunda, həmçinin rayonun bir sıra kəndlərində sahə baytar-həkimi kimi fəaliyyət göstərib. 1974-cü ildən isə kəndimizdə briqadir, zootexnik, baş baytar-həkim, inşaat briqadiri kimi vəzifələrdə çalışıb. . 5 övlad (Qəzənfər, Bəhram, Dilşad, İlham, İlqar) atası olan Daşdı kişi 1995-ci ildə vəfat edib.

        Digər özəl xüsusiyyətləri

Daşdı kişi-Hərbi bilet

    Daşdı kişi xoş rəftarı, hamıya əl tutması ilə kəndimizin yaddaşında qalıb. O, kimsənin xətrinə dəyməzdi. Hətta ona müəyyən mənada pislik edənlərə də xoş münasibət nümayiş etdirərdi. Hətta o, övladlarına da belə olmağı tövsiyə edərək deyərdi: “Səni daşla vuranı sən aşla vur”. Çox danışmağı sevməyən, amma qulaq asmağa üstünlük verən Daşdı kişi həm də sözü bütöv, əqidəsi düz, zəhmətkeş bir insan olub. Hə, onun özünəməxsus vərdişi də vardı. Belə ki, Daşdı kişi soyuducuya qoyulan yeməkdən heç vaxt istifadə etməzdi. Onun üçün çay isə bir qayda olaraq yalnız dəm çaydanından süzülərdi.

     “Sən rus dilini bilirsən?”

Daşdı kişi və həyat yoldaşı Zeynəb xanım

    Mənə elə gəlir ki, bu yazıda Daşdı kişinin ömür-gün yoldaşı Mehrəli kişinin qızı Zeynəb xanımdan bir qədər ətraflı söz açmasam, onun ruhu məni bağışlamaz. Odur ki, onun haqqında da bir neçə kəlmə yazmaq fikrinə düşdüm. Bəri başdan deyim ki, bir zamanlar ev şəraitində xalça toxuyan Zeynəb xanım həqiqətən çox xanım-xatın adam idi. Hər dəfə onlara gedəndə o, öz qulluğu ilə məni utandırardı. Hətta buna görə günlərin bir günü Zeynəb xanıma dedim ki, daha sizə gəlməyəcəyəm, vallah, utanıram…O isə gülə-gülə: “Mən belə etməsəm, onda özüm utanaram”, – dedi.

    Bu məqamda Zeynəb xanımla bağlı bir əhvalat da yadıma düşdü. Onu da ərz etmək istəyirəm. Deməli, belə: günlərin bir günü günorta saatlarında İlhamla eyvanda şahmat oynayanda bir nəfərin: “Ay Zeynəb bacı, ay Zeynəb bacı” çağırışını eşitdik. Növbəti gediş üzərində fikirləşən İlham yerindən durmağa imkan tapmamış Zeynəb xanım: “Kimdir, kimdir?” deyərək hövlanak eyvana çıxdı. Bu zaman həmin adamın səsi eşidildi:

-Mənəm, qonşun Hüseynbala…

-Hə, eşidirəm, ay Hüseynbala kişi…

– Ay Zeynəb bacı, sən rus dilini bilirsən?

– Yox, ay Hüseynbala kişi… Olmaya Rusyetdəki tanışlarından məktub gəlib?

Hüseynbala kişi bu dəfə daha yüksək tonla dilləndi:

-Bəs rus dilini bilmirsənsə, niyə o radio bayaqdan bəri gur səslə rus dilində qırıldayır, hə?

Daşdı kişi

    Onun bu sözlərindən sonra Zeynəb xanım tez qaçıb radionu söndürdü… Amma onun ovqatının pozulması da nəzərimdən qaçmadı. Onu da deyim ki, bu məsələdə o yox, mənimlə İlham günahkar idik. Məhz biz radionunun səsini artırmışdıq.

    Məlumat üçün qeyd edim ki, o illərdə istirahət günlərində – hər günortaüstü radioda bir qayda olaraq, muğamlar səsləndirilərdi. Bundan sonra da rus dilində xəbərlər yayımlanardı.

 

Müəllif:Qvami Məhəbbətoğlu (Rəsulov)