“DƏRGAHA DÖNDƏR YÜZÜN”…

264

Ləyaqətli bir ömür yaşamış qardaşım Nadirin əziz xatirəsinə

      Tərtəmiz qırxılmış, həmişə çöl-bayırda olduğundan şabalıd rənginə boyanmış və üzünə yaraşan eşmə bığları, təbəssümlə dolub-daşan mavi gözləri, daha çox palıd ağacının budaqlarına bənzəyən barmaqları və onların arasında sıxılmış, bağının kol

alpan.az-Nadir baba
alpan.az-Nadir baba

-kosunu təmizlədiyi kiçik bir baltası ilə dayanmışdı yamyaşıl bir yamacda.

     Yaxınlıqda böyürtkən kolundan asılmış şəvə kimi qara, tam yetişmiş, yağışdan sonra parlayan salxımlar gözümü oxşasa da, tez özümü yığışdırdım. Bir az aralıda qapısından torpaq rəngli, naxışı özündən pərdə asılmış, hər tərəfində təmizlik cilvələnən kiçik bir hücrə çəkdi diqqətimi. Hücrə onun durduğu cənnət guşəsinə bənzər yerin gözəlliyinə adamın ürəyini riqqətə gətirən bir qəriblik yağdırırdı. Huşumun başımda olduğuna əmin idim və onun ruh olduğunu bildiyimdən dərhal bir Bismillah çəkdim. Tərpənmədi,təbəssümü bir az da parladı üzümə. Cəsarətlənib, görüşümüzə qısa vaxt ayrılıbmış kimi iti addımlarla yeridim yanına. Hər iki əlimi dəmir kimi möhkəm çiyinlərinə qoyub, ağlayaraq: – Qardaş, evinə niyə gəlmirsən, axı? – dedim. O, əlimi sıxıb: – Bu gözəlliyi qoyub, necə gəlim? – dedi. Adətən, arıq gördüyüm sifəti ətə-qana dolmuş, gözəlləşmişdi. Gözlərimi üzündən zorla ayırıb bir an əvvəl seyr etdiyim o gözəlliyə bir də baxmaq, xüsusilə də təmizliyi, səliqə-sahmanı ilə diqqətimi çəkən hücrənin içinə boylanmaq istədim. Heç nə görə bilmədim, gözlərimi silə-silə oyandım. Neçə illərdən bəri, bəlkə də, birinci dəfə idi ki, səhər qalxdıqdan sonra yatmışdım. Üç il əvvəl dünyasını dəyişmiş böyük qardaşım Nadir girmişdi yuxuma. Bir müddət özümü ələ ala bilmədim, ağlayıb toxtayandan sonra dini təhsili olmasa da, bütün ağıllı ömrünü Allahdan qorxaraq yaşayan bu insanın həyat yoluna qısaca nəzər salmaq istədim…

     Hər hansı bir ailədə neçə uşaq olur-olsun, bir-birinin xətrini digərlərindən daha çox sevən iki bacı və ya iki qardaş olur. Ögey qardaşımın mənə olan fərqli münasibətini mən də hiss etməyə bilməzdim. Əvvəlki cümlənin başında utana-utana yazdığım sözün nə demək olduğunu mən çox sonralar dərk etmişdim. Bu münasibət atamız rəhmətə gedəndən sonra bir az da dərinləşdi. Hamıdan kiçik olsam da, uşaqlarının toylarında yeni qohumlarına məni “ağsaqqal” kimi təqdim etməsi də bu dərinliyin əlaməti idi. O,tez-tez gələrdi bizə. İş-gücdən vaxt tapa bilmədiyim üçün utanar, üzrxahlıq edərdim. O isə mənə təsəlli verərdi: “Sən kənarda işləyən adamsan, belə də olmalıdır. Üstəlik, sən atamızın ən sədaqətli oğlusan, onun yurdunu qurub-yaradıb yaşadırsan. Bizim borcumuzdur bura gəlmək”, – deyərdi. Bayramlarda da qabaqlayardı məni. Vaxt tapıb evinə gedəndə dünyalar qədər sevinər, mənim israrıma baxmayaraq, əyləşdiyi stulda oturdar, öz yerini dəyişərdi; məni ata əvəzi sandığını anlayar, için-için kövrələrdim.

alpan.az-Nadir baba 80 yaş
alpan.az-Nadir baba 80 yaş

     Övladlarını oxuda bilməsi ilə təsəlli tapsa da, uşaqlıq və gənclik illərinin çox ağır dövrlərə düşdüyündən təhsil ala bilmədiyi üçün yanıb-qovrulardı. Maraq dünyası elə dünya boyda olardı. Savadlı, gəzib-görmüş insanlarla söhbətləşməkdən doymazdı. Elə suallar verərdi ki, adam heyrətlənməyə bilməzdi.

     Dünyaya baxışı da çöx cazibədar idi. Mənə elə gəlirdi ki, o, sübhündən başlamış qürubunacan hər günü yazırdı gözlərinə. Rast gəldiyi qəribə naxışlı bir daşı da cib dəsmalına büküb gətirər və bizlərə: – Baxın, burada nə yazılıb? – deyərdi. Daş əldən-ələ gəzər, heç kəs bir şey anlamazdı. O isə: – Siz bu əlifbanı bilmirsiniz,- deyib tapıntısını geri ğötürər, kimlərəsə oxudacaqmış kimi, yenə büküb qoyardı cibinə. Hər şeydə Uca Yaradanın naxışını görürdü sanki.

     Axirətə imanı güclü idi. “Payızda bu qədər ağacların yarpaqlarını töküb, qışın qarından, şaxtasından diri çıxardıb, baharda yenə də zərrə qədər səhv olmadan hər birisinə öz libasını geyindirən Allah insana ikinci həyatı verməyə bilməz”, – deyirdi. Gecikdiyininfərqində olsa da, ümidini üzmürdü. Cənazə namazlarını heç qaçırmazdı. “Biz qılaq ki, bizim üçün də qılsınlar”,- deyirdi.

     Yaxşılıq etmək həyatının mənasl idi. Yanında desəydin ki, odunumuz, ot-ələfimiz tükənib, ya səhər tezdən, ya da gecədən keçmiş ehtiyacın olduğu şeyi qapında görərdin. Nə gəldiyini görərdin, nə də getdiyini duyardın. At arabasını el-oba üçün işlətməkdən zövq alardı. Heç yadımdan çıxmaz, Sovetin dağıldığı illər idi. Torpaq payımızı şumladıb, toxum səpmək üçün növbə tutmuşdum, lakin vaxt ötürdü.Qardaşımla məsləhətləşdim. Toxum kisələrini hazırlamağı tapşırdı. Səhər tezdən qapını döydü. Biz toxumu səpib gələndə texnikalı adamlar işə çıxırdılar. Həmin il yaxşı məhsul da götürdük. Əli sayalı insan idi. Yaxın-uzaq kəndlərdən evində çörək kəsməyən adam çətin tapılardı.

     Heyrət olunacaq dərəcədə comərd idi. Qoyun dərilərini aşılayıb papaq, canlıq, kürk tikərdi. Biri desəydi ki, “nə gözəl canlıqdı”, əynindən çıxarıb verərdi ona. Qəlbi, nəbzi xeyirxahlıqla vururdu. Yaşlı insanlar üçün əsalar düzəldib hədiyyə verərdi. Qəribə deyimləri vardı: “Kürəklə vuranı çörəklə, daşla vuranı aşla vur”, – deyərdi.

alpan.az-Nadir babanın bağı və at arabası
alpan.az-Nadir babanın bağı və at arabası

     Son günlərini yaşayırdı. Hamı kimi özü də halının fərqində idi. Halallıq almaq üçün bir neçə dəfə cəhd etsəm də, cəsarətim çatmadı, dilim kilidləndi. Ömrünün sürətlə qüruba endiyini görürdüm. Bir gün dola-boşala halallıq istədim. Əsgər gedərkən kişilik qüruru göstərməyə çalışan igidlər kimi heç halını dəyişmədən halallığını verdikdən sonra dedi: – Darılma. Yola çıxan karvan mənzilə çatmalı deyil?

     Yuxumda gördüyüm “cənnət guşəsi”, çox güman ki, ona Allahdan qorxması və axirətə dərin iman içində yaşamasının mükafatı idi. Səksən il seyr etdiyi bu dünyaya gözlərini də hər adama qismət olmayan xoş bir aqibətlə yumdu. Alvar İmamı Hacı Muhamməd Lütfi Əfəndinin dediyi kimi:

Sən Mövlanı sevsən də, Mövla səni sevməzmi?

Rızasını dilənsən, rızasını verməz mi?

Sən Haqqın qapısında canlar fəda eyləsən,

Əmrincə xidmət qılsan, Allah əcrin verməzmi?…

Sular kimi çağlasan, Əyyub gibi ağlasan,

Ciyərgahın dağlasan, əhvalını sormaz mı?…

Dərgaha döndər yüzün, duan qəbul olmazmı?

 

Müəllif: Rahib Sədullayev

20 – 28 11. 12