Doğma kəndim Alpan

8442

    Şahdağın sərin mehinin tumarladığı bir kənd var Quba rayonunda. O kənddən Şahdağ çox əzəmətli, vüqarlı görünür. Bəlkə də başqa bir kənddən çətin ki Şahdağ belə gözəl görünsün. Bu kənd – doğulduğum, qayğısız uşaqlıq illərimi keçirdiyim doğma kəndim Alpan kəndidir. Qoca təbiət xəsislik etməmiş, bir rəssam məharəti ilə füsünkar bir mənzərə bəxş etmişdir bu kəndə. Diş göynədən bulaqlarını, sərin meşələrini, alma bağlarını, bağçalarını, füsunkar  təbiətini, insanlarının qonaqpərvərvərliyini sözlə ifadə etməkçün coşğun təbiətli şair olmaq lazımdır.

    Hər  fəslin xüsusi gözəlliyi var bu kənddə. Yazda bir cür gözəllik yayda , payızda, qışda başqa gözəllik var  bu kənddə. Yaz aylarında ana təbiət  qış yuxusundan ayılır. Hər tərəf  yaşıllaşır, ağaclar çiçəkləyir, köçəri quşlar qayıdır öz yurduna. Hər  tərəf  yaşıl xalıya bürünür.  Çiçəçklərin xoş ətri, quşların sevinc dolu nəğməsi insanı valeh edir.

Alpan təbiəti, Füsunkar kənd, Quba, Alpan, alpan.az

    Alpanın mənzərəsi yayda  bir başqa aləm canlandırır göz önündə. Bu kənddə istirahət etmiş bir insan çətin ki ikinci dəfə istirahətçün başqa  bir kənddə olmaq istəyər. Quruçay boyunca  kənddən aralandıqca, meşələrə tərəf getdikcə sakitlik, təbiətin sehrləyici sükutu içində uyumuş gözəlliyi insanı valeh edir. Çay kənarında, buz kimi soyuq sulu bir bulağın yaxınlığında, meşə kənarında çadırını qurub gecələsən gecənin  sakitliyini pozan böcəklərin  səsi, yarpaqların xışıltısı, meşənin dərinliyindən gələn heyvanların səsi səni öz ağuşuna alıb sehrli, füsünkar bir aləmə aparar. Ulduzları əlini atanda götürə biləcəyin qədər yaxın görünən səma səni xəyyalar aləminə aparacaq, nə vaxt yuxuladığını bilməyəcəksən. Səni gecənin sərin mehi bu gözəl yuxudan edə bilər, lakin insanın tüklərini ürpədən bu havada da xüsusi gözəllik var. Sinə dolusu udmaq istəyəcəksən bu havadan- sərin, gül ətirli dağ havasından. Səhər oyandıqda təbiətin bəxş etdiyi nemətlərdən yeyəcək, bulaq suyundan qaynadılmış samovar çayından içəcək və təbiətin könül açıqlığıilə bəxş etdiyi gözəlliyinə gözü  dolusu  baxacaqsan. Günorta quzu ətinin kababı və ağac kölgəsində istirahətin yerini verə biləcək heçnə yoxdur. Sonra təbiəti gəzər, göz yaşı kimi təmiz, sərin sulu Quruçayda-Alpançayda çimə bilərsən. Damcılı bulağın diş göynədən suyundan içib meşəni gəzə bilərsən.

Alpan təbiəti, Füsunkar kənd, Quba, Alpan, alpan.az

    Elə ki, qızılı payız gəldi Alpan kəndi ayrı bir cənnətə dönür . Bu fəsildə kəndin təbiətinə nəzər saldıqda bu gözəl mənzərədə bütün rəng çalarlarını görmək mümkündür. Alma ağacında, saralmış yarpaqların arasında, payız  günəşinin işığında  almanın al yanağının parıltısı  insanı iştaha gətirir. İş həyatında ayrı canlanma olur payızda. Hər tərəfdə məhsul yığımı yekunlaşdırılır. Kənd əhalisi qışa hazırlığını yekunlaşdırır, tarlalar  şumlanır, taxıl səpilir.

Alpan təbiəti, Füsunkar kənd, Quba, Alpan, alpan.az

    Qış fəslinin gəlişi ilə Alpana  təbiətin daha bir gözəlliyi bəxş olunur . Burada qışın ən ağlasığmaz mənzərəsini görə bilərsən. Ana təbiət ağappaq qara bürünəndə, insan qarın bəxş etdiyi buz kimi soyuq, təmiz havanı  ciyərlərinə çəkədikdə  bu anın gözəlliyini ifadə etməkçün sözlər aciz qalır. Qışda Alpan bir cənnətə dönür. Soyuq  havada evdə odun peçinin istisində qızınaraq pəncərədən quşbaşı qarın  yağmasına baxmağın ayrı bir ləzzəti var. Tənbəllik etməyib, soyuqdan, şaxtadan qorxmayıb evdən çölə çıxsan ayrı bir ləzzət alarsan. Təmiz, soyuq havanı sinə dolusu ciyərlərinə çəkərək ağ qar üstündə gəzsən, qartopu oynasan, xizəklə sürüşsən və bir az da şücaətlənib meşəyə ova getsən… bax onda həyatın bu kənddə nə qədər ecazkar olduğunu özünçün kəşf  edərsən.

 

Müəllif: İlkin R. Balayev