Düşmənə snayperlə dərs keçən coğrafiya müəllimi

1212

Zabit olmaq arzusu

    Şux qamətli, vüqarlı,   hamının fəxrlə  baxdığı hərbi geyimli azərbaycan zabiti. Davranışı ilə hamıya nümunə olan, illər boyu həyatdan qazandığı təcrübələrini,  əxz etdiyi bilik və bacarıqlarını  ona əmanət edilmiş əsgərlərinə yorulmadan, həvəslə  öyrətməyə çalışan hərbçi. Vətən adlı müqəddəs məkanın  bir an belə göz qırpmadan, bir ömür keşiyində durmağa əzm etmiş polad  insan.  Ehtiyac olarsa  sevə-sevə canından keçməyə belə razı mərd oğul…Yaxınlığına  düşən mərmi Ağadadaş müəllimi şirin uşaqlıq xəyallarından ayırdı.

Ağadadaş Dadaşov
Ağadadaş Dadaşov

    Hərbi bölmələrimiz Xocavənd rayonunun dağlıq-meşəlik ərazisində irəlilədikcə pusquda durmuş düşmən minamyot-artilleriya qurğuları da öz “işini” görürdü. Demək olar ki, hər gün şəhid, hər gün yaralı, soyuqda, yağışda dayanmadan hərəkət etmək,  yuxusuz keçən gecələr…bunlar hamısı müharibənin sərt və mərhəmətsiz üzü idi…

Qısa məlumat

    Dadaşov Ağadadaş Əmin oğlu 1994-cü il yanvar ayının 27-də Quba rayonun Alpan kəndində anadan olub. 2011-2015-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində   “Coğrafiya müəllimliyi” ixtisasına  yiyələnib.  Hərbi xidmətə Goranboy rayonunun Tapqaraqoyunlu kəndində (motoatıcı manqa komandiri vəzifəsində) başlayan  A. Dadaşov 2016-cı ilin aprel döyüşlərinin, xüsusilə  Tərtər rayonunun Talış kəndi istiqamətində gedən əks-hücum əməliyyatlarının   fəal iştirakçısı olub.

    Ordudan tərxis olunduqdan sonra Quba rayon mərkəzindən 70 km məsafədə yerləşən T. Şahbazov adına Xaltan kənd tam orta məktəbində coğrafiya müəllimi kimi  fəaliyyətə başlayıb. Üç il həmin  kənddə, daha sonra   E. Bayramov adına Alpan kənd tam orta məktəbində çalışaraq  öz peşəsini şagirdlərinə sevdirməyi bacarıb.

    Ağadadaş müəllim II Qarabağ Müharibəsi zamanı 14 oktyabr  2020-ci il tarixindən  könüllü olaraq orduya yazılaraq cəbhəyə yollanıb, snayper tağım komandiri vəzifəsini icra edib. Xocavənd, Cəbrayıl, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib.

Ailəmdən xəbərsiz könüllü yazıldım

    2016-cı ilin aprelində Talışkənd və  Tapqaraqoyunlu kəndləri istiqamətində , İncəçay sahilində aktiv hərbi əməliyyatlarda iştirak etmişəm.

İkinci Qarabağ əməliyyatları başlayan kimi ailəmdən xəbərsiz onlayn qeydiyyatdan keçdim. Hərbi komissarlığa çağrılaraq Ağcabədi rayonuna göndərildim.  N saylı hərbi hissədə iki həftə təlimlərdə iştirak etdim. Bir müddət sonra 35 nəfərlik şəxsi heyətə tağım komandiri təyin olundum.

Od-alova doğru…

    Füzuli rayonu ərazisində  üç  gün meşədə  qalmağa məcbur olduq. Hərəkət edəcəyimiz yolu düşmən ağır artilleriyadan fasiləsiz atəşə tuturdu, bu zaman yanacaq daşıyan maşınımız da üzərinə mərmi düşərək yandı.

Ağadadaş Dadaşov
Ağadadaş Dadaşov

    Müharibə abı-havasını dilə gətirmək, təsvir etmək çətindir. Onu görərək, hiss edərək, şahidi olaraq yaşamaq mümkündür. Deyə bilərəm ki, ordumuzun hər bir əsgər və zabitində  qeyri-adi ruh yüksəkliyi, vətən eşqi, doğma torpaqlara ən qısa vaxtda qovuşmaq arzusu vardı. Heç kimin gözündə qorxu görünmürdü. Hamı irəliyə, mənfur düşməni məhv etməyə tələsirdi.

 

Xocavənd

    Füzulinin Gilavarlı kəndindən Xocavəndə doğru hərəkətə başladıq. Rayonun ərazisi  dağlıq-meşəlikdir. Burada 90-cı illərdən qalma dağınıq kəndləri gördük. Ermənilər daşı-daş üstündə qoymamışdılar. Ara-sıra  heyvanların saxlanıldığı kiçik fermalara rast gəlirdik.

    Xocavənd istiqamətində ağır döyüşlərimiz oldu. Burada hərbi hissəmizin  qərargah rəisi şəhid oldu. Ümumilikdə taborumuzdan 48 şəhid verdik. Düşmən tərfindən açılan atəş nəticəsində hərbi maşınımız  da vuruldu.

Taborun xilası

Ağadadaş Dadaşov
Ağadadaş Dadaşov

    Düşmənin daimi atəş açan “Qrad” qurğusu taborumuz üçün ciddi təhlükəyə çevrilmişdi.  Atılan raketlər hərəkət etdiyimiz əraziyə düşür, qısa vaxtda geniş bir ərazini darmadığın edirdi. Uğurlu əməliyyat nəticəsində “Qrad” qurğusu zərərsizləşdirildi. Belə ki, MAXE  N.Nəsirov  OSV-96  ilə açdığı dəqiq atəşlə kamaz üzərində yerləşdirilmiş  bu düşmən silahını  da havaya uçurdu. Taborumuz məhv olmaqdan xilas edildi. N.Nəsirov “İgidliyə görə medalla” təltif edildi.

 

“Görünmədən görmək” prinsipi

    Snayperçilər tağımına  rəhbərlik edirdim. Əsas silahlarımız SVD, OSV-96 və “İstiqlal” idi.  Tağımın fəaliyyəti nəticəsində düşmənin 50-dən artıq canlı qüvvəsini məhv etmişdik.  Əsas fəaliyyətimiz gündüz müşahidəsi idi. “Görünmədən görmək” prinsipi ilə fəaliyyət göstərirdik. Ərazi üzrə elə mövqe seçirdik ki, oradan hər tərəf aydın görünsün. Gizləndiyimiz təbii mövqelərdən düşmənin canlı qüvvəsini və hədəfimizə tuş gələn yüngül texnikasını məhv edirdik.

 

Çətin şəraitdə hərəkət…

    Çox çətin iqlim-təbii şəraitdə döyüşlər aparırdıq. Günlərlə dayanmaq bilməyən  çiskin-yağış, dumanlı hava şəraiti. İslanmış paltarlarımız elə üzərimizdəcə  quruyurdu, od-ocaq yandırmağa icazə verilimirdi. Palçıqlı torpaqda hərəkət etmək əməllicə əldən salırdı bizi.  Bir tərəfdən də cavabdehlik, məsuliyyət, hər an, hər şeyi nəzarətdə saxlamaq: bunlar insan sinirlərinin yüklənməsi deməkdir. Davam edən gərgin döyüşlər belə bir qənaətə səbəb olmuşdu : Əgər aktiv əməliyyatlar dayandırılmazsa sağ qalmaq məsələsi sual altına düşəcəkdi…

Nəhayət ki…

    2020-ci il noyabrın 10-da imazalanmış üçtərəfli bəyanata əsasən  hərbi əməliyyatlar sonlarılıdı. Qazanmış olduğumuz Şanlı Qələbə hamımızı sevindirdi. Tabor şəklində mənfur düşməndən aldığımız hərbi hissəyə qayıtdıq. Daha sonra Pirəkəşkül ərazisinə, dekabrın 31-i isə tərxis olunaraq evimizə gəldik.

Çox sevincli və qürurluyam!

    Əldə etdiyimiz Şanlı Qələbəyə görə hamı kimi mən də sevincli və qürurluyam. Ordumuz Ali Baş Komandanın rəhbərliyi altında düşmənə çox ağır  və sarsıdıcı zərbə vurdu. Nəhayət ki, 30 ilə yaxın bir müddətdən  sonra torpaq həsrətinə son qoyuldu. Çox ağır bir yükü xalqımızın üzərindən götürmüş olduq.

Ağadadaş Dadaşov
Ağadadaş Dadaşov

    İstənilən an, bundan sonra da Vətənim Azərbaycan üçün hər şeyə hazıram. Səmimi deyirəm ki, bu mənim üçün ən böyük fəxrdir!!! Sözümü xalq şairimiz M. Arazın bu misrası ilə bitirmək istəyirəm:

Vətən mənə oğul desə nə dərdim

Mamır olub qayasında bitərdim!!!

Müəllif: Rəşad Alpanlı (Sədullayev)