Əhmədov Mirab Şahpələng oğlu

648


Əhmədov Mirab Şahpələng oğlu, 1 may 1928-ci ildə Quba rayonunun Alpan kəndində yoxsul kəndli ailəsində anadan  olmuşdur. 1948-ci ildə Bakı Meşə Təsərrüfatı Texnikumuna daxil olmuş, buradan hərbi xidmətə çağırılmış,1954-cü ildə isə həmin texnikumu bitirmişdir. 1954-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Meşə təsərrüfatı fakültəsinə daxil omuş,1955-ci ildə həmin fakültədən aqronomluq fakültəsinə keçmişdir. 1959-cu ildə AKTİ-ni bitirmişdir. 1959-1961-ci illərdə Quba Bağçılıq təcrübə stansiyasında kiçik elmi işçi işləmişdir.1962-ci ilin may ayında Azərbaycan Elmi Tədqiqat Bağçılıq və Sub-tropik Bitkilər İnstitutunun aspiranturasına daxil olmuş və 1965-ci ildə aspiranturanı bitirmişdir. 1965-1967-ci illərdə həmin institutda kiçik elmi işçi, 1967-ci ildən ömrünün axırına qədər həmin institutda baş elmi işçi kimi çalışmışdır. 1967-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.

O,Azərbaycanın dağətəyi  şəraitində bağlarda gübrələmə və torpaqların saxlanması sisteminin elmi-praktiki əsaslarını tədqiq etmiş və bu mövzuda doktorluq dissertasiyası müdafiə etmişdir. Ölümündən sonra, 1990-cı ilin 18 mayında ona kənd təsərrüfatı elmləri doktoru elmi adı verilmişdir.

Tədqiqat işinin əsas istiqaməti Quba-Xaçmaz bölgəsinin dağlıq və dağətəyi sahələrində alma və armud bağlarında əkindən qabaq gübrələmə və cərgəaralarının saxlanması sistemlərini, intensiv bağlarda klon calaqaltılar üzərində alma bitkisinə mineral gübrələrin təsirinin müəyyənləşdirilməsi olmuşdur. O,bu sahədə 40-a qədər elmi məqalə və tövsiyələrin müəllifi olmuşdur.

Mirab Əhmədov 1990-cı ilin fevral ayının 1-də qəflətən vəfat etmişdir.

Müəllif: İlkin R. Balayev