Elşən Ağagülovun döyüş yolu

585
Ağagülov Şəhriyar və Elşən
Ağagülov Şəhriyar və Elşən

    Xəbər verildiyi kimi, dekabrın 9-da Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusu təltif olunub. Onlardan 33 nəfəri (3 nəfər ölümündən sonra) “Zəfər” ordeninə, 204 nəfəri (48 nəfər ölümündən sonra) “Qarabağ” ordeninə layiq görülüb. “Qarabağ” ordeninə layiq görülənlərdən biri də polkovnik-leytenant Ağagülov Elşən Etibar oğludur.

Ağagülov Elşən Etibar oğlu
Ağagülov Elşən Etibar oğlu

    Elşən Ağagülov 1979-cu il iyun ayının 1-də Quba rayonunun Alpan kəndində ziyalı ailəsində dünyaya göz açıb. O, kənd orta məktəbini bitirəndən sonra Bakı Ali Birləşmiş Ümumqoşun Komandanlıq Məktəbinə daxil olub və burada quru qoşunların hava hücumundan müdafiə ixtisasına yiyələnib. Elşən Ağagülov 2000-ci ildə leytenant hərbi rütbəsi alaraq Füzulidəki “N” saylı hərbi hissənin zenit-raket tağım komandiri vəzifəsində hərbi xidmətini davam etdirib. Daha sonra Cəlilabad rayonundakı hərbi hissənin zenit-artilleriya baterayasında bateraya komandiri kimi fəaliyyət göstərib. Nümunəvi xidmətinə, peşəkarlığına görə vaxtından əvvəl kapitan rütbəsi alan Elşən Ağagülov hərbi xidmətini digər hərbi hissələrdə davam etdirib. 2005-ci ildə isə “N” saylı hərbi hissənin zenit-artilleriya baterayasının komandiri təyin olunub. 2009-cu ilin dekabrında ilk hərbi xidmətə başladığı hərbi hissədə briqada hava hücumundan müdafiə rəisi vəzifəsinin icrasına başlayıb. Elə həmin ildə ona mayor hərbi rütbəsi verilib.

Ağagülov Elşən Etibar oğlu
Ağagülov Elşən Etibar oğlu

    Elşən Ağagülov bu illərdə hərbi təhsilini daha da təkmilləşdirmək barədə də düşünüb. Bu məqsədlə Silahlı Qüvvələrin Hərbi Akademiyasına qəbul olunub. Burada fərqləndiyinə görə Türkiyəyə – Hərbi Hava Qüvvələri Akademiyasına göndərilib. Bununla da həmin hərbi məktəbin 6-cı azərbaycanlı tələbəsi olmaq şərəfinə nail olub. Bu təhsil ocağını qırmızı diplomla başa vuran Elşən Ağagülov Hərbi Hava Qüvvələrində əməliyyat idarə rəisinin quru qoşunları üzrə istiqamətləndirici zabiti vəzifəsinə təyin edilib. 2013-cü il dekabrın 17-də “N” saylı ordu korpusunun hava hücumundan müdafiə şöbəsinə rəis göndərilib. Bu müddətə qədər o, bir sıra nailiyyətlərə də imza atıb. Belə ki, fəaliyyət göstərdiyi korpusun bölmələri dəfələrlə düşmənin pilotsuz uçuş aparatlarını məhv edib. Bu əməliyyatlarda onun da kifayət qədər rolu olub.
2016-cı il aprel döyüşlərində iştirak edən Elşən Ağagülov işğalçı Ermənistanın cəbhəyanı rayonlarda və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan dinc əhalimizi hədəf seçməsinə cavab olaraq sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun başladığı qətiyyətli əks-həmlə əməliyyatlarına həvəslə qoşularaq Füzuli, Hadrud, Zəngilan,

Ağagülov Şəhriyar və Elşən
Ağagülov Şəhriyar və Elşən

Cəbrayıl, Qubadlı, Laçın, Şuşa istiqamətlərində gedən döyüşlərin iştirakçısı olub. O, nəzarətində olan hava hücumundan müdafiə texnikarlarını düşmənin təyyarə və vertolyotlarına, pilotsuz uçuş aparatlarına qarşı mübarizə aparmaq məqsədilə daim hazır vəziyyətdə saxlayıb. Təkcə bir faktı qeyd edək ki, onun rəhbərliyi altında döyüşçüləri işğalçı Ermənsitanın 3 ədəd SU-25 qırıcı təyyarəsini, eləcə də bir neçə pilotsuz uçuş aparatlarını sıradan çıxarıblar. Bununla da ordumuzun qələbə qazanmasına öz töhfələrini veriblər.

Ağagülov Elşən Etibar oğlu
Ağagülov Elşən Etibar oğlu

    Elşən Ağagülovun bu döyüş qabiliyyəti həmişə komandanlığın diqqət mərkəzində olub. Məsələn, döyüş əməliyyatları zamanı Şuşa istiqamətində Azərbaycan Ordusunun hava hücumundan dəstəklənməsində şücaət, təşəbbüs, yüksək peşəkarlıq nümayiş etdirdiyinə görə Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, “Zəfər” ordenli general-leytenant Ramiz Tahirov tərəfindən Fəxri fərmanla təltif olunub. Prezidentin Sərəncamı ilə “Qarabağ” ordeninə layiq görülməsi isə polkovnik-leytenant Elşən Ağagülovun buna qədərki təltiflərini, əgər belə demək mümkünsə, kölgədə qoyub.

Ağagülov Şəhriyar Etibar oğlu
Ağagülov Şəhriyar Etibar oğlu

    Polkovnik-leytenant Elşən Ağagülovun qardaşı, polkovnik Şəhriyar Ağagülov da sentyabrın 27-dən döyüş bölgəsindədir. O isə 44 günlük Vətən müharibəsində bir artilleriyaçı kimi öz məharətini göstərib. Yeri gəlmişkən qeyd edək ki, polkovnik-leytenant Elşən Ağagülovun Eldəniz adlı digər qardaşı Ağdam istiqamətində döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb və 1996-cı ildə haqq dünyasına qovuşub.
Polkovnik-leytenant Elşən Ağagülovun anası Emma xanım bizimlə söhbətində zabit oğlanlarının şücaətindən qürur duyduğunu bildirməklə yanaşı, bu sözləri də dedi: “Müqəddəs torpaqlarımızın işğaldan azad edilməsi uğrunda 44 gün davam edən Vətən müharibəsinin möhtəşəm Qələbəmizlə başa çatması tarixi zəfərimizdir. Bu, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Döyüşdə qazanılan Qələbəyə görə dövlətimizə, ordumuza, ən başlıcası isə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevə minnətdarıq. Sevinirəm ki, oğlanlarım da şanlı, şərəfli bir tarix yazan müzəffər ordumuzun zabitləridirlər. Hər bir əsgər və zabitimiz ərazi bütövlüyümüzü təmin etməklə yanaşı, bütün şəhidlərimizin intiqamını almaqla yüzlərə anaya, o cümlədən mənə təsəlli verdilər. Üstəlik, şəhidlərimizin ruhunu şad etdilər. Allahdan bütün əsgər və zabitlərimizə cansağlığı və güc-qüvvət arzu edirəm.”

Müəllif:Qvami Məhəbbətoğlu