Ənvər müəllim üçün bir əzizləmə

845

    O mənim sevimli müəllimlərimdən biri olub. Dərs deməyi də səmimi söhbət xarakterində olardı. Özünün də çox şirin dil üslubu vardı. Keçilən mövzunu elə izah edərdi ki, danışdıqları kino lenti kimi gözlərimiz qarşısında canlanardı. Bəlkə də elə bu səbəbdən o, dərsi izah edəndə sinifdə milçək vızıltısı belə açıq-aydın eşidilərdi. Özü də o, dediklərinə inzibati yollarla qulaq asmağa kimsəni məcbur etməzdi. Odur ki, şagirdlər onun hər dərsini səbirsliklə gözləyərdilər. Hə, bir də hərdən maraqlı hadisələrdən kiçik bir epizod danışmaqla dərsini davam etdirərdi. Üstəlik, qüvvətli və çoxmənalı yumoru vardı. Bir də elə zövqlə geyinərdi ki… Söhbət 49 il ömür sürmüş Ənvər müəllimdən gedir.

    Haşiyə

Ənvər müəllim Babayev

    Bu yazını qələmə alanda bir neçə nəfərlə həmsöhbət oldum. Onların hamısından eyni sözləri eşitdim: “O mənim də sevimli müəllimim olub”.

    Maarif Əmkişiyevin xatirələrindən: “Həyatdan vaxtsız köçmüş, ancaq həmişə qəlblərdə yaşayan Ənvər müəllim 7-ci sinifdə bizə həm Azərbaycan dilindən, həm də ədəbiyyatdan dərs deyib. Sözün düzü, o vaxta qədər mən riyaziyyata meyilli idim. Amma Ənvər müəllim məni necə ovsunladısa, fikrimi dəyişdim, ədəbiyyatı seçdim. Hətta o, mənə azərbaycan dili və ədəbiyyatını necə sevdirmişdisə, ali məktəbdə oxuyanda o qədər də əziyyət çəkmədim. Belə ki, professorların mühazirələrini dinlədikcə bir daha əmin oldum ki, Ənvər müəllim ali məktəblərdə dərs deyəsi müəllimmiş”.

    1932-ci ildə Quba rayonunun Alpan kəndində dünyaya göz açan Ənvər Həsən oğlu Babayev Quba Müəllimlər İnsitutunda təhsil aldıqdan sonra 18 yaşında ikən Qobustanın Ərəbqədim və Çalov kəndlərində pedaqoji fəaliyyətinə başlayıb. 1952-ci ildə Qubanın Susay kənd orta məktəbində çalışıb. 1961-ci ildə o, Alpan kənd orta məktəbinə emalatxana müdiri təyin edilib, yəni əmək təlimi müəllimi kimi çalışıb. Elə o illərdə də Azərbaycan Pedoqoji İnstitunda Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə ali təhsil diplomunu alıb. Bundan sonra, yəni 1966-cı ildə elə bu təhsil ocağında Azərbaycan dili və ədəbiyyatı fənninin tədirisinə başlayıb.

    Neman Qədirbəylinin xatirələrindən: “Mən bir müddət Qubada müxtəlif rəhbər vəzifələrdə, o cümlədən 15 ilə yaxın rayon maarif şöbəsinə rəhbərlik etmiş, Ənvər müəllimlə birgə Quba Müəllimlər İnstitutunda təhsil almış Nadir Əlövsət oğlu Babayevlə birgə çalışmışam. Nadir müəllim həmişə Ənvər müəllimdən danışarkən onu çox savadlı kadr kimi xarakterizə edərdi. O, günlərin bir günü dedi: “Bir dəfə Ənvər müəllimlə təsadüfən küçədə görüşdüm. Ona dedim ki, savadlı kadrsan, nə vaxta qədər əmək müəllimi kimi fəaliyyət göstərəcəksən, gəl sən məktəbdə Azərbaycan dili və ədəbyyatı fənnini tədris et”.

    Hətta deyərdim ki…
    1968-ci ildə isə Ənvər müəllim tərbiyə-təlim işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.

    Maarif müəllimin xatirələrindən: “O, bu vəzifəyə təyin olunandan sonra sanki məktəb canlandı. Belə ki, məktəbimizdə müxtəlif dərnəklər təşkil olundu. Məktəbin koridorunu portretlər, şüarlar bəzədi. O, kəndimizin Böyük Vətən Müharibəsinin iştirakçılarını araşdırdı, müəyyən nəticələr əldə etdi. Bu mənada Ənvər müəllim gördüyü işlərlə ölümündən sonra da yaşayan insanlardandır. Hətta mən məlum bir deyimi dəyişdirib belə deyərdim ki, sağ ikən yaşamaq hər kişınin işidir, öləndən sonra yaşamaq isə ər kişının işidir. Mənim sevimli mùəllimim kəndimizin ər kişilərindən idi”.

    Ənvər müəllim evini öz əlləri ilə tikib
    Yeri gəlmişkən, onu da qeyd edək ki, Ənvər müəllim, sözün həqiqi mənasında, yaxşı usta olub. Öz zəhmətsevərliyi ilə digər müəllimlərdən fərqlənən Ənvər müəllim bənnalığın, dülgərliyin, xarratlığın sirlərini əla bilirdi. Hətta “Tərəqqi” medallı Əməkdar həkim Cabir Məmmədovun sözlərinə görə, Ənvər müəllim ikimərtəbəli evini öz əlləri ilə tikib: “Onun səliqəsinə, zövqünə söz ola bilməzdi”.

    Oğlu Cəmşidin xatirələrindən: “Bəli, atam dülgərlik sənətində əsil usta kimi ad qazanmışdı, evimizdəki emalatxanasında adi dülgər dəzgahından əlavə, özünün ərsəyə gətirdiyi müxtəlif texniki gurğular da var idi. Bir sözlə, ucuz giymətə aldığı dülğər dəzgahı və dülgərliyə aid bir kitab ona sonradan bir emalatxana yaratmağa vəsilə olub. Özü danışardı ki, ailəsinə yaxşı ev tikmək arzusu və kasıbçılıq onu dülğərlik sənətini öyrənməyə vadar edib.

    Mən Ənvər müəllimgildə bir neçə dəfə olmuşam. Bir dəfə Ənvər müəllimin ortancıl oğlu Faiqlə birgə (mən onunla eyni sinifdə oxumuşam) onların evində Cövhərət müəllimin tapşırığı əsasında dünya xəritəsini çəkəndə çox zövqlə hazırlanmış kitab şkafından gözlərimi çəkə bilmədim. Faiq təəccübümü görüb: “Mağazalarda belə şeylər olmur. Bu atamın əl işlərindən biridir, – dedi. Əlavə etdi ki, evimizdə olan bu kimi əşyaların hamısını atam hazırlayıb. Yeri gəlmişkən, həmin kitab şkafında dinə aid ədəbiyyat da vardı.

    Ənvər müəllimin hazırladığı qapı-pəncərə, pilləkən, o vaxtlar dəbdə olan «ürəkli» şüşəbəndlər (aynabənd) də xüsusi fərqlənərdi.

    Ənvər müəllimin kəndimizin məktəbində də əl işləri var. Məsələn, məktəbdə indi də istifadə olunan kitabşəkilli “Şərəf lövhəsi”, “Dərs cədvəli” çərçivələri onun zəhmətinin bəhrələridir. Şagirdlərinin sözü ilə desək, əsil xalq müəllimindən qözəl xatirələrdir…

    Ümumiyyətlə, texnikaya olan marağı ilə seçilən Ənvər müəllim həm də foto həvəskarı idi. O, tez-tez şagirdlərin şəkillərini çəkərdi. Bu mənada o, mənim yaddaşıma kəndimizin ilk fotoqrafı kimi də həkk olunub. Şəxsən mənim arxivimdə Ənvər müəllimin çəkdiyi bir neçə foto var ki, onlardan biri məni daha çox xatirələrə dalmağa vadar edir. Həmin foto məktəb illərimin ilk fotosu kimi dəyərlidir. Hə, bir də…o, çəkdikləri fotoları özünəməxsus yarpaq formasında olan çərçivələrdə yerləşdirməyi çox sevərdi. Aldığım məlumata görə, “yarpaq” fotolar hələ çox alpanlının ailə albomunda qalmaqdadır.

    Yeri gəlmişkən, bir neçə kəlmə də Ənvər müəllimin həyat yoldaşı Roza xanım ( 1936-2005) haqqında… Hər dəfə onlara gedəndə Roza xanım məni çox səmimi qarşılar, üstəlik, mürəbbəli çaya dəvət edərdi.

    Təşəbbüskar müəllim
    Ənvər müəllim həm də öz təşəbbüskarlığı ilə yaddaşıma həkk olunub. Belə ki, məhz onun təşəbbüsü, daha doğrusu, onun müəllifliyi və layihəsi əsasında 1975-ci ildə kəndimizdə Böyük Vətən müharibəsində iştirak etmiş həmkəndlilərimizin xatirəsinə abidə ucaldılıb. Həmin məkan bu gün də müqəddəs ziyarətgah hesab olunur. Bir də səhv etmirəmsə, həmin abidənin açılışında müharibənin iştirakçısı olmuş və döyüşlərdə həlak olanların da adlarını ilk dəfə məhz Ənvər müəllim sadalamışdı. Özü də həmin tədbirdə çox maraqlı kompozisiya da nümayiş etdirilmişdi.

    Haşiyə
    Ənvər müəllimin atası, Həsən Ağagül oğlu müharibə iştirakçısı olub. 1943-cü ilin mart ayında cəbhədən yaralı qayıtmış Həsən müəllim elə həmin ilin mayında dünyasını dəyişib. Qeyd edək ki, o, müharibəyə qədər rus dili müəllimi kimi Mərəzədə və Qusarın Xuray kəndində fəaliyyət göstərib.

    Ənvər müəllimin əmisi Xalid Böyük Vətən müharibəsində itkin düşüb. Bir ayağını müharibədə itirmiş Ağamurad adlı əmisi isə dinc quruculuq illərində sovxozda qaravolçu kimi fəaliyyət göstərib.

    Öz ictimai fəaliyyəti ilə seçilən Ənvər müəllim bu təşəbbüskarlığını 1975-ci ildə Alpan kənd Zəhmətkeş Deputatları Sovetinə sədr təyin olunanda da davam etdirib. Belə ki, kənd yollarının abadlaşdırılması və kənd əhalisinin su təchizatının yaxşılaşdırılması kimi problemlərin həllində çalışıb. Ümumittifaq “Bilik” cəmiyyəti”nin üzvü, Ümumdünya Təbiəti Mühafizə Cəmiyyətinin inspektoru, Azərbaycan SSR pedoqoji cəmiyyətinin üzvü olması isə onun ölkənin sosial-içtimai həyatında da fəal iştirakını təsdiqləyir. Hə, bir də kənd sovetində işlədiyi illərdə kəndimizdə “Veteranlar evi” inşa etdirmək fikrində idi. Lakin vaxtsız ölüm bu arzusunun reallaşmasına imkan vermədi. Həmin çertyoj indi də onun arxivindədir.

    Zabit Babayevin xatirələrindən: Mənə bir zamanlar dərs demiş Ənvər müəllimlə ictimai həyatda birgə fəaliyyət göstərmişəm. Onu da deyim ki, Ənvər müəllimin kəndimizin o ağır illərində su çəkilişində çox zəhməti olub. Özü də bu işdə ona deputatımız olan Xalq rəssamı Mikayıl Abdullayev yaxından köməklik edirdi. M.Abdullayev Ənvər müəllimin söz ustası olduğunu bilirdi və ona hörmətlə yanaşırdı. İndiki kimi yadımdadır. İdarənin yanındakı Mədəniyyət evinin geniş açıq balkonunda Mikayıl Abdullayevin şərəfinə bir ziyafət təşkil eləmişdik. Ənvər müəllim həmin tədbirdə elə şeirlər dedi ki…hətta dünya şöhrətli M.Abdullayev öz təəccübünü gizlədə bilmədi.

    Duyğulu insan
    Ənvər müəllim öz duyğularını şeirə, hekayəyə çevirməkdə də mahir idi. Böyük oğlu Elman müəllimin sözlərinə görə, atasının əlyazması formasında çap olunmamış şeirləri, hekayələri qalmaqdadır. Şair təbiətli Ənvər müəllim bütün bunları böyük bir dastana bənzətdiyi “Könül sözləri”ndə toplayıb. Onlardan birini, daha doğrusu, oğlu Faiqin (Allah rəhmət eləsin) hərbi xidmətə başlaması ilə əlaqədar qələmə aldığı şeirdən bir neçə bəndi sizin də diqqətinizə çatdıraq.

…Gördüm oxuyursan əsgər andını
Bir əldə avtomat, bir əldə kitab.
Görə qartal kimi öz övladını
Heç ata ürəyi eyləyərmi tab?

Nə gözəl yaraşır sənə bu paltar,
Elə bil səninçün tikiblər onu.
O əsgər andına sadiq baxışlar
Göstərir həqiqi oğulluğunu…

 

    Ənvər müəllimin bir satirik şeirini də diqqətinizə çatdırmaq istərdim:

Vəzifə sahibi olan bir kəsin
Anqırsa eşşəyi kobud səsiylə
Yaltaqlar deyər ki, bülbül səsidir
Oxuyur cənnətdə gül həvəsiylə.

    Həyatından digər fraqmentlər
Ənvər müəllimin anası Gülsabah (Fileydan qızı) xanım, əgər belə demək mümkünsə, ağzı dualı bir xanım idi. Mülayim rəftarı, səmimiliyi ilə seçilərdi. Həyat yoldaşı rəhmətə gedəndən sonra o da ağrılı, acılı günlər yaşayıb. Çətinliklərə rəğmən, Gülsabah xanım övladlarını zamanın tələblərinə uyğun yetirşdirə bilib. O, 1992–ci ildə vəfat edib.

    Böyük oğlu Elman Babayevin xatirələrindən: Atam o illərdə anasının əziyyətlərindən söz açanda bu epizodu da danışardı: “Atam rəhmətə getdikdən sonra anam kolxoz bağlarını mühafizə edirdi. Mən də onu tək buraxmamağa çalışardım. Hətta gecələr anamla birgə bağdakı komada qalardım. Bir gecə yuxudan ayılanda komanın qabağında bir canavar gördüm. Düzü, qorxdum. Tez anama xəbər verdim. Anam komanın girəcəyinin yaxınlığındakı ocağın odunu daha da gur alovlandırmaqla həmin canavarı oradan uzaqlaşdırdı”. Bu hekayətdən sonra isə deyərdi: Mənim anam cəsur qadın idi”.

    Onu da deyim ki, atasının rəhmətə getməsi atama çox pis təsir edib. Əgər belə demək mümkünsə, dünya gözündən düşüb. Hətta o, sonradan qələmə aldığı şeirlərində atasından dönə-dönə söz açıb. Məsələn, atam 1952-ci ildə bu münasibətlə yazdığı şeirində deyir:

Dostlar, doqquz il düz bundan qabaq,
Çəkilmiş sinəmə silinməz bir dağ.
Gəlib yetişdikcə son dəqiqələr
Könlümə gəlir nələr, keçir nələr.
Hər il yetişəndə bax həmin o gün
Elə bil könlümə salıblar talan,
İyləsəm ətrini bitən hər gülün
Etməz zərrə əsər qəlbimə inan.

        Son
    Yazımı isə ali məktəbdə mənə dərs demiş Təhsin Mütəllimovun bu sözləri ilə yekunlaşdırmaq istərdim: “İnsan əzizlərini real həyatda itirdikdən sonra ümidi bir yuxulara qalır, bir də xatirələrə… Bu məqamlarda elə bil ki, müqəddəs ruhlarla bir növ təmas tapırsan, görüşürsən, dərdləşirsən, ovunursan… Bəlkə, buna görə də yuxular, xatirələr hər kəs üçün əzizdir, müqəddəsdir… Yuxunu bəzən arzuya, istəyə uyğun yozanlar da olur, xatirələrdə isə bu olmaz! Xatirə həyatda şahidi olduğun faktlardır və onu heç vaxt arzuladığın variantlara dəyişmək olmaz. Ən azı günahdır!.. Xatirələr hər kəsin bir növ ikinci ömrüdür, həyatının yaddaş güzgüsüdür… Şifahi ədəbiyyatda bayatının “oxşama” şəkli vardır; xatirələri isə şərti olaraq “əzizləmə” də adlandırmaq olar…”

    Elə mən də bu niyyətlə Ənvər müəllim üçün belə bir əzizləmə yazdım. Ruhu şad olsun. Qeyd edək ki, həmişə vaxtın azlığından gileylənən 4 övlad (oğlanları – Elman, Faiq, Cəmşid və qızı Rəmziyə) atası olan Ənvər müəllim 1981-ci ilin payızında, əgər belə demək mümkünsə vaxtsız dünyasını dəyişib.

Müəllif:Qvami Məhəbbətoğlu (Rəsulov)

P.S. Yazının ərsəyə gəlməsində göstərdikləri mənəvi yardıma görə Ənvər müəllimin oğlanları – Elman bəyə və Cəmşid bəyə təşəkkürümü bildirirəm.