Montessori təlimi. Bu adı son zamanlar çox eşidirik və bu təlim son zamanlar çox tətbiq edilir. Bəs Montessori təlimi nə deməkdir? Qısaca deyək ki, bu təlim Mariya Montessori (1870 – 1952) tərəfindən yaradılıb.O, İtaliyanın Kyaravalle vilayətində anadan olmuşdur. Montessori İtaliya tarixində tibb kursunu bitirən və elmlər doktoru dərəcəsini daşıyan ilk alim qadın idi.
Mariya Montessorinin metodikasının əsas ideyası ondan ibarətdir ki, istər normal, istərsə də əqli geriliyi olan uşaqların ətraf aləmi anlaması üçün onlara inkişaf etdirici mühit lazımdır.
Zamanla Montessorinin davamçıları sistemə uyğun olaraq onu daha da işləyib təkmilləşdirdilər. İndi bu təlim dünyada geniş yayılıb. Autizmli və digər problemi olanlarla yanaşı sağlam uşaqlara da tətbiq edildikdə inanılmaz nəticələr əldə edilib. Montessori təlimi şəxsiyyət yetişdirməkdə hələ ki, ən mükəmməl və yeganə təlimdir.
Montessori metodunun bir neçə əsas prinsipini övladınızın təlim və tərbiyəsində tətbiq etməyiniz vacibdir.
- Müstəqillik
“Heç vaxt uşağa öhdəsindən gələcəyinə inandığı tapşırıqları yerinə yetirməyə kömək etməyin” Mariya Montessori.
Övladınıza tapşırıqların, çətinliklərin öhdəsindən gəlməkdə müstəqillik verin. Onun üçün hərəkətlərində, istəklərində, seçimlərində sərbəstlik yaradın. Bu gün gəzintiyə geyinəcəyi köynək, oynayacağı oyunlar, ev tapşırığını hansı ardıcıllıqla yerinə yetirməklə bağlı qərarları onun öhdəsinə buraxın. Bununla övladınız özünə inanacaq və qərarlarına görə məsuliyyət daşımağı öyrənəcək.
- Müşahidə
Övladınızı müşahidə edin. Ən kiçik yaşlarından o öz davranışı ilə ehtiyaclarını biruzə verəcək. Əgər kiçik balanız əşyalar toqquşarkən yaranan səsdən zövq alırsa ona bir-birinə vuraraq səs çıxara biləcəyi təhlükəsiz əşyalar, yaxud oyuncaq verin. Beləliklə, siz övladınızın ehtiyacları ilə mövcud mühit arasında harmoniya yaratmış olarsınız.
- İzləmə
Övladınızın ehtiyaclarını və istəklərini izləyin. Əgər kiçik dəcəliniz növbəti dəfə stolun üstünə çıxıb tullanmağa cəhd göstərirsə “etmə, olmaz!” əvəzinə ona dırmaşmaq, tullanmaq üçün təhlükəsiz mühit yaradın. Bu şəkildə siz övladınızı istiqamətləndirməkdən uzaq olub, ona öz imkanlarının hüdudlarını sınamağa şans yaradırsınız.
- Səhv düzəltmə
Övladınız səhvlər edəcək- bu qaçılmazdır. Belə situasiyalarda mühim olan sizin onun səhvlərinə olan münasibətinizdir. Övladınızın səhvini səsinizi ucaltmaqla və heç bir halda fiziki cəza ilə düzəltməyin. Dəcəl balanız yeni xalçanın üzərinə çay dağıtdı? Onu xalçanı birlikdə təmizləməyə dəvət edin. Sizinlə eyni işlə məşğul olmaq ona oyunları qədər zövq verəcək. Balacanız sözlərin tələffüzündə səhv buraxır? Səhvin olduğunu bildirmək əvəzinə sözün düzgün variantını ona ünvanlayın. Səhvlərin qabardılması sonda övladınızın uğursuzluqdan və tənqiddən qorxduğu üçün ümumiyyətlə nəyəsə cəhd etməkdən çəkindirə bilər.
- Süngər kimi zehin
Həyatının ilk 3 ilində övladınızın zehni süngər kimidir. Heç bir xüsusi təlim olmadan belə o ətrafında baş verənləri süngər kimi özünə çəkir. Bu illər ərzində övladınız eşitdiyi dili və müşahidə etdiyi davranışı sürətlə mənimsəyir. Bu səbəbdən ətrafda övladınızda görmək istədiyinin keyfiyyətlərə uyğun mühit yaratmağınız şərtdir.
Müəllif:valideyn.az saytı
Elizabet Heynstok adlı müəllifin “Evdə Montessori Təlimi” adlı kitabı ana dilimizdə yenidən nəşr edilmişdir. Kitabı həmkəndlimiz Əfsanə Şahmurad ingilis dilindən tərcümə etmişdir. Kitab Teas Press mətbəəsində nəşr edilib.
Bu təlimin yaradıcısı Mariya Montessorinin ən böyük, qabaqcıl nailiyyəti uşağın inkişafında ilk altı ilin həlledici əhəmiyyətini müəyyənləşdirməsi olub. Bu müddət ərzində uşağın mənimsəmə gücü maksimumdur. Onu həyatı boyu müşayiət edəcək öyrənmə tərzi və üslubu bu dövrdə formalaşır. Montessori təlim sistemi məhz bu həssas mərhələdə uşağınızı məsuliyyətli, düşünən fərd kimi yetişdirməyiniz üçün sizi zəruri imkanlarla təmin edir.
Bu metodika ilə minlərlə valideyn evdə uşaqlarına dinamik Montessori təlimini təqdim edib. Burada təqdim olunan həlli asan Montessori çalışmaları, texnikaları və materialları uşağınıza kəşf etmə və düşünmə qabiliyyətini aşılayır, onun gələcək təlim həyatı üçün möhkəm zəmin yaradır. Bir yaşdan beş yaşa qədər məktəbəqədər dövrü əhatə edən dərslər oxumaq və yazmaq, riyaziyyat, duyğu, qavrayış və praktik həyat situasiyaları ilə bağlı bacarıqları bu kitabı oxumaqla övladlarınızda inkişaf etdirə bilərsiniz.