Bu gün-7 May 2019-cu il tarixdə Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda həmkəndlimiz Firəngiz Əhmədovanın yaradıcılıq günü keçirilmişdir. Şairənin son kitabı olan “Əzizlə Dərd Yaramı” kitabının təqdimat mərasimi də bu tədbir daxilində baş tutmuşdur. Kitabda Firəngizin son yazdığı şeirləri toplanmış və daha əvvəllər çap edilmiş kitablarından da seçmə şeirlər yeni kitabına daxil edilmişdir.
Tədbiri çıxış sözü ilə açıq elan edən AYB Quba bölməsinin rəhbəri Vaqif müəllim Firəngiz barədə danışdı,onun yaradıcılığından bəhs etdi. Ona məsləhət və tövsiyyələrini bildirdi. Daha sonra söz digər iştirakçılara verildi. Çıxış edənlər Firəngiz haqqında fikirlərini bölüşdülər və onun şeirlərindən səsləndirdilər.
Tədbirdə Firəngizin yaxınları,onun pərəstişkarları və qələm yoldaşları ilə bərabər onunla on il bir sinifdə oxumuş mən də iştirak edirdim. Mənə onun sinif yoldaşlarının adından danışmaq üçün söz verildi.Mən də Firəngiz barədə öz fikirlərimi bildirdim və ona yaradıcılıq uğurları arzuladım.
Sonda Firəngiz yaradıcılığı və təqdim edilən kitabı barədə danışdı. O,bildirdi ki, kitabın çap edilməsində tanımadığı bir hərbçi maliyyə dəstəyi göstərmişdir.Tədbirdə iştirak edənlərə təşəkkürünü bildirib bir neçə şeirini səsləndirdi.
Tədbir barədə son olaraq onu qeyd edim ki, mən şəxsən Firəngizin sinif yoldaşı olmağımla və onunla həmkəndli olmağımla qürur duydum. Firəngiz haqqında deyilən sözləri eşitdikdə və bu sözlərin kimlər tərəfindən deyildiyinə fikir verdikdə doğurdan fəxr ediləsi bir an yaşamış oldum.
Bir daha Firəngizə uğurlar arzu edirəm. Ümüd edirəm ki, Firəngiz ona yönəlmiş məsləhət və tənqidləri qəbul edəcək və ən azında ildə bir dəfə bizləri Azərbaycan Yazıçılar Birliyinin
Natəvan klubuna-şeir,sənət yaradıcılarının ən ali kürsüsünə kitab təqdimatına və yaradıcılıq gününə dəvət edəcək.