Fərman kişinin bir yadigarı haqqında

187

     Zənnimcə, kəndimizin mərkəzində yerləşən və Ömər kişiyə məxsus evi hər kəs tanıyır. Sən demə, həmin məkanda bir zamanlar dükan fəaliyyət göstərib. Özü də həmin dükanın sahibi Hümmətlər şəcərəsinə məxsus Fərhad kişi olub. O, bu dükanda gündəlik tələbat mallarını satmaqla ailəsinin dolanışığını təmin edib. Bu işdə ona oğlu Fərman kişi yardımçı olub. Deyilənlərə görə, onlar yüksək var-dövlət sahibi olmasalar da, əldə etdikləri gəlirin bir hissəsini kasıblarla bölüşüblərmiş.

Baləmi kişi Fərhadov
Baləmi kişi Fərhadov

     Kəndin yaşlı adamlarından aldığımız məlumata əsasən onu da qeyd edək ki, ata və oğul mal kəsəndə ət almaq imkanı olmayanlara təmənnasız ət payı da göndərərmişlər. Lakin sovet hakimiyyəti qurulandan sonra onların da əgər belə demək mümkünsə, qara günləri başlayıb. Belə ki, onlara qolçomaq damğası vurularaq, əmlakları müsadirə olunub. Bu mənəvi iztirablara tab gətirməyən ata-oğul, yəni Fərhad və Fərman ötən əsrin 30-cu illərində dünyalarını dəyişiblər. Sonradan isə həmin məkanda Fərhad kişinin yaxın qohumlarından sayılan, özünəməxsus deyimləri və duzlu-məzəli söhbətləri ilə yaddaşlara həkk olunan Ömər kişi məskunlaşıb.

Fərman kişi haqqında bəzi qeydlər

     Fərhad kişi haqqında daha ətraflı məlumat toplaya bilmədik. Amma Fərhad kişinin oğlu Fərman barədə əldə etdiklərimizə istanadən deyə bilərik ki, o, əslən Quba rayonunun Digah kəndindən olan Gülnisə adlı bir xanımla ailə qurub. (Onu da qeyd edək ki, Gülnisə xanımın o biri bacısı Dürnisə xanım Molla İslamın oğlu Həsən kişi ilə ailə həyatı qurub). Bu izdivacdan iki oğlan (Baləmi və Niyaz) və Camal adlı bir qız dünyaya gəlib. Niyaz və Camal gənc yaşlarında dünyalarını dəyişiblər. Deyilənlərə görə, Camal bibisi Sədiyyə xanımın xətrini dünyalar qədər istəyərmiş. Bibisinin vaxtsız ölümünə dözə bilməyən Camal xanım da onun vəfatından az sonra dünyasını dəyişib.

Ata yurduna dönüş

Baləmi kişi Fərhadov
Baləmi kişi Fərhadov

     İndi də bir neçə kəlmə Fərman kişinin yadigarı Baləmi Fərhadov haqqında… Baləmi Fərhadov 1926-cı ildə Alpan kəndində anadan olub. Uşaq yaşlarından atasını itirmiş Baləmi Aşağı Xuc kəndində ərdə olan bibisi Feyzə Fərhad qızının himayəsində yaşayıb və həmin kənddə altıillik ibtidai təhsil alıb. Həmin illərdə onun tam orta təhsil almaq imkanı olmayıb. 1943-cü ildə Baləmini cəbhəyə yola salıblar. Lakin azyaşlı olduğuna görə, o, cəbhədən geri qaytarılıb. 1945-ci ildə, hələ müharibə qurtarmamış Baləmi yenidən ordu sıralarına cəlb olunub. Elə burada da o, texnikanın sirlərinə yiyələnib. Əsgərlikdən tərxis olunduqdan sonra Quba şəhərindəki MTS-də işə düzəlib. Bu səbəbdən o, Aşağı Xucdan Qubaya köçüb. 1950-ci ildə Baləmi öz bibisi qızı Zərifə Cəmaləddin qızı ilə ailə qurub. Özü də deyilənlərə görə, toysuz-filansız… Burada bir müddət yaşadıqdan sonra Baləmi kişi Alpana – sahibsiz qalmış ata yurduna pənah gətirib və kənd camaatının köməyi ilə özünə ev inşa edib. Qeyd edək ki, hazırda həmin evdə Baləmi kişinin kiçik oğlu Rövşən yaşayır.

“Poluturka” sürücüsü

     Baləmi kəndimizin kolxozuna verilən ilk yük maşınlarının, o dövrün təbirincə desək, “poluturka” sürücüsü olub. Bəli, bir zamanlar kəndimizdə öküz arabaları vardı. Gəlini də bəy evini onlarla aparardılar. Sonradan bu missiyanı “poluturka”lar yerinə yetirməyə başlayıb. Baləmi də idarə etdiyi maşınla çox evlərə gəlin gətirib. Bu yük maşını bəzən palçıqlı məhəllələrdə batardı. Belə məqamlarda gəlin maşından düşüb bəy evinə kimi piyada getməli olurdu.

Yaddaşlardan sətirlər

Baləmi kişi Fərhadov
Baləmi kişi Fərhadov

     Fərhad Babayevin yaddaşından: “Mən Baləmi kişini yaxşı tanıyırdım. O, maşın və mexanizmlərə bağlı bir insan idi. Özü də texnikanın dilini yaxşı bilirdi. Ola bilsin elə o səbəbdən də atam Babayev Qiyasəddin 1950-ci illərin sonlarında kolxoz sədri kimi istifadəsində olduğu “Villis” deyilən “Qaz 69” markalı avtomobilini idarə etməyi ona həvalə etmişdi. Baxıb ğörürdüm ki atam bu şəxs ilə daha cox dostluq, həmkar münasibətlərində olurdular, söhbətləri tuturdu. Demək istəyirəm ki, Baləmi kişi təcrübəli dünyagörüşünə malik, təmkinli və müdrik davranışları ilə seçilərdi. Atam onu özü iştirak etdiyi məclislərə də bir dostu kimi dəvət edərdi. Sürücülükdən çox onun insani xüsusiyyətləri atamın təbiətinə uyğun gəlirdi. O vaxt uşaq təfəkkürü bunu tam həzm etməsə də, kamilləşdikcə bu dəyərləri dərk etdim”.

“Gecə məktəbi”

     Altıillik təhsili olsa da Baləmi kişi yüksək işgüzarlığı, üstəlik yüksək təşkilatçılığı, mütaliəsi ilə fərqlənib. Elə bu kimi xüsusiyyətlərinə görə, o, Alpan kənd soveti sədrinin katibi vəzifəsinə irəli çəkilib. Həmin illərdə “gecə məktəbi” adlanan məktəbdə təhsilini davam etdirib. Bəli, bir zamanlar ailənin sosial durumunun ağırlığını öz çiyinlərinə alaraq təhsildən uzaqlaşanlar bir qayda olaraq belə məktəblərə üz tutar, beləcə savadlarını artırardılar. “Gecə məktəbi”ni başa vuran, daha doğrusu, orta təhsil bazası əsasında attestata yiyələnən Baləmi uzun illər (1960-1970-ci illərdə) kənd soveti vəzifəsində çalışıb. Yanılmıramsa, düz 11 il. O, öz ərizəsi ilə işdən azad olunub. O, bu illərdə kənddə ilk su krantlarının qoyulmasına, məhəllədaxili yolların genişləndirilməsinə, həmçinin kənd sakinləri arasındakı münaqişələrin həllinə nail olub. Kəndimizdə hamam tikintisinin təşəbbüskarlarında biri Baləmi olub.

Haşiyə

Deyilənlərə görə, Baləmi kişi kənd soveti vəzifəsində çalışarkən öz iş otağındakı stolun üzərinə qırmızı parça sərərmiş. Münaqişəli məsələlərdə düzgün mövqe tutmayanları həmin qırmızı masa ilə “qorxudaraq” belə deyərmiş: “Səni apararam qırmızı stolun qabağına orada cavab verərsən”.

Haşiyə

     Baləmi kişinin oğlu Fərman bəyin sözlərinə görə, atası təbiətin qoynunda istirahət etməyi çox sevərdi: “Odur ki, onu Məstan müəllimlə (Söhbətov) birgə həmişə kəndimizin bu və digər məkanında görmək olardı. O, belə məqamlarda dərman bitkilərini toplamağa da maraq göstərərdi. Bir də atam mütaliəsindən heç vaxt qalmazdı. Şərq ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri sayılan Sədi Şirazinin şah əsərləri, daha doğrusu, ibrətamiz hekayətlərlə zəngin olan “Gülüstan” və “Bustan” isə onun stolüstü kitabları idi. Yeri gələndə atam həmin əsərlərdən misallar da gətirərdi.

Sonrakı fəaliyyəti

Baləmi kişi Fərhadov
Baləmi kişi Fərhadov

     Kənd soveti sədri vəzifəsindən ayrılan Baləmi kişi Sabir adına sovxozda fəhlə kimi çalışıb. Bir müddətdən sonra o, Qaraçay qəsəbəsindəki inkubator stansiyasında təsərrüfat müdiri vəzifəsində fəaliyyət göstərib. Mirab Əhmədov sovxoza rəhbərlik etdiyi dövrdə isə kəndimizin qarajında mexanizator olub. Baləmi Fərhadov ömrünün ixtiyar yaşlarında Mahmud kişinin (ona “Qara Mahmud” deyərdilər) yardımı ilə dini biliklərə yiyələnib və dəfn mərasimlərinin təşkilində iştirak edib.

2 oğul (Fərman, Rövşən), 3 qız (Lətifə, Məhluqə, Sədiyyə) atası olan Baləmi kişi həyat yoldaşının vəfatından 3 il sonra, yəni 2004-cü ildə dünyasını dəyişib.

 

Müəllif:Qvami Məhəbbətoğlu

 

P.S.Yazının ərsəyə gəlməsində göstərdiyi yardıma görə Fərman Fərhadova təşəkkürümü bildirirəm