Gələcəyin Nobel mükafatçısı.

757

     Məqsədə çatmaq üçün əzmlə çalışmalı,nəticə əldə etmək üçün kənar pis təsirləri ram etməyi bacarmalısan. Əgər səndə bu xüsusiyyətlərə malik xarakter yoxdursa mübarizə aparmağa dəyməz. Əlavə olaraq insanın ətrafında pozitiv adamlar, ona kömək  etmək istəyən şəxslər və onu uğuru yolunda ruhlandıran insanlar olanda sən daha da şanslı olur və motivasiya edilmiş olursan.Məqsədyönümlü,ambisiyalı insanların uğurlu nəticə əldə etməsində əsas olan onun çalışqan olması və məqsədinə çatmaq uğrunda nələrisə qurban verməsidir.

     Yazıma bu girişlə başlamağım səbəbsiz deyil. Haqqında Sizlərə danışacağım şəxsi artıq Azərbaycanda deyil, bütün Dünyada tanıyırlar desəm yanılmaram. Bəli, artıq Reyhan adını, onun ixtirasını, uğurunu  hər kəs tanıyır. Reyhan ambisiyalı qızdır,məqsədinə çatmaq üçün çox çalışır, oxuyur, savadını artırır. Hətta , o gələcəkdə  öz ixtiraları, öz əməyi ilə Nobel mükafatını almağa iddialıdır.

     Digər tərəfdən o, çox şanslı qızdır. Çünki, onun dayağı, arxasında duran və onu ruhdan düşməyə qoymayan atası Rauf həkim, anası Ulduz xanım var. Rauf həkimi çoxdan tanısam da anası Ulduz xanımı ilk dəfə idi görürdüm. Ulduz xanıma elə ilk görüşdən rəğbətim yarandı. Reyhanın ən böyük şansı bəlkə də onun Ulduz xanım kimi anasının olmasıdır. Reyhanla onun təhsil aldığı “İstək” litseyində anası Ulduz xanımın müşayətilə görüşdüm. Ananın qızının uğuruna  necə sevindiyi onun gözlərindən sezilirdi. Reyhan xanımın valideynləri onun uğuru üçün çox çalışırlar. Reyhan lap kiçik yaşlarından atası ilə elmi-nəzəri filmlərə baxmağı və bu filmlər ətrafında müzakirələr aparmağı çox sevirmiş. Reyhanın ixtirası onun ağlına o uşaq ikən gəlmişdi. O, özü üçün bir məsələni uşaqlıqdan aydınlaşdırmaq istəyirdi. Günü-gündən texnoloji inkişaf edən bir zamanda alternativ enerji qaynaqları ətrafında çoxlu fikirlər, ideyalar formalaşır və tətbiqi üçün işlər gedirdi. Reyhan günümüzdə küləkdən, Günəşdən, çaylardan, dəniz dalğasından enerji alındığını bilir və düşünürdü ki, niyə yağışdan enerji almayaq?! Onun bu fikirləri sonda yağışın potensial enerjisindən elektrik enerjisi alacaq yeni qurğunun ixtira edilməsinə səbəb oldu. Bu qurğu dünya elminə yeni bir töhvədir. Alternativ enerji mövzusunda aparılan elmi araşdırmalara Reyhanın ixtirası öz damğasını vurdu. Nəzərə alsaq ki, Reyhanın cəmi on beş yaşı var, onda bu ixtiranın qiyməti hədsiz olur. Hazırda sınaq-test dövrünü yaşayan ixtira Reyhan tərəfindən gələcəkdə inkişaf etdiriləcək və daha böyük nailiyyətlər qazanacaqdır. Reyhanın ixtirası “Rainergy” adlanır və yağışdan enerji əldə etmək üçün yaradılmış bir qurğudur. Qurğunun iş prisipi yağış yağarkən rezervuara toplanan suların yüksək sürətlə aşağı hərəkət etməsi nəticəsində aşağıda yerləşdirilmiş generatoru işə salması və bu zaman yaranmış enerjinin  akkumulyatorda toplanmasından ibarətdir.

     Qısa arayış: Reyhan Rauf qızı Camalova 17 noyabr 2002-ci il tarixində Quba şəhərində ziyalı ailəsində anadan olub. 2009-cu ildə Quba şəhərində A.Məmmədov adına 2 saylı təbiət-təmayüllü məktəb-liseyə qəbul olub. 2015-ci ildə İSTƏK liseylərinə keçirilən qəbul imtahanında region üzrə ən yüksək nəticə göstərib. Əldə etdiyi nəticəyə görə 100% təqaüdlə “İSTƏK”liseyində təhsil almaq hüququ qazanıb. Reyhan Camalova hazırda Gənclik İSTƏK liseyinin IX sinif şagirdidir

     Reyhanın yaşının az olmasına baxmayaraq o, daha dərin düşünür və ixtirasının tanınması, istehsalı və tətbiq edilməsi uğrunda əzmlə çalışır. Sadəcə çalışmır o, öz ixtirasını çox gözəl təqdim etməyi bacarır. Çünki, o tükənən enerji mənbələrinin alternativi olacaq bu qurğusunun insanlara hansı fayda verəcəyini indidən görür. Onun bir şüarı var:”Hər dəfə bir evi işıqlandır”. Əslində bu şüarda güclü sosial çağırış var. Reyhan Yer kürəsində işıqsız bir evin qalmasını istəmir. Hazırda istehlak edilən enerjinin heç də ucuz olmadığını nəzərə alsaq bol yağışlı ölkələrdə Reyhanın ixtirasının tətbiqi iqtisadi cəhətdən səmərəli ola bilər.

     2017-ci ili Reyhan üçün uğurlu bir il saymaq olar. Onun ixtirası Respublikamızda keçirilən yarışmada uğurla təqdim edildikdən sonra internet səsverməsilə Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitinin birbaşa yarımfinalında iştirak etmək hüququ qazanır.O, öz  ixtirasını orada  da uğurla təqdim edib investorların diqqətini öz işinə cəlb edə bilir. Onun ixtirası ABŞ prezidentinin qızı və onun baş müşaviri olan İvanka Trampın xüsusi marağına səbəb olur və belə böyük tədbirdə on beş yaşlı qızımızı tədbir iştirakçılarına təqdim edir. Orada  bir neçə yerli telekanala ixtirası barədə məlumatlar verən Reyhan ixtirası ilə bağlı ilk təkliflər də almışdır. Hazırda Reyhan ixtirasını əvvəlcə Azərbaycanda , daha sonra Dünya miqyasında patentləşdirmək istəyir.

     Yazımı Reyhanın anası Ulduz xanımın bir fikri ilə tamamlamaq istərdim. O, öz qızını ruhdan salmamaq üçün, onu uğura kökləmək üçün çox məsləhətlər verir. Onun bir fikri məni daha çox düşündürdü. O, deyir :” Uğur qazanmasaq da təcrübə qazanacağıq”. Məncə çox gözəl fikirdir. Gələcək uğurlar üçün indi qazanacağımız təcrübə önəmli ola bilər. Uğurlar arzu edirəm.

Müəllif: İlkin R. Balayev