Sayt haqqında
İnternetlə tanışlığımın ilk vaxtlarından kəndimiz haqqında beynəlxalq şəbəkədə heç bir məlumatın olmaması və ya olan məlumatların yeknəsəkliyi, qısa, anlaşıqsız olması məndə kəndimiz haqqında dolğun məlumatların internetdə yerləşdirilməsi fikirni yaratmışdı.
Məqsədimi həyata keçirmək üçün 2010-cu ilin noyabr ayında “Facebook” sosisal şəbəkəsində “Alpanlılar” adlı qrup yaratdım. Qrupu yaratmaqda məqsədim alpanlıları bir yerə yığmaqla yanaşı həm də kəndimiz haqqında məlumatlar bazası yaratmaq idi. Məqsədimə çatmaqda qrup üzvləri mənə imkanları daxilində yaxından kömək etdilər və müəyyən qədər məlumat toplamaqda yardımçı oldular. İnternetin imkanlarının genişliyi mənə xaricdə yaşayan alpanlıları bir araya gətirməyə, onların fikirlərilə tanış olmağa imkan yaratdı.
Saytı yaradarkən mənə məlum oldu ki, bu fikiri icra etmək fikrin yürüdülməsindən qat-qat çətindir. Bu sahədə biliyimin yetericə olmadığından müxtəlif çətinliklərlə üzləşdim. İlk olaraq saytın hazırlanmasını peşəkar proqramçıya sifariş etmək istədim, amma məlum oldu ki, yaradılacaq saytda dəyişikliklər üçün həmişə peşəkarın köməyinə ehtiyacım olacaq. Bu səbəbdən proqramlaşdırma sahəsindəki baza biliklərimi təkmilləşdirmək qərarına gəldim. Proqramlaşdırma kurslarına gedərək sayt yaratmaq üçün zəruri ola biləcək dilləri qismən öyrəndim və saytın hazıranması işini tam olaraq öz üzərimə götürdüm. 2011-ci ilin mart ayında alpan.az domeynini adıma rəsmiləşdirərək tam hüquq əldə etdim.
Saytın hazırlanmasında mənə mənəvi köməklik edən alpanlılara, Facebook sosial şəbəkəsindəki “Alpanlılar” qrupunun üzvlərinə minnətdarlığımı bildirirəm. Məlumatların əldə edilməsində yaxından gəstərdikləri köməkliyə və dəyərli məsləhətlərini əsirgəmədiklərinə görə Türkiyədə yaşayan kəndçimiz hüquq elmləri doktoru Ələsgər müəllimə, Azərbaycan Dillər Universitetinin professoru Ələkbər müəllimə,“Zaman Azərbaycan” qəzetinin müxbiri Qvami müəllimə, Rusiyada yaşayan kəndçimiz Vidad müəllimə xüsusi təşəkkürümü bildirirəm. Məlumatların hazırlanmasında kəndçimiz Zabit müəllimin “Qədim Quba”, Cabir müəllimin “Qədim Alpan və Albanlar”, Ş. Seyidməmmədovun ”Quba şəhidləri” kitablarından ədəbiyyat kimi istifadə edilmişdir.
*******************
İnsan arzularını reallaşdırarkən yaşadığı sevinc hisslərini sözlə ifadə etmək çətin olur. Arzuların reallaşması zamanı qarşıya çıxan bütün çətinliklərə sinə gərmək lazımdır ki, məqsədinə çatasan.Qarşına qoyduğun məqsədinə çatmaq üçün bütün çətinliklərə tab gətirməlisən. Məqsədinə çatdıqda,arzun reallaşanda və nəticə göz qabağında olanda sevincli anlar yaşayırsan. Arzularımdan birini reallaşdırdığım və qarşıma qoyduğum məqsədimə çatdığım üçün çox sevinirəm.
İnternetdə doğma kəndim Alpan haqqında sayt yerləşdirmək tələbəlik illərindən arzum olub. Son bir ildə bu arzum üzərində çalışdım və nəticə olaraq bu sayt hazırlandı. Saytı hazırlayarkən bir çox çətinliklərlə qarşılaşdım. Mənə bu çətinlikləri aradan qaldırmaqda kömək edən insanlara təşəkkürümü bildirirəm.
Sayt ümumi istifadə üçün nəzərdə tutulmuşdur. Saytda yeni məlumatların,xəbərlərin və şəkillərin yerləşdirilməsi zamanı müəyyən edilmiş qaydalara əməl olunmalıdır. Siyasi çağırışlar, dini,irqi,milli ayrıseçkilik mövzulu yazıların saytda yerləşdirilməsi yolverilməzdir. Maarifləndirici və tərbiyəverici yazıların saytda yerləşdirilməsinə şərait yaradılacaq.
Gələcəkdə saytda müəyyən yeniliklərin və dəyişikliklərin olması nəzərdə tutulmuşdur. Saytın bir neçə səhifəsi hazırlıq prosesindədir və tezliklə istifadəçilərə çatdırılacaq.
Istifadəçilərdən xahişim budur ki, saytla bağlı istək və arzularınızı,çatışmazlıqları, səhvləri mənə (inzibatçı- İlkin R. Balayev) bildirəsiniz.
PS: Saytın yenidən(2016-cı ilin sonu) qurulmasında proqram təminatı ilə bağlı göstərdiyi və göstərəcəyi köməyə görə Əsgər Əmrahova xüsusi minnətdarlığımı bildirirəm.