Hər dəfə əlimi sol qulağıma aparanda Akif müəllim yadıma düşür…

217

Proloq

     Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana – əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz. Bunu Akif müəllim də yaxşı bilirdi. Lakin o, ürəyi ilə bacarmırdı. Belə ki, Akif müəllim hər dəfə kəndimizə şəhid gətiriləndə sarsıntı keçirirərdi. 1994-cü ildə Qarabağ uğrunda döyüşlərdə şəhid olan həmkəndlilərimizdən birininin dəfinindən sonra isə onun ürəyində sıxıcı, yandırıcı ağrılar baş qaldırır, nəfəsalması çətinləşir. Həkimlər ona stenokordiya diaqnozu qoyurlar. Buna baxmayaraq o bu kimi tədbirlərdən qalmır…Bu isə  onun ürək ağrılarını daha da şiddətləndirir və günlərin bir günündə… Özü də elə bir gündə ki…

Şəcərəsi ilə bağlı bəzi faktlar

Bəyəhmədov Akif
Bəyəhmədov Akif

     Akif müəllimin babasının adı Məmməd, ulu babasının adı Bəyəhməd olub. Atası İslam kişi kənd məsçidinin yanında olan anbarda anbardar işləyib. Həmin dövrdə məsçid də anbar kimi istifadə olunub. 5 övlad atası olan (Sayaxanım, Nənəxanım, Qızxanım, Bikə, Akif) İslam kişi müharibə dövründə bir anbardar kimi insanlara imkanı daxilində əl tutub. Ağababa Yüzbəyovun sözlərinə görə, Akif müəllim  kiçik yaşlarından atadan yetim qalıb, yəni anası Dostxanımın himayəsində boya-başa çatıb.

     Bəyəhmədov Akif İslam oğlu 1 aprel 1944-cü ildə Quba rayonunun Alpan kəndində anadan olub. O, Alpan kənd orta məktəbini bitirdikdən sonra M.Ə.Sabir adına sovxozda çalışıb. 1962-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa dilləri fakültəsinin ingilis dili şöbəsinə daxil olub, 1967-ci ildə bu təhsil ocağını bitirib.

Haşiyə

     Elə həmin ildə də ailə həyatı qurub… Akif müəllimin ailə həyatı qurmasının maraqlı tarixçəsi var. Belə ki, o günlərin bir günü Quba rayonunun Aşağı Xuc kəndinə gəlir və orada keçirilən tədbirdə iştirak edir. Elə orada da Səadət adlı bir qıza, daha doğrusu, onun dizinə qədər uzanan hörüklərinə vurulur. Əslində Səadət xanımın da ondan xoşu  gəlir. Beləcə, sevgi dolu baxışlar dəfələrlə qarşılaşır. Amma onlar ürəklərində baş qaldırmış sevgini birdən-birə izhar etmirlər.

Kəndimizdə Sara müəllimə  kimi tanınan Akif müəllimin həyat yoldaşı Səadət Meyvəddin qızının dediklərindən:

     “Bu “tanışlıqdan” üç il sonra mən oxumağa Bakıya gəldim. Sən demə, Akif də o zaman Bakıda Xarici Dillər Universitetində oxuyurmuş. Bir gün onu Bakıda təsadüfən gördüm. O, əgər belə demək mümkünsə, ürəyini mənə açanda gənc qızlara məxsus tərzdə bir qədər naz etdim. Amma az sonra onun sevgisinə tabe oldum. Üçüncü kursda oxuyarkən mən müəyyən səbəblərdən uzun hörüklərimi  kəsdirdim. O, bu hərəkətimi olduqca aqressiv qarşıladı və məndən bərk incidi, hətta məni düz  üç ay danışdırmadı. Buna rəğmən, o məndən əl çəkmədi. Beləliklə, bizim əsl sevgi hekayəmiz illərlə davam etdi. Bu dərin tanışlıqdan sonra biz ailə həyatı qurduq. Bu sevgidən 6 övladımız (Könül, Vəfa, Elvira, Dilrubə, Vüsalə, İslam) dünyaya gəldi”.

O mənə niyə qulaqburması verdi?

Bəyəhmədov Akif
Bəyəhmədov Akif

     1967-68-ci illərdə Quba rayonu Məcgə-Xacə kənd (Rustov kənd İƏV) səkkizillik məktəbində azərbaycan və ingilis dili müəllimi çalışan Akif müəllim 1969-cu ilin iyun ayından həyatını komsomol işinə həsr edib, rayon komsomol komitəsinin şöbə müdiri vəzifəsində çalışıb. Ötən əsrin 70-80-ci illərində isə Alpan kənd orta məktəbində öz fənninin tədrisi ilə yanaşı, təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsini də icra edib. (Yeri gəlmişkən qeyd edək ki, Sara müəllimə uzun müddət kəndimizdə rus dili fənnini tədris edib). O illərdə Akif müəllim məktəbdə nizam-intizama ciddi fikir verərdi…Hətta buna görə şagirdləri cəzalandırmaqdan da çəkinməzdi.

     Yazımın bu yerində Akif müəllimlə bağlı bir xatiratımı diqqətinizə çatdırmaq istərdim. Bizim bir müəllimimiz var idi. Günlərin bir günü həmin müəllim ictimaiyyət dərsində şəxsiyyətlərlə bağlı dərsi izah edərkən, ərz etdi ki, bəs yer üzündə səhvsiz insan yoxdur, yəni hər bir şəxsin  müəyyən dərəcədə səhvi olur. Bir neçə gün keçməmiş həmin müəllim tarix dərsində proletariatın “dahi rəhbəri” Leninlə bağlı söhbət açarkən onu səhvsiz insan kimi xarakterizə etdi və onu o ki var tərifləyib göylərin yeddinci qatına qaldırdı. Ümumiyyətlə, o illərdə təbliğat belə idi. Kimsə də çəkilmiş cızıqdan çıxmağa cürət etməzdi. Nə isə… Müəllimin bu geniş izahından az sonra, daha doğrusu, dərs saatının başa çatmasına az qalmış ona belə bir sual ünvanladım: “Müəllim, bir neçə gün öncə ictimaiyyət dərsində dediniz ki, səhvsiz insan yoxdur, bu gün isə deyirsiniz ki, Leninin heç bir səhvi olmayıb. İndi məntiqə istinad etsək belə bir sual ortaya çıxır:  məgər Lenin adam olmayıb?”

     İndiyədək yadımdadır, bu gözlənilməz sualdan sonra otuz nəfər şagirddən ibarət sinfimizə bir sükut çökdü. Hamı nəzərlərini müəllimə yönəltdi. O bu gözlənilməz sualdan sanki yerində donub qalmışdı. Müəllim pencəyinin cibindəki təsbehi hirslə  şaqqıltdadandan sonra bu sualıma görə məni Lenin komsomoluna layiq olmayan tərbiyəsiz şagird adlandırdı və sinifdən çıxardı. Mən də sinifin qapısını hirslə vuraraq sinifi tərk edəndə  xətrini çox istədiyim, fənnini sevə-sevə oxuduğum tədris hissə müdiri Akif müəllimlə koridorda übəüz gəldim. Akif müəllim dərs prosenini pozmamaq məqsədilə məni pioner baş dəstə rəhbərinin otağına apardı və orada qulağımı elə burdu ki…Özü də qulağımdan tutub dedi ki, sinifdə nə hoqqa çıxardığını deyə bilmərəm. Bricə onu deyə bilərm ki, sinif otağının qapısını çırpmaqla məktəbin daxili nizam-intizamını pozmusan. Sözün düzü, onun qulaqburmasından sonra uzun müddət  özümə gələ bilmədim. Elə bu yaşda da hər dəfə əlimi sol qulağıma aparanda Akif müəllim yadıma düşür… Bu anlarda da onu rəhmətlə yad edirəm.

Bəyəhmədov Akif
Bəyəhmədov Akif

     Çünki Akif müəllim məktəbdə xətrimi çox istəyən müəllimlərdən biri idi. Bu istəmək də Akif müəllimin bizə tədris etdiyi fənni, yəni ingilis dilini bir qədər yaxşı öyrənməyimdən irəli gəlirdi. İndiki kimi yadımdadır. Həmin hadisədən təxminən bir neçə ay sonra hansısa dərs vaxtı məndən yuxarı sinifdə oxuyan şagirdlərdən biri gəlib ədəb-ərkanla müəllimə dedi ki, bəs məni Qvaminin dalınca Akif müəllim göndərib. Müəllimin icazəsi ilə mən otaqdan çıxıb həmin şagirdin dalınca Akif müəllimin olduğu sinfə daxil oldum. Sinif otağına girəndə yazı taxtasının qarşısında dayanmış bir dəstə uşaq gördüm. Akif müəllim heç bir izahat vermədən mənə İngilis dili kitabındakı bir mətni verərək oxuyub tərcümə etməyimi bildirdi. Həmin mətni başa çatdıran kimi Akif müəllim üzünü yazı taxtasının qarşısındakı şagirdlərə tutub dedi:

-Bax, bu uşaq sizdən bir sinif aşağıda oxuyur. Amma sizin dərsinizi elə oxudu ki, sanki sizinlə bir sinifdə təhsil alır. Heç utandınızmı?

     Yazı taxtasının qarşısındakı uşaqlar bir nəfər kimi başların aşağı dikdilər. Akif müəllim onları cəzalandırmağı mənə həvalə etdi. Lakin mən onun dediyi cəzanı tətbiq etmədim. Həmin şagirdlərə sadəcə: “Oxumaq lazımdır” dedim. Yəni bununla onu demək istəyirəm ki, o zamanlar müəllimlər şagirdləri tənbeh etmək məqsədi ilə bu kimi üsullardan da istifadə edərdilər. Ümumiyyətlə, Akif müəllim ingilis dilini cani-dildən tədris edərdi. Bir zamanlar ondan eşitdiyim bu kəlmələri də yazmaq istərdim. O deyərdi: “İngilis dilini öyrənmək rus dilini öyrənməkdən qat-qat asandır. Sadəcə bu dili sevmək lazımdır. Dünya bu dildə danışır. Rus dili ilə uzağa gedə bilməzsən.. Amma ingilis dili ilə bütün dünyanı dolana bilərsən…”

     Məktəbimizin məzunlarından çoxunun ingilis dili müəllimi olmasında Abdulməcid Müstafayev kimi, Akif  müəllimin də müəyyən rolu olub. Yeri gəlmişkən onu da qeyd edim ki, Akif müəllimə də ingilis dilini sevdirən məhz Abdulməcid müəllim olub.

Partiya həyatı

Bəyəhmədov Akif
Bəyəhmədov Akif

     1981-ci ildən isə Akif müəllim rayon partiya komitəsində partiya komissiyasının sədri vəzifəsində çalışıb. Dəfələrlə kənd və rayon Soveti deputatı seçilən bu şəxs 1992-ci ildən ömrünün sonunadək Dövlət İşçiləri Həmkarlar İttifaqı rayon komitəsinin sədri kimi fəaliyyət göstərib.

     Zabit Babayevin dediklərindən: Akif müəllim çox mədəni, səmimi bir insan idi. İş prosesində heç bir qanunsuz tələb irəli sürməzdi. Rayonda uzun müddət yüksək vəzifələrdə də çalışmışdır. Elə bir adam tapılmaz ki, rayonda uzun müddət yüksək vəzifələrdə də çalışmış  Akif müəllimdən incimiş olsun.

     Uzun müddət rayon partiya komitəsində işləmiş Laçın Səfərəliyevin yaddaşından: Ümumiyyətlə, Akif müəllim çox pozitiv bir şəxs idi. Onunla hər dəfə görüşəndə bütün problemləri unudardım.

Allah onu tez apardı

     …1994-cü ilin noyabr ayının 6-da Akif müəllim yeni ailə qurmuş qızı Elviragilə el adəti üzrə dəvət olunur. (Bu adətimizin “ayaqaçdı” adlandırılmasını yəqin ki hər kəs bilir). Həmin günlərdə ürək ağrılarının daha da şiddətləndiyini görən Akif müəllim həmin məclisdə iştirak  etmək istəmir. Amma son anda o, bu el adətində iştirak etmək və qızını sevindirmək qərarına gəlir.

     Oğlu İslamın söylədiklərindən: “Biz bacımgilə, Quba rayonunun Digah kəndinə gəldik. Hər iki tərəfin, yəni qız və oğlanın yaxınlarının iştiraki ilə keçirilən tədbir yeni başlamışdı ki, atam mənim qulağıma  özünü pis hiss etdiyini pıçıldadı. Mən onu bacımın  otağına apardım. Atam məclisə xələl gəlməmək məqsədi ilə mənə dedi ki, narahat olduğumu kimsəyə bildirmə. Buna rəğmən, qonşuluqda yaşayan tibb bacısına, həmçinin təcili tibbi yardıma müraciət etdik. Tibb bacısı onu diqqətlə müayinə etdikdən sonra artıq hər şeyin gec olduğunu bildirdi. Elə həmin dəqiqələrdə özünü yetirən təcili tibbi yardımın heyəti də onun dediklərini, daha doğrusu, atamın vəfat etməsini təsdiq etdi. Bəli, Allah onu tez apardı. Onun digər arzuları xəstə ürəyində qaldı.

Yaddaşlara hopmuş daha bir xatirə…

     Akif müəllimin bacısı qızı Aşaxanım müəllimənin dediklərindən: Mən şagird olanda Akif müəllim məktəbimizdə təlim-tərbiyə işləri üzrə direktor müavini işləyirdi. O, işində çox tələbkar, həm də məsuliyyətli idi. Odur ki, işlədiyi kollektivin və şagirdlərin böyük hörmətini qazanmışdı.

     Akif müəllimlə bağlı o qədər xatirələrim var ki… Yaxşı yadımdadır. Məni instituta qəbul imtahanlarına Akif müəllim aparmışdı. İmtahanların birindən məqbul qiymət almayanda və buna görə pərt olanda o, könlümü almaq məqsədilə məni Dənizkənarı parka apardı və orada tanınmış şəxsiyyətlərin həyatlarından o qədər misallar gətirdi ki… Sözün düzü, o həmin söhbətləri ilə məni elə ovsunladı ki, bir daha bu barədə düşünmədim və növbəti ildə imtahanlara daha ciddi hazırlaşdım və istəyimə də nail oldum. Mən sonradan ali məktəbə qəbul olunanda o qədər sevindi ki…

     Kamil Qədirovun dediklərindən: Akif müəllim ürəyində kin olmayan bir insan idi. Bu səbəbdən də heç kimlə küsülü qalmazdı. Nərd oynamağı da çox sevərdi. O həm də baməzə insan idi.

Oğlu İslam barədə

İslam Bəyəhmədov
İslam Bəyəhmədov

     Bir neçə kəlmə də oğlu İslam barədə. Əmək fəaliyyətinə 1996-cı ildən Quba rayonu M.Ə.Sabir adına meyvəçilik sovxozunda fəhlə kimi başlayan İslam Bəyəhmədov 2000-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (AKTA) Meyvəçilik, tərəvəzçilik və üzümçülük fakültəsini fəqrlənmə diplomu ilə bitirb. 2002-ci ildə “İntensiv tipli məhsuldar alma bağında cərgəaralarının saxlanılması sisteminin tədqiqi” mövzusunda magistrlik dissertasiyasını bitirərək, magistr elmi dərəcəsi alıb. Elə həmin ildə də AKTA-nın Meyvəçilik, tərəvəzçilik və subtropik bitkilər kafedrasında meyvəçilik ixtisasi üzrə əyani aspiranturaya daxil olan İslam Bəhəhmədova 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

     Yeri gəlmişkən qeyd edək ki, 50-dən artıq elmi əsərin, 30 bukletin, 3 kitabçanın və 2 kitabın müəllifi olan və kənd təsərrüfatı ilə bağlı müxtəlif sahələrdə çalışan İslam Bəyəhmədov 2013-cü ildən Quba Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru vəzifəsində çalışır.

Müəllif:Qvami Məhəbbətoğlu (Rəsulov)