Şəhidlik müqəddəs zirvədir, o ucalıqdır. Hər kəs onu arzu edə bilər, amma bu zirvəni fəth etmək hər arzu edənə nəsib olmaz. Şəhidlik zirvəsini fəth edən igidlərimiz çox olub və bugün də var. Onlardan biri də Şəhid Aqil Niyaz oğlu Məlikovdur. Çoxlarımız kimi onun da uşaqlığı birinci Qarabağ müharibəsi illərinə təsadüf edib. Təhsil aldığı məktəbimiz birinci Qarabağ müharibəsinin kəndimizdən ilk şəhidi olmuş Elşad Bayramovun adını daşıyırdı. Zaman elə gətirdi ki, Aqil böyüdü və hərbçi olmaq qərarını verdi. O da Vətən torpaqlarının yağıların tapdağında qalmasına dözmürdü. Onun istəyi Vətən torpaqlarının düşmənlərdən azad edilməsində iştirak etmək idi. 2016-cı ilin aprel döyüşlərində iştirak etsə də 4 günlük döyüşlərdə o istəyinə tam çata bilmədi.
27 sentyabr və Aqilin arzusu, istəyi reallaşacaq günün başlanğıcı gəlib çatdı. O çox sevincək halda döyüşə getdi. 44 günlük və sonunda zəfərlə tamamlanan Vətən müharibəsinin ilk günündə bir neçə kəndin alınmasında iştirak etsə də erməni gülləsi ondan da yan keçmədi və Füzulinin Qaraxanbəyli kəndi uğrunda gedən döyüşdə gözlərini əbədi yumdu. Beləliklə kəndimizdən Vətən müharibəsində, ikinci Qarabağ müharibəsində ilk şəhid oldu Aqil. Bəli o bu adı haqq etdi özünə. Onun ruhu indi şad ola bilər ki, həvəslə getdiyi döyüşlər zəfərimizlə bitib, düşmən təslim olub və torpaqlarımızdan geri çəkilib.
Həyatı haqqında
Məlikov Aqil Niyaz oğlu 6 aprel 1986-cı ildə Quba rayonun Alpan kəndində anadan olmuşdur. 1993-cü ildə Alpan kəndinin birinci Qarabağ müharibəsinin ilk Şəhidi Elşad Bayramovun adını daşıdığı məktəbin birinci sinifinə qəbul edilmş və 2004-cü ildə oranı bitirmişdir. Bir il sonra, 2005-ci ildə Aqil, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunmuş və 2009-cu ildə oranı bitirmişdir.
Hərbi Məktəbi bitirdikdən sonra bir il ərzində Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində çalışmışdır. 2010-cu ildən 1 il 8 ay müddətində Şəki rayonun Şorsu kəndindəki N saylı Hərbi Hissədə tağım komandiri vəzifəsini icra etmişdir. Bu hərbi hissədəki xidmətindən sonra onu Tərtər rayonundakı N saylı Hərbi Hissəyə əvvəlcə tağım komandiri daha sonra bölük komandiri vəzifələrinə təyin edirlər.
Tərtərdə 1 il 2 ay xidmət etdikdən sonra Aqil Goranboy rayonun Ağcakənd qəsəbəsində yerləşən hərbi hissəlrdən birindəki ən ağır bölüklərdən birinə bölük komandri vəzifəsinə təyin olunur. İki ilə yaxın orada xidmət etdikdən sonra onu 2015-ci ildə Gəncədə yerləşən N saylı Hərbi Hissəyə bölük komandiri vəzifəsinə təyin edirlər.
2016-cı ildə Ağdamda yerləşən ən ağır hərbi hissələrdən sayılan N saylı Hərbi Hissənin MTT(Maddi texniki Təminat)bölük komandiri təyin edilən Aqil həmin ilin şanlı aprel döyüşlərinin də iştirakçısı olmuşdur. Daha sonra Aqili Bakıda, Müşviq qəsəbəsində yerləşən N saylı Hərbi Hissəyə MTT bölük komandiri təyin edirlər. Bir müddət orada xidmət etdikdən sonra öz xahişi ilə könüllü raport yazmış və ön cəbhəyə, Ağcəbədi rayonunda yerləşən ən ağır hərbi hissələrdən birinə xidmətə yollanmışdır. Daha sonra Beyləqan rayonunun Harami düzündəki hərbi hissəyə tabor komandirinin müavini təyin edilmiş və rütbəsi artırılaraq kapitan olmuşdur.
27 sentyabr 2020-ci ildə Vətən müharibəsinin başladığı ilk gündə ağır döyüşlərdə qəhrəmanlıqla döyüşmüş, Füzuli rayonun dörd kəndinin düşmənlərdən təmizlənilməsində iştirak etmiş və təəssüflər olsun ki, Qaraxanbəyli kəndində düşmənin gülləsi onu nişan almışdır. Aqil Şəhidlik zirvəsinə yüksəlmişdir. Şəhid olduqdan sonra ailəsi onun mayor rütbəsi aldığını bilmişdir. Aqilə mayor rütbəli mundiri geyinmək qismət deyilmiş…
Aqil xidməti ərzində bir neçə dəfə medallarla təltif edilmişdir. Müdafiə Naziri Zakir Həsənov tərəfindən şəxsən hədiyyə ilə qiymətləndirilmişdir.
Aqil Məlikov 07.07.2010-cu ildə ailə həyatı qurmuşdur. İki övladı (qızı 9 yaşında və oğlu 5 yaşında) var.
Atası Niyaz Məlikovun xatirələri:
Mən hər zaman hər şeyin düzünü deməyi xoşlayıram. Digərləri kimi nəyisə şişirtmədən danışıram həmişə. Övladlarımın seçimini həmişə qiymətləndirmişəm. Aqil orta məktəbi bitirdikdən sonra bir kişi peşəsinə sahib olmaq istəyirdi. Məzun olduğu il qəbul imtahanlarında az bal yığdığından hüquqşünas ixtisasına daxil ola bilmədi. Bu səbəbdən bir il sonra 2005-ci ildə o hərbçi olmaq istəyini dilə gətirəndə də mən onun qarşısını kəsmədim. Həmin il o Hərbi Akademiyaya qəbul olundu. Aqil Vətənini çox sevirdi. Elə buna görə də hərbçi peşəsini seçməsi gözlənilən idi. O, Vətəninə, kəndinə bağlı oğul idi. Kəndimizi çox sevirdi. Kəndimizin abadlaşmasını cani-dildən arzulayırdı.
Aqil ən ağır hərbi hissələrdə xidmət edib. O, əsgərlərilə birlikdə səngər də qazıyıb, odun da doğrayıb. Hətta bir dəfə hərbi hissələrin birində bir polkovnik-leytenant yoxlanış aparan zaman səngər qazıyan Aqili görüb ondan əsgər və ya zabit olduğunu soruşduqda “zabitəm” cavabına təəccüblənmişdi. O, Aqilin sadəliyinə heyran qalır, onun Qubadan olduğunu biləndə onu oradan uzaqlaşdırmaq istəyir, amma Aqil əsgərlərini orada başqa zabitin olmaması səbəbindən tərk edə bilməyəcəyini deyir.
Mən təəssüf edirəm ki, oğlum komandanlıq tərəfindən dəfələrlə mükafatlar və medallarla təltif edilməsinə baxmayaraq bunların əksəriyyəti onun şəxsi işinə qeyd edilməyib.
Aqil məzuniyyətə gəldiyiyi vaxtlarda onunla müzakirələrimiz zamanı Azərbaycan Ordusunun çox güclü olduğunu deyirdi. O, deyirdi ki, biz zabitlər və əsgərlərin arzuladığı müharibə başlasa Ordumuz iki ayın içində İrəvanda olacaq.
Aqil kəndə gələndə doğma məktəbini də tez-tez ziyarət edərdi. Hətta o, məktəbimizdə Ramil Səfərovla bağlı bir guşənin yaradılmasını təklif etmişdi. O, bununla məktəbdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsinə öz töhvəsini vermək istəyirdi.
O, ailəmizin kiçiyi olmasına baxmayaraq ərköyün böyüməmişdi. Aqil evdə anasına da kömək edərdi. Həm ev işlərində həm də təsərrüfat işlərində anasının yardımçısı olurdu. Səliqə-səhman həvəskarı idi, hər şeyin qaydasında olmasını xoşlayardı.
Aqil həm də təşkilatçılığı xoşlayardı. Cəmiyyətdə öz mövqeyinin olmasını istəyirdi. Haqsızlıqlara biganə qala bilmirdi. Belə hallarla qarşılaşanda susmurdu, sözünü mərdi-mərdanə üzə deyirdi.
27 sentyabr tarixi… Artıq Vətən müharibəsi başlamışdı. Aqillə telefon danışığımız zamanı yüksək əhval-ruhiyədə olmasını hiss etdim. O dedi ki, artıq üç kəndimizi mənfur düşmənlərdən təmizləmişik, onların müdafiə xəttini yarmışıq. Bu onunla sonuncu danışığımız oldu. Nə bilərdim ki, danışığımızdan bir neçə saat sonra oğlum Şəhid olacaq…
Həyat yoldaşının xatirələri:
Aqil işinə çox bağlı bir insan idi. Hərbi formanı geyindiyi zaman bu geyimin verdiyi ağırlıq, məsuliyyət sanki onun simasında əks olunurdu. Onun üçün hərbi xidmət və əsgərləri ən öndə gedənlərdən idi. O deyirdi ki, əsgərlərin ata-anaları yanlarında olmur. Onların həm atasıyam həm də anası. Hətta bir dəfə Tərtərdə xidmət edərkən evimizdəki sonuncu manatımızı da əsgər üçün dərman almağa xərcləmişdi. Aqil rütbəsinə və vəzifəsinə baxmayaraq həmişə əsgərlərinin yanında olub. O, onlara böyük qardaş olub,onlarla meşəyə odun yığmağa belə gedib. Aqil aylıq məvacibindən evin xərclərini ayırdıqdan sonra qalan pulu əsgərlərinə xərcləyərdi.
Hərbi formasını dəyişdikdə Aqil tam fərqli insan olurdu. Övladları ilə uşaq kimi oynayır, sanki uşaqlaşırdı. Deyirdi ki, onlarla vaxt keçirəndə belə onlar üçün darıxıram… O, uşaqlarla imkanı daxilində vaxt keçirərdi. Onların tərbiyəsi ilə məşğul olardı.
Aqil haqqında keçmiş zamanda danışmaq çox ağırdır. O, çox gülərüz,səmimi, ailəcanlı bir insan idi. Evli olduğumuz müddətdə onun uşaqla uşaq, böyüklə böyük olduğunu gördüm. Heç kimin xətrinə dəyməzdi. Çox mülayim ürəyi vardı Aqilin.
Hərbçilərin və onların ailələlərinin həyatı çox çətin olur,bunu hər kəs bilir. Aqil həmişə mənə deyərdi ki, sən bütün xanımlardan fərqlisən, çünki sən hərbçinin həyat yoldaşısan və sən bütün çətinliklərə sinə gərməyi bacarmalısan. Aqil Şəhidlik zirvəsinə ucalmaqla da məni fərqləndirdi…
Hər zaman qorxurdum ki, ona nəsə olar. Ona deyirdim ki, Aqil sənə bir şey olsa biz nə edərik? O isə cavabında deyərdi ki, Şəhidlik ən uca zirvədir. Bu zirvəni fəth edənlərdən nəyim əskikdir? Mən Vətənimə bu zirvəni fəth etməyi borcluyam. Elə bil Şəhid olacağı ürəyinə dammışdı…
27 sentyabr Vətən müharibəsinin başladığı gün onunla telefon danışığımız oldu. Bu sonuncu danışığımızın olacağını haradan bilərdim?!… Bilirdim ki, döyüşdədir. Dedim ki, ehtiyatlı ol, biz sənin yolunu gözləyirik. Çox sevincli idi, elə bil toya hazırlaşırdı. Son sözü bu oldu: “Narahat olmayın hər nə olsa şərəfimdi!”.
Tək təsəllimiz Aqilin Şəhidlik zirvəsinə ucalmasıdır. Bu da qanayan yaramıza məlhəm olmur. Övladları çox darıxır atası üçün. Bu çox çətin olsa da yolmuza Aqilsiz davam etməliyik. Onun bizim ailəmiz, övladlarımız üçün arzuları çox idi. Çalışıb uğurlarımızla onun arzularını gerçəkləşdirəcəyik. Mən gücüm çatdığı qədər onun arzuları üçün yaşayacam və onun arzularını həyata keçirdəcəyəm.
Qızı Xədicənin xatirələri:
Bizim atamız çox yaxşı ata idi. Qardaşımla mən onu çox sevirdik. Atamızı çox az görürdük. Buna baxmayaraq onunla bağlı gözəl xatirələrimiz var. Atam işdən qayıdan zaman çox yorğun olsa da yeməyini yemədən bizimlə oynayardı. Biz onun gəlişini səbirsizliklə gözləyərdik. Bizimlə birlikdə şəkil çəkərdi, cizgi filminə baxardıq. Hərdən anam deyərdi ki, bizim evdə üç uşaq var.
Atamız evə bəzən çox gec gəlirdi. O evə gələndə biz yatmış olurduq. Amma o yataqlarımıza yaxınlaşıb məni və qardaşımı öpürdü həmişə. Mən bunu hər dəfə hiss edirdim.
Biz atamla birlikdə bayram və ad günlərimizi qeyd edə bilmirdik. Hətta onun ad gününü biz üçümüz qeyd edərdik. Sadəcə bir dəfə 6 yaşımı atamla birlikdə qeyd etmişik. Çox sevinirdim, çünki ilk dəfə idi ki, atamla ad günümü qeyd edirdik.
Atamı hər kəsdən çox sevirəm. O, qardaşımla mənim savadlı olmağımızı istəyirdi. Mən atamın arzusunu yerinə yetirəcəm.
Dostu Aydın Qasımovun xatirələri:
Aqilin yoxluğuna inana bilmirəm… İlk dəfə onunla tanış olduğum günü xatırlayıram. Onun nə işin sahibi olduğunu bilmədən ona demişdim ki, səndə zabit zəhmi var. Bir az gülümsədi, ancaq heçnə demədi. Sonra bildim ki, Aqil zabitdir. Onunla dostluğumuz başladı.
Aqil qardaşımın çox əziyyətlər çəkdiyinin şahidi olmuşam, amma o şikayətçi deyildi, bu gününə şükür edərdi həmişə. Ona “mənim Generalım” deyib müraciət edərdim. Oğlum Əlinin əmisi idi. Onu hərbi formada görəndə böyüyüb Aqil əmi kimi zabit olacam deyirdi oğlum. Tez-tez Aqilin qonağı olardım. Ağdamda, Goranboyda və başqa yerlərdə onu ziyarət etmişəm. Aprel döyüşlərindən danışardı. Deyirdi ki, az qalıb erməniləri qovacağıq torpaqlarımızdan.
Vətən müharibəsi başlayanda Aqil üçün narahat idim. Aqilin şəhid olması xəbərini eşidəndə inanmaq istəmədim. Elə indi də inana bilmirəm onun yoxluğuna. Təəssüf edirəm ki, Aqil Ordumuzun qələbəsini görmədi. Aqil artıq mənim Qəhrəmanımdır.
Son
Şəhid qardaşımız bizlərə elə borc qoyub getdi ki, biz bir ömür boyu onun borcundan çıxa bilməyəcəyik. Döyüşə toy əhval-ruhiyyəsində girən qardaşımızı unutmamalıyıq. Həm də unutmamalıyıq ki, övladlarımızın gələcəkdə Qarabağ kimi qara bağının olmaması üçün o öz balalarını bizlərə əmanət qoyub getdi. Çox ağırdır iki körpə balanın öz atası ilə bağlı xatirələrini dinləmək. Amma onlar fəxr etsinlər ki, onların atası çoxunun arzuladığı Şəhidlik zirvəsini fəth edib. Şəhidimizin atası, anası belini bükməsin əksinə dik dursunlar ki, oğulları Vətən uğrunda Şəhid olub. Şəhidimizin qardaşı, bacıları ağlamasın. Onlar qürurla danışsınlar Aqildən, onunla fəxr etsinlər. Şəhidimizin həyat yoldaşı dözümlü olsun qoy, çünki Şəhidimizin övladlarını atalarına layiq böyütməli, onun arzularını gerçəkləşdirməlidir. Aqil qardaşımız demişdi axı: “Hər nə olsa şərəfimdi!”. ŞƏHİDLİK onun şərəf zirvəsi oldu. Allah sənə rəhmət eləsin, Şəhidim!