Qarabağ onun qəhrəmanlığını özündə ehtiva edir

104
Həsənov Əlişan Şakir
Həsənov Əlişan Şakir

    O, erməni vəhşilərinin torpaqlarımızı işğal etmələrini, minlərlə soydaşımızı yurd-yuvalarından didərgin salmalarını, qız-gəlinlərimizi əsir götürmələrini eşitdikdən sonra hərbçi olmağı və düşməndən intiqam almağı qarşısına məqsəd qoydu. Özü də hərbi pilot olacağına qərar verdi. Bilirdi ki, hərbçi olmaq asan iş deyil. Bunun üçün gərək hazırlığın yüksək olsun. Odur ki, o, arzusuna çatmaq üçün hərbi hazırlıq müəllimi, Birinci Qarabağ döyüşlərinin iştirakçısı Şahbaba Babayevin məsləhətlərinə əsasən, çalışqanlığını daha da artırdı. Lakin o, tibbi yoxlanışlarda müəyyən prosedurlardan keçə bilmədiyi üçün həvəsdən düşmədi, Azərbaycan Ali Hərbi Məktəbinin Quru Qoşunlarının Hava Hücumundan Müdafiəsi ixtisasına yiyələndi və bu sahənin peşəkar hərbçisi kimi tanındı. Söhbət Respublikamızın ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərən və “Qarabağ” ordeni ilə təltif edilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mayoru Əlişan Şakir oğlu Həsənovdan gedir.

Həsənov Əlişan Şakir
Həsənov Əlişan Şakir

    İşğalçı Ermənistanın cəbhəyanı rayonlarda və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan dinc əhalimizi hədəf seçməsinə cavab olaraq sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun başladığı qətiyyətli əks-həmlə əməliyyatlarının ilk günlərindən döyüşlərdə iştirak edən Əlişan Həsənovun erməni vəhşilərinin ərazilərimizdən qovulmasında, qələbə əldə edilməsində müəyyən əməyi olub. Elə “Qarabağ” ordeni ilə təltif olunması da onun bu qəhrəmanlığını özündə ehtiva edir.
    “Vətən müharibəsində hər bir əsgər və zabitimiz demək olar ki, şücaət göstərdi. Nəticədə erməni vəhşiləri işğal etdikləri ərazilərimizdən təmizləndi. Bu qəhrəmanlığı yüksək dəyərləndirən ölkə başçısı əsgər və zabitlərimizi orden və medallarla təltif etdi. Mənim payıma “Qarabağ ordeni” düşdü. Mənə göstərilən bu etimada, bu təltifə görə Prezidentimizə, Ali Baş Komandanımıza minnətdarlığımı bildirirəm. Bir daha əmin oldum ki, cəbhə bölgəsində olan hər bir kəs Prezidentimizin, Ali Baş Komandanımızın, eləcə də müdafiə naziri general-polkovnik Zakir Həsənovun diqqət mərkəzində olub” sözləri ilə təəssüratlarını “İki sahil”lə bölüşən Əlişan Həsənovun sözlərinə görə, o, Hava Hücumundan Müdafiə Qoşunlarının tərkibində ən ağır döyüşlərdə, xüsusilə Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan istiqamətlərindəki əməliyyatlarda peşəkar zabit kimi, sözün həqiqi mənasında, sözünü deyib. Belə ki, onun bu döyüşlərdə hədəfləri dəqiq analiz etməklə verdiyi atəş komandaları düşmənə baha başa gəlib. Nəticədə düşmənin 2 ədəd SU-25 təyyarəsi, 3 ədəd pilotsuz uçuş aparatı məhv edilib.

Ağagülov Elşən Etibar və Həsənov Əlişan Şakir
Ağagülov Elşən Etibar və Həsənov Əlişan Şakir

    Qeyd edək ki, Əlişan Həsənov 2016-ci il Aprel döyüşlərində də fərqlənib. Həmin döyüşlərdə düşmənin 2 ədəd pilotsuz uçuş aparatını məhv edən döyüşçü bu şücaətinə görə rəhbərlik tərəfindən təltif olunub.
    Azərbaycan Ordusunun zəfərindən söz açan müsahibimiz bildirdi ki, Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu 44 günlük möhtəşəm əks-hücum əməliyyatı ilə, dövlət başçımızın qürurla dediyi kimi, dəmir yumruğa dönüb erməni faşizminin başını əzdi, düşməni torpaqlarımızdan iti qovan kimi qovdu. Bununla da öz ərazi bütövlüyünü təmin etdi. Bir sözlə, Ali Baş Komandanımız ordusu ilə birlikdə Azərbaycan tarixinin yeni bir şanlı səhifəsini yazdı.”
    Müsahibimiz fikrini bu sözlərlə tamamladı: “Təəssüf ki, müharibə itkisiz olmur. Biz də bu müharibədə şəhidlər verdik. Döyüş tapşırıqlarını uğurla yerinə yetirən qəhrəman əsgər və zabitlərimiz şəhid silahdaşlarının qisasını aldılar, uğrunda qan tökdükləri torpaqlarımızda bayrağımızı dalğalandırdılar. Şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfa arzulayıram. Allah rəşadətli Ordumuzu, məğrur xalqımızı qorusun!”.

Həsənov Əlişan Şakir
Həsənov Əlişan Şakir

    Qeyd edək ki, Həsənov Əlişan Şakir oğlu 20 aprel 1982-ci ildə Rusiya Federasiyasının Krasnodar vilayətində dünyaya göz açıb. 1999-cu ildə E.Bayramov adına Quba rayon Alpan kənd tam orta məktəbini bitirib və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və bu təhsil ocağında Quru Qoşunlarının Hava Hücumundan Müdafiəsi ixtisasına yiyələnib. 2003-cü ildə müdafiə nazirinin əmrinə əsasən, Təlim, Tədris Mərkəzində ixtisas kursunun dinləyicisi təyin olunub. 2004-cü ildən müxtəlif hərbi hissələrdə heyət rəisi, batareya komandirinin müavini, batareya komandiri vəzifələrində çalışmaqla hərbi xidmətini davam etdirib. 2017-ci ildən isə divizion komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsini icra edir.

Müəllif:Qvami Məhəbbətoğlu