İsayev Elxan Rasim oğlu

494

İsayev Elxan Rasim oğlu

    İsayev Elxan Rasim oğlu 1973-cü il sentyabr ayının 11-də Sumqayıt şəhərində anadan olmuşdur. Uşaqlığını Sumqayıtda keçirən Elxan tez-tez  doğma kəndi Alpana gedir və qohumları ilə yaxın münasibətdə olurmuş.

    Elxan 1980-cı ildə Sumqayıtdakı 15 saylı orta məktəbə qəbul olunmuş və 1990-cı ildə həmən məktəbi əla qiymətlərlə bitirmişdir. Vətənimizdə gedən müharibə  Elxanın təhsilini davam etdirmək arzularını həyata keçirməyə imkan verməmişdir. O,1991-ci ildə Sumqayıt şəhər  hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır.

    Elxanın xüsusi bacarığı hərbi xidmətə çağırıldığı ilk günlərdən özünü göstərməyə başlamış və komandirlərin diqqətindən yayınmamışdır. Hərbi silah-sursatın və texnikanın sirlərini tez bir zamanda öyrənən Elxan bir ay müddətində Bakıda təlim keçdikdən sonra təcili olaraq döyüş bölgəsinə göndərilir.

    Cəbhədə xüsusi bacarığı ilə fərqlənən Elxanı vaxtından əvvəl baş çavuş rütbəsilə təltif edirlər. Elxan özünün hərbi bacarıqlarını döyüş yoldaşlarına öyrətmiş və bütün döyüşlərdə uğur qazanmışdır. Ona görə də bütün əhəmiyyətli döyüşlərdə komandirlərin güvəndiyi igid oğlanlardan biri də Elxan olmuşdur.

    Elxan çox ağır döyüşlərdə iştirak etmiş və qəhrəmanlıq göstərmişdir. 1992-ci ildə  Laçın rayonunun Seyidlər kəndi uğrunda gedən  belə ağır döyüşlərdən birində Elxan yaralanır və hərbi hospitala yerləşdirilir. Qısa müddətli müalicədən sonra döyüş yoldaşlarının yanına qayıdan Elxan yenidən ağır  döyüşlərdə iştirak edir.

    Nümunəvi döyüşçü olan Elxanı 1993-cü ilin qarlı-şaxtalı günlərində Kəlbəcər rayonu uğrunda gedən döyüşlərə göndərirlər. Çox ağır döyüşlərdə iştirak edən Elxan yeni ilin, 1994-cü ilin 1 yanvarında qeyri-bərabər keçirilən döyüşdə qəfil düşmən gülləsinə tuş gəlir və şəhidlik zirvəsinə yüksəlir.

    Elxan Sumqayıt  şəhər Şəhidlər Xiyabanında dəfn edilmişdir. Subay idi.

 

Müəllif: İlkin R. Balayev