İkinci evi məktəb olan müəllim.

1532

    Onun adının çəkilməsi kifayət edirdi ki, sinifdəki uşaqlar özlərini yığışdırsınlar. Onun bir baxışı və ilk kəlməsindən sinifdə ab-hava tam dəyişirdi. Şagirdlər onu məktəbin koridorunda addım səslərindən tanıyırdılar. Özünəməxsus xarizması var idi onun. Dəcəl, dərsə hazırlıqsız uşaqların xoşuna gəlməzdi o. Əksinə oxuyan uşaqlar onun dostu idi. Ona etimad göstərib, etibar edirdilər. O, məktəbimizin uzun illər etibarlı müəllimlərindən biri idi. Haqqında bəhs etdiyim insanı kəndimizdə bir neçə nəslin nümayəndəsi tanıyır. Sizə Etibar müəllimdən yazmaq istəyirəm.
Həyatından lövhələr.

Ağagülov Etibar Musa
Ağagülov Etibar Musa

    Ağagülov Etibar Musa oğlu 10.11.1935-ci ildə Alpan kəndində anadan olub. 1943-cü ildə Alpan kənd məktəbinin birinci sinifinə qəbul olunur və 1954-cü ildə onuncu sinifi bitirdikdən sonra könüllü olaraq orduya yazılır. Etibar müəllim 3 il ərzində, 1957-ci ilin dekabr ayınadək Sovet ordusunda Ukrayna və Macarıstanda xidmət etmişdir. Macarıstanda xidmət edərkən orada baş vermiş qiyamın qarşısının alınması zamanı qəhrəmanlıq göstərmiş Etibar müəllimi dəfələrlə təltif etmişdilər. Döyüşlər zamanı o dəfələrlə ölümlə üz-üzə gəlmiş və hər dəfə öz mərdliyi və döyüş hazırlığı sayəsində belə çətin vəziyyətlərdən qalib çıxa bilmişdir. Ordudan tərxis ediləndə onun sinəsində “Müharibə Veteranı” medalı bərq vururdu.
    Hərbi xidmətdən qayıtdıqdan sonra uşaqlıq arzusu olan müəllim peşəsinə yiyələnmək üçün addımlar atır. Bunun üçün o ilk olaraq Qırmızı qəsəbə orta məktəbinin nəzdindəki fəhlə-gənclər məktəbində yarımçıq qalmış orta təhsilini başa vurur. Oranı müvəffəqiyyətlə bitirdikdən sonra M.F.Axundov adına Rus dili və ədəbiyyatı İnstitutuna daxil olaraq rus dili müəllimi ixtisasına sahib olur.

Ağagülov Etibar Musa
Ağagülov Etibar Musa

    Ali təhsilini başa vurduqdan sonra Alpan kənd məktəbinə Rus dili müəllimi təyin edilir və 1962-64-cü illərdə kənd məktəbində sevimli peşəsini icra edir. Daha sonra məktəbdən uzaqlaşan Etibar müəllim Sumqayıt şəhərindəki ev tikmə kombinatında 5 il çalışır. Öz sevimli peşəsinə qayıtmaq fikrində olan Etibar müəllim 1970-ci ildən Güləzi kənd orta məktəbində müəllim kimi işləməyə davam edir.
    İki il Güləzidə çalışdıqdan sonra 1972-ci ildə Alpana qayıdan Etibar müəllim yenidən kənd məktəbində fəaliyyətini davam etdirir. Əvvəlcə müəllim,1989-cu ildən isə tərbiyə işləri üzrə direktor müavini kimi fəaliyyət göstərir. Etibar müəllimin fəaliyyəti dövründə o bir neçə dəfə RTŞ tərəfindən təltif edilib, onun məktəbdə gördüyü işlər təqdirəlayiq hesab edilərək digər məktəblərdə də tətbiqi həyata keçirilib.

    Etibar müəllimin məktəbimizdə son iş ili 2009-cu il olmuşdur. O,  03.09.2015 tarixdə dünyasını dəyişmişdir.

Təşkilatçı müəllim.

Ağagülov Etibar müəllim və Balayev Malik müəllim
Ağagülov Etibar müəllim və Balayev Malik müəllim

    Uzun illər məktəbimizin təlim tərbiyə işləri üzrə direktor müavini olmuş Etibar müəllim məktəbdə bir çox tədbirlərin təşkilində birbaşa iştirak edirdi. Təqvimdəki bayram və digər qeyd edilməli günlərdə məktəbdə ən azından balaca bir iclas olmalı idi. Valideyn iclaslarından tutmuş bayram tədbirlərinədək məktəbimizdə təşkil edilmiş yığıncaqların müəllifi Etibar müəllim idi. Onun bu işlərlə bağlı ilin əvvəlindən tərtib etdiyi planı var idi və o bu plandan kənara çıxmazdı.
Hər Novruz bayramı, yeni il, 9 may qələbə günü xüsusi qeyd edilirdi məktəbimizdə. İndi də xatirimdədir. Hər il 9 may günü biz məktəbliləri və Böyük Vətən müharibəsi veteranlarını bir yerə toplayan Etibar müəllim kəndimizdəki abidə kompleksi önündə bir tədbir təşkil edərdi.

Malik müəllim, Rayub müəllim və Etibar müəlim
Malik müəllim, Rayub müəllim və Etibar müəlim

    Bayram günləri ilə yanaşı ümumxalq hüzn günü olan 20 Yanvar günündə və rayonların işğal olunma tarixlərində təşkil etdiyi tədbirlərdə şagirdlərə verdiyi bir mesaj var idi: “Vətənimizin düşmən tapdağında olan torpaqlarını mənfur düşmənlərimizdən azad etməliyik. Onlar döyüşü udublar, müharibəni isə udmaq sizin borcunuzdur. Siz torpaqlarımızı azad edib şəhidlərimizin qisasını almalısınız!” O zamanlar uşaq olsam da birinci Qarabağ savaşında kəndimizin şəhid olmuş igidlərinin dəfn mərasimlərinə biz şagirdləri aparması özlüyündə bir qisas hissinin aşılanması idi. Bəlkə də onun bu tip çıxışlarının səbəbidir ki, kəndimizin onlarla oğlu hərb peşəsini seçdi və Vətən müharibəsində, torpaqlarımızın azad edilməsində onların da payı oldu.
Tələbələrlə görüş.

Etibar müəllim məktəb kollektivi ilə
Etibar müəllim məktəb kollektivi ilə

    Etibar müəllimin təşkil etdiyi tədbirlərdən biri də məktəbimizin məzunları olmuş və tələbəlik həyatı yaşayan şagirdlərlə hər ilin fevral ayında təşkil etdiyi görüş idi. Belə görüşlər məktəb şagirdlərində bir motivasiya yaradardı. Hər kəsin daxilindən tələbə olmaq və gələcəkdə belə bir görüşə dəvət almaq kimi bir istəyi yaranardı. Həmin şagirdlərdən biri də mən olmuşam. Orta məktəbdə təhsil aldığım illərdə hər dəfə tələbə olmaq istəyim ildən ilə daha da artırdı.
    Mən də məktəbi bitirib ali məktəb tələbəsi olduqdan sonra dörd il ərzində tələbə kimi belə görüşlərə dəvət aldım. Belə görüşlərdə Etibar müəllim həm şagirdlərə və həm də tələbələrə imkan verirdi ki, sərbəst olsunlar və öz fikirlərini ifadə etsinlər. Bir şeyi də qeyd edim ki, tələbələrlə görüşlərdə də Etibar müəllimin xarizmatik davranışının şahidi olurduq. Baxmayaraq ki, məzun olmuş şagird artıq tələbədir, Etibar müəllim ona da öz sözünü deyə bilir və iradını çatdırırdı.

Divar qəzeti.

Ağagülov Etibar Musa
Ağagülov Etibar Musa

    Məktəbimizin gözəl işlərindən biri də hər ay buraxdığımız divar qəzetləri idi. Məktəbin koridorunda böyük bir divar məhz bu məqsədlə ayrılmışdı. Orada hər sinifin öz yeri var idi. Sinif divar qəzetlərindən başqa orada tez-tez yenilənən digər divar qəzetləri ilə də tanış olmaq mümkün idi. Səhv etmirəmsə həmin divar qəzetlərini müəllimlər tərtib edirdilər və elm, texnologiya ilə yanaşı idman və təbiətlə də bağlı divar qəzetləri olurdu.
    Biz şagirdlərin ən çox marağında olan isə öz sinifmizin divar qəzetinin digər siniflərin divar qəzetlərindən maraqlı və rəngarəng olmasını təşkil etmək idi. Bu işlərin başında sinif rəhbərlərimizlə yanaşı sözsüz Etibar müəllimin böyük payı var idi. O, divar qəzeti üçün xüsusi hazırlanmış vatman vərəqlərini hər ay bizə verərdi. Qeyd edim ki, hər sinifdən divar qəzetinə cavabdeh iki şagird seçilirdi. Uzun illər sinifmizin divar qəzetinin rəssamı və redaktoru olmuşam. Hazırda məktəbimizin qabaqcıl məllimlərindən olan sinif yoldaşım Fərahim müəllimlə birgə qəzetin hər nüsxəsini hər ay hazırlayardıq.
Onun saatı

Ağagülov Etibar Musa
Ağagülov Etibar Musa

    Etibar müəllimin bəzi qəribə hərəkətləri indi də yadımdadır. Eynəyini burnunun üstünə salıb qəribə baxışlarla sinifi süzməyi və bir böyrünü basaraq gəzməyini xatırlayıram. Məni ən çox maraqlandıran və hər dəfə bu barədə ona sual vermək cürətimin olmadığı üçün marağımın daha da artmasına səbəb isə onun qol saatından fərqli istifadə etməsi idi. Hamımızın vərdiş etdiyi kimi Etibar müəllim qol saatını biləyinin üstünə yox içinə doğru bağlayırdı. Saatına qəribə baxış tərzi var idi onun.
Şəhid atası
    Etibar müəllim şagirdlərdə vətənpərvərlik hissinin aşılanmasında böyük işlər görmüşdür. Vətənpərvər bir müəllimin həyatında enişli-yoxuşlu zamanlar da az olmamışdır. Onun böyük oğlu Eldəniz birinci Qarabağ savaşında şəhid olanda Etibar müəllimi bu hadisə daxildən sarsıtsa da o buna dözdü. Onun qaməti əyilmədi, əksinə o “Vətən sağ olsun!” dedi.

Ağagülov Etibar Musa
Ağagülov Etibar Musa

    Etibar müəllimin qisas hissi ilə alışıb yanan digər oğulları ŞəhriyarElşən qardaşları hərb yolunu özlərinə peşə seçdilər. Uzun illər Ordu sıralarında xidmət göstərən “Şimal pələngləri” ikinci Qarabağ savaşında, sonu zəfərlə bitən 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək qardaşları Eldənizin qisasını aldılar.
Son
    Mənim dəyərli müəllimlərim çox olub. Orta məktəbin son siniflərində mən ali məktəbə hazırlaşırdım. O zamanlar kəndimizdə elektrik enerjisinin verilməsində ciddi problemlər var idi. Mən gecələr neft lampasının işığında dərslərimi oxumaqla yanaşı eyni zamanda ali məktəbə də

Ağagülov Etibar Musa
Ağagülov Etibar Musa

hazırlaşırdım və elə olurdu ki, çatdıra bilmirdim. Məktəbdə əlimə düşən fürsətlərdən istifadə edərək oxumağıma davam edirdim. İşıqlar yanan zaman fizika müəllimim Ənvər müəllim kompyuter otağının açarını mənə verərdi ki, gedib orada kompyuter biliklərimi artırım. İki müəllimim də var idi ki, onlar da mənə hazırlığım üçün şərait yaradırdılar. Coğrafiyanı tədris edən Şamil müəllim öz dərsində mənə Riyaziyyatdan hazırlaşmağım üçün şərait yaradar və deyərdi ki, coğrafiyadan öyrəndiyin bəs edər, ondan imtahan verməyəcəksən. Etibar müəllim isə bədən tərbiyəsi kimi qeyri ixtisas dərslərində müəllimlərdən icazə almaqla məni sinifə gətirər və hazırlığım üçün şərait yaradardı. O, təkcə mənə qarşı belə deyildi. O, oxumaq istəyən bütün şagirdlər üçün şərait yaradırdı. Deyirdi ki, sizin ali məktəblərə daxil olmağınız məktəbimizin adıdır. Məktəbimizin adını sizlər ucaltmalısınız. Məktəb müqəddəs yerdir. Elə buna görə idi ki, onu hər zaman məktəbdə görmək olurdu. Özünün dediyi kimi məktəb onun ikinci evinə çevrilmişdi.

Müəllif:İlkin R.Balayev