Mən kiməm? Bu vücud həqiqətənmi mənimdir? Yoxsa, bu vücudda yenə kimlərsə yaşayır? Doğulduğum zamanmı dünyaya gəlmişəm? Yoxsa, əzəldən bəri burdayam? Yoxsa bu suallar da əbəsdir. Heç nəyi izah etmir, yeni suallar yaradır. Bəlkə cavab axtarışının özü bir cavabdır? O zaman tam fərqli bir şey edək. Bu dəfə bir cavab verək və ona suallar axtarmağa çalışaq. Cavabımızsa çox bəsitdir. İNSAN.
Bu mənalı fikirlər yenicə çapdan çıxmış bir kitabdandır. Kitab marağımı cəlb edib. Amma hələki oxumamışam. Sadəcə vərəqləmişəm. Müəllif kitabın əvvəlində toxunduğu fəlsəfi anlamın mənasını araşdırmağa cəhd etdiyini bildirir. İnsan məhfumunun nə olduğunu kitab boyunca suallar qoymaqla çözür.
“İnsan tarix boyu yaşadığı dünyanı, onu çevrələyən təbiəti, ən uzaq ulduzları, hətta, görə, toxunub-duya bilmədiyi varlıqları, həyatı, ölümü və Tanrını anlamağa çalışmışdır. Bəs, özünü necə? İnsan özünü nə qədər tanıyır? İçində yaşadığı vücudu, daşıdığı ruhu anlaya bilirmi? İnsanı yaradan nədir? Onu hansı Usta inşa edib?” Kitabda tanış olduğum məqalələr belə fəlsəfi yüklü yazılarla boldur. Müəllif öz təxəyyülünü, beyin məhsulunu, fikirlərini qələmə almaqla insanın maddi bir varlıq olmadığını qeyd edir.
Müəllifdən kitab haqqında soruşduqda belə dedi: “Bu kitab yaradılışın ən mürəkkəb abidəsi olan insanın varlığına işıq tutur. Onun zərrə-zərrə necə inşa olunduğunu izah edir. Və ən əsası, onun Memarını kəşf edir.”
Maraqlıdır. Mən şəxsini tanımadığım müəllifin dərin düşüncəli fikirləri olduğunu kəşf etdim. Onunla bircə dəfə də olsun görüşməmişəm. Amma maraqlı bir insan olduğuna əminlik formalaşıb məndə.
Müəllif kimdir?
Müəllif, Ələskərov Xəzər Əkbər oğlu 17 fevral 1997-ci ildə Quba rayonunun Alpan kəndində dünyaya gəlib. İlk və orta təhsilini Elşad Bayramov adına Alpan kənd tam orta məktəbində tamamladıqdan sonra 2014-cü ildə Bakı Dövlət Universitetinə daxil olub. Burada, Sosial Elmlər və Psixologiya fakültəsində Sosiologiya ixtisası üzrə təhsil alıb. Təhsilində prioritet istiqamətləri “hüquq sosiologiyası” və “sosial psixologiya” təşkil edib. Bu yöndə bir neçə seminar və konfranslarda iştirak edib. “Türk Dövlətləri Əməkdaşlıq və Koordinasiya Təşkilatı(TİKA)”-nın hüquq və Xəzər Universitetinin psixologiya sertifikatına layiq görülüb. Həmçinin, IV Beynəlxalq Psixologiya Konfransımın seminarçısı olub. “Sosial hüquq və Gənclər siyasəti” üzrə Azərbaycan Respublikası Milli Məclisində təcrübə keçib. Üç ildən artıqdır ki, müstəqil araşdırmalarla məşğul olur. Əsas tədqiqat sahələri fəlsəfə, tarix, sosial elmlər, fundamental elmlər və dilçilikdir.
Bu il isə, yuxarıda qeyd edilən istiqamətlər üzrə yürütdüyü araşdırmaları və topladığı bilgiləri kitab halına gətirmək nəsib olub. “İnsan memarlığı” adlı ilk kitabı iyul ayında Azərbaycan Milli Elmlər Akademiyasında çap olunub. Müəllif qeyd edir ki, mövzusu hazır, amma yazılmağı gözləyən üç kitabı daha var. İmkan olduqca o kitabları da ardıcıl şəkildə çap etdirməyi düşünür. Gələcək həyatını və fəaliyyətini də akademik sahədə, elmi araşdırmalar edərək keçirmək ən başlıca məqsədidir deyir Xəzər. Biz də ona uğurlar arzulayır, ilk kitabı münasibətilə təbriklərimizi çatdırır və yeni kitablarının çapını gözləyirik.
Müəllif: İlkin R. Balayev