İnsanlığa həsr olunmuş ömür

175

ADPU-nun Quba filialında şair-nasir, pedaqoq, qabaqcıl təhsil işçisi Rahib Sədullayevin 65 illik yubileyi qeyd edildi

    Fevralın 23-də ADPU-nun Quba filialının böyük akt zalında Ədəbiyyat və dillər kafedrasının baş müəllimi, qabaqcıl təhsil işçisi, şair-yazıçı Rahib Sədullayevin 65 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Karantin qaydalarına tam şəkildə riayət olunmaqla baş tutan tədbirdə filialın direktoru dosent Yusif Alıyev, həmçinin şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiz Qusarçaylı, tanınmış şair və ədəbiyyatşünas, filialın keçmiş müəllimi Zakir Məmməd və filialın 25 nəfər əməkdaşı iştirak edib.
Filialın tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva tədbiri açıq elan edib, sözü filialın direktoru dosent Yusif Alıyevə təqdim edib.
    Dosent Yusif Alıyev çıxış edərək bildirib ki, yubileyin 180 nəfərlik yeni akt zalında keçirilməsinin xüsusi simvolik mənası var və yenicə təmirdən çıxmış bu möhtəşəm akt zalında gələcəkdə da belə əlamətdar tədbirlər təşkil olunacaq. Direktor həmçinin filiala rəhbərliyə başladığı ilk günlərdən söz açıb və Rahib müəllimin insani xarakteristikasını verib. R. Sədullayevin sənətindən bəhs edən Y. Alıyev onu bu cür təsvir edib: “Pedaqoq, şair, həm də nasir”. Direktor çıxışını “Ay işığı” ədəbi məclisinin üzvü Ramiz Qusarçaylının şeiri ilə yekunlaşdırıb və sonda Rahib müəllimi onun ixtisasına uyğun olaraq ingiliscə təbrik edib. Müəllimə can sağlığı, uzun ömür, şəxsi həyat və fəaliyyətində uğurlar arzulayıb.

Rahib Sədullayev
Rahib Sədullayev

    Daha sonra Rahib Sədullayev fəxri kürsüyə dəvət edilib. Direktor Yusif Alıyev onu Azərbaycan ədəbiyyatı qarşısında, təhsildə, gənc nəslin təlim-tərbiyəsində və vətənpərvərlik irsinin təbliğində göstərdiyi xidmətlərə və anadan olmasının 65 illik yubileyi münasibətilə təltif edib. Müəllimə Sertifikat və hədiyyələr təqdim olunub.
    Müəllimin yaradıcılığından şeirlər səsləndikdən sonra həyat və fəaliyyətinə həsr olunmuş videoçarx təqdim edilib. Videoçarxda Rahib müəllimin təhsil, karyera həyatı, yaradıcılığı təsvir olunub. Şagirdlərinin dəfələrlə respublika fənn olimpiadalarında müvəffəqiyyət qazanması, Rahib müəllimin buna görə mükafatlandırılması vurğulanıb. Həmçinin müəllimin ölkənin ictimai həyatında rolu, Azərbaycana müxtəlif seçkiləri izləmək üçün gəlmiş AŞPA nümayəndələrini tərcüməçi kimi müşayiət etməsi, “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunması xatırlanıb. Bildirib ki, Rahib müəlllim hələ 2014-cü ildən ADPU Quba filialında fəaliyyətini davam etdirir. “Oğurlanmış həqiqət”, “Yaxşılığın göz yaşları”, “Nələr olmur, dünya, səndə?” kitabları və müxtəlif dərs vəsaitlərindən bəhs olunub.
    Ədəbiyyat və dillər kafedrasının müdiri dosent Gülşən Ağabəy çıxışında Rahib müəllim haqqında müşahidələrini söyləyib. Bildirib ki, Rahib müəllimi kollektivə sevdirən təmkini, mədəniyyəti, nəzakətidir. Bu gün bizlər Rahib müəllim kimi pedaqoqlarımızla fəxr edirik.
    Növbəti fəxri fərmanı isə səbəbkara Təbiət fənləri və onların tədrisi metodikası kafedrasının baş müəllimi, “Gülüstan ədəbi məclisi” adından Şıxəmməd Seyidməmmədov təqdim edib. O, Rahib Sədullayevi təbrik edərək onunla bağlı xatirələrini dilə gətirib. Rahib müəllimi təkcə yaxşı deyil, əla keyfiyyətlərə malik insan, müəllim adlandırıb.
Tədbirə dəvət olunmuş Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiz Qusarçaylı maraqlı monoloqu ilə diqqət çəkib. O, Rahib müəllimin timsalında tədqiqat işləri üçün Quba ədəbi mühitinin dərya olduğunu və ADPU Quba filialının bu istiqamətdə xeyli işlər gördüyünü açıqlayıb. Şair həmçinin “Ay işığı” ədəbi məclisinin yaradılmasından söz açıb: “Ədəbi məclisin əsası qoyulandan bu günədək Qubada 300-ə yaxın kitab dərc olunub. 20-ə yaxın həmyerlimiz Azərbaycan Yazıçılar Birliyinə üzv olub. Ümumiyyətlə, Quba son 30 ildə çox ciddi qələm ustadlarının ortaya çıxdığı yerdir”. Şair həmçinin Azərbaycanın tarixinə həsr olunan növbəti kitabının təqdimatının ADPU Quba filialında keçiriləcəyini bildirib.

    Tədbir Ədəbiyyat və dillər kafedrasının müəllimi Eyvaz Şeydayevin çıxışı ilə davam edib. Rahib Sədullayevi təbrik edən müəllim onunla bağlı xatirələrini bölüşüb və filialda şeir dərnəyinin açılmasını təklif edib. O, nitqini Dağlıq Qarabağın işğaldan azad eidlməsi və Rahib müəllimin şeirləri ilə sonlandırıb, onları poetik təhlil edib:
“Bara bax,
Budağa bax, bara bax.
Dünya qan ağlayacaq,
Gülməyincə Qarabağ”
    Növbəti çıxış isə tədbirə təşrif buyurmuş görkəmli şair Zakir Məmmədin olub. O, Rahib müəllimin timsalında ideal müəllim obrazını təhlil edib və səbəbkara uzun ömür, can sağlığı arzulayıb.
Pedaqoji fakültənin dekanı fil.üzrə f.d Qələmşah İdrisov Rahib müəllimin ədəbi irsindən daha çox pedaqoji irsini təhlil edib. Qeyd edilib ki, Rahib Sədullayevin pedaqoji irsində öyrənməli çox təcrübələr var. Həmçinin müəllimin öz dilindən eşitdiyi uşaqlıq xatirələrini dilə gətirib.
Daha sonra Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Sərxan Cəfərov R. Sədullayevə onun ingilis dilinə tərcümə edilmiş şeirini hədiyyə edib.
    Tədbirdə həmçinin filialın “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının I tədris ili tələbələri Nərmin Orucova “Müəllimin ömrü” şeirini , Səma Rəhimova “Dünya nələr olur səndə?”, “Ömrüm” şeirini Arzumanova Zabitə , Günel Balasıyeva “Müəllim” şeirini, Nurtac Eldarova “Oğluma nəsihət”, Hicran Seyidova “Ana” şeiri səsləndiriblər.
Tədbirin davamı olaraq Rahib müəllimin müxtəlif qurum və sturukturlarda çalışan tələbələrinin təbrik videoçarxı təqdim edilib. Tədbirdə ardıcıl olaraq “Nələr olmur, dünya, səndə?”, “Ömrüm”, “Müəllim”, “Ana”şeirləri səsləndirilib.
Sonda söz Rahib Sədullayevə verilib. Rahib müəllim tədbir iştirakçılarına təşəkkürlərini bu cür ifadə edib:
“Nə yaxşı ki, varsınız,
Sayənizdə mən varam.
Bu sevgiyə, hörmətə
Min kərə minnətdaram…”
    Tədbir Rahib Sədullayevlə sual-cavab formatında davam edib və xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.
    100 yaşayın hörmətli Rahib müəllim!

Müəllif: ADPU Quba filialı