Bayramov Elşad Cəlil oğlu

254

Bayramov Elşad Cəlil oğlu Bayramov Elşad Cəlil oğlu Bayramov Elşad Cəlil oğlu Bayramov Elşad Cəlil oğlu

    Kəndimizin ilk şəhidi  Elşad Bayramov 1971-ci ilin 29 aprelində Alpan kəndində anadan olmuşdur. 1988-ci ildə kənd orta məktəbini bitirmiş, bir müddət  Sabir adına  sovxozda  fəhlə  işləmişdir. 1989-1992-ci illərdə Sovet Ordusu sıralarında  xidmət etmiş və 1992-ci iin  iyul ayında  Milli orduya yazılmışdır.

    Elşad  şərəfli döyüş  yolu keçmişdir. Torpaqlarımızın erməni qəsbkarlarından qorunmasında fədakarlıq göstərmişdir. Amma, onun bu döyüş yolu çox qısa olmuşdur. 1992-ci ilin sentyabrın 17-də Ağdərə rayonunun Çaldıran  kəndi uğrunda gedən ağır  döyüşdə  şəhid olmuşdur.

    Cəbhə yoldaşlarından, Xucbala kənd sakini Sərvər Bağırov Elşadın şəhid olduğu anı xatırlayarkən deyir: “Heç ölməli oğul deyildi. O hamıya ürək dirək  verirdi. Sentyabrın  17-də səhər saat 5 radələrində gördük ki, Çaldıran kəndi tərəfdən üstümüzə bir dəstə adam gəlir. Elşad onlardan parolu soruşdu, cavab gəlmədi və onlar istiqamətlərini dəyişdilər. Elşad onların erməni  kəşfiyyatı olduğunu bilib yerini dəyişdi. Elə bu an qumbara partladı və atəş səsləri gəldi. Mən ona tərəf qaçanda artıq gec idi. O, əli ilə qarnını tutmuşdu. Al qana qərq olmuşdu. Qeyri-ixtiyari qışqırdım: – Sənə nə olub? -Ölürəm…-dedi və gözlərini əbədi yumdu ”.

    Elşad evli idi. Dünyaya gələcək körpəsini görmədən əbədi yumdu gözlərini. Amma o vəsiyyət edibmiş ki, dünyaya gələcək körpəsi oğlan olsa adını Elşad qoysunlar. Onun vəsiyyətinə əməl olundu. Oğluna onun adını qoydular.

    Hal-hazırda Alpan  kənd orta məktəbi kəndimizin ilk şəhidi Elşad Bayramovun adını daşıyır. Onun qəbri kəndin “Su Baba” qəbiristanlığındadır.

Müəllif: İlkin R. Balayev