Kamilov Fuad Zahir oğlu

380

Kamilov Fuad Zahir oğlu

    Mən orta məktəbdə oxuyarkən Fuadın döyüş zamanı etdiyi qəhrəmanlıqlar  haqqında çox  eşitmişdim. Mənim uşaq yaddaşımda Fuadın qəhrəman siması formalaşmışdı, halbuki mən onu heç vaxt görməmişdim. Amma, mən onu təsəvvür edə bilirdim.

    Fuad, 25 aprel 1969-cu ildə Alpan kəndində, zəhmətkeş bir kəndli ailəsində anadan olmuşdur. Atası Zahir müəllim kəndimizin sayılıb seçilən müəllimlərindəndir. O, uşaqlara hələ kiçik yaşlarından Vətəni sevməyi, Vətən uğrunda vuruşmağı, lazım gələrsə bu yolda canından keçməyi aşılayırdı. Onun tərbiyəsi ilə böyüyən Fuad orta məktəbi bitirdikdən sonra 1986-cı ildə Bakı Dəmiryol Texnikumuna daxil olur və 1989-cu ildə oranı bitirir. Daha sonra Sovet Ordu sıralarında hərbi xidmətə çağırılır və Ukraynada hərbi xidmət keçir. Ordu sıralarından təxris olunduqdan sonra Azərbaycan Dəmiryolu İdarəsi stansiyasında əmək fəaliyyətinə başlayır.

    Həmin illərdə Vətənimizin ağır günlərinə, baş verən hadisələrə biganə qala bilməyən Fuad Xocalı faciəsindən sonra  ordu sıralarına yazılır və  Milli Ordunun “N” saylı hərbi hissəsində əsgəri xidmətə başlayır. 1992-ci ilin mart ayında döyüş bölgəsinə göndərilən Fuadın döyüş yolu Füzuli,Laçın,Şuşa rayonlarından keçir. O,torpaqlarımızın erməni qəsbkarlarından qorunması üçün döyüşür. Onun qəhrəmanlıqları haqqında çox yazmaq olar. O, döyüşlərdə şücaət göstərir, əsgər yoldaşlarına dayaq olur. 1992-ci ilin iyul ayında Fuadın qulluq etdiyi rota qızğın döyüşdə mühasirəyə düşür əsgərlərin qəhrəmanlığı sayəsində rota düşmənə tabe olmur, mühasirə yarılır. Bu döyüşdə Fuadın qəhrəmanlığın rolu az olmamışdır.

    Sonrakı döyüşlərdə Fuad ayağından və qolundan yaralanır. Bir müddət Bakıda hərbi hospitalda müalicə olunan Fuad 1993-cü ilin noyabr ayında yenidən ön cəbhəyə yollanır. Onun döyüş yolu Goranboydan  keçir.  Fuadın igidliyi və döyüş təcrübəsi  ona və əsgər yoldaşlarına kömək olur. Goranboydakı  ağır  döyüşlərdən birində Fuad düşmənin  hərbi sursatlarını ələ keçirmiş, bir tankını sıradan çıxarmış, bir neçə erməni cəlladını öldürmüş və iki erməni cəlladını əsir götürmüşdür. Onun bu qəhrəmanlıqlarına görə onu kəşfiyyat bölüyünün komandiri təyin edirlər. Kəşfiyyatçı kimi onun igidliyi də az olmamışdır. Bir çox döyüş planlarının hazırlanmasında onun kəşfiyyat məlumatları önəmli olmuşdur.

    Son döyüşünün yaxınlaşdığını hiss edən Fuad doğmaları ilə son dəfə 25 dekabr 1993-cü ildə görüşmüşdür. Fuadın son döyüşü 1994 –cü ilin yanvarın 26-da olmuşdur. Füzuli rayonun Qorqan kəndi uğrunda gedən qızğın döyüşdə məqsəd kəndi müdafiə etməklə yanaşı mühüm əhəmiyyətli yüksəklikləri tutmaq idi. Bu döyüşdə cəsur döyüşçülərimiz Fuadın kəşfiyyat məlumatlarından istifadə edərək möhkəm müdafiə edilən düşmən səddini yarmağa nail olmuşdular. Bu döyüş gecə saat iki radələrində baş vermişdir. Döyüş tapşırığı alan əsgərlər Fuadın kəşfiyyat bölüyünün ardınca getmiş və qələbə qazanmışdılar. Çox təəssüf ki, bu döyüşdə Fuad  ağır yaralanmış və yanvarın 29-da əbədi olaraq bu dünyaya gözlərini yumur. Fuadın məzarı  “Su Baba ” qəbiristanlığındadır.

Müəllif: İlkin R. Balayev