Kənd məktəbimizin şahı və yaxud bizim Ələkbər müəllim

1643

    Giriş əvəzi

    Professor Ələkbər Qubatovla üzbəüz oturub söhbətləşəndən sonra onun haqqında bir yazı yazmaq fikrim vardı. Bu arzumu özünə də bildirmişdim. Amma son aylar dünyanı cənginə almış koronavirus bəlası ilə əlaqədar bu niyyətim baş tutmadı. Elə bu səbəbdən hazırda kənddə yaşayan Ələkbər müəllimə baş çəkə bilmədim. Odur ki, iyul ayının 12-də (2020) onunla telefon söhbəti etdim. Söhbətimiz boyunca hiss etdim ki, onun həyat tarixçəsi mükəmməl bir salnamədir. Amma mən bu salnaməni sona qədər vərəqləməyə ürək etmədim. Çünki son bir neçə ayda xəstəlikdən əziyyət çəkən Ələkbər müəllimi yormaq istəmədim…

    Böyük nüfuz sahibi

Alialkber    Ələkbər Qubatov 1971-1977-ci illərdə mənim də təhsil aldığım Alpan kənd orta məktəbinin direktoru olub. (Yeri gəlmişkən, o, həmin dövrdə Quba rayonu üzrə məktəb direktorları arasında yeganə elmlər namizədi olan direktor idi). Məhz onun rəhbərliyi illərində kəndimizin məktəbi sayılıb-seçilən təhsil ocaqlarından birinə çevrilib. Daha doğrusu, onun Alpan məktəbində direktorluğu dövründə obrazlı şəkildə desək, kənd təhsilimiz çiçəklənib. O, məktəbdəki bütün şagirdlərlə dil tapmağı, eləcə də hər bir şagirdə xarakterinə görə fərdi yanaşmağı bacarırdı. Bəlkə də az sayda rəhbər işçilərdəndir ki, tənbehi də bir cümləlik olurdı. O, şagirdi danlayanda sadəcə belə deyirdi: “Özünü hər kəsdən “bərəkallah” eşidə biləcəyin şəkildə apar”.

    Ələkbər müəllim məktəbdə nizam-intizamı elə gücləndirmişdi ki, nə müəllim, nə də şagird heyətindən kimsə dərsə gecikməyə belə cəsarət etməzdi. Bir nəfərə görə sinifi cəzalandırmaq isə onun adəti idi. Bununla Ələkbər müəllim məktəbdə əgər belə demək mümkünsə, ictimai nəzarəti gücləndirərdi. Öz işində olduqca səriştəli, bacarıqlı olduğuna görə kənd camaatı da ona hörmətlə yanaşırdı.

    Yeri gəlmişkən, elə bu gün də Ələkbər müəllimdən söz düşəndə onun haqqında: “O, bir dənə idi”, – deyirlər. Hətta bəziləri məktəbin ləzzətinin elə onunla getdiyini də vurğulayırlar. Yaxud da məktəbdə müəyyən problem yaşananda “Kaş Ələkbər müəllim olaydı”, – söyləyirlər. Bir sözlə, o, məktəbin həm pedaqoji kollektivi, həm şagird kontingenti, həm də camaat arasında böyük nüfuza malik idi. Elə bu kimi səbəblərdən o, bir çoxunun yaddaşına nağıl qəhrəmanı, daha doğrusu, şah direktor kimi həkk olunub.

    Haşiyə

    Yeri gəlmişkən, onu da deyim ki, istər kənddə, istərsə də Bakıda çalışarkən kənd camaatı Ələkbər müəllimin xətrini çox istəyib. Məsələn, eşitdiyimə görə, Rahib müəllimin anası Ağaxanım xanım onun adına həmişə axtarma tutardı və hər dəfə Ələkbər müəllim gələndə ona göndərərdi.

    Zabit Babayevin söylədiklərindən: “3 övlad atası olan Ələkbər müəllim vəzifəli şəxslərin ədalətli olmasını istəyən bir şəxs kimi yaddaşıma həkk olunub. Öz söhbətlərində tamahkarlıq və ədalətsizliyin rəhbər üçün alçaldıcı amil olduğunu deyirdi. O, özünü heç vaxt inzibati rəhbər kimi aparmırdı. Onu da deyim ki, Ələkbər müəllimin çox insanlara yaxşılığı keçib. Bu günə qədər həmin şəxslər onun hesabına təhsil alıb, iş-güc sahibi olublar”.

    …Əldə etdiyimiz məlumatlara görə, Ə. Qubatov haqqında onun bir zamanlar çalışdığ kəndlərdə – Giləzi və Qəçrəşdə də hörmət və ehtiramla danışırlar. Deyirlər ki, onun çalışdığı məktəblər həmişə təlim-tərbiyə sahəsində qazandığı uğurlarla fərqləniblər. Məsələn, Ələkbər müəllim Qəçrəş məktəbində çalışarkən onun şagirdləri almaniyalı uşaqlarla məktublaşardılar. Bu, o zamankı Quba təhsili üçün yeni bir addım idi. Odur ki, adi bir kənd məktəbinin bu təşəbbüsü bir tarixi hadisə kimi təqdir olunub.

    Neman Qədirbəylinin xatirələrindən: “Xarici Dillər İnstitutunda mənimlə birgə Ələkbər müəllimin Qəçrəşdən olan iki şagirdi – Həzrətqulu və Hacıbaba da təhsil alırdılar. Onlar müasir Azərbaycan elmində öz layiqli yerini tutmuş professor Ələkbər müəllim haqqında elə hörmət və məhəbbətlə danışırdılar ki… Bu mənada Ələkbər müəllim Qəçrəş məktəbində də özünəməxsus izlər qoyub”.

    “Uğur qismətdir, doqquzu məsuliyyətdir”

    Bəs o, buna necə nail olmuşdu? Bu suala Azərbaycan Müəllimlər İnstitunun Quba filialının müəllimi Rahib Sədullayevin fikirləri ilə cavab vermək istərdim: “Yuxarı siniflərdə oxuyarkən məktəbimizə yeni direktor təyin olundu. İlk gündən məktəbin atmosferi dəyişdi. Direktor, indi ADU-nun professoru olan, bacarıqlı müəllim və səmimi insan Ələkbər Qubatov müəllim və şagird kollektivi ilə görüşüb, onları öz məqsəd və planları ilə tanış etdi… Ələkbər müəllim birinci tərbiyədən başladı. Kənd klubunda valideyn iclasları cağırıb yaranmış xoşagəlməz vəziyyətin aradan qaldırılması yollarını müzakirə etdi. İlk növbədə şagirdlərin tərbiyəsində, dərsə, məktəbə və müəllimə münasibətində çox ciddi dəyişikliklərin vacibliyini nəzərə çatdırdı, qısa müddətdə sevindirici nəticələrə nail olmağın yollarını göstərdi. Həyat direktorun müəyyən etdiyi fəaliyyət proqramının doğruluğunu tez bir zamanda sübut etdi. Bir zamanlar sözü bir yerə qoyub dərsdən qaçanlar indi bir-biriləri ilə bilik yarışında ortaq olurdular. Müxtəlif fənn olimpiadalarında qazanılan uğurlar, fəaliyyəti canlanan dərnəklər məktəbimizi bir elm məbədinə çevirdi”.

    Professor Ələkbər Qubatovun dediklərindən:Sizə bir sirrimi də açmaq istərdim. Mən həmişə demişəm, elə indi də bu fikirdəyəm ki, məsuliyyət insanın hətta mən deyərdim ki, başının tacıdır. Məsuliyyətlə görülən hər bir işin nəticəsi olur. Elə mənim də əldə etdiklərimin əsasında həmişə məsuliyyət dayanıb. Məsuliyyət mənim aləmimdə üzərinə düşən vəzifəni yerinə yetirmək deməkdir. Yeri gəlmişkən belə bir deyim var: “Gözəllik ondur, doqquzu dondur”. Amma mən bu deyimi adətən belə səsləndirirəm: “Uğur qismətdir, doqquzu məsuliyyətdir”. Bu mənada mənim təkcə peşəm deyil, həm də həyat tərzimə çevrilmiş müəllimlikdəki uğurlarımın başında məhz məsuliyyət dayanır. Amma etiraf edim ki, Alpan məktəbinin mənim pedaqoji fəaliyyətimdə xüsusi yeri var”.

    Haşiyə

    O zamanlar hər səhər dərslərin başlanmasına 15-20 dəqiqə qalmış məktəbin həyətində şagirdlər o illərin təbirincə desək, idman müəllimlərinin rəhbərliyi altında səhər gimnastikası ilə məşğul olardı. Nədənsə günlərin bir günü Ələkbər müəllim həmin rəhbərliyi mənə həvalə etdi. Sözün düzü, bu mənim üçün olduqca gözlənilməz oldu. Özü də bu rəhbərliyim uzun müddət çəkdi. Sonradan başa düşdüm ki, onun bu seçimi məktəbdə müəllim kimi çalışan atama görə deyil, mənim fəallığımdan irəli gəlib.

Alpan məktəbi 1975-1976

    Amma bir dəfə onun qəzəbinə “tuş” gəlmişəm. Belə ki, günlərin bir günü məktəbimizə yeni təyin olunmuş pioner baş dəstə rəhbəri 1 May münasibəti ilə təşkil olunacaq tədbirə gül-çiçəklə gəlməyimizi bildirdi. Onda dilim dinc durmadı. Dedim ki, ay müəllimə, gül nədir, çiçək nədir axı, onların bir fərqi varmı? Nədənsə bu sualım onun xoşuna gəlmədi. Odur ki, baş dəstə rəhbəri: “Məni ələ salmısan”, – deyərək göz yaşlarını tökə-tökə direktora məndən şikayətə getdi. Heç bir dəqiqə keçməmiş məni direktorun, yəni Ələkbər müəllimin otağına dəvət etdilər. Direktorun göstərişi ilə müəllimə bayıra çıxdı. Ələkbər müəllim yerindən durub mənə tərəf gələndə bütün vücudum titrədi. Elə: “Axı mən onu ələ salmamışam, sadəcə güllə çiçəyin fərqini öyrənməyə çalışmışam” demək istəyirdim ki, Ələkbər müəllim gülümsəyərək dilləndi: “Məsələdən xəbərim var…Belə şeyləri öyrənməyə cəhd göstərməklə heç səhv etməmisən”. Bu sözlərdən sonra o mənə güllə çiçəyin fərqini də izah etdi. O gün gül-çiçəkli gün kimi yaddaşıma əbədi həkk olundu.

    Haşiyə

    Neman Qədirbəylinin xatirələrindən: “Nəslimizin fəxrləri olan Ələkbər müəllimlə rəhmətlik Vahid (Qubatov) müəllimi bir yerdə görəndə özümü onların yanına verər və maraqlı söhbətlərini dinləyərdim. Bu yerdə onlarla bağlı bir xatirəmi də bölüşmək üstərdim. Yaxınlarımızdan biri xəstələnmişdi. Zəli lazım olmuşdu, o da apteklərdə tapılmamışdı. Soyuq bir payız günündə onlar dizə qədər çırmalanıb Digahın nohurundan zəli tutmaqla bu problemi yoluna qoymuşdular”.

    Arabaçının alim oğlu və yaxud həyat yolundan bəzi qeydlər

Beykəs Qubatov

    Ələkbər Beykəs oğlu Qubatov 20 oktyabr 1938-ci ildə Quba rayonunun Alpan kəndində anadan olub, həmin kənddə orta təhsil alıb. 1956-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstituna (indiki Azərbaycan Dillər Universiteti) daxil olub, 1961-ci ildə bu ali təhsil ocağının Qərbi Avropa dilləri fakültəsinin alman dili şöbəsini bitirərək, alman və Azərbaycan dilləri müəllimi ixtisasını alıb.

    Professor Ələkbər Qubatovun dediklərindən: “Vəlibəylilər şəcərəsindən olan atam Beykəs Qoca oğlu adi arabaçı olub. Ailədə 7 uşaq (4 qardaş, 3 bacı) olmuşuq. Amma sakit, həlim təbiətə malik atam təhsilə böyük önəm verən kişilərdən idi. Yadımdadır, o, həmişə deyərdi: təki siz oxuyun, nə qədər çətin olsa da tələbatınızı ödəyəcəyəm. Ödəyirdi də. Bir sözlə, o, övladlarını ali savadlı görmək istəyirdi. Övladları da onun etimadını doğrultdular. Belə ki, qardaşlarım – Ələsgər, Əhəd, Tofiq də mənim kimi təhsil aldılar və müxtəlif peşələrə yiyələndilər. Bununla həm də bir müddət kolxozda çalışmış anam Sonaxanım Fəzayıl qızının yolumuzda çəkdiyi çətinlikləri də ona unutdurduq”.

    …Ələkbər müəllim elə həmin ildən pedaqoji fəaliyyətə başlayıb. Quba rayonunun Güləzi, Qəçrəş kəndlərində (o, Qəçrəş kənd məktəbinin direktor müavini olub) çalışdıqdan sonra Alpan kənd orta məktəbinə direktor təyin olunub. 1973-ci ildə namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 1977-ci ildə indiki Azərbaycan Dillər Universitetinə işə qəbul olunub, 1980-86-cı illərdə dekan müavini vəzifəsində çalışıb. 1992-ci ildə doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi alıb. 1996-cı ildən professor elmi adına yiyələnib. 1996-cı ildən bir müddət alman dili tərcümə kafedrasının müdiri olub. Dilçiliyin müxtəlif sahələrinə dair 80-ə yaxın elmi məqaləsi Azərbaycan və xarici ölkələrin müxtəlif mətbuat orqanlarında çap olunub. 1991-ci ildə “Azərbaycan xalqı ilə qardaşlıq ailəsində” adlı monoqrafiyası nəşr olunub. “Alman dilindən ictimai-siyasi tərcümə praktikumu”, “Alman dilindən elmi-texniki tərcümə praktikumu”, ev oxusu üzrə bir metodik vəsait və digər tədris vəsaitlərinin müəllifidir. Y.V.Qöte, H.Hayne, F.Şiller R.Rilke və başqa alman şairlərinin xeyli şeirini ana dilimizə çevirib. Onların bir qismini isə “ Y. V. Qöte, H. Hayne lirikası və “Qərb-Şərq divanı”ndan nümunələr kitabında (“Adiloğlu” nəşriyyatı, Bakı-2007) çap etdirib.

    “Hər sözü könlünə hörüb gəlibdir”

    Professor Ələkbər Qubatovun dediklərindən: V.Hötenin ən məşhur əsəri “Faust”dan sonra ikinci sırada, heç şübhəsiz, “Qərb-Şərq Divanı” hesab olunur. Bu əsərdə şair müsəlman dünyasının ən məşhur və tarixi şəxsiyyətlərinə, o cümlədən Məhəmməd peyğəmbərə də şeirlər həsr edib. Məsələn,

Cənnəti vəsf edən əsl müsəlman,

Elə bil oranı görüb gəlibdir.

Əlində İslamın təməli Quran,

    Hər sözü könlünə hörüb gəlibdir – deyən Qöte, müqəddəs peyğəmbərimiz Məhəmmədin şəxsiyyətinə və əməllərinə olan heyrət və vurğunluğunu gizlədə bilməyib. Mən də onun bu heyranlığını öz dilimizdə soydaşlarımıza çatdırmışam. O, dahi şairimiz Nizami Gəncəviyə, türk sərkərdəsi Əmir Teymura, Hafiz Şiraziyə və digərləri ilə əlaqədar şeirlər də yazıb.

    Yeri gəlmişkən, qeyd edək ki, Ələkbər müəllimin tərcümələri tanınmış tərcüməçilər tərəfindən yüksək dəyərləndirilib. Məsələn, adını unutduğum bir müəllif yazıb: “Klassik alman şairləri Y.V.Qöte və H.Haynenin lirik şeirlərindən bir qismini alman dilindən Azərbaycan türkcəsinə tərcümə edən mütərcim Ələkbər Qubatovun “Lirika” adlı kitabında belə poetik parçalar təqdim olunub. Tərcümə olunmuş hər əsər tərcüməçinin sənətkarlığı, ustalığıdır. O, hər iki dilin bütün səviyyələrini nəzərə almaqla, yaradıcılıq işi görür, dilin bütün imkanlarını yeni incilərlə zənginləşdirir. Bəzən tərcümə o dərəcədə mükəmməl, təbii olur ki, oxucu onu orijinal əsər kimi qəbul edir”.

    “Biri müəllim idi”

    Ələkbər müəllimlə söhbətdən aydın oldu ki, onun bu səviyyəyə yüksəlməsində müəllimlərinin də kifayət qədər əməyi olub: “Odur ki, bu gün mən Zaman müəllimi, Qəzənfər müəllimi böyük ehtiramla xatırlayıram. Onu da deyim ki, mənim ibtidai sinif müəllimim Mayaxanım müəllimə olub. O ki qaldı mənim müəllim olmağıma… Mənim aləmimdə o zamanlar şəxsiyyətinə, nüfuzuna hörmət edilən iki adam var idisə, biri müəllim idi. Odur ki, çox ürəkdən arzulayırdım ki, müəllim olum. Yəni müəllim olmaq mənim uşaqlıq arzum idi. Özü də xarici dil üzrə… Alman dilini seçməyimə gəldikdə isə… Doğrudur, mən orta məktəbdə bu dili keçməmişəm. Amma ali məktəbə sənəd verəndə bu dilə üstünlük verdim”.

    Son

    Professor Ələkbər Qubatovun məktəbimizə sevgisinin həddi-hüdudu olmayıb. Təcrübəsi, tanrının bəxş etdiyi istedadı, zəkası ilə Ələkbər müəllim kamillik mücəssəməsi sayılıb. Ələkbər müəllimin özünəxas olan bənzərsiz bir müəllim dünyası var. Onun bu müəllim dünyası həmişə şagirdlərlə dolu olub. Hərdən öz-özümə deyirəm: “Nə yaxşı ki, onun rəhbərlik etdiyi məktəbin şagirdlərindən biri də mənəm, yəni onun müəllim dünyasında mən də varam…” Elə özü də kəndimizdə ötən və yaşanan illərindən razıdır. Deyir ki, etdiklərim kəndimizə, məktəbimizə olan sonsuz sevgidən irəli gəlib.

    Yazımı isə Rahib müəllimin Ələkbər müəllimin 80 illiyi münasibətilə qələmə aldığı “Hörmət qalası” şerindəki bu misralarla tamamlamaq istərdim:

Şam etdin, MÜƏLLİM, düzə ömrünü,

Qoy allah yetirsin yüzə ömrünü.

Müəllif:Qvami Məhəbbətoğlu (Rəsulov)