Haqq dünyasında olan hansısa şəxsi xatırlayanda, ondan söz açanda adətən belə deyirlər: yaşasaydı… Mən də bu ənənəyə sadiq qalaraq, səmimi, xeyirxah insan haqqında yazıma elə bu ifadə illə başlayıram: 6 il öncə aramızadan əbədi ayrılan Tərlan İsrafil oğlu Məmmədov yaşasaydı, 5 martda 60 yaşını qeyd edəcəkdi.
Tərlan İsrafil oğlu Məmmədov 5 mart 1962-cı ildə Alpan kəndində dünyaya göz açıb. 1979-cü ildə kənd orta məktəbində təhsilini fərqlənmə ilə başa vuraraq Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə qəbul olunub. 1985-ci ildə həmin universiteti bitirdikdən sonra bir il Mərkəzi Klinik Xəstəxananın kardiologiya şöbəsində interna təcrübəsi keçib. 1986-cı ildə Alpan kənd xəstəxanasında həkim-terapevt kimi çalışan Tərlan Məmmədov 1987-ci ildə bu səhiyyə ocağına baş həkim təyin olunub. 1996-cı ildə Quba Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində reanimotoloq, 2005-ci ildən isə ağ ciyər xəstəlikləri şöbəsində pulmonoloq-ftziatr kimi fəaliyyət göstərib.
1986-cı ildə Aygün Qəzənfər qızı ilə həyatı quran və 2 övlad (Elvin və Günel) atası olan Tərlan Məmmədov 23 aprel 2016-cı ildə ağır xəstəlikdən sonra vəfat edib.
Bu, onun öz seçimi olub
Tərlan bu sənəti seçəndə evlərində bir həkim vardı. Tanınmış şairimiz Ramiz Qusarçaylının sözləri ilə desək, hər insanın üz tuta biləcəyi nəcib və qayğıkeş həkim, hər uğurlu müalicəni özünün əsəri sayan, həmişə mütaliə edən və elmi axtarışda olan, xəstələrin şəfa tapması üçün bilik və bacarığını əsirgəməyən, onları hiss edən, duyan və ürəyinə girib qərar tuta bilən, inamını və etibarını qazanan, onlarla elə “öz dili”ndə danışmağı bacaran “ürək həkimi” – Cabir həkim. Amma kimsə Tərlanı qardaşı kimi həkimlik ixtisasına yiyələnməyə təhrik etməyib. Belə ki, onun da ürəyində gələcəkdə həkim kimi xalqına xidmət etmək arzusu başa qaldırıb. Həkim olmağı qarşısına məqsəd qoyan Tərlan Məmmədov bu sahə ilə bağlı fənləri daha dərindən mənimsəməyə çalışıb. Buna görə də dərslərinə münasibətini daha da ciddiləşdirib. Odur ki, o, hər gün məktəbdən gəlib azacıq istirahət etdikdən sonra kitablarla baş-başa qalıb. Belə məqamlarda o, ailənin digər üzvlərlini də narahat etməyib. Belə ki, Tərlan gecələr stolun üstündəki örtüklə onun dörd bir yanını bağlayıb və orada lampa işığında çalışıb. Elə həmin illərdə onun sorağı fizika, kimya, biologiya fənləri üzrə keçirilən rayon olimpiadalardan gəlib. Tərlanın gələcəyini öncədən görən məktəbin o zamankı direktoru Ələkbər Qubatov öz sevimli şagirdini bu sahəyə daha da həvəsləndirib.
Qardaş köməyi
Amma bu bir həqiqətdir ki, ailənin kiçik övladı olan Tərlanın bir həkim kimi yetişməsində qardaşı – “Tərəqqi” medallı Əməkdar həkim Cabir Məmmədovun danılmaz xidmətləri olub.
Cabir Məmmədovun xatirələrindən: “1977-ci ildə atam İsrafil kişi qəflətən haqqın dərgahına qovuşanda Tərlan 9-cu sinifdə oxuyurdu. Şübhəsiz, bu olay Tərlana öz təsirini göstərdi. Amma mən öz tövsiyələrimlə onun sarsılmasına, dərslərindən geri qalmasına imkan vermədim. Əksinə, onu seçdiyi ixtisasla bağlı əlavə ədəbiyyatla təmin etdim. Müəllimlərinə də tapşırdım ki, dərs prosesində Tərlana heç bir güzəştə getməsinlər. Günlərin bir günü Tərlan dedi ki, bəs kimya müəllimim-Şakir müəllim mənimlə yola getmir. Təbii ki, mən onun bu kimi şikayətlərinə məhəl qoymurdum. Amma birinci rübdə biologiya fənnindən onun biliyinin “4”lə qiymətləndirilməsini həzm edə bilmədim. Halbuki biologiya fənnini, əgər belə demək mümkünsə, xala xətrin qalmasın oxuyanların biliyi “əla” qiymətləndirilmişdi. Bununla bağlı Ələkbər müəllimə iradımı bildirdim. Ələkbər müəllim dedi ki, Tərlan məktəbimizin ən fəal şagirdidir. O mənim diqqətimdədir, narahat olmayın, o, orta məktəbi fərqlənmə diplomu ilə bitirəcək. Elə də oldu. Tərlana iki fəndən fərqlənmə diplomu verildi”.
Haşiyə
1979-cü ildə Tərlan Məmmədov ali məktəbə qəbul prosesində fizika fənnindən imtahan verərkən müəllimlər onun biliyini düzgün qiymətləndirmirlər. Öz biliyinə, savadına arxayın olan Tərlan onlarla razılaşmır və komissiya qarşısında imtahan vermək iddiasını ortaya qoyur və nəticədə layiq olduğu qiyməti alır. Məhz bu qiymət onun ali məktəb tələbəsi olmasında önəmli rol oynayır. Buna rəğmən, Tərlanla eyni miqdarda bal toplamış 104 nəfər abituriyent müsabiqəyə cəlb edilir.
Cabir Məmmədovun xatirələrindən: “Qəbul imtahanları prosesində elan etdilər ki, Tərlanın valideyni qəbul komissiyasına gəlsin. Mən qəbula gələndə dedilər ki, siz həkimsiniz? Dedim, bəli. Soruşdular ki, institutda sizin yaxın adamınız varmı? Dedim, yox, sadəcə təhsil illərindən tanıdığım müəllimlərim var. Az sonra mənə məlum oldu ki, sən demə, Tərlanla bağlı komissiyaya anonom məktub daxil olubmuş. Uzun sözün qısası, Tərlan bu komissiyadan da uğurla keçdi. Onu da deyim ki, bu prosesdə onun fərqlənmə diplomları müəyyən rol oynadı”.
Eşitdiklərimdən
Ana dili və ədəbiyyat fənnindən imtahan (yazılı) ərəfəsində Tərlan yüzlərlə mövzunu bir daha gözdən keçiribmiş. Qardaşı Cabirə deyibmiş ki, bircə Rəsul Rzanın “Lenin” poeması qalıb, amma yaman yorulmuşam, onu nəzərdən keçirə bilməyəcəyəm. Doktor Cabir onunla razılaşmayıb. Tərlan yenə yorğunluğunu əsas gətirərək bildirib ki, gözdən keçirdiyim bu qədər mövzudan biri düşməyəcək məgər? Doktor Cabirin növbəti israrından sonra o, daşı ətəyindən töküb və həmin mövzunu da nəzərdən keçirib. Taleyin gərdişinə bax ki, elə yazılı imtahanda “Lenin” poerması düşüb.
Tərlan gəlib baş oldu
Tərlan Məmmədov həkim kimi fəaliyyətə başladığı ilk günlərdə Cabir doktorun qardaşı kimi tanınsa da az sonra ona Tərlan doktor kimi müraciət edilir. Şübhəsiz, o, buna öz bacarığı, savadı sayəsində nail olur. Üstəlik, adının qarşısına baş həkim sözlərini də əlavə etməyi bacarır. Qeyd edək ki, Tərlan Məmmədov Alpanda fəaliyyət göstərən xəstəxanaya baş həkim təyin olunan ilk alpanlı kimi öz adını kəndimizin tarixinə yazdırmağı, başqa sözlə desək, bu tilsimi qırmağı bacarıb. Tərlana qədər isə xəstəxanamızın baş həkimləri respublikamızın bu və digər bölgələrindən gələn həkimlər olublar. Bu faktın əsasında isə Tərlan Məmmədovun həm də yaxşı təşkilatçı kimi dəyərləndirmək olar. O həmin illərdə kənd xəstəxanasında tibb bacısı kursu da təşkil edir.
Yeri gəlmişkən, mən o illərdə Tərlanın baş həkim kimi fəaliyyətə başlamasına bir şeir həsr etmişdim. Həmin şeirdən yadımda qalan misraları sizə təqdim edirəm:
Eşidin, ay camaat, Tərlan gəlib baş oldu,
Bu sevincdən inanın lap gözlərim yaş oldu.
Ruhun şad olsun sənin, baytar İsrafil kişi,
Tərlanın Cabirinə layiqli qardaş oldu.
Qəza və xərçəng…
Tərlan Məmmədov 1995-ci ildə Quba şəhərində öz şəxsi maşınında qəzaya düşməsi nəticəsində epilepsiya xəstəliyinə (epilepsiya baş-beynin xroniki xəstəliklərinə aiddir. Belə xəstələrdə qeyri-adi qıçolmalar, duyğu dəyişiklikləri baş verir. Tarixi məlumatlara görə, Napoleon Bonapart, Yuli Sezar, Dostoevski, Alfred Nobel, Dante kimi böyük tarixi şəxsiyyətlər bu xəstəlikdən əziyyət çəkiblər) düçar olur. Amma müalicələr istənilən effekti vermir. Bundan əziyyət çəkən Tərlan Məmmədov hərdən içki içməklə ağrılardan xilas olmağa çalışır. Bu hadisədən bir müddət sonra onun bağırsağında xərçəng aşkar olunur. Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində aparılan əməliyyat uğurla nəticələnsə də Tərlan Məmmədov yaşanan epilepsiya fəsadlarından qurtula bilmir. Nəticədə oğul toyuna hazırlıq görən Tərlan Məmmədov 54 yaşında dünyasını dəyişir.
Həkim var ki…
Savadlı həkim kimi tanınan Tərlan Məmmədov iş başında həmişə tələbkar, həm də məsuliyyətli olub. Hətta xəstəxanada ağır xəstə olanda günlərlə evə gəlməzdi. Bəzən də uzaq kəndlərdən olan xəstələr üçün üçün öz evində zəruri yeməklər hazırlatdırıb onlara çatdırardı. Rayon mərkəzində işləyərkən xəstəxanada yatan həmkəndlilərimizlə ən əziz adamları kimi rəftar edər, sözün həqiqi mənasında onların qulluğunda dayanardı. Bir sözlə, o, yüzlərlə imkansıza təmənnasız yardım edib, minlərlə xəstəyə şəfa verib.
Ehtiyatda olan zabit, Qarabağ veteranı, Azərenerji ASC-nin Quba rayonundakı, Şahdaq elektrik stansiyasının mühəndisi Ceyhun Butayevin yaddaşından: “Həkim var ki, xəstə üçün resept yazmaqla kifayətlənir. Amma doktor Tərlan belə deyildi. Öz peşəsini sevən qonşumuz Tərlan pasiyentləri-xəstələri sağalana qədər nəzarətdə saxlayar, onlara vaxtaşırı baş çəkərdi. Digər tərəfdən, doktor Tərlana əgər belə demək mümkünsə, işi düşən adam heç vaxt əliboş qayıtmazdı.
Doktor Tərlanın atam Qəzənfər kişi ilə də yaxşı münasibətləri olub. İndiki kimi yadımdadır, onlar həyətimizdəki heyva ağacının altında oturar, söhbət edərdilər. Hərdən baməzə söhbətləri ilə məclislərini şənləndirərdilər. Atama “day-day” deyən doktor poeziyamızın günəşi Səməd Vurğunun heyranı idi. Odur ki, onun şeirlərindən hərdən sitatlar gətirərdi. Amma nə yazıq ki, yüzlərlə insane sağlamlıq bəxş edən doktor Tərlan öz xəstəliyinə çarə tapa bilmirdi. Yəqin, onun alın yazısı belə imiş”.
Ailədə necə idi?
Quba şəhər 1 saylı orta məktəbdə və E. Bayramov adına Alpan kənd tam orta məktəbində rus dili fənnini tədris edən həyat yoldaşı Aygün xanımın sözlərinə görə, Tərlan ailədə uşaqlarına qarşı çox mehriban olub: “Hətta o, heç vaxt uşaqların xatirinə dəyən ağır ifadə işlətməzdi, onları tənbeh etməzdi. Bu və ya digər problem yarananda onları əgər belə demək mümkünsə, mənimlə qorxudardı. Günlərin bir günü Tərlandan soruşdum ki, bəs niyə özün uşaqlara acıqlanmırsan, mənimlə qorxudursan? O isə yarızarafat, yarıgerçək belə cavab verdi: “Həkim uşaq qorxutmaz”.
Qeyd edək ki, Tərlan Məmmədovun qızı Günel xanım 44 gün davam edən Vətən müharibəsində şəhid olan və şücaətinə görə “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” medallarına və “Azərbaycan bayrağı” ordeninə layiq görülən kapitan Aqil Məlikovun həyat yoldaşıdır.
Qızı Günel xanımın xatirələrindən: “Atam uşaqları çox sevərdi. Biz uşaq olanda o, bizimlə uşaq kimi oynayar, bəzən də zarafat edərdi. Elə nəvələri Xədicə və Süleymanla da belə rəftar edərdi. Atam məni müəllim görmək istəyirdi. Mən Quba Pedaqoji İnstitutunda təhsil almaqla onun arzusunu reallaşdırdım. Yeri gəlmişkən, qardaşım Elvin Xarkov Politexnik İnstitutunda menecment ixtisasına yiyələnib. Hazırda Polymart MMC-də satış meneceri vəzifəsində çalışır. Amma tale elə gətirdi ki, atam bizi çox tez tərk etdi. O, dünyasını dəyişəndə əgər belə demək mümkünsə, bir qanadım qırıldı. O biri qanadım isə həyat yoldaşım Aqil şəhid olan gün qırıldı.
Son
Bu il martın 5-də Tərlan Məmmədovun 60 yaşı tamam olur. Şübhəsiz, yaxınları, dost-tanışları, şəfa verdiyi xəstələri bu yubileyi qeyd edəcəklər. Biz də bir qələm əhli kimi onu xatırladıq. Amma bu yazını oxuyanda mənim kimi “yaşasaydı” kəlməsini işlətməyin. Çünki Tərlan Məmmədov bir doktor kimi cismən aramızdan gedib. Köçdüyü isə təkcə haqq dünyası deyil, həm də bizim qəlbimizdir, unudulmaz xatirələrdir. Dünyasını dəyişən adam nə qədər ki, sağ qalmış doğmalarının, tanışlarının yaddaşındadırsa, xatirələrində yaşayırsa, deməli, o, ölməyib.
Yazımı isə kəndimizin imamı Bədəl Bədəlovun Tərlan Məmmədov haqqınd dediyi bu sözlərlə yekunlaşdırmaq istəyirəm: ”Yaşadığımız bu dünyanı əbəs yerə gəlimli-gedimli adlandırmayıblar. Yəni hər bir insan doğulduğu kimi, bir gün dünyasını da dəyişir. Özündən sonra bir iz qoymaq, insanların sevgisini, hörmətini qazanmaq və bu dünyadan köçdükdən sonra rəhmətlə anılmaq hər adama nəsib olmur. Dünya malında gözü olmayan Tərlan Məmmədov belə insanlardandır. Allah rəhmət eləsin!”
Müəllif:Qvami Məhəbbətoğlu (Rəsulov)