Kəndimizdən Türkiyəyə elmi yol açan professorumuz

755

Uzun-incə bir yoldayam,
Gediyorum gündüz-gecə…(Aşıq Veysəl)
    Məndən yaşca kiçik olsa da, onun haqqında çox maraqlı faktlar eşitmişdim. Məsələn, eşitmişdim ki, o, hələ beş yaşında ikən dastanlarımızı oxuyur, onları özünəməxsus formada söyləyir. “Koroğlu” dastanı isə dilinin əzbəri imiş. Dastan demişkən, ustadlar ustadnaməni bir deməyib iki deyər, biz də deyək, iki olsun. Onu da eşitmişdim ki, o, hərfləri kimsənin köməyi olmadan öyrənibmiş. Ustadlar ustadnaməni iki deməyib üç deyər, biz də deyək, üç olsun. Elə buna görə də yaxınları ona “Professor” deyə müraciət edərmişlər. Bu titul elə o vaxtdan onun beyninə necə həkk olunubsa, sonradan o, bu adı rəsmi şəkildə doğrultmaq məqsədilə “Soruşan qalar, gedən çatar” prinsipi ilə yola çıxıb. Və öz ağlı, düşüncəsi, təmkini ilə uzun keşməkeşli, daşlı-kəsəkli, kədərli, sevincli yol qət edib. Amma həyatından, zorluqlardan heç vaxt şikayətçi olmayıb. Hər zorluğu bir imtihan, hər yeniliyi yeni bir zəfərə açılan qapı olaraq görüb. Bütün bunların müqabilində də öz adının qarşısına rəsmi olaraq “professor” sözünü də yazdırıb. Söhbət Türkiyənin Karabük Universitetində çalışan hüquq elmləri doktoru, tarixçi-yazar, dosent, bu yaxınlarda professor elmi dərəcəsinə layiq görülmüş həmkəndlimiz Ələskər Ramazan oğlu Ələskərlidən (Ələskərov-Q.M.) gedir. Daha doğrusu, bu yazıda kamillik zirvəsinə çatmış bu şəxsin ömür kitabının bir neçə səhifəsini vərəqləməyə, həyatının bəzi səhifələrini gözləriniz önündə canlandırmağa cəhd edəcəyik.

Ələskər Ələskərov
Ələskər Ələskərov

Alpandan başlayan yol
    Ələskər Ramazan oğlu Ələskərli 26 dekabr 1968-ci ildə ölkəmizin dilbər guşələrindən sayılan Quba rayonunun Alpan kəndində meşəbəyi ailəsində dünyaya göz açıb. Alpan kənd məktəbinə ayaq basan ilk gündən hazırcavablığı, iti hafizəsi ilə tay-tuşlarından seçilib. Balaca Ələskər özünün biliyi, qabiliyyəti və davranışı ilə müəllimlərin hörmətini qazanıb, onların sevimlisinə çevrilib. 1986-cı ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetinə qəbul olunub. 1987-1989-cu illərdə Sovet Ordusu sıralarında əsgərlik xidmətini yerinə yetirib. Onun ordudan qayıtdığı illər Azərbaycanda milli azadlıq mübarizəsinin yüksəliş dövrü idi. Odur ki, o, tələbə hərəkatında yaxından iştirak edib və 1989-cu ildə sərhədlərimizi ermənilərdən qorumaq məqsədilə bir qrup tələbə ilə Zəngilana yollanıb.
1990-da ermənilərin fitvası ilə sovet ordusu Bakıda qətliam törətdikdən sonra o, çətin şərtlərlə oradan Bakıya gələ bilib. 1992-ci ildə Azərbaycan Müdafiə Nazirliyinin ilk hərbi birləşmələrinə könüllü yazılıb və Füzuli cəbhəsində xidmət edib. Özü də rəhmətlik, bibisi nəvəsi Fuad ilə eyni briqadada.

Haşiyə
    Professordan illər öncə eşitdiklərimdən: “Fuad kəşfiyyatçı, mən də radio-rabitəçi idim. Fuad çox cəsur əsgər idi. O, sadəcə xidmət etmirdi. O zaman Fuad “ağsaqqal” dediyimiz bir yaşlı gizirimizin komandasında Dağıstana gedərək xeyli miqdarda silah və sursat gətirmişdi… Daha sonra səfərbərlik elan edildi və birliklərin şəxsi heyətləri tam tərkibdə formalaşmağa başladı. Bizi, yəni ali məktəb tələbələrini tərxis etdilər. Daha sonra Fuad şəhid oldu… Şükür Rəsulovun və Fuad Kamilovun şəhadəti çox təsir etmişdi mənə… Biz həmyaşıd idik. Zaman keçdikcə şəhid sayımız artdı… Alpanda hər kəs bilavasitə və ya dolayı olaraq bir biri ilə qohumdur. Bizdən çox kiçik olan qardaşlarımızın şəhadəti ürəyimizi yaraladı… Allah hamısına rəhmət eləsin. Nurlar içində yatsınlar. Bu mənada tələbəlik illərim ağır və sarsıntılı hadisələrlə dolu olub”.

Ələskər Ələskərov
Ələskər Ələskərov

Mühəndis, hüquqşünas və…
    …Ələskər Ələskərli böyük ümid və arzularda daxil olduğu universitetdən məzun olduğu zaman ölkəmizdə dağılmış iqtisadiyyat və ağır sosial həyat hökm sürürdü. Ona və iki nəfər tələbə yoldaşına Dövlət Təhlükəsizlik Komitəsinə göndəriş veriblər. O, burada ixtisası üzrə, yəni mühəndis ştatında çalışacaqdı. Amma: “Universitet mənim üçün yalnız diplom aldığım ali təhsil qurumu deyildi, oradan dolu, aydın fikirlərlə məzun olmalı idim, bir sözlə, özümü yetərsiz hiss edirdim”, – deyən Ələskər başqa ali məktəbdə yenidən təhsil almaq qərarına gəlib və 1993-də Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. O, 1997-də qırmızı diplomla bu təhsil ocağını bitirib. Bakı Dövlət Universiteti onun bilik dünyasını inanılmaz şəkildə zənginləşdirib. Aldığı ixtisasın da bunda payı böyük olub.
Professordan illər öncə eşitdiklərimdən: “1997-ci ildə Türkiyəyə ilk magistr və doktorant təhsili üçün qəbul açılmışdı. Rəhmətlik dekanımız, Məmmədxan müəllim məni yanına çağırdı, dedi, bilirəm sən polis olmaq istəmirsən (zarafatla), bizə bir magistr yeri veriblər, tam sənə görədir, get oxu, özünə də, ailənə də, millətinə də faydan olsun. Bu mənim üçün göydəndüşmə fürsət idi. Bunu da deyim ki, əvvəllət özüm Türkiyədə təhsil almaq üçün təşəbbüs etmişdim, amma düzəlməmiş, həm də maddi olaraq çox ağır gəlmişdi mənə. Alınmadığı üçün çox məyus olmuşdum. İndi isə dövlət təqaüdlü təhsil imkanı, necə deyərlər, ayağıma gəlmişdi. 1997-1998-ci illərdə Ege Universitetində Türk Dünyası Araşdırmaları İnstitutunda türkcə hazırlıq oxudum. Müəyyən qədər Türkiyə türkcəsinə hakim olduğum üçün təhsilimi erkən tamamladım. İzmirdə keçən birillik təhsil dövrü, həyatımın ən gözəl anlarındadır. Çox mehriban tələbə kollektivimiz vardı, valilikdə bizim problemlərimizlə məşğul olan, bunu vəzifə deyil, həqiqətən bir könül məsələsi bilən qiymətli Fadıl Ünal xocamızın zəhmətini heç vaxt unutmayacağam. Onu da deyim ki, mənim Türkiyədə düşüncə dünyama işıq tutan insandır Fadıl hoca. Ardından Mərmərə Universitetində (İstanbul) Ümumi Dövlət Hüququ ixtisası üzrə magistraturada oxudum. Məzun olduğum eyni ixtisas üzrə xaricilərə doktorantura kvotası verilməmişdi. Amma mən təhsilimə davam etməkdə qərarlı idim. Maddi şərtlər, yəni təqaüdsüz oxumaq imkanım yox idi. Çətin bürokratik əngəllər vardı, çox sağ olsun Təhsil Nazirliyimizin Türkiyədəki müşaviri Əlipaşa Zeynalov böyük çətinliklə bu yolu açdı. Haşiyəyə çıxaraq məndən yardımını əsirgəməyən, həyatımda iz buraxmış bütün qiymətli insanlara təşəkkür edirəm. Ankara Universitetinə eyni ixtisas üzrə doktoranturaya daxil oldum. 2007-ci ildə hüquq doktoru dərəcəsini aldım. Daha sonra uzun müddət “Ayna” və “Zerkalo” qəzetlərinin Türkiyə təmsilçisi oldum. Tərcümə fəaliyyətlərim oldu, həm tərcüməçiliyi öyrəndim, həm də bu sahədə tanınmağa başladım. Eyni zamanda strateji araşdırma mərkəzlərində çalışdım. Regional və beynəlxaq məsələlərlə bağlı ekspert, şöbə müdiri və s. işlərdə fəaliyyət göstərdim. 2011-ci ildən akademik-pedaqoji fəaliyyətə keçdim. Hazırda Karabük Universitetinin beynəlxalq siyasət üzrə professoruyam. Hacettepe Universitetində ikinci doktoranturamı tarix sahəsində davam etdirirəm”.

Ələskər Ələskərov
Ələskər Ələskərov

    Ələskər Ələskərli bir hüquqşünas kimi çalışmamağına isə belə aydınlıq gətirmişdi: “Bəzən həyat hekayəmi gözlərim önündə canlandırıram. Yaşadığım çətinliklər əslində mənə yol açıb, sənət öyrədib. Mənim hər zaman elmə həvəsim olub. Rəhmətlik Abdulməcid müəllim hər dəfə deyərdi: “Harada işləsən də, istər təsərrüfat, istər idarəetmə, çalış müdafiə elə, elmi ünvanın olsun”. Yalan olmasın, qulağıma sırğa etdim bu sözləri, həyat şüarım oldu. Vətəndaşlığı olmayan bir adam üçün xarici ölkədə hüquq diplomu çox perspektivli deyil, daha doğrusu, hüquqçu kimi fəaliyyət üçün bir çox mürəkkəb prosedura keçməlisən. Vəkil və ya hüququ-mühafizə orqanında işləmək hüququn yoxdur. Onsuz da həvəsim də yox idi. Ona görə mənim üçün ən doğru olanı seçdim. İkinci dəfə həyata gəlsəydim, yenə bu yolu seçərdim”.

Haşiyə
    Həmkəndlimiz İlkin Balayevin xatirələrindən: “Onun haqqnda ilk dəfə mənə riyaziyyatın sirlərini aşılamış dəyərli müəllimim Abdulməcid müəllim danışıb. O, özünün savadlı şagirdləri sırasında ilk sırada onun adını çəkirdi həmişə. Adətən Abdulməcid müəllim savadlı şagirdlərindən danışmaqla bizi dərsə motivasiya etmiş olurdu. 1992-ci ildə, mən 5-ci sinifdə oxuyarkən onu Abdulməcid müəllimin sayəsində qiyabi olaraq tanıdım. Amma onun üzünü bir dəfə də olsun görməmişdim. Abdulməcid müəllim bizə məktəbi qurtaranadək hər dəfə onun adını çəkir, onu nümunə göstərirdi (əslində bir neçə nəfər haqqında da danışırdı, amma onun adını xüsusi vurğulayardı). Onun haqqında Abdulməcid müəllim danışdıqca izah etmək istəyirdi ki, riyaziyyat bütün elmlərin açarıdır. Bu açarın dilini yaxşı mənimsədiyinə görə Ramazan kişinin oğlu texniki ali təhsilini bitirdikdən sonra hüquq təhsili də alıb.”

“Alpan mənim kiçik, eyni zamanda böyük vətənimdir”
    Mən yazımı elə burada tamamlamaq fikrində idim. Amma az sonra dərk etdim ki, onunla bağlı bəzi mətləblərdən söz açmamışam. Odur ki, hazırda Türkiyədə yaşayan Ələskər Ələskərliyə bir neçə sual da ünvanlamaq qərarına gəldim. Vaxtının azllığına, işinin çox olmasına baxmayaraq, Ələskər Ələskərli suallarımı cavablandırdı.
-Şəcərənizlə bağlı nələr söyləyə bilərsiniz?
– Şəcərə, yəni soy ağacı hər bir insan üçün maraq doğuran, onu tarixi kökləri ilə bütövləşdirən, düşünməyə, onun təxəyyül dünyasını zənginləşdirməyə xidmət edən önəmli bir dəyərdir. Təəssüf ki, biz ümumiyyətlə bir xalq kimi öz soy kökümüzə kifayət qədər maraq göstərməmişik. Mən də bu xalqın bir nümayəndəsi olaraq soy ağacımız haqqında çox məlumata sahib deyiləm. Burada haşiyəyə çıxaraq demək istərdim ki, bizimlə eyni kökdən gələn və ya eyni etiqadı daşıyan bir çox xalqda soy ağacı təəssübkeşliyi çox güclüdür. Məsələn qazaxlar, çeçenlər və s. Mən babamı görməmişəm, babamın atasının adı və babasının adını bilirəm. Onlar barədə yanlış məlumata sahib olduğumuzu yaxın vaxtlarda, Çar Rusiyası dövrünə aid siyahıyaalma kitabına baxdığım zaman gördüm.
Soy ağacımzla bağlı məlumat azlığını kəndimizə də aid etmək olar. Nə yaxşı ki son otuz ildə bu barədə yerli ziyalılarımız tərəfindən tədqiqatlar aparılıb. Qısa olaraq bunu deyə bilərəm ki, Alpan türklərin ata yurdudur. Qədim dövrlərdən bəri bu bölgənin sakinləri türklər olublar. Bir müsahibə çərçivəsində bu barədə söhbət açmaq və ümumiləşdirmə aparmaq mümkün deyil. Amma danışdığımız dilin, şivənin xüsusiyyətləri bununla bağlı güclü dəlillər verir. Alpan mənim kiçik, eyni zamanda böyük vətənimdir. Uşaqlığım, gəncliyim bu kənddə keçib. Bu kənddə ilk biliklərə yiyələnmişəm, elm adlandırdığımız zəngin xəzinəyə məhz buradan qapı açmışam. Ona görə də Alpanın özü qədər Alpan məktəbi mənim üçün əvəzedilməzdir. Müxtəlif universitetlərdə, müxtəlif elmi pillələrdə təhsilimi davam etdirmişəm. Amma bilin ki, doğma məktəbim ifadəsini sadəcə Alpan məktəbi ilə bağlı işlədirəm. Deyə bilərəm ki, uşaqlıqdan Alpanla bağlı xatirələrim sadəcə özümün yaşadıqlarımdan ibarət deyil. Mənim Alpanla bağlı xatirə dünyamın tarixi hüdudları çox geniş və qədimdir. Rəhmətlik dayım Sadıq (Qasımov-Q.M) müəllimin evində kəndimizin ziyalıları, xüsusən müəllimlərinin söhbətlərinə səssizcə, bir tərəfdə oturub diqqətlə qulaq asmışam. Nəslimizin ağsaqqalı İsmayıl əmimin (Ələsgərov), Qayraqların ağsaqqallarından Mövlud əminin (Həmidov), qohumumuz Nəcməddin müəllimin (Ömərov) köhnə kişilərin həyatı və yaşanmış hadisələri ilə bağlı söhbətlərini maraqla dinləmişəm, onları mənimsəyib öz xəyal və xatirə dünyama qatmışam. Rəhmətlik babamın üzünü görməsəm də onun haqqında ağsaqqallardan eşitdiyim söhbətləri, onun mərdliyi, səxavəti və alicənablığını gözlərim önündə canlandırmışam, ideallaşdırmışam. Şəxsiyyətimdə var olan insan sevgisində onun böyük payı var.

Ələskər Ələskərov
Ələskər Ələskərov

    Həyatımda və yaddaşımda dərin iz qoyan hadisələrdən biri İkinci Dünya müharibəsi haqqında eşitdiklərimdir. Hər ailəyə, hər ocağa atəş salan bu müharibədən mənim də iki əmim qayıtmayıb. Bu müharibənin gətirdiyi itkilər, dağıntılar, fəlakətlərlə bağlı kitablardan oxuduqlarımdan, kəndimizin ağsaqqal və ağbirçəklərindən eşitdiklərim mənə daha çox təsir edib. Rəhmətlik Zahir müəllimin atası və əmilərindən bəhs edərək “bir həyətdən yeddi oğul getdi və heç biri qayıtmadı” cümləsinin nə qədər dəhşətli olduğunu izah etməyə ehtiyac yoxdur. Hər dəfə bu söhbətlərdə “getsin o günlər gəlməsin” deyirdilər. Amma o günlər təəssüf ki geri gəldi. Amma bu, “bizim müharibə” idi. Həm dəfə iki dəfə… Şəhidlərimizi rəhmətlə anıram, qazilərimizə şəfa diləyirəm. Zorbaların dəstəyi ilə o qorxaq və mənfur güruhun bizi məğlub və qorxaq kimi tanıtmaq cəhdi baş tutmadı. Vətən uğruna canlarını fəda edən qəhrəmanlarımıza nə qədər təşəkkür etsək azdır. Allah millətimizə və dövlətimizə zaval verməsin.
-2005-ci ildə Milli Məclisə keçirilən seçkilərdəki iştirakınızı necə xatırlayırsınız?
– Həyatımın ən qürurlu, ən mübariz hadisəsidir o seçkilər. Yeni Siyasət Blokundan namizəd idim. Doktoranturanı bitirmək üzrə idim. Başda Qubadan Həsən müəllim olmaqla seçki kampaniyamda yanımda yer alan, mənə dəstək olan insanlara hər zaman minnət borcum var. Seçki maddi dəstəyə ehtiyac duyulan bir məsələdir. “Həyatda başqaları üçün yaşayan insan kimdir” desələr, heç tərəddüd etmədən adını çəkə biləcəyim qardaşım, iş adamı Sədad, eyni zamanda bəzi dostlarımın bu yolda mənə verdiyi dəstəyi unutmayacağam.
… Amma mənə bu işdə ilham verən, məni qürurlandıran, mənə dəstək verən ən böyük güc Alpan kəndinin camaatı oldu. Seçki nəticələri elan olunduğu gecə, dairə seçki komissiyasının ətrafındakı izdihamın arasında eşidilən “Halal olsun alpanlılara, heç kim iradələrini qıra bilmədi” sözləri mənim üçün millət vəkili mandatından çox dəyərli idi. Xatirəmdə silinməz izlər qaldı o kampaniyadan. İnsanları, bölgəmi, yerli xalqı yaxından tanıdım. Belə bir qənaətə gəldim: Dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq yaxşı insan, vicdanlı, qürurlu, namuslu, vətənini, haqqı ədaləti şüar etmiş insanlar çoxdur. Bir də hər şeyini ucuza satmağa hazır olan, madiyyat düşkünü, xarakter yoxsulu insanlar var. Deməli, insan mərkəzli düşünməmiz lazımdır. Öncə insan və insanlıq… Onun xaricində qalan hər şey təfərrüatdır, xırdalıqdır.
-Eşitdiyimə görə, kəndimizin məscidinin yenidən qurulmasında fəal iştirak etmisiniz…
– Alpan kənd məscidi bizim nəzərimizdə həm Tanrıya ibadət etdiyimiz məkan, həm də tarixi mədəniyyət abidəsidir. Bildiyiniz kimi Sovet hakimiyyəti quruldudan sonra yeni rejimin xidmətində dayanan “mübariz allahsızlar cəmiyyətləri” təsis edilmiş, din adamları repressiyaya məruz qalmış, ibadət yerləri bağlanmış, dağıdılmış və istifadəsi qadağan edimiş və ya başqa təyinatla istifadəyə verlmişdir. Mənim yaxşı yadımdadır, bizim məscidimiz taxıl anbarı kimi istifadə edilirdi. Hətta yanında köməkçi bir tikili də vardı. Nə yaxşı ki, bu qiymətli abidə o illərdə tamamən yox edilməmiş və ən azından taxıl anbarı kmi istifadə edimişdir. Taxıl, buğda bizim inancımıza görə müqəddəs nemətdir. Hətta bir qədər mübahisəyə açıq olan “çörək Qurandan irəlidir” deyimi də ata-babalarımızı çörəyə nə qədər böyük qiymət verdiklərinin bir göstəricisidir.
    Ölkəmiz müstəqilliyə qovuşduqdan sonra hər yerdə dini icmalar qurulmağa, məscidlər təmir edilməyə və yeniləri açılmağa başladı. Onu da qeyd etməliyəm ki, bir tərəfdən o dövrdə xalqın iqtisadi-sosial vəziyyəti heç də yaxşı deyildi. Digər tərəfdən yetmiş illik sovet rejimi bizim xalqın xeyriyyəçilik ənənələrini də yox etmişdir. İmkanı olanlar da bu işlərdən xeyli uzaq idilər. O vaxt bizim kənd camaatı da müəyən qədər pul toplamışdı, amma yetərli deyildi. Bir dəfə yayda kəndə gəldiyim zaman qonşumuz Qumalat (Poladov) dayı (Allah rəhmət eləsin) ilə küçədə qarşılaşdım. Məscidin yarıaçıq damını göstərərək dedi: “Bu il bu dam örtülməzsə, ilk qarda tavan çökəcək.” Uzun sözün qısası, Bakıya qayıdan kimi Türkiyə mənşəli Azərbaycan Gəncliyə Yardım Fonduna gedərək ərizə ilə müraciət etdim. Fondun sədri hörmətli Nədim Qaya məscidin dam örtüsünü qarşılayacaq qədər məbləği artıqlaması ilə təmin etdi. Beləliklə, ilk təhükə sovuşdu. Daha sonra mən Türkiyəyə getdim. Qardaşım Vidadın təşəbbüsü ilə Bakıda fəaliyyət göstərən bir başqa xeyriyyə fondunun maddi yardımı ilə bu ibadət ocağı tam şəkildə istifadəyə veridi. Kəndimizin gənclərindən Bədəl (Bədəlov) qardaşımızı Gəncliyə Yardım Fondunun dəstəyi ilə Ağdaş Xosrov Mədrəsəsində oxumasını təmin etdik. Qısacası Alpan kənd məscidi Alpan camaatının, yerli icra hakimiyəti nümayəndəliyinin və kənd ağsaqqallarının bilavasitə təşəbbüsü və rəhbərliyi ilə bizim də tanımadığımız xeyirxah müsəlmanların yadımı ilə təmir edilib istifadəyə verilib. Məsciddaxili ornament və yazılarının müəllifi isə ölkəmizin məşhur xəttalarından olan Müzafəddin Əzizovdur (Allah rəhmət eləsin). Həyətin ətrafındakı divarlar memar Fəxri Aydəmirov tərəfindən inşa edilib. Məscidin təmir tikinti işlərində kənd camaatımızdan çox insanın təmənnasız zəhməti olub. Onların bəziləri dünyasını dəyişib. Allah rəhmət eləsin. İlk gündən bu günə qədər məscidin fasiləsiz fəaliyyəti üçün şərait yaradan və hər cür köməklik göstərən iş adamı, qardaşım Sədad Ələskərovun xidmətini isə xüsusilə qeyd etmək istəyirəm.

Ələskər Ələskərov
Ələskər Ələskərov

-Həyatınızın çətin anları sizdən nələr aldı, nələr verdi?
– Həyatımda çətin anlar çox olub. Belə anlar o qədər olub ki, saymaqla bitməz. Amma mən hər çətinliyi kiçik və ya böyük imtahan kimi qəbul etdim. Özümü dindar insan kimi görmürəm, amma Tanrıya, onun mərhəmətinə inamım sonsuzdur. Ondan ümidimi heç vaxt üzmədim, ona inandım, inanıram. O yaratdıqlarını sevir, onları çarəsiz buraxmır. Həyatdakı uğursuzluqlarımızı qədərin və əməlin qarşılığı kimi görürəm. İnsan ömrü sayılı günlərdən ibarətdir. Bu günlərin hər anı gözəldir, amma qiymətləndirə bilənlər üçün. Hər şeyi qədərə tərk etmək, hər şeyi Yaradandan gözləmək yaradılışın fəlsəfəsinə ziddir.
-Mən yazımın əvvəlində həyatınızda mühüm rol oynamış bəzi şəxslərin adlarını çəkməyə çalışmışam. Amma mənə elə gəlir ki, onları tam əhatə edə bilməmişəm. Bəlkə, bu mövzunu özünüz davam etdirəsiniz?
– Alpan ibtidai məktəbindən başlayıb bu gün də davam etməkdə olan, Aşıq Veysəl demişkən, gündüz-gecə davam edən uzun və incə bir yoldayam. Təhsil dediyimiz binanın bünövrəsi Alpan orta məktəbində o qədər sağlam atılıb ki… Bu gün də mühazirə oxduğum zaman onlar mənim karıma gəlir. Müxtəlif universitetlərdə oxudum. Hər universitetdə həyatıma, karyerama yön verən qiymətli müəllimlərim olub, indi də var. Azərbaycan Texnik Universitetində, Bakı Dövlət Univesitetinin hüquq fakültəsində həyatımda dəsti-xətti olan elm adamları var. Məni bu məsələdə baxışım çox fərqidir, mən buna bütöv olaraq baxıram. Mənə elm öyrədən, irfan aşılayan, şəxsiyyət kimi formalaşmamda zəhməti olan insanlar çoxdur. 1993-də mühəndisliyi bitirib hüquq təhsilmə başlamaq istədiyim zaman qarşılaşdığım problemləri aşmağımda, o vaxt universitetin həmkarlar ittifaqı sədri olan Zahid Şərifov həyatıma yön verən qiymətli insanlardandır. Hüquq fakültəsində çox hörmətli müəllimlərdən dərs aldım, hər birinin mənim bir şəxsiyyət kimi formalaşmamda zəhməti var. Amma o vaxt gənc müəllimlərimizdən Mehman Dəmirlinin mənim üzərimdə əməyi böyükdür. Mənə ilk hüquq yazısını yazmağı öyrədən müəllimim. Müəllim-tələbə münasibəti sonra dostluğa çevrildi və biz “Azərbaycan cinayət hüquq tarixi” kitabını yazdıq. Daha doğrusu, kitabı yazdığı zaman məni də öz yanına aldı və tələbəykən ilk kitabıma imza atmış oldum. 1997-də mənə Tükiyəyə getməyimi tövsiyə edən rəhmətlik dekanımız Məmmədxan Rəsulov olub, Allah rəhmət eləsin. Lakin o zaman bir çox əngəl vardı. Onları aşmaq mənim üçün çox çətin idi, demək olar ki, imkansız idi. O vaxt Azərbaycan Milli İstiqlal Partiyasının mərkəzi qərargahında işləyirdim. Partiyanın sədri Etibar bəy Məmmədov olmasaydı, o əngəllər əsla aşılmazdı. Həyatımda mənə dəstək verən, yol göstərən, önümdəki əngəlləri ortadan qaldıran insanları heç vaxt unutmadım. Onların hər birinə hər zaman minnət və şükran borcum var. Bu və digər təmənnasız yaxşılıqlar mənim insani keyfiyyətlərimin formalaşmasına vəsilə oldu. Təmənnasız yaxşılıq etmək, kömək göstərmək böyük ərdəmdir: “Yaxşılıq et və unut”. Məncə, çox gözəl devizdir.
İnsanı kamilliyə, elmin zirvəsinə aparan yol intəhasızdır. Başlanğıcı və sonu yoxdur. Sadəcə bəzi inanlar ömür adlanan zaman dilimində ondan daha səmərəli istifadə edə bilirlər. Əslində elmin zirvəsi çox nisbi ifadədir. Elm bizə görə sonsuzdur. Bu sonsuzluqda ala biləcəyin hər zərrə sənin qazancındır.
    Mən hər kəsdən hər şey öyənməyə çalışan bir insanam. Məndə hüquq nəzəriyyəsinə maraq aşılayan alim Lətif Hüseynovdur. Hüquqla bağlı təfəkkür zənginliyimin təməli Lətif müəllim sayəsində atılıb və hələ də o zənginliyin nemətlərindən faydalanıram. 1960-70-ci illərin Azərbaycanını, onun ictimai-siyasi, mədəni hadisələrini, tariximizin və ədəbi həyatımızın bir çox gizlinlərinini Kamil Vəli Nərimanoğludan, Cəmil Həsənlidən eşidib öyrənmişəm. Öyrənmək yaşa, mövqeyə baxmır. Yəni kimdən, harada, nə vaxt hansı ortamda. Əsla önəmli deyil. Elə insanlar var ki, onlar bəlkə fərqində olmur, amma sən onlardan bir müəllimdən əxz etdiyin qədər öyrənirsən. Mənim bir dostum var, Qiyas Şükürlü. Ankarada yaşayır. Qiyas bəy həm çağdaş tariximizi həm orta əsrlər tarixini dərindən bilən və bunu diplomları ilə təsdiq etmiş, dərin intellektuala sahib elm adamıdır. Bizim söhbətimiz üçün saatlar yetmir. O mənim araşdırmalarım üçün son dərəcə önəmli bilik və ilham mənbəyidir. Türk mlliətçliynin tarixini və yaxın keçmişin siyası həyatını ilk dəfə, belə demək mümkündürsə, mən Fadil Ünaldan öyrənmişəm. Mən Azərbaycan və ümumiyyətlə ədəbiyyatın bir çox mətləbini dostum Nazim Muradoğludan öyrənmişəm və öyrənməyə davam edirəm. Mən stratejik və analitik yazı sənətini siyasətçi və elm adamı Ümid Özdağdan öyrənmişəm. Beş il əvvəl sosioloji professor Ayşəgül Aydıngünlə Gürcüstanla bağlı bir layihədə yer aldığım zaman onun vasitəsilə sahə araşdırması barədə bu qədər nəzəri və təcrübi biliklərə yiyələnəcəyimi təsəvvür etməzdim. Güney Azərbaycanlı qardaşlarımızdan Arif Kəskindən, siyasətşünas Nazim Cəfərsoydan, Araz Aslanlıdan analitik düşünmə vərdişi qazanmışam. Mənim üçün Ermənistan siyasəti, erməni məsələsi demək Hatem Cabbarlıdan öyrənmək mənasına gəlir. Tərcümə zamanı elmi terminologiyada məni vəziyyətdən çıxaran şəxs dostum Əbilxan İsayevdir. İstedadlı araşdırmaçı, kolleksioner Dilqəm Əhməd isə material, sənəd, fotoşəkil və s. ilə əlaqədar dara düşəndə müraciət etdiyim ilk şəxsdr. Bu siyahını davam etdirsəm, bəlkə bir kitaba sığmaz.
-İndiyədək neçə kitabınız işıq üzü görüb?
-Kitab, kitab bölmələri, məqalə, məruzə və s. təxminən iki yüz olar. Onu da deyim ki, mən tərcüməçi kimi çox sayda məqalə və kitabın tərcüməsinə də imza atmışam. Eyni zamanda Azərbaycan alimlərinin əsərlərinin Türkiyənin elmi və kütləvi ictimaiyyəti tərəfindən tanınmasına çalışıram..

1987. Manglisi. Gürcüstan. Sovet Ordusu Silahlı Qüvvələri Həftə sonu
1987. Manglisi. Gürcüstan. Sovet Ordusu Silahlı Qüvvələri Həftə sonu

    Yazı tərzimin önəmli özəlliklərindən biri mövzu çeşidliliyidir. Bu son dərəcə ehtiyatlı davanmağı tələb edən bir tərzdir. Bu tərzdə interdisiplinar yanaşma metodunun doğru istifadəsinə ehtiyac var. Elmin sonu olmadığı kimi, bir müəllif üçün öz çalışmalarından məmnun qalacağı hər hansı bir konkret kriteriya da yoxdur. Bir sözlə, biz sadəcə imkanlarımızdan maksimum səviyyədə faydalanmağa çalışırıq.
    Yaxında elmi redaktoru olduğum, Türkiyə və Azərbaycanlı alimlərin yazılarından ibarət iki cildlik “Azərbaycan düşüncə tarixi” kitabı işıq üzü görəcək. Kitab təxminən min səhifə həcmindədir. Kitabda 70-dən çox rəngli fotoşəkilə yer verilib. Bu kitab kollektiv zəhmətin məhsuludur və əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirirəm.
-Tərcümə demişkən, ədəbi və elmi tərcümə ilə “aranız yaxşıdır”.
-Ədəbi təcüməşi olduğumu iddia etmirəm. Çünkü hekayə, roman, povest kimi ədəbi janrları ədəbiyyat sahəsində yazıb yaradanlar tərcümə edə bilər. Mən yazıçı deyiləm. Buna görə də özümü bu sahədə sınamamışam. Ancaq şeir yazdığım üçün tərcümə şeirlərim var. Əlbəttə, mən özümü şair də saymıram. Aradabir çızmaqara edirəm. Bəzən alınır, bəzən yox. Dostlarımla və bəzən sosial şəbəkələrdən paylaşıram şeirlərimi. Beş şeirim “Şiire Yön Veren Akademisyen Şairler” adlı bir antologiyada nəşr olunub. Şeirə olan həvəsim şeir tərcüməsində məni cəsarətləndirir. Yesenin, Puşkin, Taras Şevçenko, habelə özbək, gürcü, tatar, basqurd şairlərinin bəzi şeirlərini Türkiyə türkcəsinə tərcümə etmişəm. Sənətinə qibtə etdiyim Mahir bəy Qarayevə bəzi tərcümələri göndərdim. Onun yorumları mənim üçün çox qiymətlidir. Xüsusilə Yeseninin “Şahanə” şeiri haqqında yazdıqları mənə sözün həqiqi mənasında cəsarət aşılamışdı. Belə yazırdı Mahir bəy; “Şahanə” şeirini azından on dəfə çevirməyə cəhd etsəm də, məndə alınmayıb. Axırda bu barədə mətbuatda bir yazı da yazdım, bəyan etdim ki, bu şeiri çevirmədə aldırmaq heç kəsə müyəssər olmayıb. Çünki o şeirin forması unikaldır, hətta deyərdim, yeganədir. Formanı və qafiyə sistemini olduğu kimi saxlamaqla məzmunu çatdırmaq zordur, müşküldür, lap dəqiqi, mümkünsüzdür. Siz buna təxminən 40-50 faiz nail ola bilmisiniz və məncə, bunun elə özü böyük bir uğurdur. Çünki bizdə həmin şeiri çevirib yayan şairlərin heç biri 30 faizdən yuxarı qalxa bilməyiblər.” Biz onunla görüşəcəydik, amma pandemiya səbəb ilə görüşümüz hələ ki alınmadı. Onun mənə yazdığı bir neçə məktub, şeir tərcüməsi ilə bağlı dünyagörüşümü açdı.
Tərcümə həqiqətən çox tərəfli yaradılıq tələb edir. Xüsusən poetik tərcümə. Mənə çox təsir edən şeirlərdən biri Yeseninin “Anama məktub” şeiridir.
Sen hayatta mısın ihtiyar anam
Ben de yaşıyorum, selamım olsun!
Akşamın boyansın nura, ışığa
O küçük barakan üstüne aksın
Yazıyorlar bana, dert ediyorsun
Deli bir özlemle, acı kederle
Yollara çıkarsın her akşam çağı
Üstünde yıpranmış, o elbisenle
Kasvetli akşamın karanlığında,
İçini bir korku, vesvese sarmış
Güya meyhanede çıkan kavgada,
Birisi kalbime bıçak saplamış
Rahat ol, anacım, bunlar bir yalan!
Yıpratma kalbini, yüzme kendini,
O kadar da ayyaş değilim, inan
Ölmem, yalnızlığa terk edip seni!
Yine öncekiyim, yine kırılgan
Tek bir isteğim var, tek bir dileğim,
Asi kaygılardan kurtulup inan
Fakir ocağıma, eve döneyim.
Döneyim bembeyaz gül bahçemizde
Açarken çiçekler bahar gelince
Kaldırma uykudan, sen evimizde
Nasıl yapıyordun sekiz yıl önce
Bırak, uyandırma, olup biteni,
Ölmüş arzulara asla dokunma
Çok erken usandım, kayıplar beni
Sınadı, yüklendi omuzlarıma
Bana yakarmağı öğretmezsin!
Bir daha eskiye dönemem, sakın
Yegâne tesellim, sevincim sensin
Sensin tek gizemli nurum, ışığım
Üzülme, yenilme o korkulara
Yaşama dert, gamla, vesvesen ile
Beni düşünme sen, çıkma yollara
Üstünde yıpranmış, o elbisenle
Hələ ki tərcümələrimi nəşr etdirməmişəm. Vaxt tapıb bu işə yenidən qayıdacağam.
-Bəs elmi tərcümələr?
-Onların sayı çoxdur. Çox sayda elmi məqalə, habelə kitablar, əlavə olaraq Osmanlı yazısından günümüz türkcəsinə uyğunlaşdırma və s. Azərbaycanlı alimlərdən Oqtay Əfəndiyev, Cəmil Həsənli və Musa Qasımovun həcmli əsərlərini tərcümə etmişəm. Onu da deyim ki üzərində çox çalışdığım əsər Oqtay Əfəndiyevin “Azərbaycan Səfəvilər dövləti” kitabıdır. Hazırda Aydın Balayev, Cəmil Həsənli və Səadət Qarabağlının bəzi əsərləri üzərində işləyirəm.
-Sizi Türkiyəyə bağlayan hansı amillər olub?
-Türkiyə mənim vətənimdir. Vətənin birincisi ikincisi olmaz, mən Türkiyəyə gəlmədən buranı özümə vətən bilmişəm. Rəhmətlik bibim deyərdi, babalarımız Türkiyəyə köç etmək istəmiş, amma nənəsi “buradan bir addım da atmayacağam, burada yaşadım, burada öləcəyəm” demiş. Türklük şüurunu mən atamdan əxz etmişəm. Rəhmətlik atamın dərin mütailəsi, oxuyan və oxudan xarakteri vardı. Dünya klassiklərinin əsərlərini süfrə arxasında toplu şəkildə oxumuşuq, dinləmişik. Ona görə də “vətəndən uzaqda” ifadəsi Türkiyə baxımından məqbul bir ifadə deyil. Bura elə vətəndir. Amma təbii ki, bir də yuxarıda dediyim kimi, doğulub boya-başa çatdığımız, daşında, torpağında ayaq izlərimiz olan, havası ilə nəfəs aldığımız, suyunu içdiyimiz, çörəyini yediyimiz, qohumlarımızın, dostlarımızın yaşadığı Alpanımız, Bakımız, Azərbaycanımız var… Bu tamamən başqa bir hissdir, kəlmələrlə ifadəsi mümkün olmayan bir hiss…
Türklər üçün Azərbaycan hər hansı bir dost və qardaş ölkə deyil. Elə Azərbaycandır. Bizi uzun müddət bir-birimizdən ayırıblar, yaddaşımızı, ortaq maddi və mənəvi dəyərlərimizi silməyə çalışıblar. Amma çox şükür ki, buna nail olmayıblar. Artıq hər keçən gün bir-birimizi daha yaxından tanıyırıq, qardaşlıq tellərimiz daha da möhkəmlənir. Qarabağ savaşında türk xalqı Azərbaycan üçün dua etdi, sevindi, kədərləndi, göz yaşı axıtdı, bayram etdi… Tanrı bu birliyimizi bizə çox görməsin!
-Nə vaxtsa sırf Alpanla bağlı nələri isə qələmə almaq fikriniz var?
-Bəri başdan deyim ki, sosial media vasitəsilə Alpanımızı yaxından təqib edirəm. Yeri gəlmişkən, Alpan məktəbinin məzunlarının nailiyyətləri həqiqətən qürurlandırır məni… Konkret sualınıza gəldikdə isə… Vaxt tapıb Alpan etnoqrafiyasını qələmə almaq istəyirəm. Siz də daxil olmaqla alpanlı ziyalılarımzın son dövrlərdə yazıb-yaratdıqları bu araşdırmada yoluma işıq tutacaq.

Müəllif:Qvami Məhəbbətoğlu (Rəsulov)