Kəndimizə ingilis dilini gətirən müəllim

217
Abdulməcid müəllim Mustafayev

    Bu gün ingilis dili prioritetdir. Bəlkə dəbdədir də demək olar. Hətta bu gün bütün məktəblərdə ingilis dilinə rus dilindən daha çox önəm verilir. Artıq bu bir həqiqətdir ki, bu dili bilənlər nəinki Avropada, eləcə də ölkəmizdə asanlıqla iş tapa bilirlər. Amma bir zamanlar belə deyildi. Yəni, bu dilin tədrisi rus dilinin kölgəsində qalmışdı. Elə bu səbəbdən o zamanlar məktəblərdə ingilis dilini  tədris edən müəllimlərin sayı olduqca az idi. Hətta bəzi məktəblərdə bu fənn tədris olunmurdu. Ötən əsrin 60-cı illərində kəndimizdə bu dili tədris edən yalnız bir müəllim var idi. O da Abdul (əsl adı Abdulməcid) müəllim.  Bu mənada o, mənim yaddaşıma kəndimizin ilk ingilis dili müəllimi kimi həkk olunub. Özü də Abdul müəllim ingilis dilini yaxşı bilirdi və həmin fənni mükəmməl tədris edirdi. O illərdə mənə elə gəlirdi ki, onu bu fənni tədris etmək məqsədi ilə İngiltərənin hansısa şəhərindən kəndimizə göndəriblər. Hətta o zamanlar Abdul müəllimlə bağlı bu misraları da yazmışdım:

    Bizim bu Abdul müəllim

İngilisi səlis bilir.
Elə buna görə onu
Bir çoxu ingilis bilir.

    Atam isə bu “şeir”imə bu misraları əlavə etmişdi:

Deyil ingilis bayrağı,
Gəlir onun xoş sorağı
Allahdır onun dayağı
Yalnız onu munis bilir.

    Sevən və sevdirən müəllim
    …Bu səbəbdən sonradan şagirdlərindən bir çoxu onun yolunu davam etdirdi. İndi onların sayı çoxdur. Quba 1 saylı tam orta məktəbin ingilis dili müəllimi Zöhrə xanım Qasımova mövzu ilə bağlı bildirdi ki, Abdul müəllimi kəndimizin ingilis dili cəfakeşi, həm də kəndimizdən Avropaya açılan pəncərə  adlandırmaq olar: “Məhz mən onun pəncərəsindən boylanmaqla bu fənnin arxasınca getdim. Şübhəsiz, bu, hər şeydən əvvəl Abdul müəllimin ingilis dilini mənə sevdirməsinin nəticəsi idi. Əlimi çörəyə çatdırmış Abdul müəllim hərdən

Mustafayev Abdulməcid ailəsilə

yadıma düşür. Onun ruhuna dualar oxuyuram. Məhz bu fənni mənə o sevdirib. Təkcə mənəmi? O gün hesablayıb görürürəm ki, məhz bu savadlı müəllimin sayəsində kəndimizdə 30-dan çox şəxs ingilis dili ixitsasına yiyələnib və hazırda müxtəlif müəssisələrdə çalışırlar. Məncə, kənd məktəbimizdə indiyədək ondan savayı kimsə belə bir rekorda imza atmayıb. Hə, onu  da deyim ki, Abdul müəllim həm də  kəndimizin ilk repetitoru kimi mənim yaddaşımda qalıb. Məsələn, mən ali məktəbə imtahanlara hazırlaşarkən ingilis dilinin bəzi incəliklərini məhz onun yanına getməklə bir neçə gün ərzində mənimsəmişəm”.

    Abdul müəllimin “kəşfi”
    …Məncə, bu məqamda Azərbaycan Müəllimlər İnstitunun Quba filialında ingilis dilini tədris edən Rahib Sədullayevin bu sözlərini də xatırlatmaq yerinə düşər: “Beşinci sinifdə ingilis dilini öyrənməyə başlayanda ilk dərsdən Abdulməcid müəllim məni “kəşf etdi” və dedi: “Oğlum, səndən yaxşı ingilis dili müəllimi olar”. Müəllimim bu sözləri sanki daşın üstünə ovaraq yazırmış kimi ürəyimin dərinliklərinə həkk etdi”.

    Bəli, Abdul müəllim həm öz fənnini sevirdi, həm də onu sevdirməyə çalışardı. O, buna görə bəzən pedaqoji “sərhədləri” də aşardı.

    Haşiyə
    Əhsən Əlixanovun xatirələrindən: “Günlərin bir günü Abdul müəllim sinfə girən kimi adəti üzrə: “Good morning, children” deyərək ingilis dilində bizi salamladı. Sinif uşaqları onun salamına Azərbaycan dilində reaksiya verdilər. Təbii ki, bu, Abdul müəllimin xoşuna gəlmədi. Buna görə elə həmin dərsdə sinfimizin bütün şagirdlərinin biliyini “2” qiymətləndirdi və bu sözləri dedi: “Unutmayın ki, mən ingilis dilini tədris edirəm”. Ondan sonra biz başa düşdük ki, sinifdə Abdul müəllimlə ingilis dilində salamlaşmalıyıq. Hətta bu olaydan sonra mən Abdul müəllimi harada görməyimdən asılı olmayaraq, onunla ingilis dilində salamlaşardım”.

    “Bu, onun hünəri idi”
    Qeyd edək ki, Abdul müəllimin şagirdləri hər zaman öz biliklərinə arxayın olublar. Məsələn, Abdul müəllimi kəndimizə ingilis dilini gətirən müəllim kimi dəyərləndirən Maarif Əmkişiyevin sözlərinə görə, o da Abdul müəllimin tədris etdiyi fənni həvəslə öyrənənlərdən olub: “Qiymət cəhətdən ən obyektiv müəllim Abdul müəllim idi. Belə ki, o, ən yaxın adamına belə şişirtmə qiymət yazmazdı. Yəni hər kəsi biliyinə görə dəyərləndirirdi. Yeri gəlmişkən, ali məktəbə qəbulda 3 imtahanı müvəffəqiyyətlə verdim.  Amma sonuncu imtahandan, yəni ingilis dilindən cavab versəm də, ”2”ilə qiymətləndirdilər. Mən onlarla razılaşmadım. Elə imtahan otağındaca komissiya tələb etdim. Nəticədə komissiya qarşısında imtahan verərək ingilis dilindən də qiymət aldım. Mən bunu əsla öz hünərim kimi qiymətləndirmədim. Çünki bu, mənim yox, Abdul müəllimin hünəri və qələbəsi idi”.

    Məşğuliyyəti
    Böyük qızı Sündüz xanımın xatirələrindən: “Məktəbdən evə gələn kimi o özünü bir qayda

Mustafayev Abdulməcid iş yoldaşları ilə

olaraq, həyətyanı sahəmizdəki bağa salardı. Hər bir ağacı  bir bağban kimi oxşaya-oxşaya onlara qulluq edərdi. Bir sözlə, bağdakı  ağaclarla danışmaqdan ləzzət alardı.  Nə işlə məşğul olduğunu soruşanda da belə cavab verərmiş: “Yorğunluğumu bağda qoyuram”. Bir də o, nəvələrini hər tətildə səbirsizlikə gözləyərdi. Gözləyərdi ki, onlarla əylənib, dincəlsin.  Özünün dediyi kimi, cavanlaşsın. Onu da deyim ki, Abdul müəllimin 17 nəvəsi var”.

    Amma Abdul müəllimin bir xoşagəlməz adəti də vardı. Belə ki, o çox siqaret çəkərdi. Onun siqaret çəkməyi, daha doğrusu siqaret sümürməsinin nəticəsi idi ki, siqaret tutan iki barmağı və bığları saralmışdı. Yeri gəlmişkən qeyd edək ki, o, ömrünün sonuna kimi bu zərərli vərdişdən əl çəkə bilmədi.

    Qısa arayış

Mustafayev Abdulməcid h.y Asiya xanımla

    Musatafayev Abdul Rəcəb oğlu 1927-ci ildə Quba rayonun Alpan kəndində anadan olub. Rəcəb kişinin ailəsində 3 oğlu (Şıxsəfa, Abdul, Zeynal), bir qız (Fatmanisə) böyüyüb. 1945-ci ildə orta məktəbi bitirən Abdul müəllim elə həmin il Pedaqoji Xarici Dillər İnistitutunun (indiki Azərbaycan Dillər Universiteti) ingilis dili fakultəsinə  daxil olub. Abdul müəllimin qardaşı oğlu Mütəllim bəyin sözlərinə görə, Ağaəmi (onlar Abdul müəllimə belə müraciət edərdilər, “Zeynal müəllimə isə Baləmi”) bu dili sərbəst öyrənib.  Abdul müəllim deyərmiş ki, kəndimizə haradansa bir ingilis dili müəllimi gəlibmiş. O da bir neçə aydan sonra kəndimizi tərk edibmiş. Lakin bu dilə olan həvəs Abdul müəllimi tərk etməyib. Odur ki, ingilis dilini sərbəst öyrənməkdə davam edib və istəyinə nail olub. O, inistitutu bitirdikdən sonra təyinatla Pirəbədil kəndində öz ixtisası üzrə pedaqoji fəaliyyətə başlayıb, daha sonra Talabi, Xucbala kəndlərində dərs  deyib. 1953-cü ildən Alpan kəndində müəllimlik fəaliyyətini davam etdirib. 1956-cı ildə Quba sakini, əslən Mirzəmmədkəndindən olan Asiya xanımla ailə qurub. Deyilənlərə görə, onların ailə qurmasında Daşdəmir Hacıyev, onun həyat yoldaşı İsbahı xanım, eləcə də kəndimizdə aqronom vəzifəsində çalışan Xalid adlı şəxsin rolu olub. Bu izdivacdan 6 uşaq (3 qız – Sündüz, Sevil, Əfşan, 3 oğul –Zöhrab, İlqar, Şahin) dünyaya gəlib. Abdul müəllim 55 il muəllimlik fəaliyyətindən sonra təqaüdə çıxıb. 28 dekabr 2011-ci ildə beyninə qansızmadan vəfat edib.

    Xatirələr…xatirələr
    Zabit Babayevin fikrincə, Abdul müəllim dərs vaxtı bir dəqiqəsini belə boşa sərf etməzdi: “Üstəlik, kənddə bir müəllim  kimi hamı tərəfindən qəbul olunurdu. Şəxsən mən Abdul müəllimi həm yaxşı müəllim, həm də çox yaxşı insan kimi çox sevirdim. Amma çox təəssüf ki, ona layiq olduğu qiymət verilmədi. Yəni o heç bir fəxri ada layiq görülmədi”.

    İlkin Balayev: “Sülhsevər və küsülülüyü xoşlamayan bir insan idi Abdul müəllim. Sinif yoldaşım Əlişanla (hazırda Ordumuzun zabititidir Əlişan Şakir oğlu Həsənov) uşaq sadəlövhlüyü ilə küsülü idik. Bunu eşidən Abdul müəllim mənə dedi ki, xəbərsiz olmuşam sizin küsülülüyünüzdən. Belə olmaz. Bu sizə yaraşmaz, barışın. Bilmirəm, eyni məzmunda Əlişanla da danışmışdı ya yox, amma biz barışdıq”.

    Neman Qədirbəyli: “Hələ 6-cı sinifdə ikən ingilis dilində bəsit cümlələrlə fikrimizi ifadə etməyə şalışırdıq. Bu, təbii ki, Abdul müəllimin zəhmətinin nəticəsi idi. Bir də Abdul müəllim öz intizamı ilə seçilən müəllimlərdən idi. O, dərsdən qalmazdı, dərsə gecikməzdi”.

    Son
    Bəli, o yalnız özü üçün yaşamadı. Yaşatmağa çalışdı. Bu gün isə onu yaşatmağa çalışdıqları yaşadır. Elə onunla bağlı söylənilən xatirələr də bunu sübut edir. Mən isə bu yazımı kəndimizin dəyərli ziyalısı  Maarif müəllimdən eşitdiyim bu sözlərlə tamamlamaq istərdim: “Bir dəfə məktəbimizdə valideyn iclası keçirilirdi. Valideynlərdən biri-Rauf Muradov çıxışında qeyd etdi ki, hörmətli müəllimlər, elə dərs keçin ki, yaşa dolandan sonra Abdul müəllim kimi üzüağ, alnı açıq küçəyə çıxa biləsiniz və şagirdləriniz də sizə hörmətlə yanaşıb ürəkdən salam versinlər”. Şübhəsiz, bu sözlərdə böyük həqiqət var. Belə həqiqətlərin isə şərhə ehtiyacı olmur.

Müəllif:Qvami Məhəbbətoğlu (Rəsulov)