Kəndimizin bayram adətləri

1565

     Əziz alpanlılar, bir müddət bundan əvvəl “Kəndimizin Toy Adətləri” adlı kiçik bir yazı ilə qarşınıza çıxdım. Məqsədim, yazıda da qeyd etdiyim kimi, kəndimizin tarixi qədər qədim adətlərinin tam unudulmasının qarşısını almağa cəhd etmək və onları bizdən sonra gələcək nəsillərə çatdırmaqdır. Bugün bizə lazımsız görünən bir addım, inanın ki, 20-25 il (bəlkə daha az) sonra çox maraqla qarşılanacaq və ruhumuza dua oxutduracaq.

    İşlədiyim məktəblərin birində böyük yazıçımız, çox hörmətli Anarın nəvəsi təhsil alırdı. Bir dəfə uşağın valideyni ilə söhbət zamanı hörmətli yazıçıdan söz açıldı. Valideyn mənə biraz gileyləndi ki, bəs özünə baxmır, sağlamlığını qorumur və s. Sonra isə bunları söylədi: “Bu yaxınlarda görürəm ki nə isə yazır. Soruşuram ki, nə yazırsan. Deyir ki, Azərbaycan ədəbiyyatı antologiyasını yazıram. Deyirəm, bu ağır yükün altına girmək elə sənə qalıb? Deyir ki, bəs nə edim? Bu işi kimsə görməlidir ya yox?”

    Anar kimi nəhəngin gördüyü iş də özü kimi nəhəng olmalıdır. Elə fikir yaranmasın ki, mən özümü Anara bənzətmək istəyirəm. Əstağfirullah, o hara, mən hara? Sadəcə üzümü bir də Alpan ziyalılarına tuturam: “Gəlin əl-ələ verək. Bacardığımız qədər kəndimizin keçmişini, adət-ənənələrini, folklorunu öyrənək. Bəli, folklorunu. Ürəyi dolu ağsaqqal, ağbirçəklərimiz getsə də yenə də nəisə öyrənə biləcəyimiz insanlar var. Onlar da gedəndən sonra bizə qalan bircə peşmançılıq olacaq.

    Kəndimizin hörmətli ziyalıları Rahib Alpanlı, Qvami Məhəbbətoğlu, Zabit Babayev, Cabir Ağaoğlu və cavan olsa bu işə həvəslə qoşulmuş İlkin Balayevin kəndimizin keçmişi, onun hörmətli kişiləri və xanımları haqqında yazılarını yada salaq. Haqqında yazılan insanların çoxunu uşaqlıq və ya gənclik dövründə görsək də yazılanları çox həvəslə oxuyuruq. Cabir Ağaoğlu isə öz işinin əhəmiyyətini o qədər də böyük görmür. Ona müraciətlə deyirəm: “Cabir müəllim, təvazökarlığın yeri və ölçüsü var. Bugün bizə kiçik görünən fikirlərin arxasında böyük mətləblər gizlənə bilər. Elm aləmində belə hallara az rast gəlinmir. Gördüyünüz işlər kənardan böyük görünür.”

    Nəisə, başınızı ağratmayım, keçək əsas mətləbə. Xalqımızın üç böyük bayramı var. Biri milli bayramımız olan Novruz, digər ikisi isə dini bayramlarımız olar Ramazan və Qurbandır.

    Novruz adətləri haqqında danışmayacağam. Çünkü onu bugün də hətta dövlət səviyyəsində qeyd edirik. Bir də ki, İlkin bəy o haqda gözəl bir videoçarx hazırlayıb bizə təqdim edib. Sadəcə onun yaranma tarixi və mahiyyəti barədə bir neçə cümləni sizə xatırlatmaq istəyirəm.

Səməni, alpan.az

    Hamıya məlumdur ki, Novruz tipik türk xalqları bayramıdır. Bu bayramın yaranma tarixi barədə müxtəlif fikirlər söylənilir. Tarixi mənbələrdə rast gəldiyimiz ən maraqlı faktlardan biri də Novruzun 5000 il bundan əvvəl türklərin əcdadlarından sayılan şumerlərin də bayram etməsi faktıdır. Novruz yeni ilin gəlişi kimi bayram edilib. Çox maraqlıdır ki, şərq ölkələrinin bəzilərində yeni ilin başlanğıcı bugün də mart-aprel aylarında qeyd edilir. Bəli, minilliklərin süzgəcindən süzülüb gələn bu vəfalı bayram zaman-zaman təqiblərə də məruz qalıb.

    Sovetlər dövründə Novruza “dini bayram” möhrü vurulmuş və qeyd olunması qadağan olunmuşdu. 1969-cu ildə Novruz “bəraət” qazanmış və yenidən bayram olunmağa başlamışdır. Çox təəssüf ki, Novruza hücumlar bugün də davam edir. İndiki “hücumçular” isə bəzi mollalardır. Onlar isə sübut etməyə çalışırlar ki, bu dini bayram deyildir, İslama ziddir, onda atəşpərəstlik elementləri var və s. (Görəsən bu din xadimlərinin kommunistlərdən nə fərqi var?)

    Deyirlər ki, şam yandırmaq atəşpərəstliyin mirasıdır. Gəlin baxaq, bu doğrudanmı belədir.

    Hamımız bilirik ki, həyatın dörd ünsürü var. Novruzdan əvvəl dörd çərşənbəni qeyd edirik. Su çərşənbəsi buzların əridiyi dövrdür, Od çərşənbəsi havanın istiləşməyə başladığı və yerə buğ düşən dövrdür. Yel çərşənbəsi də bizə yaxşı tanışdır. Güclü küləklərin damları atdığını, hətta qoz ağaclarını belə kökündən çıxardığını az görməmişik. Sonuncu torpaq çərşənbəsidir ki, artıq sərbəst surətdə həyət-bacada işləyə bilirik. Keçmiş illərlə bu dövr arasında olan bir fərqi qeyd etmədən keçə bilməyəcəm. Biz uşaq ikən tonqal və şamları ancaq ilaxır çərşənbədə yandırardıq. İndi isə hər çərşənbədə yandırılır. Bu da tonqala və şama marağı bir qədər azaldıb.

    İndi isə gələk əsas məsələyə.

     Novruzda yandırılan tonqallar, şamlar həyatın dörd ünsüründən biri olan odun simvoludur, atəşpərəstlərin sitayiş etdiyi atəşin yox. Qeyd etmək lazımdır ki, İslam dini özünə zidd olmayan heç nəyi inkar etmir. Bir çox müsəlman xalqlar, o cümlədən ərəblər özləri də, İslamı qəbul etdikdən sonra dinimizə zidd olmayan milli adət-ənənələrini yaşatmaqda davam edirlər.

    Novruz xalqımız tərəfindən o qədər sevgi və çoşğu ilə qarşılanır ki, müasir dövrdə olduğu kimi, keçmişdə də yurdumuza gələn qonaqları maraqlandırırdı. XVII əsrdə Azərbaycana gəlmiş məşhur alman səyyahı Adam Oleyari öz xatirələrində yazır: “Novruz bayramı ərəfəsində Şamaxıda idim. Mollalar əllərində özlərinin düzəltdiyi teleskoplarla qala divarının üstündən günəşi izləyirdilər. Günortadan biraz keçmiş onlardan biri: “Günəş şimal yarımkürəsindən cənub yarımkürəsinə keçdi”- dedi. Top atıldı və Novruz bayramı başladı.”

    Adam Oleyari bayramı təsvir etməklə bərabər Şamaxı alimlərinin əldə düzəltdikləri teleskoplarının heç də onların fabrikdə düzəltdiklərindən keyfiyyətcə geri qalmadığını söyləyir. Bu da keçmiş elmimizə verilmiş bir qiymətdir.

Ramazan bayramı

    Xalqımızın sevinclə qeyd etdiyi bayramlardan biri də Ramazand bayramıdır. Müsəlmanlar Allahın əmri ilə Ramazan ayı boyu oruc tuturlar.

    Qurani Kərimdə bu haqda belə deyilir: “Ey iman edənlər! Sizdən əvvəlkilərə fərz buyrulduğu kimi, oruc tutmaq (sizin də üzərinizə) fərz buyruldu. Günahlardan təmizlənəsiniz deyə.” (Bəqərə surəsi, 183-cü ayət) Oruc müsəlmanlığın 5 şərtindən biridir. Birincisi tövhid (kəliməi şəhadət), ikinci namaz, üçüncü oruc, dördüncü fitrə-zəkat, beşinci həcc.

    1400 ildən də artıq bir dövrdə qeyd olunan bu bayramın kəndimizə məxsus çalarları da vardır. O çalarlar biz yaşlı nəslin yaddaşında hələ də yaşayır. Birmənalı demək lazımdır ki, indiki bayram süfrələri o vaxtkından daha zəngin olsa da o zamanın bayram sevinci, insanların bayramda bir-birinə münasibəti tam fərqli idi. Təbii ki, o zaman sovetin  ateist tərbiyəsi artıq gənclərə öz təsirini göstərmişdi. Orucu adətən yaşlı nəsil tuturdu. Bayram isə hamılıqla qeyd olunurdu.

    Nədənsə yadımda ancaq yayda­ ­– özü də günəşli günlərdə keçirilən bayramlar qalıb.

    Səhər tezdən anam içəri girər, hündür səslə: -“Uşaqlar durun, bugün bayramdır, evimizə qonaqlar gələcək.”-deyərdi. Cəld yerimizdən durar, paltarlarımızı əynimizə keçirər, parlaq günəş şüalarının içəri süzüldüyü açıq qapıdan balkona çıxardıq. Evimizin qabağındakı nəhəng qoz ağacında şaqraq səslə öz nəğməsini oxuyan sarıköynəyi bir müddət dinlədikdən sonra həyətə düşər, yasəmən kolunun altındakı əl-üz yuyanda yuyunardıq. Bayramdan 1-2 gün əvvəl hazırlanmış şirniyyatların düzüldüyü süfrəyə oturardıq. Quyruq və ya kərə yağıyla bişmiş şoranın, lampa kimi parıldayan Quba tıxmasının, un halvasının (alpanlı xanımlar onu çox məharətlə çalırlar) ətri adama uzaqdan gəl-gəl deyirdi. Xüsusilə də üstündə darçınla müxtəlif şəkillər çəkilmiş bayram firnisinin başqa dadı olardı. Firni qazanının dibini siyirmək üçün növbədə durduğumuzu da heç unutmuram. Yeyib içib süfrədən qalxar və bayramlaşmağa gələcək qonaqları gözləyərdik. Qonaqlar gəlməmişdən bizi onların yanında özümüzü necə aparacağımız barədə təlimatlandırardılar. Təlimata “uymayanları” qonaqlar gedəndən sonra hansı cəzanın gözlədiyi də hamıya elan olunardı. Oğul lazım idi ki, artıq bir hərəkət etsin.

    Saat 9-10 radələrində məhəllə kişiləri küçəyə çıxar, bir-biri ilə görüşüb bayramlaşar, sonra da 2-2, 3-3 qonşu evlərə baş çəkərdilər. Onları xüsusi ehtiramla qarşılayar, qonaq otağında yerdə salınmış 2-3 metr uzunluğunda olan çit süfrəyə dəvət edərdilər. Süfrəyə oturmamaq ev yiyəsinə hörmətsizlik sayılardı. Qonaqlar ilk gəldikləri evdə 1 stəkan çay içər, süfrədəki şirniyyatdan dadar, növbəti ev üçün də “yer” saxlayardılar. Onlar gedər, başqa dəstə gələrdi. Bu minvalla bütün məhəllə ilə bayramlaşdıqdan sonra hərə öz evinə çəkilər, gələcək qohum-əqrəbanı gözləyərdilər. Təbii ki, kiçiklər böyükləri ziyarət edərdilər.

    Bayramda ən böyük sevinci əlbəttə uşaqlar yaşayardı. Böyük cib dəsmalının künclərini çarpaz düyünləyib, kiçik çantaya bənzər bir şey düzəldib, qonşulara bayramlaşmağa çıxardıq. Girdiyimiz həyətdə dəstəbaşı hamının əvəzinə ev sahiblərini, onların böyüklərini, bütün keçən-keçmişlərini də bayram münasibəti ilə təbrik edər, sıraya düzülüb pay gözləyərdik Ən qiymətli bayram hədiyyəsi yumurta olardı, sonra isə konfet, peçenye. Ən pis hədiyyə isə qənd tikələri sayılardı ki, həyətdən çıxan kimi bir tərəfə atar ya da təmiz bir yerə qoyub gedərdik. Bayramlaşma günortaya qədər davam edər, sonra isə hərə öz evinə yollanardı.

Qurban bayramı

    Ramazandan 70 gün sonra Qurban bayramı gəlir. Müsəlman dünyasının ikinci böyük bayramı olan Qurban Allahın adına qurbanların kəsildiyi gündür. Kəndimizdə elə o zaman da indi olduğu kimi bu bayram da təmtəraqla qarşılanardı.

    Kəsilən qurbanlar isə adətən qoyun, keçi, qara mal və dəvədən ibarət olur.Qoyun, keçi ən azı 1 yaşında olmalıdır. Əgər toğlu və ya keçinin balası 6-7 ayında anası boyda görünərsə onlar da kəsilə bilər. Qara mal isə 2 yaşdan yuxarı olmalıdır. Əsasən cöngə kəsilər, qısır inək və ya camış da olar. Dəvə isə 5 illik olmalıdır.

    Qurbanlıq heyvanlar sağlam və qüsursuz olmalıdır. Kor, topal, qulağı kəsik, buynuzu sınıq, arıqlığından ayaq üstə güclə duran və ya başqa qüsuru olan heyvanı kəsmək Allaha hörmətsizlik sayılır.

Qurban bayramı

    İmkanlı adamlar Qurbanın ilk günündə bayram namazından sonra qurbanını kəsər, qonum-qonşuya, dost-tanışa paylayardılar.

    O illər çətin olsa da hər bir ailə Ramazanda olduğu kimi bu bayramda da oğul-uşağını sevindirməyə çalışardı. Rəhmətlik anamın bu sözlərini heç unutmuram: “Oğlum, toyuq-cücədən qurbanlıq olmaz. Bu xoruzu kəsdir gətir, həyətimizdə heç olmazsa qan axsın.” Anam kimi düşünüb hərəkət edənlər az deyildi. Qurbanda da Ramazan bayramında olduğu kimi adamlar bir-birini ziyarət edər, bayramlaşar, ünsiyyət edər, birgə sevinərdilər.

    O illərdə insanlar arasında olan sevgi, hörmət, etibar, bir-birinə arxa-dayaq olma təəssüf ki, zəmanəmizdə zəifləyib. Bəzən xəyalən o illərə qayıdır, o günləri yaşayır, o acılı-şirinli xatirələrin qanadında sanki göylərə pərvazlanıram.

    Qarşıdan gələn 11 ayın sultanı olan mübarək Ramazan münasibəti ilə kəndimizin camaatını təbrik edir və bayram sevinci arzulayırıq.

 

Müəllif:Neman Qədirbəyli.

PS:Unutduqlarımı da xahiş edirəm ki, yaşlılar əlavə etsinlər.