Kəndimizin nadir sənət adamı

409
Xəttat Müzafəddin Əzizov

    Ulu Tanrı hər bir insanı xoşməramlı niyyətlə yaradır. Lakin bu niyyətin reallaşması üçün insanın öz ağlı ilə iş görməsi, dözüm və təmkin nümayiş etdirməsi mühüm amildir. Məhz belələri taleyin daş-kəsəkli yollarında istəklərinə nail olurlar. Onlardan biri də respublika miqyasında, sözün həqiqi mənasında, öz dəst-xətti olan tanınan xəttat Hacı Müzafəddin Sultanməcid oğlu Əzizovdir.

    Proloq
    Kəndimizdə Müzafəddin Əzizovdan söz düşəndə bir qayda olaraq, belə deyirlər: o, Alpan kənd məktəbinin yetişdirdiyi ən savadlı şagirdlərdən biri olub. Heç zaman asudə vaxtını boşa verməzdi. Hətta çölə-çəmənə çıxanda belə qoltuğundan kitab əskik olmazdı. Bu mənada kitablar onun həmdəmi idi.

    Həyat yolu barədə bəzi məlumatlar
    Müzafəddin Sultanməcid oğlu Əzizov 10 noyabr 1948-ci ildə Quba rayonunun Alpan kəndində anadan olub. 1966-cı ildə kənd məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsində ərəb dilinin incəliklərinə yiyələnib və 1971-ci ildə bu ali təhsil ocağını bitirib. Bir müddət ərəb ölkələrində (Misirdə, Liviyada, Cənubi Yəmən və Şimali Yəməndə – o zaman Yəmən iki dövlətdən ibarət idi) tərcüməçi, hərbi tərcüməçi (ərəb, rus dilləri üzrə) vəzifələrində çalışıb.

Xəttat Müzafəddin Əzizov

    Seçim qarşısında qalanda
    Kərbəla, Məşhəd, Məkkə ziyarətlərində olmuş tanınmış şərqşünas bizimlə söhbətində bu seçimini belə xatırladı: “Mənim şərqşünas kimi yetişməyimdə dayım Vahid Qubatovun xüsusi rolu olub. Belə ki, o, günlərin bir günü məndən soruşdu ki, hansı sənətin dalınca getmək fikrindəsən. Dedim ki, bəs humanitar fənlər üzrə imtahan verib ali məktəbə daxil olmaq niyyətindəyəm. Amma hələ ki, hansı fakültəni seçəcəyimi dəqiqləşdirməmişəm. Bu sözlərimdən sonra dayım məni istiqamətləndirirmiş kimi dedi: “Bəlkə şərqşünaslığı seçəsən?” Elə o gündən şərqşünaslığa meyil saldım. Onu da qeyd edim ki, atam da bu seçimimi bəyəndi. Amma o zaman mən ərəb dilini bilmirdim. Digər tərəfdən o illərdə bu fakültəyə qəbul olunmaq çox çətin idi, yəni yüksək bal tələb olunurdu. Bu mənada mən əgər belə demək mümkündürsə, çox riskli addım atdım və istəyimə nail oldum. Fikrimcə, bu həm də tale qisməti, Tanrı bəxşişi idi. Bu dilin sirlərinə isə yaxşı oxumaqla ali məktəbdə vaqif oldum. Sonradan xəttat kimi fəaliyyət göstərməyə başladım. Yeri gəlmişkən, mənim xəttatlıqda formalaşmağımda hələ uşaqlıq illərindən rəssamlığa olan marağım mühüm rol oynadı. Mənim fikrimcə, hər bir xəttatın əl işi bir rəsm əsəri mənziləsindədir. Bir məsələni də vurğulamaq istərdim: hələ birinci kursda oxuyarkən ərəb dili müəllimim Məhəmməd Zahdabi mənim gözəl xəttimin olduğunu demişdi. Bu sahədə püxtələşməyimdə isə tanınmış xəttat Qulam Azəri Darabadinin kifayət qədər əməyi olub”.

Xəttat Müzafəddin Əzizovun işi

    Kənd barədə nələr dedi
    Müzafəddin Əzizovun dediklərindən belə aydın oldu ki, vaxtilə kəndimizdə ərəb dilini bilənlər olub. Belə ki, mədrəsə təhsili almış, Məkkə ziyarətində olmuş Hacımurad (1882-1947) kişi (Ələskərov Ənvər müəllimin babası) ərəb dilinin mükəmməl bilicisi kimi ad qazanıb. Bu mənada o, kəndimizin ilk savadlı, yəni təhsilli mollası sayılır. Hətta o öz evində ərəb dilində dərs keçmiş və bir neçə nəfərə “Qurani-Kərim”i öyrədib. Eşitdiyimə görə, onların arasında sonradan kəndimizin baş mollası kimi fəaliyyət göstərmiş Molla Seyfəddin də olub.

Xəttat Müzafəddin Əzizov

    “Ümumiyyətlə indiyədək kəndimizlə bağlı bir neçə arxiv materialına rast gəlmişəm. Onlar da kəndimizlə bağlı kameral təsvirlərdən (bu təsvirlərdə əhalinin adbaad siyahısı, yaşı, milli tərkibi və s. öz əksini tapır) ibarət sənədlər olub. Mən həmin sənədləri kəndimizin tarixini araşdıranlara təqdim etmişəm. Nələr vardı o sənədlərdə? Məsələn, 1831-ci ildə kollec reqistratoru Xotyanovski tərəfindən tərtib olunmuş sənəddə kəndimiz haqqında deyilir: “Cəmi 680 nəfər sünnü və yarımşiə məzhəbli kişi və oğlanın qeydə alındığı bu kəndin əhalisi oturaq həyat tərzi keçirir, taxılçılıq və ipəkçiliklə məşğul olurlar. 1000 ruba yararlı, 3000 ruba yararsız, 500 ruba biçənək əkin sahələri var. 40 tut, 50 meyvə bağları və 7 dəyirman var. Kəndxuda ildə 3 rubl 50 qəpik, əhalisi isə kasıblardan başqa, 1 rubl 50 qəpik, taxıl üçün 1 rubl, arpa üçün isə yarım rubl vergi ödəyirdi. Yeri gəlmişkən, ruba bir pud ağırlığında olan köhnə çəki ölçüsüdür”. Digər sənəd isə 130 evi, 975 nəfər əhalisi olan Alpana 1870-ci ildə fərmanla “qəryə” statusu verilməsi ilə bağlı idi. O zamanlar belə statuslar müəyyən obyektləri (məscid, dükan, dəyirman, dəmiçixana və s.) olan kəndlərə verilərdi. Amma araşdırdığım ərəb məxəzlərində kəndimizlə bağlı heç bir məlumata rast gəlməmişəm”. O, həmçinin tarixən kəndimizin başına çox bəlalar gəldiyini də söylədi: “Elə götürək, 1918-ci ili… O ili ki, erməni terrorçuları kəndimizə soxularaq adamları öldürmüş, evləri talan etmiş və yandırmışlar. Təəssüf ki, bizim dövrümüzdə həmin hadisənin şahidi olanlar bu faciədən söz açmazdılar. Amma bildiyim budur ki, kəndimizin sakinləri imkanları daxilində daşnaklara müqavimət göstəriblər”.

Xəttat Müzafəddin Əzizov

    Daha sonra kəndimizdəki qəbirstanlıqlardan söz açan Müzafəddin Əzizov bildirdi ki, baş daşları qoyulmuş məzarlar imkanlı şəxslərə məxsusdur: “Amma onların əksəriyyətində naxışlardan başqa bir şey yoxdur. Yəni üzərlərində ad-filan qeyd olunmayıb. Görkəmli alim Məşədixanım Nemətova bu istiqamətdə müəyyən işlər görüb. Onu da deyim ki, epiqrafika, yəni daş kitabələri və qəbirüstü yazıları öyrənən sahə tarixin ən çətin sahələrindən biridir. Özü də bu sahə üzrə mütəxəssisi heç bir məktəb yetişdirmir. Odur ki, epiqrafika ilə məşğul olanlar dünyada barmaqla sayılacaq qədər azdır”.

    Elə ölkəmizdə xəttatlıqla bağlı da vəziyyət belədir. Bu mənada böyük xoşbəxtlikdir ki, belə nadir mütəxəssislərdən biri bizim kəndimizin payına düşüb. Yeri gəlmişkən qeyd edək ki, İslam aləmi tərəfindən mənimsənilib istifadə edilən, ərəb hərflərinin müxtəlif formalarda (ərəb əlifbasının 6 əsas xətt növü yaradılıb – süls, nəsx, mühəqqəq, reyhani, tavqi və riqa. Bunları birlikdə klassik altılıq adlandırırlar. Bu yazı çeşidləri xəttatlıqda ən çox yayılanlardandır. Bu çeşidlər qələmlərin quruluşu və istifadə sahələrinə görə sonradan daha da çoxalıb) yazılması ilə meydana gələn yazı sənəti – xəttatlıq və ya kalliqrafiya (yunanca – gözəl xətt) böyük zəhmət tələb edən sənət növüdür.Onu bəzən nəfis məktub incəsənəti də adlandırırlar. Mütəxəssisin fikrincə, Allahın Kəlamına duyulan hörmət və “Quran”ı ən gözəl şəkildə yazmaq cəhdləri xəttatlıq sənətini meydana çıxarıb. Özü də bu iş çox səbr, təmkin tələb edir. Bu mənada Allah xəttatların hamısına səbr verib. Dediyinə görə, o, xəttatlıqla 1974-cü ildən məşğuldur.

Xəttat Müzafəddin Əzizovun işi

    Elmi fəaliyyəti
    Müzafəddin Əzizov 1974-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunda çalışıb. Onun əl işləri Bakıda, Tehranda, Təbrizdə, İstanbulda, Pakistanda nümayiş olunub və bir sıra diplomlarla, qiymətli hədiyyələrlə, eləcə də xatirə medalları ilə mükafatlandırılıb. Müzafəddin Əzizov Xalq rəssamı Kamil Əliyev tərəfindən hazırlanan Səudiyyə Ərəbistanının mərhum kralı Fəhd bin Əbdüləzizin portreti olan xalça üçün kufi xətti ilə “Fatihə” surəsini işləyib. Bu gözəl sənət əsəri ümummilli lider Heydər Əliyev tərəfindən krala hədiyyə edilib. Mir Möhsün Ağanın portreti olan xalçada da onun yazılarından istifadə olunub. O, həmçinin Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun əməkdaşı olmuş, xəttatlıq sənətini ağac üzərində yaşadan, daha doğrusu, ağacoyma ilə xəttatlığı birləşdirən Seyfəddin Mənsimoğluna da yardımçı olub. Belə ki, onun ağaclarda maddiləşdirdiyi ecazkar yazıların kağız üzərində ilkin nümunələrini məhz Müzafəddin Əzizov yaradıb.

    2011-ci il aprelin 25-dən mayın 5-dək Səudiyyə Ərəbistanının Mədinə şəhərində keçirilmiş 300 xəttatın iştirak etdiyi beynəlxalq xəttatlıq sərgisində isə o, diplom, xatirə medalına layiq görülüb və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

    Müzafəddin Əzizovun ərəb qrafikasında ərsəyə gətirdiyi xəttatlıq nümunələri daş kitabələr şəklində ölkəmizdəki bir neçə məsçidin (“Təzəpir”, “Heydər”, “Əjdərbəy” (Göy məscid), “Şamaxı”, İçərişəhərdəki “Cümə” məsçidi) divarlarını bəzəyir. Gəncədəki “İmamzadə” türbəsindəki yazıların bir qismi də onun əl işləridir. Dediyinə görə, “Nardaran” məsçidi və “Hüseyniyyə” binasının dekorativ yazı və naxışları sənətkarlar tərəfindən “məktəb” kimi təqdim olunur. Yeri gəlmişkən qeyd edək ki, Müzafəddin Əzizov 1999-cu ildə kəndimizin məscidinə 11 ədəd əl işini hədiyyə edib. Müzafəddin müəllim bir xəttat kimi bir çox kitablara, hətta ərəb dilli dərsliklərə bədii tərtibatlar da verib. Müzafəddin Əzizov ərəb dilindən dilimizə bir neçə kitab da tərcümə edib. Belə ki, o, XIII yüzilliyin musiqi nəzəriyyəçisi, not sisteminin yaradıcısı, mahir ud ifaçısı Əbdülmömin Urməvinin “Şərəfiyyə risaləsi”ni, XIII əsrin sonları XIV əsrin əvvəllərində fəaliyyət göstərmiş azərbaycanlı məşhur həkim Mahmud ibn İlyasın “Tibb elmi və müalicə üsullarına dair hər şeyi əhatə edən kitab”ını, XIV əsrin məşhur həkimi Şamaxılı Məhəmməd ibn Mahmud ibn Hacı Şirvaninin “Ətriyyat bağı”nı, IX-X əsrlərin təbibi Əbu Bəkir ər-Razinin “Mənsur təbabəti”ni və “Müxtəsər tibb kitabı”nı, eləcə də IX əsrdə fəaliyyət göstərmiş məşhur tərcüməçi və təbib İshaq ibn Hüneynin “Sadə dərmanlar”ını azərbaycanlı oxuculara çatdırıb.

    Bir daha kənd barədə
    Sən demə, Müzafəddin müəllim asudə vaxtlarında tarı sinəsini sıxıb onu dilləndirirmiş. Amma dediyinə görə, indi tar onun sözünə baxmır. Bunun da səbəbi barmaqlarının yaxşı işləməməsidir. O ki qaldı bu musiqi alətinin sirlərinə vaqif olmağına. Dediyinə görə, musiqiyə həvəs onun qanında, canında olub: “Bundan duyuq düşən anam Yazgül xanım uşaq yaşlarımda mənə 17 manatlıq tar aldı. Üstəlik, məni qonşumuz Seyfulla kişinin (Adilin atası) yanına aparıb dedi ki, bəs uşaqla məşğul ol. Amma nədənsə o mənə heç nə öyrətmədi. Odur ki, özüm sərbəst şəkildə tarla dil tapdım. O ki qaldı Seyfula kişinin tar çalmağı kimdən öyrənməsinə… Bunun da maraqlı tarixçəsi var. Belə ki, o zamanlar Alpan kənd seçki dairəsindən deputatlığa namizəd göstərilmiş tanınmış bəstəkar, Xalq artisti Səid Rüstəmov kəndimizə tez-tez gələrdi. O, bəzən günlərlə kəndimizdə qalardı. Seyfulla kişiyə də tar çalmağı musiqi texnikumunda not üzrə dahi Üzeyir Hacıbəylidən dərs almış və sonradan “Tar məktəbi” adlı kitab ərsəyə gətirmiş Səid müəllim öyrətmişdi. Səhv etmirəmsə, Seyfulla kişinin qardaş Niftullanın da musiqidən anlayışı var idi. Yeri gəlmişkən o illərdə kəndimizə kimlər gəlməyib? Şövkət Ələkbərova, Habil Əliyev, Mütəllim Mütəllimov, Gülağa Məmmədov, Əbülfət Əliyev… Onların iştirakları ilə keçirilən konsertləri indi də xatırlayır və xəyalən o illərə qayıdıram. Ali Soveti Rəyasət Heyətinin katibi Zərifə Şükürova da kəndimizə gələrdi”.

    Ata-anasından nələr danışdı
    Sözarası Müzafəddin Əzizov atasının simasında kəndimizin zəhmət adamlarından da söz açdı: “Atam Sultanməcid kişi zəhmətkeş bir insan idi. Həyətyanı sahəmizdə bütün işləri özü görərdi. Özü də dözümlü idi. Bir gündə meşəyə gedər, bir maşın odun qırar, həm də gətirərdi. Bu işi təkbaşına edərdi. İki dəfə evinmizi sel aparıb. Amma atam yenidən tikdi. Bundan əlavə 3 oğlu üçün ayrıca evlər də tikib. Onu da qeyd edim ki, Vəlibəylilər şəcərəsindən olan atam Böyük Vətən müharibəsinin iştirakçısı olub. 1915-ci il təvəllüdlü atam Sultanməcid Əsəd oğlu Şimali Qafqazdan Berlinə qədər döyüş yolu keçib və fədakarlığına görə “II dərəcəli Vətən müharibəsi” və “Qırmızı Ulduz” ordenlərinə, eləcə də ona yaxın medala layiq görülüb. Səhv etmirəmsə, ordenlərdən biri onun Kalininqrad ətrafındakı döyüşlərdəki igidliklərinə görə təqdim olunub. Belə ki, atam həmin döyüşlərdə iki alman tankını sıradan çıxarıb. Amma iki əmim (onlardan biri 19, o biri 21 yaşında olub) müharibədə itkin düşüb.

    Orta məktəb savadına malik anam Yazgül xanım məhəlləmizdə xeyirxahlıq simvolu kimi tanınırdi.

    Onu da deyim ki, biz ailədə 5 uşaq (Mən, Natiq, Məryəm, Nazir və Nadir) olmuşuq. Araz adlı bir qardaşım 1963 cü ildə – sel gələn il, daha doğrusu, 14 yaşında vəfat edib. O, Maarif müəllimlə bir sinifdə oxuyurdu. Deyilənlərə görə, onun ölümünə səbəb soyuq havada bağımıza dolan suyun qarşısını açarkən xəstələnməsi olub. Bir qardaşım, daha doğrusu, Nadir isə Qarabağ uğrunda gedən döyüşlərdə itkin düşüb (1966-1994). İndiyədək ondan səhib məlumat yoxdur”.

    Epiloq
    Söhbətimizin sonunda Müzafəddin müəllimə bir neçə çaparaq suallar ünvanladım. Həmin sualları və cavabları da olduğu kimi diqqətinizə çatdırıram:

-Alpan bir insan şəklində qarşınızda dursa, ona nə deyərdiniz, ondan nə soruşardınız?

-Maraqlı, xəyali, həm də gözlənilməz sualdır. Amma cavab verməyə çalışacağam. Ona deyərdim ki, ey mənim sevimli Alpanım, bizi bağışla ki, səni hələ də ətraflı tədqiq edə bilməmişik.

-Əgər Alpan kəndinin girişində bir xatirə dəftəri qoyulsa idi ora nələr yazardınız?

-Yazardım ki, Alpan qədim bir möhtəşəm qaladır. Bu qalada Azərbaycanın tarixi uyuyur. Alpan həm də bir muzeydir. Bu muzeydə olmağın isə alayı ləzzəti var. Daha sonra yazardım ki, Alpan mənim əbədi və əzəli yurdumdur.

– İmkanınız olsaydı, kənd üçün nələr edərdiniz?

-Sözün düzü, boya-başa çatdığım kəndimizlə bağlı müəyyən planlarım var idi. Amma sovet dönəmində banka qoyduğum əmanətimin ötən əsrin 90-cı illərində əgər belə demək mümkündürsə, batması bu arzumun reallaşmasına imkan vermədi.

Müəllif:Qvami Məhəbbətoğlu (Rəsulov)